Məhkəmə qərarları › İş №2(010)-5382/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5382/2025

12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5382/2025 12.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 475.29 manat məbləğində kommunal xidmətə görə yaranmış borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 847 saylı sərəncamına əsasən yaradılmış və əsas vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binaların, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir. Suraxanı rayonu, Samir Cəfərov küçəsi 9A saylı yaşayış binası payız-qış mövsümündə 9 saylı X2 Sahəsi tərəfindən istilik enerjisi ilə təchiz edilmişdir. Qeyd olunan yaşayış binası istilik enerjisi ilə təchiz olunmasına baxmayaraq, xx.xx.2025-ci il tarixə 27 saylı mənzilin 475.29 manat məbləğində kommunal xidmətə görə borcu cavabdeh tərəfindən bu günə kimi ödənilməmişdir. İddianın dəyişdirilməsi İddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 425.29 manat məbləğində kommunal xidmətə görə yaranmış borcun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, düzdür, borc yaranmışdır. Lakin, həmin borcu birdəfəlik ödəməyə gücü çatmır. Məhkəmədən xahiş edir ki, borcun qaytarılması zamanı ona güzəşt olunsun və borc hissəhissə qaytarılsın. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar Abonent hərəkətlərindən çıxarışdan görünür ki, ünvan 1 ünvanının abonenti (abonent kodu: **********27) olan cavabdehin istilik enerjisindən istifadəyə görə 475.29 manat məbləğində borcu vardır (son ödənişlər nəzərə alınmadan). xx.xx.2025-ci il tarixli, 13-2/2-XB-1768/2025 nömrəli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə istilik enerjisindən istifadəyə görə xx.xx.2025-ci il tarixinədək yaranmış borcun məbləği (450.96 manat) barədə məlumat verilmiş, həmin borcun 10 (on) gün müddətində ödənilməsi təklif edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ünvan 1 ünvanının abonenti (abonent kodu: **********27) olan cavabdehin istilik enerjisindən istifadəyə görə 425.29 manat məbləğində borcu vardır (son ödəniş xx.xx.2025-ci il tarixdə 50 manat məbləğində icra edilmişdir). xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, cavabdeh tərəfindən istilik enerjisindən istifadəyə görə yaranmış borcdan 50 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, cavabdeh tərəfindən istilik enerjisindən istifadəyə görə yaranmış borcdan 200 manat məbləğində ödəniş edilmişdir. İşin faktiki halları İddiaçı cavabdehin abonent olduğu (abonent kodu: **********27) Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 9A ünvanında yerləşən 27 nömrəli mənzili istilik enerjisi ilə təchiz edir. xx.xx.2025-ci il tarixə tərtib olunmuş bildirişdə abonentin istifadə olunmuş istilik enerjisinə görə 425.29 manat məbləğində borcu olduğu qeyd edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 9A ünvanında yerləşən 27 nömrəli mənzilin abonenti olan cavabdeh tərəfindən həmin ünvanda istehlak edilən istilik enerjisinə görə tələb olunan 475.29 manat (ilkin tələb) məbləğində borcdan ümumilikdə 250 manat məbləğində ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 136. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibi. 136.1. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istiliktəchizatına görə ödənilən haqlar daxildir. Maddə 137. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi. 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli, 303 nömrəli Qərarı ilə təsdiq edilmiş "xxxx" qaydaları

5. Müəssisənin hüquqları. 5.1.2. istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin tam məbləğdə ödənilməsini istehlakçıdan tələb etmək.

6. İstehlakçının vəzifələri. 6.1.5. istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 1 (bir) ay müddətində tam məbləğdə ödəmək.

9. İstilik və isti su təchizatı xidmətlərindən istifadəyə görə hesablaşmalar. 9.1. Müəssisə tərəfindən göstərilən istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflərlə, isti su təchizatı xidmətlərinə və qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş tariflərlə həyata keçirilir. 9.2. Müəssisə istehlakçıya göstərilən istilik və isti su təchizatı xidmətlərinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qaydaların 9.5-ci və 9.6-cı bəndlərinə) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən istilik və isti su təchizatı xidmətlərinin hesabı tam ödənildikdən sonra, Müəssisə tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış istilik və isti su təchizatı xidmətlərinin dəyərini Müəssisə istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat.

Məhkəmənin mövqeyi

İşin faktiki hallarından görünür ki, cavabdehin abonent olduğu Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 9A ünvanında yerləşən 27 nömrəli mənzil iddiaçı tərəfindən istilik enerjisi ilə təchiz edilir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh istehlak etdiyi istilik enerjisinin dəyərini lazımınca ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bu borc hazırkı iddia ərizəsi ilə cavabdehdən tələb edilmişdir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından göründüyü kimi, istehlakçıya göstərilən istilik təchizatı xidmətinin dəyərini tam hesablamaq və hər ay istehlakçıya məlumat (hesab) təqdim etmək iddiaçının, bu hesab istehlakçıya təqdim edildikdən sonra müvafiq vəsaiti bir ay müddətində tam məbləğdə ödəmək isə cavabdeh abonentin vəzifəsidir. Lakin, iş materiallarında olan bildiriş-xəbərdarlıqdan və abonent hərəkətlərindən çıxarışdan görünür ki, həmin ünvanda istehlak olunmuş istilik enerjisinə görə 475.29 manat məbləğində borc ödənilməmişdir. Bundan əlavə, məhkəmə icraatı dövründə Bakı şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi, ev 9A ünvanında yerləşən 27 nömrəli mənzilin abonenti olan cavabdeh tərəfindən həmin ünvanda istehlak edilən və dəyəri ödənilməmiş istilik enerjisinə görə tələb olunan 475.29 manat (ilkin tələb) məbləğində borcdan ümumilikdə 250 manat məbləğində ödəniş edilmişdir (bu barədə mədaxil qəbzləri iş materiallarına əlavə edilmişdir). Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehin abonent olduğu ünvanı istilik enerjisi ilə təchiz etsə də, cavabdeh sərf etdiyi istilik enerjisinin haqqını lazımınca ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilməmiş 225.29 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, cavabdehdən istilik enerjisindən istifadəyə görə yaranmış 225.29 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh istilik enerjisindən istifadəyə görə yaranmış 225.29 (iki yüz iyirmi beş manat iyirmi doqquz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar