Məhkəmə qərarları › İş №2(046)-33/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-33/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-33/2023 09.02.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonunun Hacalıkənd kəndində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evindəki 1/8 hissə və 0,44 ha torpaq sahəsindəki 1/20 hissə payının dəyərinə uyğun, yəni 3525 manat kompensasiya verilməklə cavabdeh X3 fərdi yaşayış evindən və torpaq sahəsindən mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılması barədə ərizə məhkəmə müraciət edərək X7 8000 manat kompensasiya məbləği verilərək fərdi yaşayış evindən və torpaq sahəsindən mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli 2(046)-3436/2017 saylı qətnaməsinə əsasən Göyçay rayonunun Hacalıkənd kəndində yerləşən 183,9 kvm fərdi yaşayış evi və 0,44 kvm yaşayış məntəqəsi təynatlı torpaq sahəsinə onun və övladlarının mülkiyyət hüququ 25 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən torpaq sahəsinin 1/5 hissəsi X4, fərdi yaşayış evinin 5/8 hissəsi və torpaq sahəsinin 1/4 hissəsi onun, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin 1/4 hissəsi X1, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin ¼ hissəsi Nümayəndə1, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin 1/20 hissəsi cavabdeh X3 mülkiyyətindədir. Cavabdeh X3 evin 1/8 hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq ailəsi ilə birlikdə 5 otaqlı fərdi yaşayış evinin 2 otağında yaşamaqla mülkiyyətində olan sahədən artıq hissədən istifadə edir və bununla da digər mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozur. Bundan başqa cavabdeh torpaq sahəsinin 1/20 hissəsinin mülkiyyətçisi olsa da faktiki olaraq 0,15 ha torpaq sahəsindən istifadə edir. Ona görə də fərdi yaşayış evindəki və torpaq sahəsindəki payların naturada ayrılması, torpaq sahəsindən küçəyə çıxış yolunun açılması tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 15 mart 2021-ci il tarixli 2(046)-55/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Belə ki, həmin mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 20 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən tərəflərlə ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin 4 hissəyə təcrid mənzillər şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsinin 30 iyul 2020-ci il tarixli rəyi ilə 0,44 ha torpaq sahəsində mövcud olan fərdi yaşayış evi və tikililərin bölgüsü aparıldıqdan sonra torpaq sahəsinin naturada bölgüsünə baxıla biləcəyi göstərilmişdir.Paylı mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçilər arasında naturada bölgüsü barədə razılaşa bilməmiş və payın naturada ayrılması məhkəmə yolu ilə də mümkün olmadığı üçün cavabdehə poçtla yazılı müraciət edərək payına uyğun kompensasiya təklif etmiş, lakin cavabdeh evin və torpaq sahəsinin bazar qiyməti ilə onun payına uyğun təklif etdiyi kompensasiya məbləği ilə razılaşmamışdır. Bu səbəbdən də daşınmaz əmlakın çox hissəsinin paylı mülkiyyətçisi kimi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə2 tələbin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X8 iddianı qəbul etməyərək göstərmişdir ki, qeyd torpaq sahəsindən və fərdi yaşayış evindən 8000 manat verilməklə mülkiyyət hüququna xitam verilməsi ilə razı deyil. Belə ki, Ailə üzvləri ilə bilrikdə həmin fərdi yaşayış evində yaşayır. Başqa qalmağa yeri yoxdur. 25.000 manat kompensasiya təklif edildiyi halda razılaşa bilər. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Göyçay rayonu Hacalıkənd kəndində 183.9.kv.m fərdi yaşayış evi və 0.44 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Nümayəndə1 adına, həmin torpaq sahəsinin 1/5 hissəsi X5 adına, fərdi yaşayış evinin 5/8 hissəsi və torpaq sahəsinin 1/4 hissəsi İddiaçı adına, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin ¼ hissəsi X1 adına, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin ¼ hissəsi Nümayəndə1 adına və fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq sahəsinin 1/20 hissəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X2, Nümayəndə1, X1 və X4 Göyçay rayon Hacalıkənd kəndində yerləşən ümumi sahəsi 183.9 kv.m olan evin 7/8 hissəsi, 0.44 ha torpaq sahəsinin 3/4 hissəsi, X4 mülkiyyətində olan 1/5 hissə torpaq sahəsinin naturada ayrılması və torpaq sahəsindən küçəyə çıxış yolunun açılması barədə tələbi təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 14-22 saylı rəyindən görünür ki, qiymətləndirmə obyekti olan Göyçay rayonu Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 64.000 manat, aylıq kirayə haqqı 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinin tələblərinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa qələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdeh X3 mülkiyyət hüququna 8000 manat kompensasiya verməklə xitam verilməsini xahiş edir. Məhkəmə, İddiaçı cavabdeh X7 Göyçay rayon Hacalıkənd kəndində yerləşən fərdi yaşayış evinin 1/8 hissəsinə və torpaq sahəsinin 1/20 hissəsinə mülkiyyət hüququna xitam verilməsi üçün təklif etdiyi 8000 manat kompensasiya məbləğini ağlabatan və ədalətli hesab edir. Belə ki, qeyd edilən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə dəyəri 64.000 manat qiymətləndirildiyindən, cavabdeh X3 həmin əmlakda payının 1/8 hissə olduğunu nəzərə alsaq, əmlakın cavabdeh X7 düşən hissəsi (64.000 : 8 = 8.000) manat təşkil edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışa əsasən Göyçay rayonu Hacalıkənd kəndində yerləşən, birgə paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 1/8 hissəsinə, torpaq sahəsinin 1/20 hissəsinə cavabdeh X7 8.000 manat məbləğində kompensasiya verilməklə, cavabdeh X3 fərdi yaşayış evinin 1/8 hissəsinə və torpaq sahəsinin 1/20 hissəsinə mülkiyyət hüququna xitam verilməsi barədə İddiaçı tələbi təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin İddiaçı cavabdeh X7 qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi barədə tələbi təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışa əsasən Göyçay rayonu Hacalıkənd kəndində yerləşən, birgə paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 1/8 hissəsinə, torpaq sahəsinin 1/20 hissəsinə cavabdeh X7 8.000 manat məbləğində kompensasiya verilməklə, cavabdeh X3 fərdi yaşayış evinin 1/8 hissəsinə və torpaq sahəsinin 1/20 hissəsinə mülkiyyət hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar