Məhkəmə qərarları › İş №2(010)-5538/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5538/2021

27.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5538/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçının Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, 10 saylı evin 9 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, 10 saylı evin 9 saylı mənzili iddiaçının mülkiyyətindədir. Cavabdeh onun oğlu X3 ilə 2016-cı ildə nikaha daxil olaraq mübahisəli evə köçmüş, lakin nikahları 25.02.2020-ci il tarixdə pozulmuşdur. Cavabdehlə ilk gündən ailə münasibətləri gərgin olmuş və Cavabdeh 2016-cı ildən 2019-cu ilə kimi fasilələrlə həmin evdə yaşamışdır. Hazırda da cavabdeh valideynlərinin yanında yaşayır və özünə məxsus olan cehiz əşyalarını da evdən çıxararaq aparmışdır. Yaşadığı mənzil bir otaqlı olmaqla həyat yoldaşı və oğlu ilə birlikdə həmin ünvanda yaşayırlar və mənzil ailə üzvlərinin yeganə yaşayış sahəsidir. Cavabdeh mənzildə formal qeydiyyatda olduğuna görə onun yerinə mənzil və kommunal xidmət haqlarını da o (iddiaçı) ödəməli olur, bu isə ona maddi cəhətdən ziyan vurur. O, sözü gedən mənzillə bağlı hər hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir və hesab edir ki, mübahisənin yeganə yolu cavabdehin onun mənzilindən istifadə hüququna məhkəmə qaydasında xitam verilməsidir. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş X5 İcraiyyə Komitəsi tərəfindən verilmiş 269216 saylı 25.08.1987-ci il tarixli orderin surətindən müəyyən olunur ki,Günəşli qəsəbəsi, yaşayış massivi A.B 10 saylı evin 9 saylı 1 otaqlı mənzili yaşamaq üçün 1940-cı il təvəllüdlü İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında olan şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında olan nikaha 25 fevral 2020-ci il tarixdə xitam verilmiş, 04.06.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 07.11.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, 10 saylı evin 9 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.08.2019-cu il tarixli 05/Q2947/69 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin məlumatlarından görünür ki, X3 ilə Cavabdeh arasında nikah bağlanılmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16.03.2016cı il tarixdə 295 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 20.08.2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin məlumatlarından müəyyən olunur ki, X4 16.12.2016-cı il tarixdə anadan olmuş, atası X3, anası Cavabdehdır. İş materiallarına əlavə edilmiş 68 saylı MKİS tərəfindən verilmiş arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, 10 saylı evin 9 saylı mənzilində qeydiyyatda olmasına baxmayaraq 18.08.2019-cu il tarixdən verilmiş akta əsasən bu ünvanda yaşamır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının oğlu ilə 2016-cı ildə ailə qurub mübahisəli mənzilə gəlin köçmüş və birgə nikahdan bir övladları doğulmuşdur. Cavabdeh azyaşlı övladı ilə birlikdə 18.08.2019-cu ildən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, 10 saylı evin 9 saylı mənzildə yaşamır və qeydiyyatının formal xarakter daşıması təqdim olunmuş sənədlərlə tam təsdiq edilir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, 10 saylı evin 9 saylı mənzili 25.08.1987-ci ildə yaşamaq üçün İddiaçı verilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, 10 saylı evin 9 saylı mənzili yaşamaq üçün İddiaçı verildiyindən, mübahisəli mənzilə dair cavabdehlə sosial kirayə müqaviləsi bağlanmadığından, cavabdeh kirayəçinin ailə üzvü hesab olunmadığından və kirayəçi ilə birlikdə təsərrüfat aparmadığından iddia tələbi təmin edilməli və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, 10 saylı evin 9 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S, 10 saylı evin 9 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar