Məhkəmə qərarları › İş №2(107)-984/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-984/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-984/2023 26.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5 qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mülkiyyət hüququna xitam verilmə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması) X16 Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-33/2023 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonunun Hacalıkənd kəndində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evindəki 1/8 hissə və 0,44 ha torpaq sahəsindəki 1/20 hissə payının dəyərinə uyğun, yəni 3525 manat kompensasiya verilməklə cavabdeh X3 fərdi yaşayış evindən və torpaq sahəsindən mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(046)-3436/2017 saylı qətnaməsinə əsasən Göyçay rayonunun Hacalıkənd kəndində yerləşən 183,9 kvm fərdi yaşayış evi və 0,44 kvm yaşayış məntəqəsi təynatlı torpaq sahəsinə onun və övladlarının mülkiyyət hüququ 25 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən torpaq sahəsinin 1/5 hissəsi X4, fərdi yaşayış evinin 5/8 hissəsi və torpaq sahəsinin 1 /4 hissəsi onun, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin ¼ hissəsi X1, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin ¼ hissəsi Nümayəndə1, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin 1/20 hissəsi cavabdeh X3 mülkiyyətindədir. Cavabdeh X3 evin 1/8 hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq ailəsi ilə birlikdə 5 otaqlı fərdi yaşayış evinin 2 otağında yaşamaqla mülkiyyətində olan sahədən artıq hissədən istifadə edir və bununla da digər mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozur. Bundan başqa cavabdeh torpaq sahəsinin 1/20 hissəsinin mülkiyyətçisi olsa da faktiki olaraq 0,15 ha torpaq sahəsindən istifadə edir. Ona görə də fərdi yaşayış evindəki və torpaq sahəsindəki payların naturada ayrılması, torpaq sahəsindən küçəyə çıxış yolunun açılması tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 15 mart 2021-ci il tarixli 2(046)-55/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Belə ki, həmin mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 20 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən tərəflərlə ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin 4 hissəyə təcrid mənzillər şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsinin 30 iyul 2020-ci il tarixli rəyi ilə 0,44 ha torpaq sahəsində mövcud olan fərdi yaşayış evi və tikililərin bölgüsü aparıldıqdan sonra torpaq sahəsinin naturada bölgüsünə baxıla biləcəyi göstərilmişdir.Paylı mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçilər arasında naturada bölgüsü barədə razılaşa bilməmiş və payın naturada ayrılması məhkəmə yolu ilə də mümkün olmadığı üçün cavabdehə poçtla yazılı müraciət edərək payına uyğun kompensasiya təklif etmiş, lakin cavabdeh evin və torpaq sahəsinin bazar qiyməti ilə onun payına uyğun təklif etdiyi kompensasiya məbləği ilə razılaşmamışdır. Bu səbəbdən də daşınmaz əmlakın çox hissəsinin paylı mülkiyyətçisi kimi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2 tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdeh X8 iddianı qəbul etməyərək göstərmişdir ki, qeyd torpaq sahəsindən və fərdi yaşayış evindən 8000 manat verilməklə mülkiyyət hüququna xitam verilməsi ilə razı deyil. Belə ki, Ailə üzvləri ilə bilrikdə həmin fərdi yaşayış evində yaşayır. Başqa qalmağa yeri yoxdur. 25.000 manat kompensasiya təklif edildiyi halda razılaşa bilər. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.

5. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-33/2023 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, İddiaçı cavabdeh X5 qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi barədə tələbinin təmin edilməsi, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışa əsasən Göyçay rayonu Hacalıkənd kəndində yerləşən, birgə paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 1/8 hissəsinə, torpaq sahəsinin 1/20 hissəsinə cavabdeh X5 8.000 manat məbləğində kompensasiya verilməklə, cavabdeh X3 fərdi yaşayış evinin 1/8 hissəsinə və torpaq sahəsinin 1/20 hissəsinə mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdeh X3 mülkiyyət hüququna 8000 manat kompensasiya verməklə xitam verilməsini xahiş edir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə, İddiaçı cavabdeh X5 Göyçay rayon Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə və torpaq sahəsinin 1/20 hissəsinə mülkiyyət hüququna xitam verilməsi üçün təklif etdiyi 8000 manat kompensasiya məbləğini ağlabatan və ədalətli hesab etmişdir.

8. Belə ki, qeyd edilən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə dəyəri 64.000 manat qiymətləndirildiyindən, cavabdeh X3 həmin əmlakda payının 1/8 hissə olduğunu nəzərə alsaq, əmlakın cavabdeh X5 düşən hissəsi (64.000 : 8 = 8.000) manat təşkil edir.

9. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışa əsasən Göyçay rayonu Hacalıkənd kəndində yerləşən, birgə paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 1/8 hissəsinə, torpaq sahəsinin 1/20 hissəsinə cavabdeh X5 8.000 manat məbləğində kompensasiya verilməklə, cavabdeh X3 fərdi yaşayış evinin 1/8 hissəsinə və torpaq sahəsinin 1/20 hissəsinə mülkiyyət hüququna xitam verilməsi barədə İddiaçı tələbi təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.3,-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217, 218.3-cü maddələri, Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan cavabdeh X8 apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

13. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydalarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin məzmunundan göründüyü kimi ümumi paylı mülkiyyətdə olan payın əvəzinə kompensasiya tələb etmək hüququ öz payını ayırmaq istəyən mülkiyyətçiyə məxsusdur. Bununla yanaşı həmin maddənin müddəalarına görə payını ayırmaq istəyən mülkiyyətçinin payı cüzi olduqda, payın naturada ayrılması mümkün olmadıqda və ümumi əmlakdan istifadə olunmasında onun mühüm mənafeyi olmadıqda payını ayırmaq istəyən mülkiyyətçinin razılığı olmadan da onun payının əvəzinə pul kompensasiyası verilə bilər.

14. İşin mübahisə edilməyən hallarından göründüyü kimi mülkiyyət hüquqlarına xitam verilməsi müqabilində pul kompensasiyası verilmiş mübahisəli evin və torpağın mülkiyyətçiləri ümumi mülkiyyətlərindəki payların ayrılmasına dair iddia verməmişlər.

15. Digər tərəfdən həmin şəxslər tərəfindən belə bir iddianın qaldırılması ehtimal olunduğu halda da qanunverici yalnız yuxarıda göstərilən üç şərt olduqda-payın cüzi olması, naturada ayrılmasının qeyri-mümkünlüyü, istifadə edilməsində mühüm mənafeyin olmaması- payın ayırmaq istəyin mülkiyyətçinin razılığı olmadan da onun payının əvəzinə pul kompensasiyası ödənilməsi vəzifəsini qoya bilər.

16. Birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə yuxarıda qeyd olunan mülkiyyətçilərə məxsus payların cüziliyini, həmin payların ayrılmasının qeyrimümkünlüyünü, o cümlədən göstərilən mülkiyyətçilərin ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmamasını Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından əsaslandırmamışdır.

17. Həmçinin paylı mülkiyyətdə olan fərdi yaşayış evi dəyərindən həddindən artıq aşağı qiymətləndirilmişdir.

18. Bundan başqa qeyd edir ki, iddiaçı onun doğma anasıdır, onunla söhbət zamanı məlum oldu ki, ona qarşı heç bir iddia qaldırmamış, iddia ərizəsindəki imzanı iddiaçı icra etməmiş, məhkəmə iclasında iddiaçı iştirak etməmiş, nümayəndəsi başqa işə görə aldığı etibarnaməni iddiaçının məlumatı olmadan bu işdə də istifadə etmişdir. Məhkəmə iclasında (iddiaçının bu işdən xəbəri olmaması, iddia ərizəsini imzalamaması barədə) iddiaçı ilə söhbətini əks etdirən video diski təqdim edəcək. Göründüyü kimi məhkəmə maddi hüquq normalarının (Mülki Məcəllənin 220-ci maddəsinin) tətbiqində səhvə yol vermiş, nəticədə qanunsuz qətnamə qəbul edilmiş, bununla da onun hüquqları pozulmuşdur.

19. Hazırki işdə məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur.

20. Göyçay rayon Məhkəməsinin 2(046)-33/2023-nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir.

21. Odur ki, Göyçay rayon Məhkəməsinin 2(046)-33/2023-nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh X5 qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X8 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Göyçay rayon Məhkəməsinin 2(046)-33/2023-nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9, X6 və X10 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı 15 avqust 2023-cü il tarixli teleqramında işə onun iştirakı olmadan baxılıb Göyçay Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etsə də üçüncü şəxslər gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarı.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçay Rayon Məhkəməsinin 2(046)-33/2023-nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Ona görə də kollegiya Göyçay Rayon Məhkəməsinin 2(046)-33/2023-nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası şikayətin dəlillərini mübahisə ilə bağlı işin faktiki halları ilə birlikdə araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

32. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Göyçay rayonu Hacalıkənd kəndində yerləşən mübahisəli 0,44 ha torpaq sahəsinin 1/5 hissəsi X4, həmin torpaq sahəsinin ¼ hissəsi və 0,44 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 183,9 kv/m olan evin 5/8 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/8, torpaq sahəsinin ¼ hissəsi X1, fərdi yaşayış evinin 1/8, torpaq sahəsinin ¼ hissəsi Nümayəndə1, fərdi yaşayış evinin 1/8, torpaq sahəsinin 1/20 hissəsi isə cavabdeh Nümayəndə1 paylı mülkiyyətlərindədir. Paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsünün mümkünsüzlüyünə istinad edən İddiaçı paylı mülkiyyətdə olan fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdeh X3 mülkiyyət hüququna 8000 manat kompensasiya verməklə xitam verilməsini xahiş edir. Cavabdeh tərəfindən isə iddia tələbi qəbul edilməmişdir.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin mülkiyyətçilərə məxsus payların cüziliyini, həmin payların ayrılmasının qeyri-mümkünlüyünü, o cümlədən göstərilən mülkiyyətçilərin ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmamasını Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından əsaslandırmamasına, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozmasına, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamasına, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlməməsinə dair dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən səhv nəticəyə gəlmişdir.

34. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı.

35. Eyni zamanda qeyd edilmişdir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

36. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda.

37. Kollegiya bildirir ki, hazırki iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 220.4-cü maddəsi təşkil edir və həmin maddəyə görə paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

38. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan əmlakın naturada bölünməsinin mümkünsüz olmasını müəyyən etsə də qeyd edilməlidir ki, Mülki Məcəllənin 220.4-cü maddəsi üç halın mövcud olması halında payı cüzi olan mülkiyyətçinin payının onun razılığı olmadan kompensasiya ilə əvəzləşdirərək mülkiyyət hüququna xitam verilməsini mümkün edir.

39. Yəni sözügedən normanın mənasına görə məhkəmə, paylı mülkiyyətçinin razılığı olmadan paylı mülkiyyətin qalan (digər) iştirakçısının öhdəsinə ona real bazar qiymətinə uyğun kompensasiya ödənilməsi vəzifəsini o halda qoya bilər ki: birincisi, mülkiyyətçinin payı cüzi olsun; ikincisi, real surətdə ayrıla bilməsin; üçüncüsü, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmasın. Sözügedən maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür və Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsinin başqa qaydası nəzərdə tutulmayıb, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə də zidd olardı.

40. İş materialı ilə cavabdehin digər bir yaşayış sahəsinə malik olması müəyyən edilmədiyindən, iddiaçı tərəfindən buna dair hər hansı bir sübut təqdim edilmədiyindən, yeganə yaşayış sahəsi olan mübahisəli əmlakdan istifadədə cavabdehin mühüm mənafeyinin olmaması qənaətinə gəlinməsi mümkünsüzdür. Həmçinin ümumi sahəsi 183,9 kvadratmetrlik fərdi yaşayış evindən iddiaçıya aid 1/8 hissənin 22,98 kvadratmetr, ümumi sahəsi 0,44 ha olan həyətyanı torpaq sahəsindən iddiaçıya aid 1/20 hissənin 220 kvadratmetr təşkil etməsi nəzərə alınaraq həmin payların cüzi paylar kimi qəbul edilməsi də yolverilməzdir.

41. Lakin işə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdehin digər bir yaşayış sahəsinə malik olmamasına, buna dair hər hansı bir sübutun təqdim edilməməsinə, ümumi əmlakdan iddiaçıya aid payın cüzi pay təşkil etməməsinə dair halları nəzərə almamış, gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli əmlak paylı mülkiyyətdə olmasına, baxılan məsələ mübahisə tərəfi olmayan paylı mülkiyyətçilərin də hüquq və vəzifələrinə təsir göstərməsinə baxmayaraq, digər paylı mülkiyyətçilər X7, X2 və Nümayəndə1 iş üzrə 3-cü şəxs qismində cəlb edilməmiş, onların iddia tələbinə münasibəti müəyyənləşdirilməmiş, beləliklə də işə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mülkiyyət hüquqlarına xitam verilməsi müqabilində pul kompensasiyası verilmiş mübahisəli evin və torpağın mülkiyyətçilərinin ümumi mülkiyyətlərindəki payların ayrılmasına dair iddia verməmələrinə dair dəlili ilə bağlı qeyd edir ki, işdə olan Göyçay Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2(046)-55/2021 saylı qətnaməsindən göründüyü kimi İddiaçı və digərləri tərəfindən Göyçay rayonu Hacalıkənd kəndində yerləşən 0,44 ha torpaq sahəsinin və 183,9 kv/m olan evin naturada ayrılmasına dair iddia tələbi irəli sürülmüş, lakin iddia təmin edilməmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin paylı mülkiyyətdə olan fərdi yaşayış evinin dəyərindən həddindən artıq aşağı qiymətləndirilməsinə dair dəlilinə də münasibət bildirərək qeyd edir ki, cavabdehin mübahisəli əmlakdakı payının cüzi olmaması və onun həmin paydan istifadə edilməsindəki mənafeyinin mühüm olması müəyyən edildiyindən əmlakın dəyəri ilə bağlı məsələnin müzakirəsinə zərurət qalmır.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının ona qarşı heç bir iddia qaldırmaması, iddia ərizəsindəki imzanın iddiaçı tərəfindən icra edilməməsi, nümayəndəsinin başqa işə görə aldığı etibarnaməni iddiaçının məlumatı olmadan bu işdə də istifadə etməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində notarial qaydada verdiyi etibarnamə əsasında nümayəndə və vəkil tərəfindən təmsil edilmiş, cavabdehə də məhkəmə kollegiyasının iclasında bunun aydınlaşdırılması üçün iddiaçını, yəni anasını məhkəmə iclasına gətirməsi, mümkün olmadığı halda isə buna dair anasının notarial qaydada imzası təsdiq edilmiş ərizəsinin məhkəmə kollegiyasına təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən buna əməl edilməmişdir. Əksinə İddiaçı 15 avqust 2023-cü il tarixdə məhkəmə kollegiyasına daxil olmuş teleqramında işə onun iştirakı olmadan baxılıb, Göyçay Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bir sözlə iddianın iddiaçı tərəfindən qaldırılmaması, iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmaması halları müəyyən edilməmişdir.

46. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 2(046)-33/2023-nömrəli, 09 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-33/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X5 qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar