Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5628/2021 01.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 20 saylı evin 71 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi. İddia tələbinin dəlilləri İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 20 saylı evin 71 nömrəli mənzilini X1 arasında bağlanmış 16.10.2019-cu il tarixli, 4Ə-942 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Həmin mənzil iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 20 saylı evin 71 nömrəli mənzilində mənzilin keçmiş sakini olan Cavabdeh pasport qeydiyyatındadır. Həmin mənzilə dair iddiaçı ilə satıcı arasında alqı-satqı müqaviləsi bağlanan zaman mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxslərin hamısı mənzilin satılmasına etiraz etməmiş və müqavilədə göstərilən tarixdə qeydiyyatdan çıxmağı öz üzərinə götürmüşdür. Hazırda cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun hüquqlarını pozur, qanunla ona məxsus əmlaka dair istifadə, sahiblik və sərəncamvermə hüquqlarını məhdudlaşdırır. Habelə qeyd olunan mənzillə bağlı iddiaçını əlavə xərclərə məruz qoyur. Bir mülkiyyətçi kimi iddiaçı özünə məxsus olan əmlaka dair istədiyi kimi sərəncam verə, əmlakını özgəninkiləşdirə, onunla bağlı sənədləşmə işləri apara bilmir. Hesab edir ki, cavabdehin qeyd olunan mənzilə dair istifadə hüququna xitam verilməlidir. Tərəflərin izahatları İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: AN-İ seriyalı ******* saylı 16.10.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 20 saylı evin 71 nömrəli mənzilini İddiaçı mülkiyyətinə verilmişdir. Həmin müqavilənin 13 bəndinə əsasən V.İsmayılov 30.11.2019-cu il tarixədək qeydiyyatdan çıxmağını öhdəsinə götürmüşdür. 21.10.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 20 saylı evin 71 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. Cavabdeh notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, qeydiyyatda olduğu Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 20 saylı evin 71 nömrəli mənzilin satılmasına, mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və həmin müqavilədə nəzərdə tutulan müddət ərzində mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. 172 №-li MTK-nın 29.11.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 20 saylı evin 71 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh bu binada qeyd olunan 71№-li mənzildə yaşamır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmənin mövqeyi İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 20 saylı evin 71 nömrəli mənzilin xüsusi mülkiyyətçisidir. Cavabdeh həmin mənzildə pasport qeydiyyatında olsa da, faktiki olaraq həmin mənzildə heç vaxt yaşamamış, qeydiyyatı formal xarakter daşımışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 20 saylı evin 71 nömrəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 20 saylı evin 71 nömrəli mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qeyd edilən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi onun həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına əsas verir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5628/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5628/2021
01.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver