Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5450/2021 17.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi və onun vəkili X5 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 1994-cü ildən 2004-cü ilədək BBTİ 301 və 302 saylı Tikinti-quraşdırma İdarəsində iş icraçısı vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki: “Mən Sov.İKP XXİİ qurultayı adına “Xəzərdənizneftqazsənayesi” NQC İstehsalat Birliyinin “Neft daşları” X13 İdarəsində 02.09.1985-ci il tarixdən 30.06.1994-cü il tarixədək qazmaçı köməkçisi, qazmaçı, qazma ustası vəzifəsində işləmişəm. Daha sonra “Xəzərdənizneftqazsənayesi” X1 11.05.1988-ci il tarixli, 148 saylı əmri ilə “Neft daşları” X13 İdarəsi SSSR-nin NSN “Xəzərdənizneftqazsənayesi” İB-nin tərkibinə verilmişdir. Daha sonra “Xəzərdənizneftqazsənayesi” İB-nin 14.05.1992-ci il tarixli əmri ilə “Neft daşları” X11 İdarəsi "xxxx" Dövlət Konsern İB-nin tərkibinə verilmişdir. AR Neft Sənaye Nazirliyinin 03.03.1994-cü il tarixli əmri ilə "xxxx" Dövlət Konserni AR Dövlət Neft Şirkəti adlandırılmışdır və “Xəzərdənizneftqazsənayesi” İB-nin “Neft Daşları” X13 İdarəsi onun tərkibinə verilmişdir. ARDNŞ-nin 27.12.2013-cü il tarixli əmrinə əsasən “Kompleks qazma İşləri” trestinin “Neft Daşları” X13 İdarəsi ləğv olunaraq, trestin “Neft Daşları” İstehsalat Bölümü kimi fəaliyyət göstərir. Həmçinin, 1994-cü ildən 2004-cü ilə qədər BBTİ 301 və 302 saylı Tikinti-quraşdırma İdarəsində iş icraçısı vəzifəsində işləmişəm. Qeyd etmək istəyirəm ki, həmin yerdə işlədiyim müddətdə 1994-cü il tarixdən 2004-cü il tarixədək əmək kitabçamda işlədiyim qeyd edilməyib. Bununla bağlı ərizə ilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət etsəm də 05.03.2021-ci il tarixli, BA-00826 nömrəli məktub ilə BBTİ 301 və 302 saylı Tikinti-quraşdırma İdarəsinin 1994-2004-cü illərə aid arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Mən, əmək pensiyası almaq üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etdim, lakin 02.02.2021-ci il tarixli məktubu ilə imtina cavabı aldım. Bu səbəbdən də həmin illərin əmək stajının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını məhkəmədən xahiş edirəm”. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, əmək fəaliyyətinə 24.08.1976-cı ildə “ŞMVS” trestinin SMU-12 İdarəsində başlamışdır və 26.08.1977-ci ilə qədər adıçəkilən idarədə işləmişdir. 1977-1979-cu illərdə Sover Ordusu sıralarında qulluq etmiş, ordudan sonra 25.08.1980-ci ilə qədər həmin idarədə çalışmışdır. 1980-1985-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda əthsil almışdır. 1985-1992-ci illərdə Sov.İKPnin XXİİ qurultayı adına İstehsalat Birliyinin nəzdində “Neft daşları” DQİİ-də işləmişdir. Səhhəti ilə əlaqədar işdən azad olunmuş, “Aran” Korporasiyasında 1992-ci ildən 1994-cü ilin fevral ayının 22-nə qədər broker vəzifəsində çalışmışdır. Şahidlər Azadxan və Neman onunla birlikdə “Bakıbaştikinti” İB-nin tərkibində olan Nəqliyyat İdarəsində işləmişlər. 24.02.1994-cü ildən “Bakıbaştikinti” İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən 301 nömrəli tikinti-quraşdırma idarəsində iş icraçısı kimi fəaliyyət göstərmişdir. 1999-cu ildə bu idarə 302 nömrəli tikinti-quraşdırma idarəsi ilə birləşdikdən sonra 2004-cü ilin fevral ayına qədər bu idarədə çalışmışdır. Bu idarələrdə çalışdığı müddətdə idarədə kadrlar şöbəsinin səhlənkarlığı üzündən əmək kitabçasında qeydlər olmamışdır. Əmək kitabçasını 2008-ci ildə tapmış, işlədiyi idarələr haqqında məlumatı olmadığı üçün əmək kitabçasında müvafiq qeydlər olmamışdır. 2004-cü ildən 2013-cü ilə qədər fərdi əməklə məşğul olmuşdur. 2013cü ildən 2017-ci ilə qədər SOCAR-ın nəzdində "xxxx" İstehsalat Birliyində, 2017-ci ildən hal-hazırkı müddətdə SOCAR-AQŞ MMC-də fəaliyyətini davam etdirir. Əmək kitabçasını 2008-ci ildə əldə edə bilmişdir. Çünki onun işlədiyi müəssisənin kadrlar şöbəsində olan xanım ailə qurub Türkiyəyə getmiş, əmək kitabçası da onda qalmışdır. Xanım 2008-ci ildə geri qayıtdıqdan sonra kitabçanı əldə edə bilmişdir. Həmin vaxt kitabçasında 1994-2004cü illərdə işlədiyi dövrün qeyd edilmədiyini görmüş, lakin işlədiyi idarəni tapa bilməmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili X7 ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında maraqlı şəxs X4 ərizəni qəbul etməyərək bildirmişdir ki, ərizəçinin əmək kitabçasında 1994-2004-cü illərdə işləməsi ilə bağlı heç bir qeyd edilməmiş, bununla bağlı arxiv sənədi də əldə edilməmişdir. Halbuki, ərizəçi həqiqətən həmin dövrlərdə qeyd etdiyi yerlərdə işləyibsə, bununla bağlı sənədləri SOCAR-ın arxivində əldə edə bilərdi. Həmçinin, o, da nəzərə alınmalıdır ki, həmin dövrdə ərizəçinin işlədiyini bildirdiyi müəssissədə işləyən digər şəxslərin əmək kitabçasına müvafiq qeydlər edilmiş, buna baxmayaraq, ərizəçinin əmək kitabçasında heç bir qeyd edilməmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MTK tərəfindən verilmiş 16.04.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, 350 saylı mənzildə yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş 02.02.2021-ci il tarixli, **********8 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubda qeyd edilmişdir ki: “Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin ümumi iş stajınız 25 ildən az (20 il 4 ay 13 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Ərizəçi müraciətinə verilmiş 05.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, BBTİ 301 və 302 saylı Tikinti-quraşdırma İdarəsinin 1994-2004-cü illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən ünvan 1 ünvanlanmış 01.09.2021-ci il tarixli məktubdan görünür ki, sözügedən idarə 2003-cü ildə özəlləşdirildiyindən müraciətdə qeyd edilən məsələlərə dair hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvan 1 ünvanladığı 21.10.2021-ci il tarixli, **********79 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, 302 saylı Tikinti İdarəsi “Bakıyaşayıştikinti” Layihə Sənaye Tikinti Birliyinin 18.01.1990-cı il tarixli, 09 saylı əmri ilə yaradılmış, 301 saylı Tikinti İdarəsinin isə nə vaxt yaradıldığı barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda, hər iki idarə “Bakıyaşayıştikinti” Layihə Sənaye Tikinti Birliyinin nəzdində fəaliyyət göstərmiş, sonradan 301 saylı Tikinti İdarəsi uzun müddət fəaliyyət göstərmədiyi, heç bir daşınar və daşınmaz əmlakı olmadığı üçün “Bakıyaşayıştikinti” Layihə-Sənaye Tikinti Birliyinin 29.07.2009-cu il tarixli, 12 nömrəli əmri ilə 302 saylı Tikinti İdarəsinin tərkibinə verilmişdir. Həmçinin, 302 saylı Tikinti İdarəsi isə 13.10.2009-cu ildə ünvan 2 ünvanında yerləşən “Bakıyaşayıştikinti” Layihə Sənaye Tikinti Birliyinin təkribində özəlləşdirilmişdir. Məhkəmə iclasında şahid kimi izahat vermiş X2 izahatında bildirmişdir ki, o, 1987-ci ildə BBTİ-də sürücü işləmiş, 301 və 302 saylı obyektlərə beton daşımaqla məşğul olmuşdur. Nəbini də oradan tanımışdır. Belə ki, həmin vaxt Nəbi bu obyektlərə mal aparırdı və onu hər gün orada görürdü. Onlar sovet höküməti dağılandan birlikdə işləmişlər. O, 2000-ci ilə qədər bu müəssisədə işləmişdir. Bu müddətdə Nəbi də orada iş icraçısı işləmişdir. Məhkəmə iclasında şahid kimi izahat vermiş X9 izahatında bildirmişdir ki, o, BBTİ-də sürücü işlədiyi dövrdə Ərizəçi “prorab” olmuşdur. Nəbi əvvəl 301-ci Tikinti İdarəsində işləmiş, sonra İdarə 302-yə birləşdirilmişdir. Onların işi belə olmuşdur ki, sürücülər tikinti materiallarını daşıyıb tikinti sahəsinə gətirmiş, Nəbi də malları qəbul edib fəhlələrə verilməsinə nəzarət etmişdir. O, 1994-2004-cü illərdə Nəbi ilə birlikdə işləmişdir. Onun işlədiyi “Avtobaza 3” adlı müəssisə Nəbinin işlədiyi BBTİ-nin nəzdində olmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi 1994-2004-cü illərdə Bakı Baş Tikinti İdarəsinin 301 və 302 saylı idarələrində iş icraçısı işlədiyini, lakin bu dövrdə olan əmək fəaliyyəti barədə əmək kitabçasında heç bir qeyd edilmədiyini bildirərək, məhkəmədən həmin dövrdə olan iş stajının təsdiq edilməsini xahiş etmişdir. O, bu faktı təsdiq etmək üçün Dövlət Arixivinə müraciət etsə də həmin müəssissəsin arxiv sənədləri tapılmamışdır. Lakin ərizəçinin vəsatəti ilə həmin dövrdə bu müəssisədə işləmiş şahidlər X2 və X9 Ərizəçi həqiqətən onlarla birlikdə, eyni müəssəsidə işlədiyini, özlərinin sürücü, Ərizəçi isə iş icraçısı olduğunu bildirmişlər. İlk növbədə, nəzərə alınmalıdır ki, hazırkı halda Ərizəçi əmək kitabçasında heç bir qeyd edilmədiyinə və işlədiyini iddia etdiyi müəssisənin arxiv sənədləri aşkar edilmədiyinə görə bu fakt yalnız məhkəmə qətnaməsi ilə təsdiq edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə hesab edir ki, Ərizəçi əmək kitabçasında bu barədə qeyd olmadığından və arxiv sənədləri olmadığından onun Bakı Baş Tikinti İdarəsinin 301 və 302 saylı idarələrində iş icraçısı kimi əmək fəaliyyətini yalnız onunla birlikdə həmin idarədə işləmiş və əmək kitabçasında bu barədə qeyd edilmiş şəxslərin şahid kimi izahatları təsdiq edə bilər. Nəzərə alınmalıdır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə iclasında izahat verən hər iki şahid Bakı Baş Tikinti İdarəsində işləmiş və onlar Ərizəçi bu İdarədə iş icraçısı kimi iş fəaliyyəti, hansı işlər görməsi, onların idarədə sürücü işlədiyi dövrdə fasiləsiz olaraq ərizəçinin də bu idarədə işləməsi barədə bir-biri ilə üst-üstə düşən izahatlar vermiş, ərizədə qeyd edilənləri təsdiq etmişlər. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, Ərizəçi Bakı Baş Tikinti İdarəsinin 301 (1994-1999) və 302 (1999- 2004) saylı idarələrində iş icraçısı işləməsi bütün əldə edilməsi mümkün sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi 1994-1999-cu illərdə Bakı Baş Tikinti İdarəsinin 301 saylı idarəsində, 1999-2004-cü illərdə Bakı Baş Tikinti İdarəsinin 302 saylı idarəsində iş icraçısı işləməsi faktı iş materialları və həmin kolxozda işlədiyi müəyyən edilən şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1994-1999-cu illərdə Bakı Baş Tikinti İdarəsinin 301 saylı idarəsində, 1999- 2004-cü illərdə Bakı Baş Tikinti İdarəsinin 302 saylı idarəsində iş icraçısı işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5450/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5450/2021
17.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver