Məhkəmə qərarları › İş №2(010)-563/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-563/2025

14.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-563/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi İddiaçı, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 Ağahacı oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağahacı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz, sahə 2 ünvanda yerləşən evin satılmasından əldə edilmiş 37 000 manat pulun Cavabdeh1 və Cavabdeh2 Ağahacı oğlundan alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Ağahacı oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Digər cavabdeh xx xxxx 1989-cu il təvəllüdlü Cavabdeh1 isə birgə nikahdan doğulmuşdur. Cavabdehlər faktiki ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Sovxoz sahə 2 saylı ərazidə yerləşən 3 otaqlı 90 kv.m sahəsi olan evini sataraq pulunu mənimsəmişlər. Həmin ev Cavabdeh2 Ağahacı oğlu ilə birgə nikah dövründə alınmasına baxmayaraq, onun alınmasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 heç bir iştirakı olmamış və vəsaiti xərclənməmişdir. Qeyd olunan yaşayış sahəsi bütövlükdə onun şəxsi vəsaiti hesabına alınmışdır. Belə ki, həmin evi almaq məqsədilə, təxminən 1982-ci ildə anası X1 tərəfindən ona hədiyyə edilmiş ümumi dəyəri təxminən % (beş) min manat təşkil edən 3 briliyant qaşları olan qızıl-komplekti dəstini 5000 manata satmışdır. Eyni zamanda iş yoldaşları ilə ayda 300 manat ödəməklə lotereya oynayıb 3600 manatı və aldığı 300-400 manat maaşdan qənaət edib topladığı 1400 manatı, cəmi 10.000 manat pulla 2013-cü ilin oktyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 ərazisində yerləşən dəyəri 10.000 manat olan həmin evi almışdır. Orada yalnız özü qeydiyyatda olmuş, ondan başqa nə digər ailə üzvləri və nə də digər hər hansı bir şəxs qeydiyyatda olmamışdır. Hazırkı mülki iş üzrə cavabdeh olan oğlu Cavabdeh1 özünün həyat yoldaşı və uşaqları ilə birlikdə başqa ünvanlarda kirayədə qalmamaları üçün onların müvəqqəti olaraq orada yaşamalarına razılıq vermişdir. 2013-cü ilin oktyabr ayından başlayaraq 2024-cü ilin iyul ayının 8-nə kimi 5558 manat təşkil edən bütün kommunal haqqlar tərəfindən ödənilmişdir. Eləcə də ünvan 2 ünvandakı evin 255 manat kommunal haqqı da onun tərəfindən ödənilmişdir. Cavabdeh1 və onun ailə üzvlərinin pasport qeydiyyatları hazırkı vaxta kimi faktiki yaşadığı ünvan 3 ünvanında qeydiyyatdadırlar. 05 iyul 2023-cü ildə saat 17:00 radələrində Cavabdeh1 telefonla ona zəng edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 saylı ərazidə yerləşən ona məxsus olan evini satdığını bildirmişdir. Evi satmaq istəmədiyini deməyinə baxmayaraq, o, evi almaq istəyən şəxslə artıq razılaşdığını və bu məqsədlə 1600 manat beh aldığını bildirmişdir. Baxmayaraq ki, cavabdeh əvvəllər də həmin evi satmaq fikrində olduğunu bildirdikdə o evin satılmasına qəti etirazını bildirmişdir. 08 İyul 2023-cü ildə səhər saat 10:00 da Cavabdeh1 yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlmiş, razılığı olmadan ona məxsus evinə görə artıq beh almasına haqq qazandırmaq məqsədilə müxtəlif bəhanələr gətirmişdir. Həmin evi satıb üstünə müəyyən məbləğ də əlavə etməklə ümumi sahəsi daha çox ola bilən ev almaq istədiyini və hamının orada birgə yaşayacaqlarını vəd etmişdir. Onu inandırmasına görə razılaşıb birlikdə 18 saylı Notariat ofisinə getmişlər. Notariat ofisinin əməkdaşları tərəfindən ondan evin satılmasına razı olub-olmamağı soruşulmadan, evin kimə və hansı məbləğə satılması bildirilmədən Notariat kontorunun əməkdaşları tərəfindən qabaqcadan tərtib edilmiş və ona təqdim olunmuş hazır sənədləri tez-tələsik imza etdirmişlər. Lakin evin alqı satqısına görə banka ödənilmiş pul onun tərəfindən deyil, Cavabdeh1 tərəfindən alınmış, həmin pul ona verilməmiş və əvvəlcədən vəd etdiyi kimi ümumi sahəsi daha geniş olan yaşayış evi alınmamışdır. 24 noyabr 2023-cü il tarixdə ona 16 saylı Mediasiyadan digər cavabdeh olan Cavabdeh2 Ağahacı oğlu tərəfindən boşanma ilə əlaqədar müraciət daxil olmuşdur. Cavabdeh2 müraciəti ilə əlaqədar 2023-cü ilin dekabr ayında Mediasiyaya çağııldıqda həmçinin ona məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz, sahə 2 ünvanda yerləşən evin satılmasından əldə edilmiş 37 000 manat pulun üzərinə xx.xx.2023-cü il tarixdə “Bank of Baku”-nun Əhmədli Filialından götürülmüş 25 000 manat pulu qoymaqla Bakı şəhəri ərazisində ona məlum olmayan ünvanda, cəmi 70 000 manat dəyərində ümumi sahəsi daha geniş olan ev almışlar. Həmçinin boşanma ilə bağlı Cavabdeh2 müraciəti ilə əlaqədar Mediasiyada olduğu zaman əmlak tələbi kimi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küşəsi 13/8 ünvanda yerləşən evin bölünməsi tələbinin qoyulmasına baxmayaraq, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 saylı ərazidə yerləşən ona məxsus olmuş evin satılmasından əldə edilmiş pulla ona məlum olmayan ünvanda yerləşən yeni evin bölünməsi tələbi qoyulmamışdır. O bu tələbə qarşı etirazını cavabdehlərə bildirdikdə onlar, “Binədəki ev bizə qalmalıdır, Bülbülə qəsəbəsindəki ev “sənə” deyib onu yayındırmağa çalışmışlar. Hər iki evin mübahisələndiməsini tələb etsə də, onlar razılaşmadıqlarını bildirmişlər. Yalnız həmin vaxt ona məlum olmuşdur ki, cavabdehlər öz aralarında razılaşmaqla onu aldadaraq daha geniş yaşayış sahəsi olan ev alacaqlarını vəd etməklə aldadaraq onu notariusa aparmış, alqı-satqı müqaviləsinə imza etdirmişlər. Bundan başqa, 30 yanvar 2024-cü ildə yenidən Mediasiyaya çağırıldıqda cavabdehlər müxtəlif vasitələrlə hədə-qorxu və təzyiq edərək Bakı şəhəri, Binə qəsəbəsində yerləşən evindən imtina etməyini “təklif şəklində” tələb etdilər. Onların tələbləri ilə razılaşmayacağı təqdirdə istər özlərinin satdıqları və pulunu götürdükləri həmin evin pulunun yarısını da ondan tələb edəcəklərini, Bakı şəhəri, Bülbülə qəsəbəsində yerləşən hazırda yaşadığı həmin evi də ondan alıb ona yalnız orada yaşamaq hüququ veriləcəyini bildirdilər. Əks halda yaşamaq hüququ da verilmədən onu evdən qovacaqları ilə hədələmişlər. Qeyd etdiyi məsələyə aid sübut və fakt olaraq səsyazmaları (audio) istənilən zaman təqdim edə bilər. Evin alqı-satqısına görə ödənilən 37 000 manat pulun Cavabdeh1 tərəfindən götürülməsinin bankda olan video müşahidə kamerasında qeydə alınmasına, gələcəkdə mübahisə olunacağı təqdirdə video müşahidə kamerasında görünə biləcəyinə görə onlar gözləmə mövqeyini seçərək, Notarius və alqı-satqının rəsmiləşdirildiyi “Muğan” bankın bütün kamera yazılarının 3-4 aydan sonra silinəcəyini və ondan sonra öz çirkin əməllərini həyata keçirəcəklərini planlaşdırmışlar.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlər faktiki ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Sovxoz sahə 2 saylı ərazidə yerləşən 3 otaqlı 90 kv.m sahəsi olan evini sataraq pulunu mənimsəmişlər. Belə ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 telefonla ona zəng etmiş və evə aid olan bütün sənədləri götürərək vasitəçi Mübariz ilə birlikdə, evi alan şəxslə razılaşdırmışdır. 08 iyul 2023-cü il tarixdə evində sənədlərin qarışıq olduğunu görmüş və işdən gələndən sonra cavabdeh onu təzyiqlə evi artıq satdığını bildirərək notariat ofisinə aparmışdır. Onlar Notariat ofisinə getdikləri zaman, evi alan şəxs bir az gecikmiş və onu gözləmişlər. Notariat ofisində alqı-satqı zamanı o, pulu görməmişdir. Belə ki, çek onlar tərəfindən alınmış, kassaya təqdim edilmişdir. O isə kassaya getməmiş, pulu Cavabdeh1 özü götürmüşdür. Oğlu Namiq pulu götürdükdən sonra əlində olan puldan 1200 manat məbləğində pul vəsaitini Mübarizə vermişdir. Cavabdeh1 evin satılmasından əldə etdiyi pulu ona verməmiş və pulun hamısı cavabdehdə qalmışdır. Bundan sonra həyat yoldaşı ona qarşı boşanma iddiası ilə məhkəməyə müraciət etmiş və onların nikahları pozulmuşdur. Daha sonra keçmiş həyat yoldaşı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küşəsi 13/8 ünvanda yerləşən evin bölünməsi tələbini qoymuş, eyni zamanda digər evin satılmasında əldə olunmuş 37000 manat pulun yarı hissəsinin ondan tutulmasını tələb etmişdir. O, həm oğlu, həm də həyat yoldaşı tərəfindən aldadılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının irəli sürdüyü iddianın heç bir əsası yoxdur və tələb sübüta yetmir. Belə ki, ona məxsus olan sənədin oğulanması barədə cinayət işi açılmamış, polisə müraciət edilməmişdir. Tam şəffaf şəkildə notariat orqanda alğı-satqı həyata keçirilmişdir. Alğı-satqı zamanı Cavabdeh1 anasının xahişi ilə orada iştirak etmişdir. Alğısatqı müqaviləsinin bağlanmasından uzun müddət keçmişdir. Keçən məhkəmə iclasında ev satışında vasitəçi olan Mübariz (makler) də ifadə vermişdir ki, alıcı notariat orqana bir saat gecikdiyindən, o cavabdehlə birlikdə çay içmiş, iddiaçı isə notariat orqanda gözləmişdir. Əgər cavabdeh tərəfindən iddiaçının aldadılması halı mövcud idisə, oradan çıxan kimi bu barədə məhkəməyə müraciət edə bilərdi. Yəni, bununla bağlı hər hansı iddiaçı tərəfindən sübüt təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Cavabdeh2 Ağahacı oğluna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır.

Şahid ifadəsi

6. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o ev alğı-satqısı ilə məşğuldur. Cavabdeh1 zəng vuraraq evin satılmasını ona təklif etmiş, bununla bağlı ünvana gedərək evə baxmışlar və evə dair videoçəkiliş apararaq evi satışa çıxarmışlar. Bəyim adlı bir xanım onlara zəng vuraraq evə baxmaq niyyətində olduğunu bildirmişdir. Onlar evə birlikdə baxmışlar və həmin gün evdə Namiqin həyat yoldaşı və uşaqları olmuşdur. Namiqlə alıcı Bəyim arasında evin dəyəri barədə razılaşma əldə olunmuşdur. Lakin Namiq evə dair sənədlərin onun anasının adına olduğunu bildirmişdir. Daha sonra Namiq, onun anası Fərqiyyə və o özü birlikdə notariat orqanına alğı-satqı müqaviləsi bağlamaq üçün getmişlər. Bəyim xanım isə alğı-satqı bağlanan gün tərəflər arasında razılaşdırılmış saatda gəlməmiş və onlar xeyli müddət notariat orqanında Bəyimi gözləmişlər. Bəyim notariat ofisinə gəldikdən sonra tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və pul vəsaiti notariat ofisinin depozit hesabına qoyulmuşdur. Daha sonra kassadan pulu götürmüşlər, lakin o uzaqda olduğundan pulun kimi götürməsini görməmişdir. Daha sonra Cavabdeh1 ona vasitəçi kimi 1000 və yaxud 1200 manat pul vəsaiti vermişdir. İş materialları.

7. Abşeron rayon Hövsan qəsəbəsi Südçülük sovxozu üzrə xx.xx.2000-ci il tarixli əmrdən çıxarışdan müəyyən olunur ki, X3 0.03 hektar torpaq sahəsi ayrılmışdır. 8.xx.xx.2013-cü il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, X4 tərəfindən İddiaçı etibarnamə verilmişdir.

9. "xxxx" MMC tərəfindən verilmiş mədaxil qəbzindən müəyyən olunur ki, əmlakın inventarlaşması və qiymətləndirməsi xidməti üçün 30 manat pul ödənilmişdir.

10. Xəzər rayon Binə Bələdiyyəsi tərəfindən verilmiş Tədiyyə Bildirişindən görünür ki, İddiaçı 2018-ci il üçün 19,60 manat vergi hesablanmışdır.

11. Xəzər rayon Binə Bələdiyyəsi tərəfindən verilmiş Tədiyyə Bildirişindən görünür ki, X3 2017-ci il üçün 110,60 manat vergi hesablanmışdır.

12. "xxxx" ASC-nin Abunə Haqqında məlumatdan görünür ki, Xəzər, Binə, Sovxoz sahəsi, Ev(Bina):0070, Mənzil:0016 evə quraşdırılmış 15916695M432404 nömrəli sayğacda (Şahid2, abonent (kodu:**********00016) 51,13 manat borc var.

13. xx.xx.2023-cü il tarixli İlkin alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, birinci tərəf İddiaçı, ikinci tərəf Şahid2dır. Birinci tərəf-satıcı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 ərazisində yerləşən 190 kv.m torpaq sahəsini və üzərində tikilən 3 otaqlı, 80 kv. m. Fərdi yaşayış evini-ikinci tərəf-Alıcıya satmışdır. Tərəflər satılan əmlakın ümumi dəyərini 37 000 manata müəyyən etmişlər. İkinci tərəf alıcı ilk olaraq 36800 manat məbləği notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə birinci tərəf satıcıya ödədi, qalan iki yüz manatı isə əsas alğı-satqı müqaviləsi bağlananda ödəməyi öhdəsinə götürmüşdür.

14. xx.xx.2023-cü il tarixli qəbzin surətindən müəyyən olunur ki, Şahid2 tərəfindən Muğanbank ASC “Qərb” Filialında olan notariat ofisinin depozit hesabına 36 800.00 manat təhvil verilmişdir.

İşin faktiki halları.

15. xx.xx.2023-cü il tarixli İlkin alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, birinci tərəf İddiaçı, ikinci tərəf Şahid2dır. Birinci tərəf-satıcı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 ərazisində yerləşən 190 kv.m torpaq sahəsini və üzərində tikilən 3 otaqlı, 80 kv. m. Fərdi yaşayış evini-ikinci tərəf-Alıcıya satmışdır. Tərəflər satılan əmlakın ümumi dəyərini 37 000 manata müəyyən etmişlər. İkinci tərəf alıcı ilk olaraq 36800 manat məbləği notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə birinci tərəf satıcıya ödədi, qalan iki yüz manatı isə əsas alğı-satqı müqaviləsi bağlananda ödəməyi öhdəsinə götürmüşdür.

16. xx.xx.2023-cü il tarixli qəbzin surətindən müəyyən olunur ki, Şahid2 tərəfindən Muğanbank ASC “Qərb” Filialında olan notariat ofisinin depozit hesabına 36 800.00 manat təhvil verilmişdir.

Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 647 . Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi xərcləri Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Maddə 648. Daşınmaz əşyaların alğı-satqısı zamanı tərəflərin vəzifəsi 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

18. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərarı Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi

Məhkəmənin mövqeyi.

21. İşin hallarından görünür ki, xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən birinci tərəf İddiaçı, ikinci tərəf Şahid2dır. Birinci tərəf-satıcı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz sahə 2 ərazisində yerləşən 190 kv.m torpaq sahəsini və üzərində tikilən 3 otaqlı, 80 kv. m. Fərdi yaşayış evini-ikinci tərəf-Alıcıya satmışdır. Tərəflər satılan əmlakın ümumi dəyərini 37 000 manata müəyyən etmişlər. İkinci tərəf alıcı ilk olaraq 36800 manat məbləği notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə birinci tərəf satıcıya ödədi, qalan iki yüz manatı isə əsas alğı-satqı müqaviləsi bağlananda ödəməyi öhdəsinə götürmüşdür.

22. xx.xx.2023-cü il tarixli qəbzə əsasən Şahid2 tərəfindən Muğanbank ASC “Qərb” Filialında olan notariat ofisinin depozit hesabına 36 800 manat təhvil verilmişdir.

23. İddiaçı tərəf ona məxsus evin satılması ilə bağlı cavabdeh tərəfindən elan verildiyini, vasitəçi tərəfindən evə baxmaq üçün müştəri gətirildiyini, onun razılığı olmadan notarial qaydada ilkin alğı-satqı müqaviləsi bağlandığını və ona məxsus evin satıldığını, lakin əldə olunmuş məbləğin oğlu Namiq tərəfindən götürüldüyünü və pul vəsaitinin ona verilmədiyini əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

24. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

25. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında həm iddiaçı, həm də şahid evin satılması ilə bağlı olaraq Cavabdeh1 tərəfindən elan verildiyini, evə baxış keçirilən zaman iddiaçının evdə olmamasını, satıcı İddiaçı ilə alıcı Şahid2 arasında birbaşa razılaşma olmamasını bildirmişdir.

26. Məhkəmə hesab edir ki, İddiaçı evi satmaq niyyətində olmadığını bildirsə də, notariat orqanında müqavilənin bağlanmasında iştirak etmiş, hətta alıcını bir müddət notariat orqanda gözləmiş, lakin notariat orqana alğı-satqı müqaviləsinin bağlanmasına dair öz etirazını bildirməmişdir. Daha sonra alğı-satqı müqaviləsi bağladığını və sənədlərə imza etdiyini, kassa sənədlərinə qol çəkdiyini, pul vəsaiti kassadan verilərkən sənədi imzaladığını, lakin pulun kassadan birbaşa Namiqə təhvil verildiyini qeyd etmişdir. Məhkəmə işin bu halını inandırıcı və ağlabatan hesab etmir. Belə ki, pul vəsaiti birbaşa alğı-satqı müqaviləsi bağlayan şəxsə təhvil verilməli olduğundan və Cavabdeh1 bu tapşırığın yerinə yetirilməsi ilə bağlı olaraq satıcı tərəfindən etibarnamə verilmədiyindən bu halın mümkün olmasını məhkəmə inandırıcı hesab etmir.

27. İş üzrə şahid qismində dindirilən Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, alğı-satqı müqaviləsi bağlandıqdan sonra, pul vəsaitinin kassadan kimi götürməsini görməmiş, lakin ona xidmət haqqı kimi pul vəsaiti Cavabdeh1 tərəfindən sayılaraq ödənilmişdir. Məhkəmə hesab edir ki, pul vəsaiti satıcıya ödənildikdən sonra Cavabdeh1 tərəfindən sayılaraq vasitəçiyə ödənilmişdir.

28. Beləliklə məhkəmə hesab edir ki, evin satılması ilə bağlı vasitəçinin tapılması, onunla razılaşma, evə baxış keçirilməsi, elan verilməsi, müştəri ilə razılaşma kimi hərəkətlərin edilməsi Cavabdeh1 tərəfindən həyata keçirilmiş və cavabdeh tərəf iddiaçının bu kimi hərəkətlər edilməsi ilə bağlı ona tapşırıq verildiyini məhkəmədə sübuta yetirə bilməmişdir. Əksinə iddiaçı tərəf evin satılmasına etiraz etdiyini, evi müştəriyə təqdim etmədiyini, lakin cavabdehin bu evlə bağlı beh aldığını, satıldıqdan sonra daha münasib ev alacaqları ilə bağlı təklifinə sonradan razılaşdığını və ev satıldıqdan sonra digər cavabdehin ondan boşandığını bildirməklə aldadıldığını qeyd etmişdir.

29. İşin faktiki halından müəyyən olunur ki, vasitəçiyə evin satılması ilə bağlı xidmət haqqı kimi pul vəsaiti Cavabdeh1 tərəfindən verilmiş və pulun yalnız az bir hissəsinin onun tərəfindən götürülməsi ağlabatan olmamaqla, inandırıcı deyildir. Buna görə də məhkəmə hesab edir ki, ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş 36800 manat pul vəsaiti Cavabdeh1 tərəfindən İddiaçı ödənilməlidir.

30. Məhkəmə iddia tələbinin ilkin alğı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin Cavabdeh2 Ağahacı oğlundan tutulması hissəsinə münasibətdə hesab edir ki, iddiaçı tərəf pul vəsaitinin ikinci cavabdehdən tutulmasını xahiş etsə də, ikinci cavabdehin alğı-satqı müqaviləsində iştirak etməsi və pulu alması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

31. Məhkəmə hesab edir ki, Cavabdeh1 əsassız varlanma nəticəsində aldıqlarını iddiaçıya geri qaytarmalıdır.

Məhkəmə xərcləri.

32. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 201 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

33. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 36800 manat pul vəsaiti və 201 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. 35.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh1 36800 (otuz altı min səkkiz yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 201 (iki yüz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar