Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5594/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X13 iclas katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 35 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında 2009-cu il tarixdə hazırkı vaxtadək yaşamaq və mirasın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və 19.09.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X5 məxsus həmin evin 2/4 hissəsinə dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbini üzürlü sayıb bu müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X6 08 oktyabr 2000-ci il tarixdə, qardaşı X7 isə 19 sentyabr 2020-ci ildə vəfat etmişlər. X1 vəfat edən günədək ünvan 2 ünvanında yaşamış və burada qeydiyyatdadır. Hazırda adı çəkilən evdə X4 bacıları X9 və o, öz ailəsi ilə birlikdə qeydiyyatsız yaşayırlar və faktiki olaraq həmin əmlakları qəbul edib, idarə edirlər. Onların burada 30 oktyabr 2009-cu il tarixdən yaşamaqları Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 1330 saylı, 06 sentyabr 2021-ci il tarixli arayışı ilə təsdiq edilir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-76/2012 saylı, 05 iyun 2012-ci il tarixli qətnaməsi ilə paylı mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, 9 saylı evin 2/4 hissəsinin mülkiyyət hüququ əsasında X5 məxsus olduğu müəyyən olunmuşdur. Tərəfindən bununla bağlı Bakı şəhəri 35 saylı notariat ofisinə müraciət olunmuş, 19 sentyabr 2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş edilmişdir. Bakı şəhəri 35 saylı notariat ofisi özünün X-414 saylı, 28 avqust tarixli məktubu ilə bundan imtina edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən qanunvericiliyin tələbində göstərilən 3 ay ərzində mirasın qəbulu müddətinin ötürüldüyünü bildirmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 29.09.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 118318 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19.09.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.09.2020-ci il tarixdə 742 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 35 saylı Notariat Ofisinin 28 avqust 2021-ci il tarixli X-414 saylı məktubunda qeyd edilir: “Bakı şəhəri, 35 saylı xüsusi notariat ofisinə 19.09.2020-ci ildə vəfat etmiş 28 aprel 1965-ci il təvəllüdlü qardaşınız - X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizəniz qəbul edilmişdir. Sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, AR Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən qanunvericiliyin tələbində göstərilən 3 ay ərzində mirasın qəbulu müddəti ötürülmüşdür. Odur ki, müddət bərpa edilmədən sizə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir”. Yeni Suraxanı qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 1330 saylı 06 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, 30 oktyabr 2009-cu ildən etibarən 23 noyabr 1963-cü il təvəllüdlü X9, xx xxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi, 11 dekabr 1983-cü il təvəllüdlü X10, 03 iyul 2004-cü il təvəllüdlü X11 və 05 oktyabr 1997-ci il təvəllüdlü X16 ünvan 3 ünvanında hal-hazıra kimi qeydiyyatsız yaşayırlar. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 1256-05/70 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 28 aprel 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 28 aprel 1983-cü ildən 19 sentyabr 2020-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. X3, X12 və X17 tərəfindən tərtib edilmiş və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 06.09.2021-ci il tarixli aktda qeyd edilmişdir ki: “Öz imzamızla təsdiq edirik ki, həqiqətən Yeni Suraxanı qəsəbəsi B.Mirqəzəb küçəsi, ev 9-da yaşayan qonşumuz Əliyeva (Məmmədova) Sevda Hüseynağa qızı, Gülərova (Məmmədova) Kəmalə Hüseynağa qızı, X10, X16, X11 göstərilən ünvanda anadan olublar. 2009-cu ildən bu günkü tarixə qədər yaşayırlar”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Ərizəçi onun qonşusudur. Belə ki, o, Kəmalə xanımla eyni küçədə 10 nömrəli evdə yaşayır. Həmişə Kəmalə xanım həmin evdə yaşamışdır. Onun bacısı Sevda xanım da onunla birlikdə yaşayır. Qardaşları Kamal isə təxminən 1 il yarım qabaq vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, Ərizəçi onun qonşusudur. Həm də onunla birlikdə işləmişdir. Kəmalə xanımın yaşadığı ev onun ata evidir. O, təxminən 2009-cu ildən bu evdə yaşayır. Belə ki, qardaşı Kamal subay olduğundan o, həbsdən çıxandan sonra qardaşı tək qalmasın deyə gəlib onunla yaşamışdır. Sonra həmişə orada yaşamışdır. Kəmalə ilə birlikdə onun bacısı Sevda, bacısı qızı Pərvinə, bacısının nəvələri yaşayır. Eyni zamanda, Kəmalənin uşaqları da həmin evdə yaşayır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissədə mülkiyyətçisi ərizəçinin qardaşı X7 olmuşdur. Kamal Məmmədov bu evdə bacısı - hazırkı iş üzrə Ərizəçi və digər ailə üzvləri ilə birlikdə yaşamış, 19.09.2020-ci il tarixdə vəfat etmişdir. X7 nə rəsmi nikaha daxil olmuş, nə də uşağı olmuşdur. Onun vəfatından sonra da Ərizəçi və onunla birlikdə yaşayan ailə üzvləri həmin evdə yaşamağa davam etmişlər. Beləliklə, Ərizəçi qardaşının vəfatından sonra ondan miras qalmış əmlakı faktiki qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerininin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin qərarda daha sonra qeyd edilir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndində qeyd edilmişdir ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə hesab edir ki, Ərizəçi Hüseynova qızı qardaşından miras qalmış mübahisəli əmlakı onun ölümündən sonra idarə etməklə və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə qəbul etmiş sayılmalıdır. Belə ki, iş materiallarında bununla bağlı həm müvafiq ərazi icra nümayəndəliyi tərəfindən verilmiş arayış, həm də həmin ərazidə yaşayan qonşular tərəfindən tərtib edilmiş və ərazi icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş akt vardır. Həmçinin, məhkəmə iclasında izahat verən şahidlər də ərizədə qeyd edilənləri təsdiq etmişlər. Nəzərə alınmalıdır ki, mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Belə olan halda məhkəmə müvafiq miras əmlakın ərizəçi tərəfindən faktiki qəbul edildiyi nəticəsinə gəlir. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizənin xahiş hissəsində həmçinin, “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbini üzrlü sayıb bu müddətin uzadılması” xahiş edilsə də ərizənin birinci hissəsinin – mirasın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi – təmin edilməsi ilə ikinci hissəsin təmin edilməsinə heç bir ehtiyac qalmır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi məhkəmə ərizəçi tərəfindən miras əmlakın faktiki olaraq qəbul edildiyi nəticə gəlmişdir və bu halda artıq qəbul edildiyi müəyyən edilmiş miras əmlakın qəbulu üçün müddətin uzadılmasına zərurət yoxdur. Odur ki, ərizə bu hissədə təmin edilmir. Son olaraq, məhkəmə Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarına istinadla onu da qeyd edir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ünvan 3 ünvanında yerləşən evin X1na məxsus olmuş 2/4 hissəsində mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. ünvan 3 ünvanında yerləşən evin X1na məxsus olmuş 2/4 hissəsində mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5594/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5594/2021
21.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver