Məhkəmə qərarları › İş №2(010)-545/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-545/2025

05.03.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-545/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "müqavilənin bağlanmış hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.1988-ci il tarixində X16 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən mənzilin Ermənistan Masis rayonu, Rançpar qəsəbəsində yerləşən fərdi yaşayış evi ilə dəyişdirilmə müqaviləsinin bağlanmış hesab edilməsi. İddia tələbinin dəlliləri İddiaçı atası X16 ailəsi ilə birlikdə (yoldaşı və bir qızı) Ermənistan Masis rayonu, Rançpar qəsəbəsində yaşayırmışlar. Məlum səbəblərdən 1988-ci ildə yaşadıqları evdən məcburi çıxarılmışlar. Həmin vaxtda ünvan 2 ünvanında yaşayan və mülkiyyətində ev olan Cavabdeh2lə ev dəyişmə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıların Masisdəki evi ilə Bakıdakı evi olan Cavabdeh2 evləri dəyişdirilmişdir. Həmin müqavilə tərəflər arasında 08 dekabr 1988-ci il tarixdə imzalanmış və təsdiq edilmişdir. Həmin vaxtdan iddiaçı mərhum atası ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar və qeydiyyatdadırlar. İddiaçı atası X16 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Mənzilin özəlləşdirilməsi qərarına gəlmişlər. Onlarla mənzil kirayə müqaviləsi bağlanması üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət olunmuş, mərhum X16 ilə cavabdeh arasında bağlanmış dəyişmə müqaviləsi qəbul olunmamışdır. Odur ki, həmin mənzilə dair cavabdehlə aralarında dəyişmə müqaviləsinin bağlanmış hesab edilməsinə zərurət mövcuddur. Tərəflərin izahatları İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddianı təsdiq edən bütün sənədlərin əslini təqdim etmişdir. Cavabdeh2 etibarnamə verib. Lakin dəyişdirilməni tam yekunlaşdıra bilməyiblər. İddiaçı həmin evə ailəsi gələn kimi qeydiyyata düşüb. İddiaçının əsas məqsədi evi özəlləşdirməkdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlərin ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, həmin binada 1988-ci ildən yaşayır. Cavabdeh2 tanıyırdı. Ailəsi, uşaqları var idi. Evlərinə gedib gəlirdi. O səkkizinci mərtəbədə, Kaqramanov isə 4-cü mərtəbədə yaşayırdı. Dedi ki, azərbaycanlı ailə ilə tanış olub, onlarla evlərini dəyişəcəklər. Binada başqa ermənilərin yaşadığını bilmir, çünki özü də binaya yeni köçmüşdü. Cavabdeh2 ona görə tanıyır ki, eyni blokda yaşayırdılar. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli V massivi ev 12 mənzil 42 də yaşayır. 1988-ci ilin axırları idi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, X16 onun qardaşıdır. Azərbaycana qayıtmamışdan əvvəl Ermənistan Masis rayonunda yaşayırdı. Qardaşının evinə yaxın ərazidə yaşayırdı. Sonradan qardaşı Səfər Bakıda yaşayan erməni ilə evlərini dəyişdi. O isə Qaraçuxur ərazisində yaşayan erməni ilə evini dəyişdi. Həmin vaxtdan orada yaşayır. Cavabdeh2 Ermənistana gələndə qardaşının evinə baxmağa gəldi və həmin söhbət əsnasında dedi ki, o da ünvan 3 ünvanında yaşayır. Erməni qardaşı Səfər ilə razılaşdı ki, evlərini dəyişsinlər. Bu hadisələr 1988-ci ildə baş vermişdir. İş materialları Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli AZ-İ N 306744 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. 484744 saylı 18 noyabr 1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1987-ci il tarixdə Ermənistanın Masis rayonunda doğulmuşdur. xx.xx.1988-ci il tarixli ünvan 3 ünvanında yaşayan evinin planı və ona əlavə edilmiş Cavabdeh2 ərizəsindən müəyyən olunur ki, evin dəyişməsini xahiş etmişdir. xx.xx.1988-ci il tarixli müqaviləyə əsasən Ermənistan SSR vətəndaşı olan X5 vilayətində yaşadığı evi Azərbaycan SSR vətəndaşı olan Cavabdeh2 yaşadığı ünvan 3 ünvanında yerləşən evi ilə dəyişməsinə razılaşırlar. Müqavilə tərəflərin imzası və möhürlə təsdiq edilmişdir. 30 dekabr 1988-ci il tarixli 28 saylı protokoldan görünür ki, X13 Ermənistan Masis rayonundakı evini Cavabdeh2 ünvan 3 ünvanında yaşayan evini dəyişməsinə icazə verilmişdir. xx.xx.1988-ci il tarixli yaşayış sahəsinin dəyişməsi ilə bağlı ərizədən görünür ki, Cavabdeh2 razıdır ki, 3 otaqlı, 43.6 kv.m evi 9 mətbəli binanın 4cü mərtəbəsində yerləşən 43.6 kv.m lik mənzillə dəyişməyi təklif edir. 1955-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.1988-ci ildə həmin mənzilə qeydiyyata salınmışdır. xx.xx.1989-cu il tarixli razılıq ərizəsinə əsasən ünvan 3 ünvanında yerləşən evin qeydiyyatında olan Kaqarmanova Əmma X2 Rançpar vilayətində yerləşən evi ilə dəyişməsinə razılıq vermişdir. xx.xx.1989-cu il tarixli razılıq ərizəsinə əsasən ünvan 3 ünvanında yerləşən evin qeydiyyatında olan Kaqarmanova Andronik X3 Rançpar vilayətində yerləşən evi ilə dəyişməsinə razılıq vermişdir. xx.xx.1989-cu il tarixli razılıq ərizəsinə əsasən ünvan 3 ünvanında yerləşən evin qeydiyyatında olan Kaqarmanova Roman X1 Rançpar vilayətində yerləşən evi ilə dəyişməsinə razılıq vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 163.1. Sahiblik əşyanın verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X4rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Tərəflər arasında mülki hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olan və 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı: “Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iş üzrə 1988-ci ildə İddiaçı atası X16 ilə Cavabdeh2 arasında razılaşmaya əsasən iddiaçı Ermənistan Respublikası Massis rayonunda yaşadığı həyətyanı fərdi yaşayış evini Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzili dəyişməyə razılıq verir. Hər iki tərəfin ailə üzvləri mənzillərin dəyişdirilməsinə öz ərizələri ilə razı olduqlarını bildirirlər. 1988-ci ildə baş vermiş məlum hadisələrdən sonra iddiaçı öz ailə üzvləri ilə birgə Azərbaycana köçərək ünvan 1 ünvanında yaşamağa başlamışdır. Hazırda İddiaçı atası ilə cavabdeh aralarında Ermənistanın Masis rayonunda yerləşən həyətyanı fərdi yaşayış evi ilə ünvan 1 ünvanında yerləşən mənzilin dəyişdirilməsinə dair müqavilənin bağlanmış hesab edilməsini istəyir. Cavabdehlər isə məhkəmə iclaslarında iştirak etmədiyindən, onların iddia tələbinə münasibəti öyrənilməmişdir. Göründüyü kimi, 1988-ci ildə tərəflər arasında Ermənistanın Masis rayonunda yerləşən həyətyanı fərdi yaşayış evi ilə ünvan 3 ünvanında yerləşən mənzilin dəyişdirilməsinə ilə bağlı razılıq əldə olunmuş, lakin ünvan 1 ünvanında yerləşən mənzil X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da sonuncu həmin əmlak üzərində sərancam vermək imkanı əldə etmədiyindən, onlar dəyişmə müqaviləsini notariat qaydada rəsmiləşdirə bilməmişlər. Bununla əlaqədar olaraq iddiaçı icra hakimiyyətinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin Cavabdeh1 adına bağlanılmasını xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində həmçinin müəyyən edildiyi kimi, mübahisəsi gedən ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının atası mərhum X13 qanuni əsaslarla verilmişdir. Ona görə də məhkəmə mübahisəli mənzili həmin dövr üçün X12 mülkiyyəti kimi nəzərdən keçirib, məsələni bu müstəvidə həll etməyi əsaslı sayır. Göründüyü kimi, qanunla həyətyanı torpaq sahəsinin bu və ya digər vətəndaşın mülkiyyətinə verilməsi aşağıdaki dispozitiv şərtlərin mövcudluğu ilə əlaqələndirilmişdir: a) əvəzsiz olaraq mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin vətəndaşın istifadəsində olması; b) istifadənin qanuni olması; v) qeydiyyat orqanına ərizə verilməsi. Qeyd olunanlardan belə aydın olur ki, iddiaçının atası mərhum X16 1988-ci ildən sonra dəyişmə müqaviləsi əsasında verilmiş və qanuni istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzili xüsusi mülkiyyətinə keçirmək imkanına malik olmuşdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyi mülkiyyət hüququnun tam tərkibli (istifadə, sahiblik, sərancam) hüquq kimi əmələ gəlməsini bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması ilə şərtləndirmişdir. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə müraciət etdikdə, məsələyə fərqli yanaşmanın mövcud olması da aydın olur. «Broniovski Polşaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da «mülkiyyət hüquqları» sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün «mülkiyyət» hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi? «Akimova Azərbaycana qarşı» işdə isə Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da onun mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Göründüyü kimi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X16 1988-ci ildən sonra dəyişmə müqaviləsi əsasında verilmiş və qanuni istifadəsində olan ünvan 3 ünvanında yerləşən mənzili adına qeydə aldırmaq (mülkiyyətinə keçirmək) imkanına malik olduğundan, bu əmlaklara olan hüquqları, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından «mülkiyyət» hüququ kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri 1988-ci ildə yaranmışdır və həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 335-ci maddəsinin tələbinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Hazırki iş üzrə tərəflər arasında faktiki olaraq mübahisəli fərdi yaşayış evinə dair dəyişdirmə müqaviləsi bağlanmış, lakin bu hal notarial qaydada təsdiq edilməmişdir. Tərəflər öz öhdəliklərini icra etmiş, iddiaçı əldə etdiyi fərdi yaşayış evində 36 il yaşamaqla həmin ərazidə fərdi yaşayış evi inşa etmişdir. Bu artıq tərəflər arasında bağlanmış müqavilə şərtlərinin icra edilməsini özündə ehtiva edir. Buna görə də məhkəmə hesab edir ki, hazırda iddiaçı dəyişdirmə müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia təmin edilməli və mərhum X16 ilə Cavabdeh2 arasında Ermənistanın Masis rayonu, Rançper qəsəbəsində yerləşən fərdi yaşayış evi ilə ünvan 1 ünvanında yerləşən mənzilə dair dəyişdirilmə müqaviləsi bağlanmış hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 08 dekabr 1988-ci il tarixdə X16 ilə Cavabdeh2 arasında Ermənistanın Masis rayonu, Rançper qəsəbəsində yerləşən fərdi yaşayış evi ilə ünvan 1 ünvanında yerləşən mənzilə dair dəyişdirilmə müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar