Məhkəmə qərarları › İş №2(010)-5283/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5283/2021

01.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5283/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri,Suraxanı rayonu,Hövsan qəsəbəsi,İ.Əhlimanov küçəsində yerləşən 9 saylı evin 10 nömrəli mənzilinə Cavabdeh istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,cavabdeh iddiaçının oğlunun keçmiş həyat yoldaşıdır.İddiaçının oğlu X2 30.10.2009-cu il tarixdə Cavabdeh ilə nikaha daxil olmuşdur.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş və uşaqların atalarının yanında qalmaları qət edilmişdir.Cavabdeh 2020-ci ilin mart ayından etibarən uşaqları atasının yanında qoyaraq evdən çıxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddianın məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini, cavabdehin sözü gedən mənzilə istifadə hüququna xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onların iştirakını təmin etmək mümkün olmamışdır.Belə olan halda, məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələbləri baxımından cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş notariat işində olan: - Seriya MH №051840 nömrəli 18.01.1997-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri,Suraxanı rayonu,Hövsan qəsəbəsi,İ.Əhlimanov küçəsində yerləşən ev 9, mənzil 10 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 755 nömrəli reyestr kitabının 113299 nömrəli vərəqində 18.01.1997-ci il tarixdə qeydiyyata alınmışdır. İşin materiallarından olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli 2(010)-194/2021 saylı qətnaməsinə əsasən, iddiaçının oğlu X5 oğlu ilə Cavabdeh arasında olan nikah pozulmuş və 08.07.2010-cu il təvəllüdlü X3 və 09.09.2014-cü il təvəllüdlü X1 atalarının yanında qalmaları müəyyən edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, sözügedən mənzilə tam mülkiyyət hüququ iddiaçıya məxsusdur.Cavabdehin həmin mənzilə isifadə hüququ müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə toplanmış sübutlara yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, hazırkı işdə cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyinə görə istifadə hüquqlarına xitam verilməsi tələbi də təmin edilə bilməz. Belə ki, olmayan hüquq itirilə bilməz Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən hallar öz təsdiqini tapmadığına görə, yəni cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüququnun mövcudluğu müəyyən edilmədiyinə görə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair tələb təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, iddiaçı tərəfin təqdim etdiyi sübutlarla cavabdeh tərəfin mənzilə istifadə hüququnun olması təsdiq edilmədiyinə görə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi də təmin edilə bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Mansurova Nənəxanim Ağaşərı̇ f qızının cavabdeh Mansurova Xatı̇ rə Sabı̇ r qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar