Məhkəmə qərarları › İş №2(010)-5758/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5758/2023

11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5758/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızınınsədrliyi ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoruna və Maraqlı şəxs2 qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə şəhadətnamənin verilməsi” tələbinə dair xüsusi icraat qaydasında məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoruna və Maraqlı şəxs2 qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi

Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1 iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə

152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında;

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqularının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin;

Məhkəmənin mövqeyi

3. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

4. Belə ki, ərizəçi xüsusi icraat qaydasında “mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, xüsusi icraat qaydasında baxılan işlərin siyahısı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305-ci maddəsi ilə müəyyən edilmişdir. MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında baxılır. Həmin maddədə mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır.

5. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinə xüsusi icraat qaydasında baxıla bilməz. Ərizəçi X1 iddia icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir.

6. MPM-nin 151-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür.

7. Həmin məcəllənin 149.2.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.

8. Məhkəmə hesab edir ki, X1 “mirasın qəbul edilməsi müddətinin uzadılması və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə” ərizəni iddia ərizəsinin qanunla müəyyən edilmiş məzmununda deyil, xüsusi icraat qaydasında verilmiş ərizə şəklində tərtib etdiyindən, bununla da iddia ərizəsinin qanunla müəyyən edilmiş məzmununa dair tələbə əməl etmədiyindən, onun ərizəsi geri qaytarılmalıdır.

Məhkəmənin gəldiyi nəticə

9. Beləliklə, qeyd edilən prosessual normalara əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoruna və Maraqlı şəxs2 qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə şəhadətnamənin verilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır.

10. Ərizəçi ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi tam qaytarılmalıdır.

11. Ərizəçi ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.

12. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı :

Ərizəçi maraqlı şəxs Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontoruna və Maraqlı şəxs2 qarşı mirasın qəbul edilmə müddətinin uzadılması və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsi və ona əlavəedilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi tam qaytarılsın. Ərizəçi izah olunsun ki, ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar