Məhkəmə qərarları › İş №2(010)-5419/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5419/2023

24.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5419/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızınınsədrliyi ilə, İddiaçı Cavabdehqarşı “əmək mübahisələri”nə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi

1. İddiaçı Cavabdehqarşı “əmək mübahisələri”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.

Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;

Məhkəmənin mövqeyi

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

3. Belə ki, iddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsində göstərilən tələb iki hissədən ibarət olmaqla, birinci hissədə onunla fiziki şəxs olan Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuna müvafiq olaraq Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi məlumat göndərilərək Nazirliyin nəzarətində olan “Əmək və Məşğulluq” alt sistemində işləyən şəxs kimi sistemdən silinməsindən, ikinci hissədə isə cavabdehin tapılmaması səbəbi ilə bunun icrası mümkün olmadıqda onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edərək işləyən şəxs kimi “Əmək və Məşğulluq” alt sistemindən silinməsini Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. İddia tələblərindən də aydın şəkildə görünür ki, iddia ərizəsində göstərilən tələblər bir biri ilə əlaqəsi olmayan tələblərdir. Belə ki, iddialardan biri mülki məhkəmə icraatına, digəri isə inzibati məhkəmə icraatına aiddir. Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 16.1-ci bəndinə əsasən, inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz.

5. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə verildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

Məhkəmənin gəldiyi nəticə

6. Beləliklə, qeyd edilən prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehqarşı “əmək mübahisələri”nə dair iddia ərizəsi bir biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə verildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

7. Həmçinin İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı :

İddiaçı Cavabdehqarşı “əmək mübahisələri”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar