Məhkəmə qərarları › İş №2(010)-5625/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5625/2021

16.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5625/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X8 iclas kаtibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* saylı çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanına dair istifadə hüququnun itirilmiş hesab edilməsi (istifadə hüququna xitam verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* saylı çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Belə ki, Cavabdeh2 qardaşı X6 ilə ailə quran zaman adı çəkilən ünvana qeydiyyata düşmüşdür. Lakin onların nikahları rəsmi şəkildə məhkəmə yolu ilə ləğv edilib. O vaxtdan bəri, yəni 2020-ci ildən cavabdeh adı çəkilən ünvanda yaşamır. Digər Cavabdeh1 da uzun illərdir ki, Azərbaycanda yaşamır. Cavabdehlərin qeydiyyatda olması ona əlavə kommunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində maneələr yaradır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh2 onun oğlu X1 arvadıdır. Belə ki, onlar 2007-ci ildə ailə qurmuş, 2020-ci ildə aralarında olan nikah rəsmi qaydada pozulmuşdur. Cavabdeh2 X6 ilə ailə qurduqdan sonra mübahisəli mənzilə gəlin köçmüş, 2020-ci ilə qədər burada yaşamışdır. Lakin 2020-ci ildə onlar arasında olan ailə münasibətləri pozulduqdan sonra Asya çıxıb getmiş, bir daha geri qayıtmamışdır. Onların ailə münasibətlərinin pozulmasına səbəb Asyanın başqa bir kişi ilə münasibətinin olması olmuşdur. Hansı ki, Bəhmanla nikahı pozulduqdan sonra Asya həmin şəxslə ailə qurmuşdur. O, uşaqlarından da imtina etmiş, onlara “uşaqları yetimxanaya verin” demişdir. Məhkəmə qətnaməsi ilə uşaqların ataları X3 yanında qalması və Cavabdeh2 uşaqların saxlanılması üçün aliment tutulması qət edilmişdir. Göründüyü kimi Cavabdeh2 nə onlarla, nə də mənzillə heç bir bağı qalmamışdır. Bu səbəbdən onun mübahisəli mənzildən istifadə hüququnun saxlanılması əsassızdır. Digər Cavabdeh1 gəldikdə isə həmin şəxs onun həyat yoldaşı, İddiaçı isə atasıdır. 2001-ci ildə qızları ailə qurub Ukraynanın Xarkov şəhərinə köçdükdən bir müddət sonra Cavabdeh1 da kürəkənin yanında işləmək üçün həmin şəhərə getmişdir. Bundan beş il sonra o da Xarkova getmiş, bu zaman əri Siyafər onu tanımadığını, başqa şəxslə ailə qurduğunu bildirib ondan getməsini istəmişdir. Cavabdeh yalnız 2015-ci ildə bir dəfə Bakıya gəlmiş, onda da hələ 2000-ci ilin əvvəllərində aldıqları mübahisəli mənzili oğlu İddiaçı bağışlayıb getmişdir. Həmin vaxt qəti şəkildə onlara bildirmişdir ki, bir daha geri qayıtmayacaq. Hətta anasının dəfninə belə gəlməmiş, kürəkəninə demişdir ki, öləndə onu Azərbaycana qaytarmasınlar, orada dəfn etsinlər. Yəni həmin vaxtdan mübahisəli mənzilin mülkiyyətçisi oğlu İddiaçıdur və cavabdehin bu mənzillə heç bir aidiyyəti qalmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehlərin məlum оlаn аxırıncı yаşаyış yeri üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnını məlumаtlаndırаrаq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci mаddəsinə əsаsən cаvаbdehin iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(010)-3104/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh2 və X6 arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş X7 və X5 atası X3 yanında qalması və uşaqların saxlaxılması üçün Cavabdeh2 hər ay qazancının 1/3 hissəsi qədər aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 28.08.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. 15.08.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notariat qaydasında təsdiq edilmiş görünür ki, Cavabdeh1 (Nümayəndəliyi ilə) ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 43.6 kv.m olan 3 otaqlı mənzili İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 17.09.2021-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh2 və iddiaçının qardaşı X6 arasında 06.06.2007-ci il tarixdə nikah bağlanmış, bundan sonra Cavabdeh2 mübahisəli mənzilə köçmüş, tərəflərin nikahından iki uşaqları doğulmuşdur. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli, 2(010)-3104/2020 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, uşaqların ata X3 yanında qalması və onların saxlanılması üçün Cavabdeh2 aliment tutulması qət edilmişdir. X2 ilə ailə münasibətlərinin pozulduğu 2020-ci ildən Cavabdeh2 mübahisəli mənzili tərk etmiş, bir daha geri qayıtmamış, başqa ünvanda yaşamağa başlamışdır. Digər Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi, eyni zamanda iddiaçının atasıdır. Cavabdeh1 15.08.2015-ci il tarixdə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə bu mənzili oğlu İddiaçı bağışlamışdır və o da uzun illərdir bu mənzildə yaşamır. Hazırda İddiaçı hər iki cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən həm Cavabdeh2, həm də Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddia qaldırılmışdır. İlk növbədə, Cavabdeh2 ilə bağlı qeyd edilməlidir ki, o, mübahisəli mənzilə iddiaçının qardaşı ilə ailə qurduqdan sonra, 2007-ci ildə köçmüşdür. Belə olan halda onun bu mənzildən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibətləri həmin ildən yaranmışdır. Digər Cavabdeh1 da mənzili 2000-ci illərin əvvəllərində almış və mənzil üzrə 2004-cü ilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin mübahisəli mənzildən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibətləri həmin dövrdə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir (“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli Qərarı) Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ortaya qoyduğu hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, Cavabdeh2 mənzil hələ Cavabdeh1 mülkiyyətində olarkən bu mənzilə köçmüşdür. Yəni o, yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvünün (oğlunun) arvadı kimi mənzilə köçürülmüş, onunla mənzilin mülkiyyətçisi arasında etibarlı ailə əlaqələri (gəlin-qayınata) mövcud olmuşdur. Belə olan halda Cavabdeh2 mənzil üzərində istifadə hüququ yaranmışdır və onun bu hüququ mənzilin mülkiyyətçisi dəyişdikdən sonra, yəni mənzil Cavabdeh1 tərəfindən İddiaçı bağışlandıqdan sonra da saxlanılmışdır. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh2 mənzildən öz istəyi ilə könüllü çıxmış, həmin vaxtdan etibarən heç vaxt bu mənzildə yaşamamışdır. Belə olan halda məhkəmə bu cavabdehin mübahisəli mənzilə yaşayış sahəsi kimi artıq ehtiyacı olmadığı nəticəsinə gəlir. Məhkəmə onu da nəzərə alır ki, tərəflər arasında artıq etibarlı ailə əlaqələri də qalmamışdır. Çünki Cavabdeh2 hazırda başqa şəxslə ailə qurmuşdur və tərəflər arasındakı bağın yeganə göstəricisi ola biləcək nikahdan doğulmuş uşaqlar da iddiaçının qardaşı ilə qalmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququnun yaranmasına əsası (yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyac) artıq aradan qalxdığından onun bu mənzildən istifadə hüququna xitam verilməlidir. Bu hüquqa kompensasiya verilmədən xitam verilməsinin mümkünlüyü ilə bağlı məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilmiş qərarında qeyd edilənləri vurğulamağı zəruri hesab edir: Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında ortaya qoyduğu hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin həm 228.5-ci maddəsinin, həm servituta xitam verilməsini tənzimləyən 262-ci maddəsinin tələbləri baxımından yaşayış sahəsinə olan ehtiyacın aradan qalxması yaşayış sahəsindən istifadə hüququna kompensasiyasız xitam verilməsi üçün əsasdır. Digər Cavabdeh1 gəldikdə isə onun mənzildən istifadə hüququnun yaranmış olması mübahisəsizdir. Çünki o, mənzilin əvvəlki mülkiyyətçisi olmuşdur. İstifadə hüququ isə mülkiyyət hüququnun tərkib elementidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdeh1 mənzilin hazırkı mülkiyyətçisinin ailə üzvü (atası) kimi mənzildən istifadə hüququnun olması isə istisna edilməlidir. Çünki Cavabdeh1 mənzili oğluna bağışladıqdan sonra heç vaxt bu mənzildə yaşamamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 mənzildən istifadə hüququ yalnız mənzilin əvvəlki mülkiyyətçisi kimi olmuşdur. Lakin o, mənzili oğluna bağışlayaraq mülkiyyətindən çıxardıqdan sonra mülkiyyətçi kimi mənzildən istifadə hüququnu itirmiş, mənzilin yeni mülkiyyətçisinin ailə üzvü kimi də mənzildə heç vaxt yaşamadığından onun bu əsasla mənzildən istifadə hüququ yaranmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Son olaraq, məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, hər bir vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qanunvericiliyin birbaşa tələbidir. Yəni qanun faktiki yaşayış ünvanına uyğun olmayan formal qeydiyyatı qadağan edir və hər bir şəxsin məhz yaşadığı yer üzrə qeydiyyata alınmasını tələb edir. Bu baxımdan cavabdehlərin uzun müddətdir ki, başqa ünvanda yaşadıqları halda mübahisəli mənzildən qeydiyyatdan çıxmamaları qanunsuzdur. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, cavabdehlər artıq uzun müddətdir yaşadıqları yeni ünvanlar üzrə qeydiyyata alınmalı idilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Odur ki, bu qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilsin. Qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar