Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5496/2025 24.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə zamin olaraq ödədiyi 4873,24 manat məbləğində pul vəsaiti, həmin vəsaitə hesablanan 245 manat faizin və ödənilmiş 72 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6278/2021 saylı qətnaməsi ilə "xxxx" ASC-nin Cavabdeh və İddiaçı qarşı iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən Cavabdeh və İddiaçı müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 5093,39 qəpik əsas borc, 23,71 qəpik faiz borcu, 12,94 qəpik cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5160,04 qəpik məbləğində vəsait tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Qətnamə icraya yönəldikdən sonra belə, əsas borclu Cavabdeh borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən həmin tələb üzrə zamin İddiaçı əmək haqqına yönəltmə həyata keçirilmişdir. Belə ki, onun əmək haqqından 4873,24 manat tutularaq tələbkar "xxxx" ASC-nin hesabına köçürülmüşdür. İşin qeyd edilən halını "Azəriqaz" istehsalat Birliyinin Bakı X3 Departamentinin Nərimanov Rayonu üzrə Texniki İstismar Xidməti tərəfindən verilmiş arayış da təsdiq edir. Bununla da, əsas borclu Cavabdeh "xxxx" ASC qarşısındakı öhdəliyi İddiaçı tərəfindən zamin olaraq tam icra edilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh bildirdi ki, 2022-ci ilin avqust ayınadək iddiaçının kart hesabına ödənişlər edib, whatsappda yazışmaları da olmuşdur. Həmin nömrə artıq işləmir. İddiaçı ona 3 kart hesabı vermiş, kart hesabları – ABB, Kapital bank və LeoBank kartları olmuşdur. O, isə Turanbank və Unibank kartlarından ödənişlər etmiş, həmçinin, qızı da e-manat vasitəsi ilə pul köçürmələri edib. O, icra şöbəsində 754 manat və icra xidməti olaraq 7% ödəniş də edib. İcra şöbəsində verdiyi izahat isə alaqsız vermişdir. 2023-cü ilin avqust ayına qədər maaşı vurulduğu gün ödənişlər edərək 960 manat ödəmişdir. İddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6278/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 5093,39 manat əsas borc, 23,71 manat faiz borcu, 12,94 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5160,04 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. "Azəriqaz" İstehsalat Birliyinin Bakı X3 Departamentinin Nərimanov Rayonu üzrə Texniki İstismar Xidməti tərəfindən verilmiş arayışla müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6278/2021 saylı icra sənədi ilə nəzərdə tutulan 5160,04 manat tələbin 4873,24 manatı İddiaçı əmək haqqından tutularaq tələbkar "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixdə Suraxanı rayon icra şöbəsində Cavabdeh tərəfindən yazılmış izahatın məzmunundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6278/2021 saylı icra sənədi ilə nəzərdə tutulan 5160,04 manatın 4873,24 manatı İddiaçı tutularaq tələbkar "xxxx" ASC-nin bank hesabına ödənildiyindən onun İddiaçı borcu yaranmışdır. Onlar aralarında gəldikləri razılığa görə o, İddiaçı ilk 1000 manat, sonradan isə hər ayın 30-dan keçməmək şərti ilə imkanı çatdığı qədər – 150 manat məbləğində ödəniş etməyə söz vermişdir. xx.xx.2025-ci il tarixli, **********29 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 475. Öhdəliyi icra etmiş zaminin hüquqları 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (AR MM, maddə 385.1). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6278/2021 saylı qətnaməsinə əsasən Cavabdeh və İddiaçı müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 5093,39 manat əsas borc, 23,71 manat faiz borcu, 12,94 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5160,04 manat məbləğində vəsait tutulması qət edilmişdir. İddiaçı həmin qətnamə əsasında ödənilməli olan pul vəsaitindən 4873,24 manat ödəmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş "Azəriqaz" İB-nin Bakı X3 Departamentinin Nərimanov Rayonu üzrə Texniki İstismar Xidməti tərəfindən verilmiş arayışla müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6278/2021 saylı icra sənədi ilə nəzərdə tutulan 5160,04 manat tələbin 4873,24 manatı İddiaçı əmək haqqından tutularaq tələbkar "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə Suraxanı rayon icra şöbəsində Cavabdeh tərəfindən yazılmış izahatın məzmunundan həmin icra sənədi ilə ödənilməsi nəzərdə tutulan pulun 4873,24 manatının İddiaçı tutularaq tələbkar "xxxx" ASC-nin bank hesabına ödənildiyindən onun İddiaçı borcu yarandığını qeyd etməsi aşkar olunur. Mülki qanunvericiliyin zaminliyin hüquqi nəticələrini tənzimləyən müddəalarına görə, zamin borclunun öhdəliyini tam və ya qismən icra etdikdə, ödədiyi məbləğ həddində əsas borcluya qarşı reqres tələbi irəli sürmək hüququ əldə edir. Deməli, iddiaçının əsas borcludan ödədiyi məbləğin geri tələb edilməsi barədə hüququ onun öhdəliyi faktiki icra etdiyi andan yaranmışdır. Cavabdeh məhkəmə iclaslarında iddiaçıya müxtəlif vaxtlarda müəyyən məbləğlər ödədiyini, həmin vəsaitləri iddiaçının kart hesablarına köçürdüyünü bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən cavabdehin bu dəlillərinin yoxlanılması məqsədilə cavabdehin bildirdiyi banklara sorular verilmiş və hesab çıxarışları əldə edilmişdir. Lakin həmin sənədlərlə də cavabdehin hansı tarixdə, hansı məbləği, konkret olaraq iddiaçıya məxsus hansı hesab nömrəsinə köçürdüyünü müəyyən etmək mümkün olmamışdır. Belə olan halda cavabdehin ödəmə barədə izahatları ehtimal xarakterli olmaqla sübut olunmuş hesab edilə biməz. Beləliklə, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə iddiaçının zamin kimi əsas borclunun öhdəliyinin bir hissəsini öz vəsaiti hesabına ödəməsi, bunun nəticəsində cavabdehə qarşı reqres hüququ qazanması, həmçinin cavabdehin bu məbləği və ya müəyyən hissəssini iddiaçıya qaytarmasını sübut edə bilməməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 4873,24 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, iddiaçı ödədiyi pul vəsaitinə görə cavabdehdən faizlər tutulmasını da məhkəmədən xahiş etmişdir. Belə ki, Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən Öhdəliyi icra etmiş zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Lakin məhkəmə tərəfindən iş materialları əsasında, o cümlədən ödənişin həyata keçirildiyi və icla mərhələsinin başa çatdığı tarixlər nəzərə alınmaqla, faiz məbləği illik 5% dərəcəsi üzrə faktiki müddətə uyğun hesablanmışdır. Müvafiq dövr üzrə aparılmış hesablamaya əsasən fazi məbləği 243,44 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi faiz borcuna münasibətdə qismən əsaslıdır və 243,44 manat məbləğində təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 72 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə 71,17 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh zamin olaraq ödənilmiş 4873,24 manat məbləğində pul vəsaiti, həmin vəsaitə hesablanmış 243,44 manat və 71,17 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh zamin olaraq ödənilmiş 4873,24 (dörd min səkkiz yüz yetmiş üç manat iyirmi dörd qəpik) manat məbləğində pul vəsaiti, 243,44 (iki yüz qırx üç manat qırx dörd qəpik) manat məbləğində faiz və 71,17 (yetmiş bir manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-5496/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5496/2025
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver