Məhkəmə qərarları › İş №2(010)-5544/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5544/2021

20.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5544/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı , Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 2 saylı Bakı asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsində 20.03.2020-ci ildə 528 saylı nikahın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o xx.xx.2000-ci ildə Naxçıvan MR-də doğulmuş, Cavabdeh da Naxçıvan MR-də doğulmuşdur. Uşaqlıqdan bir məhəllədə böyümüşlər, 2020-ci ilin əvvəllərində mən xarici ölkələrdən birində ali təhsil almaq qərarına gəlmiş, lakin xarici ölkələrində əhalinin mentaliteti fərqli olduğu üçün və o da xoşagəlməz təklif və təsirlərdən qorunmaq üçün belə qərara gəldi ki, təhsil alacağ ölkəyə nikahda olan şəxs kimi getmək daha yaxşı olar. Bu barədə bir məhəllədə böyüdüyü və dost münasibətlərində olduğu cavabdehə bildirdikdə cavabdeh də ona ailəli kimi getməyin daha yaxşı bir fikir olduğunu bildirdi. Rəsmi nikahda olan şəxs kimi onu xarici ölkədə tanımaları üçün onlar rəsmi nikaha daxil olmuçlar. Odur ki, cavabdehlə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 11.03.2020-ci ildə 528 №li nikah bağlamışlar. Lakin elə nikah bağladıqları vaxtdan bir neçə gün sonra COVİD-19 infeksiyası pandemiyası ilə bağlı Azərbaycan Respublikasında karantin tədbirləri tətbiq edildi (2020-ci ilin mar ayından) və sərhədlər bağlandı və xaricə ali təhsil almaq üçün gedə bilmək imkanından məhrum oldu. Odur ki iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış nikahın etibarsız sayılmasına etiraz etmir və bu münasibətlərə yalnız iddiaçının xahişi əsasında etmişdir. Onların toyu olmamış, birgə təsərrüfat aparmamışlar. Ona görə də məhkəməyə iddianın etirafı ilə bağlı ərizəyə imza edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 20.03.2020-ci il tarixdə 528 sayla 2 Saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Yusubova soyadı verilmişdir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X1 ilə cavabdeh Yusubova Mehriban 20.03.2020-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onlar arasında sadəcə nikah bağlanmış və onlar arasında ərarvad münasibəti faktiki olaraq olmamışdır. İddiaçı, sözügedən nikahın etibarsızlığını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsiinə istinad edərək irəli sürmüş və iddia tələbini bu əsaslarla müdafiə etmişdir. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiaçının istinad etdiyi qanunvericilik normalarının dispozisiya şərtlərinin hazırki iddiaya münasibətdə mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü və 26.1.7-ci maddələrinə görə isə, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa, yaxud saxta nikah bağlandığı halda – müvafiq olaraq, nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) və nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız hesab edilməsini tələb edə bilər. Qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda, həmçinin tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda isə nikahın etibarsız sayılması bu institutun mahiyyətindən irəli gəlir, çünkü həm Azərbaycan Respublikası Konstitusiyasının 34.2-ci maddəsinə, həm İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin 16.2-ci maddəsinə, həm də Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə qeydiyyata alınan könüllü ittifaqıdır və heç kəs zorla evləndirilə bilməz. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh iddiaçı ilə əslində ailə qurmaq niyyəti olmamış və yalnız sonuncunun xahişi əsasında nikahlarını qeyd etdirmişlər. Bununla belə, onlar faktiki olaraq birlikdə yaşamamış, toy mərasimi keçirilməmiş və ümumiyyətlə ailə münasibətlərində olub birgə təsərrüfat aparmamışlar. Beləliklə, cavabdehin könüllü razılığı olmadan nikaha daxil olması, həmçinin iddiaçının nikaha daxil olması zamanı yanıması faktı məhkəmə iclasında müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanımlamaqla onu, nəticə etibarilə bir əqd olaraq qəbul edir. Başqa bir ifadə ilə, nikahın etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, nikahın forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Cavabdeh nikahın etibarsızlığı iddiasını yazılı ərizə verməklə qəbul etməsini də, onun iddiaçı ilə ailə qurmaq niyyəti olmadan nikaha daxil olmasının təsdiqi kimi qiymətləndirərək, nikahın etibarsız sayılması tələbini məhkəmə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində 528 saylı akt ilə qeydə alınmış 11.03.2020-ci il tarixli nikah etibarsız sayılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar