Məhkəmə qərarları › İş №2(010)-5234/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5234/2024

27.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5234/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşaqlarının ünvan 1 ünvanında yerləşən 59 nömrəli mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yoldaşı X9 ilə xx.xx.2006-cı il tarixdə nikah qeydiyyatından keçərək ailə qursa da, o, 1995-ci il tarixdə əri X6 ailəsinin yaşadığı ünvan 1, mənzil 59 ünvana gəlin köçmüşdür. Evliliklərindən xx.xx.1996-cı il təvəllüdlü X8, xx.xx.1997-ci il təvəllüdlü X10 və xx.xx.2001-ci il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. X2 və anası Cavabdeh ünvan 1, mənzil 59 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tanınmışdır. Mənzilin ümumi sahəsi 88.75 m2, yaşayış sahəsi 59.85 m2 olmaqla 4 otaqlıdır. Cavabdeh ona və uşaqlarına düşən mənzildə yaşamağa icazə vermir. Qeydiyyatda olub yaşadıqları ünvan 3 ünvandan başqa yaşamağa yerləri yoxdur. Lakin, cavabdeh onu və uşaqları orada yaşamağa qoymur. Heç bir yerdə işləmədiyi üçün kirayə ev tutub qalmağa da maddi cəhətdən imkanı çatmır. İddia tələbinə etiraz Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə etirazın əsaslandırıldığı hallar Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçı onun X4 ilə nikahdadır. X4 hazırda Moskva şəhərindədir və orada işləyir. İddiaçı özü isə Bakı şəhəri Nəsimi rayonunda yerləşən mənzildə qızları – 1996-cı il təvəllüdlü X8 və 1997-ci il təvəllüdlü X10 ilə birlikdə yaşayır. Ərizədə qeyd edilən nəvəsi – 2001-ci il təvəllüdlü X11 isə Rusiya Federasiyasının Moskva şəhərində atası X9 ilə birlikdə yaşayır və onunla birlikdə işləyir. İddiaçı onun oğlu ilə nikaha daxil olduqdan sonra cəmi 1 il – 2002-ci ildə nəvələri ilə birlikdə bu mənzildə yaşamışdır. Həmin ildən bu günə qədər cavabdehin və uşaqlarının heç biri ona məxsus ünvan 4 ünvanda yerləşən 59 nömrəli mənzildə yaşamamışdır. Lakin, İddiaçı və onun 3 övladı 2002-ci ildən ona məxsus mənzildə sadəcə qeydiyyatdadırlar. Onun nə gəlini ilə, nə də nəvələri ilə heç bir ünsiyyəti yoxdur. Onların hər birinin yaşamağa yerləri vardır. Cavabdehin və uşaqlarının ona məxsus mənzildə məskunlaşmalarını isə istəmir. Belə ki, iddiaçı Suraxanı Rayon Məhkəməsinə müraciət edərkən iddia ərizəsində heç bir yerdə işləmədiyini qeyd etmişdir. Lakin, o, qızı X8 ilə birlikdə masaj salonunda çalışır və gəlirləri də var. O isə sadəcə pensiya alır və həmin evdə oğlu X14 və onun hamilə həyat yoldaşı, 2 övladı, həmçinin 1970-ci il təvəllüdlü və hazırda xəstə olan X1 və onun oğlu, gəlini və 2 nəvəsi ilə birlikdə yaşayır. X1 yataq xəstəsidir. Həmçinin oğlu X15 azadlıqdan məhrum edilmişdir. Azadlığa çıxanda onun evində yaşayacaqdır. Çünki, özünün yaşamağa evi və ailəsi yoxdur. O və ailə üzvləri bu 4 otaqlı mənzildə çətinliklə məskunlaşmışdır. Belə ki, iddiaçı və onun 3 böyük övladının ona məxsus mənzilə köçürülmələri onun və ailə üzvlərinin vəziyyətini pisləşdirəcək və çətin vəziyyətə salacaqdır. Onların hər biri yetkin və müstəqil insanlardır. Onların qazancı və imkanları özlərinin yaşayışlarını təmin etməyə yetərlidir. Lakin, onun yaşlı vaxtında bu qədər ailə üzvü ilə birlikdə yaşamağı onun vəziyyətini daha da çətinləşdirəcəkdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, hazırda köçürülmələrini tələb etdiyi mənzil cavabdehə, yəni qayınanasına məxsusdur. O, həmin mənzilə 1994-cü il tarixdə gəlin köçmüşdür. Həyat yoldaşı ilə ailə münasibətlərindən 3 uşaqları doğulmuşdur. Uşaqlar doğulan zaman Rusiya Federasiyasının ərazisində olmaqla orada yaşamışlar. 2006-cı il tarixdə isə Bakı şəhərinə gələrək burada rəsmi nikah qeydiyyatına düşmüşlər. Bakı şəhərinə gəldikdən sonra 6 ay mübahisə predmeti olan mənzildə yaşasalar da, sonradan onları həmin mənzildən çıxarmışlar. Həmin vaxtdan ayrıayrı mənzillərdə kirayə yaşamışdır. Əri hazırda oğlu ilə birlikdə Rusiya Federasiyasında yaşasa da, qızları onunla birlikdə yaşayır. Hazırkı günə qədər ərizə ilə məhkəməyə müraciət etməməsinin səbəbi həyat yoldaşı olmuşdur. Belə ki, həyat yoldaşı onun ərizə ilə məhkəməyə müraciət etməsinə maneə olmuş, buna imkan verməmişdir. Lakin, əri ikinci dəfə infarkt keçirdikdən qarşı tərəflə münasibətləri kəskinləşmişdir və bunun nəticəsində o da ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisə predmeti olan mənzil onun xüsusi mülkiyyətindədir və 2015-ci il tarixində o, həmin mənzilə dair çıxarış almaqla mənzil üzərində mülkiyyət hüququnu rəsmiləşdirmişdir. O, həmin mənzildə 1976-cı il tarixdən yaşayır. Əri vəfat etdikdən sonra həmin mənzildə yaşamaqla uşaqlarını çox böyük əziyyətlə böyütmüşdür. İddiaçı və onun uşaqları kifayət qədər yetkin və müstəqil insanlardır. Həm iddiaçı, həm də uşaqları işlədikləri üçün özlərini yaşayış yeri ilə təmin edə bilərlər. İddiaçı və uşaqlarının ona məxsus mənzilə köçürülmələri isə onun hüquqlarını pozur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.1976-ci il tarixdə verilmiş 176931 nömrəli orderin surətindən müəyyən olunur ki, ünvan 5 ünvanda yerləşən 59 nömrəli mənzil yaşayış üçün Hüseynov Zəkar və onun ailə üzvləri Cavabdeh Abbas qızı, ... X7 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, **********27-05101-093045 reyestr nömrəli, ünvan 6 ünvanda yerləşən 59 nömrəli, ümumi sahəsi 88,75 m2 olan, 4 otaqlı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2309 nömrəli reyestr kitabının 214965 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mediasiya Şurasının Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/16/2024-01456 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş mənzilə köçürülmə tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan mənzilə uşaqları ilə birlikdə köçürülməyi xahiş etmişdir. Belə olan halda ilk öncə iddia tələbinin əsaslılığı ilə bağlı iddiaçının mübahisəli mənzildən istifadə hüququnun olubolmamasına hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi hazırkı işdə tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlərə 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Toplanmış və tədqiq olunmuş sübutların məcmusundan göründüyü kimi, mübahisə predmeti olan mənzil 1976-cı ildə order əsasında icarədar Zəkar Hüseynova və onun ailə üzvlərinə (arvadına (hazırki iş üzrə cavabdehə) və övladlarına) verilmişdir. İcarədar vəfat etdikdən sonra, mənzilin icarədarı onun həyat yoldaşı Cavabdeh hesab edilmişdir. Həmin məzildə yaşamaq hüququ olan cavabdehin X4 1990-cı ilin ortalarında hazırki iş üzrə iddiaçı ilə faktiki ailə münasibəti qurmuş, onların bu münasibətdən üç övladı doğulmuşdur. İddiaçı və həyat yoldaşı uzun müddət Rusiya Federasiyasında yaşamış, yalnız 2002ci ildə Azərbaycana dönərək qısa zaman ərzində mübahisə predmeti olan mənzildə yaşamışlar. İddiaçı həmin mənzilə köçdüyü zaman cavabdehin oğlu ilə rəsmi nikahda olmamış, iddiaçı cavadehin ailə üzvü hesab edilməmişdir. Sonradan iddiaçı və cavabdehin oğlu, eləcə də onların uşaqları mübahisəli mənzili tərk edərək yaşamaq üçün başqa ünvana getmişlər. 2002-ci ildən bu günədək keçən uzun illər ərzində nə iddiaçı, nə cavabdehin oğlu, nə də sonuncuların uşaqları mübahisəli mənzilə gedib-gəlməmiş, həmin mənzildə yaşamamışlar. İddiaçı ilə cavabdehin oğlu arasında rəsmi nikah 2006-cı ildə bağlanmışdır. İddiaçı həmin mənzilin həm yoldaşına, həm də cavabdehə məxsus olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilən çıxarışla həmin mənzilin mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətində olması müəyyən edilir. İddiaçı və övladları mübahisəli mənzildə qeydiyyatda olsalar da, həmin qeydiyyat formal xarakter daşıyır. Eləcə də, mənzilə olan qeydiyyat iddiaçıya və övladlarına mənzildən istifadə hüququ vermir. İddiaçının həyat yoldaşı olan, cavabdehin X4nun isə ailə üzvü kimi həmin mənzildən istifadə hüququ saxlanmamışdır. Belə ki, o, mübahisəli mənzili tərk edib getmişdir və həmin dövrdən hazıradək uzun illər keçmişdir. Hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən onun hüququ 6 ay saxlanılmış, sonra bu hüquq müddətin keçməsi ilə əlaqədar itmişdir. Hüququn daha uzun müddətə saxlanılması ilə bağlı istisna halı isə mövcud deyil. Belə ki, keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, iddiaçının mübahisəli mənzildən istifadə hüququ olmadığından, o, mübahisəli mənzilə köçürülə bilməz. Digər tərəfdən, işin mübahisəsiz hallarından görünür ki, iddiaçının övladları yetkinlik yaşına çatmışlar və iddiaçının onların mübahisəli mənzilə köçürülmələri tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Eləcə də, övladları iddiaçıya onları məhkəmədə təmsil etməsi (iddia ərizəsi verməsi, imzalaması və s.) üçün səlahiyyət (etibarnamə) verməmişlər. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar