Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5424/2021 25.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X10 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 17.10.2005-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “X23 Asif qızı X12 ilə 05.10.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan mən və qardaşım 17.10.2005-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Anamla atam arasında nikah 15.02.2015-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra atam Cavabdeh ilə faktiki nikaha daxil olmuş, həmin nikahdan onların X13 adlı qızları doğulmuşdur. X4 09.08.2016-cı il tarixdə vəfat etmişdir. Ölümündən sonra atamdan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi qalmışdır. Həmin torpaq sahəsi atamın qanun üzrə üç vərəsəsi arasında bölünmüşdür. Daşınmaz əmlakın dövlət reyestrindən 06.07.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsinin 1/3 hissəsi mənim, 1/3 hissəsi qardaşım X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində atam tərəfindən ev tikdirilmişdir. Həmin evə köçüb yaşamaq mənim və qardaşımın haqqıdır. Dəfərlərlə qarşı tərəfə bizim oraya köçməyimizə şərait yaradılması bildirilsə də buna imkan verilməyib. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindəyik”. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh mərhum atası X8 qeyri-rəsmi nikahda olduğu arvadı olmuş, onların faktiki nikahından bir qız övladları doğulmuşdur. Atası cavabdehlə faktiki nikahları dövründə Zığ qəsəbəsində öz mülkiyyətində olan torpaq sahəsində ev tikdirmiş, lakin evi adına sənədləşdirməmiş, özbaşına tikili olmuşdur. Atası həmin evdə Cavabdeh və onunla faktiki nikahından doğulmuş qızı ilə birlikdə yaşamışdır. Mərhum atasının vərəsələri kimi torpaq sahəsi üzərində qardaşı ilə onun payı tanınsa da ev özbaşına tikili olduğundan ev üzərində payları tanınmamışdır. Onlar atalarından qalan evə köçmək üçün cavabdehə müraciət etdikdə isə cavabdeh buna imkan verməmişdir. Hazırda qardaşı ilə birlikdə həmin evə köçüb orada yaşamaq istəyirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın məhkəmə iclasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində 1/3 hissədə İddiaçı, 1/3 hissədə X1, 1/3 hissədə isə X9 payı tanınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2(102)- 4684/2020 saylı qərarından görünür ki, iddiaçı Xəlilova Arzu Asif qızı cavabdehlər Cavabdeh və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09.08.2016-cı ildə vəfat etmiş X5 miras qalmış əmlaklara – Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 0.02 ha torpaq sahəsi və “Mercedes-Benz C200” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə yetkinlik yaşına çatmayan uşaqları İddiaçı və X1 vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24.10.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 0.02 ha torpaq sahəsi və “Mercedes- Benz C200” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilə yetkinlik yaşına çatmayan İddiaçı və X1, habelə yetkinlik yaşına çatmayan X9 vərəsəlik hüquqlarının tanınması, həmin əmlaklara payların İddiaçı 1/3 hissə, X3 1/3 hissə, X11 1/3 hissə olaraq müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.03.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X6 apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24.10.2018-ci il tarixli, 2(010)-5086/2018 saylı qətnaməsinin - Bakı, şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 0.02 ha torpaq sahəsinə yetkinlik yaşına çatmayan İddiaçı və X1, habelə yetkinlik yaşına çatmayan X9 vərəsəlik hüquqlarının tanınması, həmin əmlaklara payların İddiaçı 1/3 hissə, X3 1/3 hissə, X11 1/3 hissə olaraq müəyyən edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi və iddiaçı Xəlilova Arzu Asif qızının cavabdehlər Cavabdeh və Bakı şəhəri 6 saylı notariat kontoruna qarşı “09.08.2016-cı ildə vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 0.02 ha torpaq sahəsinə yetkinlik yaşına çatmayan uşaqları İddiaçı və X1 vərəsəlik hüquqlarının tanınması” barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27.08.2019-cu il tarixli qərarı ilə iddiaçı Xəlilova Arzu Asif qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07.03.2019-cu il tarixli, 2(103)-338/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.11.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24.10.2018-ci il tarixli, 2(010)-5086/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə (Bakı, şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 0.02 ha torpaq sahəsinə yetkinlik yaşına çatmayan İddiaçı və X1, habelə yetkinlik yaşına çatmayan X9 vərəsəlik hüquqlarının tanınması, həmin əmlaklara payların İddiaçı 1/3 hissə, X3 1/3 hissə, X11 1/3 hissə olaraq müəyyən edilməsi hissəsində) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Yekunda, Bakı Apellyasiya Məhkəməsinin 20.11.2019-cu il tarixli, 2(103)- 13396/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhər, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi iddiaçının atası X8 mülkiyyətində olmuşdur. X12 hazırkı iş üzrə cavabdeh X14 ilə faktiki nikah münasibətində olmuş, onların bu münasibətindən X13 adlı övladları doğulmuşdur. X12 Cavabdeh ilə faktiki nikahları dövründə öz mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsində fərdi yaşayış evi tikmiş, hazırkı iş üzrə cavabdeh X14 və övladları X13 ilə birlikdə ölənə qədər bu evdə yaşamışdır. Lakin ev özbaşına tikili olmuş, heç kimin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamışdır. X8 ölümündən sonra hazırkı iş üzrə iddiaçının anası olan Xəlilova Arzu Asif qızı mərhum keçmiş ərindən miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi və avtomobil üzərində onların keçmiş birgə nikahından doğulmuş iki yetkinlik yaşına çatmayan uşağının vərəsəlik hüquqlarının tanınması tələbi ilə məhkəməyə müraciət etmiş, bir neçə mərhələli icraatlarda işə baxıldıqdan sonra yekunda həm hazırkı iş üzrə iddiaçı X2, həm də onun yetkinlik yaşına çatmayan qardaşı X1 bu əmlaklar üzərində vərəsəlik hüquqları tanınmış, hər birinin 1/3 hissədə payları müəyyən edilmişdir. Bundan sonra, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində 1/3 hissədə İddiaçı, 1/3 hissədə X1, 1/3 hissədə isə X9 payları tanınmışdır. Hazırda İddiaçı qardaşı ilə birlikdə paylı mülkiyyətçisi olduğu torpaq sahəsində mərhum atası tərəfindən inşa edilmiş özbaşına tikiliyə köçürülmələri tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ilk növbədə qeyd edir ki, hər nə qədər iddiaçı yetkinlik yaşına çatmayan qardaşının da evə köçürülməsinə dair iddia qaldırsa da nəzərə alınmalıdır ki, İddiaçı yetkinlik yaşına çatmamış qardaşının qanuni nümayəndəsi hesab edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Göründüyü kimi, iddiaçının yetkinlik yaşına çatmayan qardaşının hüquqlarını və qanunla qorunan mənafelərini müdafiə edə biləcək şəxslər dairəsi qanunla müəyyən edilmişdir. Odur ki, iddiaçı yetkinlik yaşına çatmayan qardaşının adından məhkəmədə iddia qaldıracaqsa, ilk növbədə, onun qanuni nümayəndəsi statusunu daşımalıdır. Hazırkı işdə isə belə bir hal müəyyən edilmir. Bu baxımdan iddiaçının yetkinlik yaşına çatmayan qardaşı adından onun qanuni nümayəndəsi kimi bu cür iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. Mübahisənin mahiyyətinə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə isə İddiaçı münasibətdə bu şərtlərdən heç biri mövcud deyil. Belə ki, iddiaçı qardaşı ilə birlikdə köçürülməsini tələb etdiyi bu evdə heç vaxt yaşamamış, ev iddiaçının mərhum atasının Cavabdeh ilə faktiki ailə münasibətlərində olduğu dövrdə tikilmiş, bu evdə də məhz onlar yaşamış, iddiaçı heç vaxt həmin evdə yaşamamışdır. Məhkəmə iclasında izahat verən iddiaçı da qəbul etmişdir ki, həmin ev mərhum atasının cavabdehlə faktiki nikah münasibətində olduğu dövrdə tikilmişdir və həmin evdə onlar yaşamışdır. Belə olan halda iddiaçının heç vaxt yaşamadığı evdən məhrum edilməsindən və bu məhrum edilmənin qanunsuzluğundan söhbət gedə bilməz. Beləliklə, hazırkı iddia tələbi yuxarıda qeyd edilmiş yaşayış yerindən məhrum edilmənin üç əsas şərtindən heç birinə tam cavab vermir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçının köçürülmək istədiyi fərdi yaşayış evi özbaşına tikilidir və heç kimin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, ev özbaşına tikili olduğundan mənzil üzərində heç kimin, eləcə də iddiaçının mərhum atasının mülkiyyət hüququ olmamışdır. Lakin nəzərə alınmalıdır ki, bunun hazırkı iş üçün bir o qədər əhəmiyyəti də yoxdur. Belə ki, məhkəmə iddiaçının bu evə köçürülməsini kiminsə mülkiyyət hüququnun pozulmasına görə yox, iddiaçının evə köçürülmək üçün heç bir hüququ olmadığına görə qanunsuz hesab edir. Məhkəmə bu cür nəticəyə gələrkən bu tip mübahisələr (özbaşına tiiliyə köçürülmə) üzrə mövcud məhkəmə təcrübəsini də nəzərə alaraq qeyd edir ki, mübahisəli ev iddiaçının atası tərəfindən hazırkı iş üzrə cavabdehlə birlikdə yaşadıqları dövrdə tikildiyindən və bu evdə iddiaçı heç vaxt yaşamadığından onun bu evin tikintisində hər hansı maddi payı olması da istisna edilr. Belə olan halda iddiaçının bu əsasla da həmin özbaşına tikiliyə köçürülməsini tələb etməsi əsassızdır. Lakin hər bir halda nəzərə alınmalıdır ki, özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının və yetkinlik yaşına çatmayan qardaşının hər birinə 1/3 olmaqla, cəmi 2/3 hissədə payları müəyyən edilmişdir. Məhz bu səbəbdən məhkəmə tərəfindən iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ tanınmış, lakin iddianın hüquqi əsasının olmadığı nəticəsinə gəlinmişdir. Hər bir halda nəzərə alınmalıdır ki, hazırkı mübahisənin nəticəsindən asılı olmayaraq, iddiaçı qardaşı ilə birlikdə 2/3 hissədə payçısı olduğu bu torpaq sahəsi üzərində olan öz payının naturada bölünməsini tələb etmək hüququnu (qardaşının adından ancaq qanuni nümayəndə) özündə saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödəniləmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5424/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5424/2021
25.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver