Məhkəmə qərarları › İş №2(010)-5293/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5293/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5293/2021 12.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payları müəyyən olunmuş və naturada bölgüsü aparılmış evdən və həyətyanı torpaq sahəsindən istifadə qaydasının dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev (keçmiş Gənclər prospekti) küçəsində yerləşən 55 saylı evə dair istifadə qaydasının dəyişdirilərək evin həmin küçəyə açılan dəmir giriş-çıxış darvazasından, həmin darvazadan daxil olduqda evin qarşı tərəfindəki tametlə örtülmüş və evin sağ yan küncündən məhkəmə qətnaməsindən kənar qanunsuz icra qaydasında dəmir lövhələrlə bölünərək Cavabdeh istifadəsinə verilmiş tametlə örtülmüş həyətyanı sahənin, həmin sahədən evin ikinci mərtəbəsinə birinci mərtəbənin çölündəki açıq eyvanın sağ tərəfində mövcud olan dəmir giriş qapısının, göstərilən qapıdan evə daxil olduqda ikinci mərtəbəyə qalxan taxta üzlüklə örtülmüş dayanıqlı pilləkənin iddiaçının, həmin evin tut ağacı olan arxa həyətyanı sahəsinə mövcud olan dəmir darvazadan, evin yan küncündən məhkəmə qətnaməsindən kənar qanunsuz icra qaydasında dəmir lövhələrlə bölünərək onun (iddiaçının) istifadəsinə verilmiş ev arxası həyətyanı sahənin, evin arxasından aşağıdan sağ tərəfdən birinci mərtəbəyə mövcud olan bir ədəd böyük dəmir qapının, həmin qapıdan daxil olduqda qaraj təyinatlı otağın, həmin otaqdan ev tikilərkən birinci mərtəbəyə daxil olmaq üçün nəzərdə tutulmuş, uzun müddət ərzində cavabdehlə birgə istifadə etdikləri, sonradan onun tələbi ilə məhkəmə qətnaməsindən kənar qanunsuz icra qaydasında bağlanmış giriş qapısının açılaraq həmin qapıdan evin birinci mərtəbəsinə asanlıqla daxil olması və çıxması üçün Cavabdeh istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, mülkiyyət payı müəyyən edilmiş mübahisəli evin ikinci mərtəbəsindən qanuni mülk payından istifadəsinə hazırkı səhhətinə çox zidd olaraq yaradılmış şərait çox təhlükəli olmaqla ahıl bir qocanın, insanın, ən azından Azərbaycan vətəndaşının istifadəsi üçün heç bir texniki və təhlükəsizlik normasına uyğun gəlmir. Belə ki, o, amortizasiyalı və titrəyən, nazik dəmir borular üzərində həyətdən 8 metr 20 sm hündürlüyə, evin ikinci mərtəbəsinə quraşdırılmış asma pilləkənlə silkələnə-silkələnə, təhlükəli, dizlərinin yerimədiyi bir vəziyyətdə, təxminən 20-30 dəqiqəyə çıxıb-düşür, evin tametli həyətindən, qabaq tərəfindəki qapıdan daxil olduqda mövcud olan dayanıqlı pilləkənlə ikinci mərtəbəyə çıxıb-düşməyi isə təhlükəsiz və səhhətinə uyğundur. Cavabdehin isə məhkəmə qətnaməsi ilə onun mülkiyyətinə verilmiş birinci mərtəbəsinə isə həmin mərtəbəyə mövcud olan, onun özünün qeyd etdiyi kimi uzun illər istifadə etdiyi dəmir darvazadan və giriş qapısından istifadə etməsi təhlükəsiz və rahatdır. Hazırkı vəziyyətdə isə onun mülkiyyət, mənzil, insan, təhlükəsiz yaşamaq, istirahət hüququ kimi konstitusiyon hüquqları çox ədalətsizcəsinə və insafsızcasına pozulmaqda davam edir. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Ermənistan Respublikası Vedi rayonunun Şirazlı kəndində yaşamış və daha sonra 1970-ci ildə tikdirdiyi evini sataraq həmin evin satılmasından əldə etdiyi pul hesabına tikdirdiyi hazırda yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsindəki 55 saylı evi Cavabdeh ilə birgə nikahdan əvvəl başqasından alıb yenidən tikdirsə də, həmin evi cavabdehlə birgə nikah dövründə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmışdır. Tərəflərin nikahları pozulduqdan sonra cavabdehin iddiası əsasında qanunsuz və əsassız hesab olunan üç instansiya məhkəmə qərarları ilə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmişdir. Belə ki, Cavabdeh iddiaçıya qarşı iddiasını təmin etmiş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 26 yanvar 2017-ci il tarixli,2(010)-407/2017 saylı qətnaməsi ilə iddiaçının mülkiyyəti kimi qeydə alınmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsindəki 55 saylı ev birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək aralarında bərabər paylara bölünməklə həmin evin ½ hissədə iddiaçının ½ hissədə cavabdehin mülkiyyətinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin göstərilən qərarı yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qərarlarından sonra yenə Cavabdeh iddiaçıya və qeyrisinə qarşı iddiası Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 19 aprel 2019-cu il tarixli, 2(010)-264/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək payları müəyyən edilmiş mübahisəli evin birinci mərtəbəsi bütünlüklə ikidə bir payı müəyyən edilən hazırkı iddia üzrə Cavabdeh, həmin evin bütünlüklə ikidə bir payı müəyyən edilmiş iddiaçıya ikinci mərtəbəyə çöl eyvan tərəfdən öz vəsaiti hesabına pilləkən qoymaqla istifadəsinə verilməklə natura bölgüsü müəyyən edilmişdir. Hazırkı iddiada istinad olunan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin axırıncı qətnaməsi, yəni, 19 aprel 2019-cu il tarixli qətnaməsi çox təəssüflər olsun ki, iddiaçının iştirakı olmadan icra edilərək mübahisəli evin iddiaçının payı müəyyən edilmiş və bölünərək mülkiyyətinə verilmişdir. İkinci mərtəbəsinə evin arxa tərəfindən eyvanın arxa yan hissəsindən icra məmurları öz hesablarına və ya iddiaçıya məlum olmayan şəxsin hesabına amortizasiya verərək təhlükəli surətdə silkələnən nazik dəmir borular üzərində 8 metr 20 sm hündürlüyündə, 56 sm enində 29 ədəd pillədən ibarət asma pilləkən quraşdırmış, məhkəmə qərarlarında bir kəlmə də olsun göstərilmədiyi halda evin həyətyanı torpağı həmin evin sağ yan çöl küncündən dəmir lövhələrə kəsilməklə məhkəmə qərarı olmadan qanunsuzcasına faktiki olaraq həyətdən istifadə qaydası müəyyən edilmişdir. Yəni, evin həyətinin Ə.Mehbalıyev küçəsinə tərəf olan və tametlə örtülmüş hissəsindən, həmin hissəyə mövcud olan dəmir darvazadan Cavabdeh, evin arxa tərəfində olan həyətindən və həmin tərəfə mövcud olan dəmir darvazadan iddiaçının istifadə qaydası müəyyən edilmişdir. Evin birinci mərtəbəsinin arxa sağ tərəfinindən birinci mərtəbənin bir tərəfində qaraj təyinatlı yerə daxil olmaq üçün mövcud olan dəmir darvazasından içəri daxil olduqda ev tikildiyi vaxtdan birinci mərtəbəyə girib-çıxmaq üçün nəzərdə tutulmuş və cavabdeh və ailə üzvləri ilə birlikdə uzun illər ərzində istifadə etdikləri giriş-çıxış qapısı daşla hörülərək bağlanmışdır ki, bu da məhkəmə qərarlarında öz əksini tapmadan həmin qərarlar özbaşına icra edildiyinə və iddiaçının yaşayış, evin mülkiyyət payı tanınmışdır. İkinci mərtəbəsinə təhlükəsiz çıxıb düşmək hüququnu pozduğuna görə qanunsuz hesab edilməlidir. Mübahisəli evin Cavabdeh mülkiyyət payı tanınmış birinci mərtəbəsinə evin arxa tərəfində olan həyətə, oradan isə birinci mərtəbənin arxa sağ tərəfinin bir hissəsində mövcud olan qaraj təyinatlı otağa və həmin otaqdan birinci mərtəbəyə açılan giriş-çıxış qapısından rahat və heç bir təhlükə olmadan daxil olması mümkündür, bu onun heç bir hüququnu pozmur, iddiaçının mülkiyyət payı müəyyən edilmiş bütövlükdə ikinci mərtəbəsinə Ə.Mehbalıyev küçəsindən evin tametli həyətinə daxil olarkən sağ qabaq açıq eyvanından mövcud olan dəmir giriş-çıxış qapısından daxil olmaqla ikinci mərtəbəyə ev tikildiyi vaxtdan mövcud olan dayanıqlı taxta lövhələrlə örtülmüş pilləkənlə qalxıb düşməyi iddiaçının mənafeyinə və hüquqlarına təhlükəsizlik, baxımından çox əlverişli və uyğundur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, məhkəmənin qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev (keçmiş Gənclər prospekti) küçəsində yerləşən 55 saylı fərdi yaşayış evi natura qaydasında bölünmüş və 1-ci mərtəbə onun istifadəsinə, 2-ci mərtəbə isə iddiaçının istifadəsinə verilmişdir. Lakin buna baxmayaraq İddiaçı onun həmin evdə yaşamasına şərait yaratmır və ona əsassız olaraq tez-tez hücum edir. Hazırda onun istifadəsinə verilmiş yaşadığı evə girib-çıxması üçün pilləkan mövcuddur və həmin pilləkanı iddiaçı daşdan da tikdirə bilər. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 27.08.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 006901 seriyalı 30.03.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, (Gənclər prospekti) 55 saylı mənzili 30.03.1996-cı il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçı adına 102 nömrəli reyestr kitabının 15459 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4291/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbi təmin olunaraq Cavabdeh və İddiaçı arasında Ermənistan SSR Ararat rayonu Şirazlı kənd sovetində 09.12.1975-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 407/2017 saylı, 26.01.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı birgə nikah müddətində əldə edilmiş əmlak bölgüsü tələbi təmin olunaraq birgə nikah dövründə əldə edilmiş əmlak olan ünvan 2 fərdi yaşayış evi tərəflərin arasında bərabər payla bölünməklə, evin ½ hissəsi Cavabdeh, ½ hissəsi İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 264/2019 saylı, 19.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinə qarşı çıxarışa əsasən mənzil sahəsinin natura bölünməsi, istifadə qaydalarının müəyyən olunması və əlavə tikililərə dair istifadə qaydalarının müəyyən edilməsi tələbi qismən təmin olunaraq ünvan 2 ünvanda yerləşən evin birinci mərtəbəsi bütünlüklə ikidə bir payı müəyyən edilən Cavabdeh, ikinci mərtəbəyə çöl eyvan tərəfdən cavabdehin vəsaiti hesabına pilləkən qoymaqla həmin mərtəbəni bütünlüklə ikidə bir payı müəyyən edilmiş İddiaçı istifadəsinə verilməklə natura bölgüsü müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən mənzilində tərəflər arasında bölgü aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X1 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4.-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04.04.2014-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-264/2019 saylı, 19.04.2019-cu il tarixli qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən evin birinci mərtəbəsi bütünlüklə ikidə bir payı müəyyən edilən Cavabdeh, ikinci mərtəbəyə çöl eyvan tərəfdən cavabdehin vəsaiti hesabına pilləkən qoymaqla həmin mərtəbəni bütünlüklə ikidə bir payı müəyyən edilmiş İddiaçı istifadəsinə verilməklə natura qaydasında bölgüsü müəyyən edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “payları müəyyən olunmuş və naturada bölgüsü aparılmış evdən və həyətyanı torpaq sahəsindən istifadə qaydasının dəyişdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinə əsasən tərəflər arasında mübahisəli evə dair paylar müəyyən olunduğundan və ekspert rəyinə əsasən ideal qaydada bölgüsü aparıldığından, yenidən həmin evdən və torpaq sahəsindən istifadə qaydasının dəyişdirilməsinə dair iddia tələbi təmin oluna bilməz. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının tələbini təmin etmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı “payları müəyyən olunmuş və naturada bölgüsü aparılmış evdən və həyətyanı torpaq sahəsindən istifadə qaydasının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar