Məhkəmə qərarları › İş №2(010)-5793/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5793/2025

10.02.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5793/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X14 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiaları üzrə mülki işə Suraxanı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, İddiaçı azyaşlı uşaqları ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə və həmin evdən istifadə qaydalarının müəyyən edilməsinə, vəkil xidmətinə görə ödənilmiş 320 (üç yüz iyirmi) manatın, mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manatın və dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manatın, cəmi 430 (dörd yüz otuz) manatın Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayon Məhkəməsinin 2(050)-1411/2022 nömrəli, 03.11 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X4 arasında 17 aprel 2007-ci il tarixdə Masallı rayon Boradigah ərazi nümayəndəliyində 20 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 24 noyabr 2006-cı il təvəllüdlü X6 və 05 iyul 2010-cu il təvəllüdlü X5 anaları X1 yanında saxlanılmışdır. Nikah məhkəmə qaydasında pozularkən tərəflər arasındakı ailə münasibətləri pozulmamış, onlar birlikdə yaşamaqda davam etmiş, birgə təsərrüfat aparmışdırlar. Nikahın pozulmasını əslində həmin iş üzrə Cavabdeh özü gələcəkdə sosial yardım almaq adı ilə təşkil etmişdir. Nikah pozulandan sonra da ailə münasibətləri son bir ilədək davam etmişdir. Hətta həmin müddət ərzində, xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehə bütün əmlakına dair sərəncam vermək hüququ ilə baş etibarnamə də vermişdir. Ailə münasibətləri pozulmuş olsaydı, iddiaçı ona hər hansı etibarnamə verməzdi. Masallı rayon Məhkəməsinin 2(050)-1411/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən də görünür ki, tərəflər arasında nikahın pozulmasına qarşılıqlı razılıq olub. Az miqdarda aliment məbləği təyin edilib, amma məhkəmə gedişatı zamanı iddiaçı ondan da imtina edib. Həm mediasiyada bağlanmış barışıq sazişində, həm də məhkəmə qətnaməsində birgə nikah müddətində əldə edilmiş əmlakların bölgüsü ilə bağlı heç bir qeyd yoxdur. Tərəflər birgə nikah müddətində cavabdehin hazırda faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əldə etmişdir. Tərəflər 2006-cı ildə torpağı alıb, həmin ildə də ev tikdirib orada yaşamağa başlayıblar. Torpağa və evə olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmadığından onlara dair sənədləri əldə etmək mümkün deyil. Amma həmin torpaq sahəsi və üzərində ev mövcuddur və cavabdehin istifadəsindədir. İddiaçıya aid cehiz əşyaları da hazırda həmin evdədir. Cavabdeh iddiaçını evə buraxmadığından o hazırda atasının darısqal mənzilində qalmaq məcburiyyətindədir. Hal bu ki, birgə nikah müddətində, yəni 2006-cı ildə ünvan 1 ünvanında torpaq sahəsi alaraq orada 3 otaqlı 120 kvadratmetrdən ibarət fərdi yaşayış evi tikdiriblər. Evin təmiri hələ başa çatmamış, tərəflərin başqa yaşayış yerləri olmadığından, elə həmin il köçüb yarım təmirli evdə yaşamağa başlamışdırlar. Təmir işləri 2007-ci ildə tamamlanmışdır. Orada hamıya kifayət edəcək qədər yaşayış sahəsi vardır. Bu səbəbdən də iddiaçı uşaqlarla birlikdə həmin fərdi yaşayış evinə köçürülməsini, oradan istifadə qaydalarının müəyyən edilməsini istəyir. İddiaçı Zeynalabdi qızının mübahisələndirdiyi fərdi yaşayış evi onun yaşayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman məhkəmə əsasən, onu nəzərə almalıdır ki, cavabdehin sahibliyində olan fərdi yaşayış evi cavabdehin və iddiaçının birgə nikah müddətində əldə edilmiş qazanc hesabına tikilmiş və təmir edilmişdir. Həmin evin tikintisinə və onun altındakı torpaq sahəsinin alınmasına xərclənmiş pul vəsaitinin yarısı iddiaçının mülkiyyətidir. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, ilk iclasda cavabdeh özü iddiaçı ilə birlikdə birgə nikah dövründə əldə olunmuş mənzildə yaşadıqlarını etiraf etmişdir. Hazırda da cavabdeh həmin mənzildə yaşayır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, bacısıgilin 6 sot torpağı var idi. Bacısı onların, yəni iddiaçı ilə cavabdehin yaşamaq üçün yerləri olmadığına görə 3 sot torpağı onlara vermişdi. O da həmin torpaqda ev tikmişdir. Torpaq kürəkəninin adınadır. İddiaçı ilə nikaha 2007-ci ildə daxil olmuş, 2007-ci ilin aprel ayının sonunda yarımçıq evə köçmüşdülər. Sonra təmir işləri görmüşdülər. Evin sənədi yoxdur. Kommunal ödənişlər onun adınadır. Uşaqlar da 3 ildən yuxarıdır ki onunla qalır. Sosial yardım adı ilə uşaqların onun himayəsində qalmasına qərar vermişdilər. İş materialları. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(050)-1411/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ilə X4 arasında 17 aprel 2007-ci il tarixdə Masallı rayon Boradigah ərazi nümayəndəliyində 20 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 24 noyabr 2006-cı il təvəllüdlü X3 və 05 iyul 2010-cu il təvəllüdlü X2 anaları X1 yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin notariusu X13 tərəfindən təsdiqlənmiş 13578 reyestr nömrəli etibarnamə verilmişdir. Həmin etibarnaməyə əsasən, İddiaçı ona məxsus bütün əmlak və hüquqlar barədə Cavabdeh səlahiyyətlər vermişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş “X7 iştirak edilməməsi barədə” arayışın surətindən görünür ki, tərəflər arasında birgə nikah müddətində əldə edilmiş əmlak bölgüsü və mənzilə köçürülmə tələbinə dair MŞB/6-01848 nömrəli mediasiya işi açılmış, xx.xx.2025-ci il tarixə təyin edilmiş X7 İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil iştirak etmiş, Cavabdeh isə X7 iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc və 10 manat kargüzarlıq xərci ödənilmişdir. X8 haqqında xx.xx.2025-ci il tarixli EM-1592VK-51534/25 nömrəli Müqavilədən görünür ki, İddiaçı ilə Kredo Vəkil Bürosu – Vəkil arasında hüquqların müdafiəsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, Bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 320 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 7624 nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı Kredo Vəkil Bürosuna 320 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 135. Əşya hüququnun obyektləri 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar.... 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.... 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.... Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.https://e-qanun.az/framework/46944 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... Maddə 153. Mülkiyyət hüququnun subyektləri 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.... Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 10. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələri 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.13. yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək; Maddə 12. Mənzil hüququnun obyektləri 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir.... Maddə 15. Yaşayış sahəsindən istifadə Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 16. Yaşayış sahələri üzərində hüquqların dövlət qeydiyyatı Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. ....8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. ...9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.... “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 36. Mediasiya xərcləri 36.1. Mediasiya prosesinə dair xərclərə daxildir: 36.1.1. mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat; 36.1.2. mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri. 36.2. Bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36.3. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər..... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X7 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X7 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.... “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği: 1. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir: 1. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə - 50 manat. 2. İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı. 3.3. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. 4.16. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarından çıxarış: “…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir...” Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların iki azyaşlı övladı – xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqların anaları İddiaçı yanında saxlanılması müəyyən edilmişdir. Hazırda iddia tələbi iddiaçının azyaşlı uşaqları ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin evdən istifadə qaydalarının müəyyən edilməsi, vəkil xidmətinə görə ödənilmiş 320 manatın, mediasiya xərci kimi ödənilmiş 60 manatın və dövlət rüsumu kimi ödənilmiş 50 manatın, cəmi 430 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasından ibarətdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikərək orada birlikdə yaşamışlar. Həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və hüquqi baxımdan özbaşına tikili hesab olunur. Bununla belə, məhkəmə iclasında Cavabdeh həmin evin tərəflərin birgə təsərrüfatı və əməyinin nəticəsi olaraq tikildiyini və tərəflərin nikah dövründə həmin evdə yaşadıqlarını etiraf etmişdir. Tələbin iddiaçının azyaşlı uşaqları ilə birgə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli hesab edilən ev özbaşına tikili olsa da, həmin evin tərəflərin nikah dövründə birgə təsərrüfat fəaliyyəti nəticəsində inşa olunması cavabdehin məhkəmə iclasındakı izahatı ilə də təsdiq olunduğundan, iddiaçının həmin evdən istifadə etmək və orada yaşamaqla bağlı subyektiv hüququ mövcuddur. Bu səbəbdən iddiaçının həmin fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbi əsaslıdır. Belə ki, yuxarıda qeyd olunan AR Ali Məhkəməsinin Plenum Qərarına görə, nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması prezumpsiyası mövcuddur və əmlakın nikah müddətində əldə edildiyi sübuta yetirildikdə həmin əmlakın ümumi birgə mülkiyyət hesab olunması ehtimal edilir, özbaşına tikili isə müstəqil daşınmaz əşya kimi mülkiyyət hüququnun obyekti olmasa da, ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər kimi qiymətləndirilə bilər. Lakin, iş materiallarından görünür ki, tərəflərin övladlarından xx.xx.2006-cı il təvəllüdlü X6 artıq yetkinlik yaşına çatdığından onun anası ilə birlikdə mübahisəli evə köçürülməsi barədə tələb təmin oluna bilməz, çünki bu halda anası olan iddiaçının onun adından bu iddianı qaldırmağa səlahiyyəti yoxdur. xx.xx.2010-cu il təvəllüdlü X5 isə yetkinlik yaşına çatmadığından o anası ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülməlidir. Həmçinin, nikahın pozulması barədə məhkəmə qətnaməsi ilə tərəflərin azyaşlı övladı olan xx.xx.2010-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması müəyyən edildiyindən, uşağın faktiki olaraq himayəsində olduğu valideynlə birlikdə yaşaması onun mənafeyinə uyğundur. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələbləri baxımından, torpaq sahəsində onun mülkiyyətçləri yalnız şəhərsalma və tikinti normalarını və qaydalarını, torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə tikili ucalda və həmin tikiliyə mülkiyyət hüququ əldə edə bilərdi. Həmçinin, yuxarıda qeyd olunan mənzil qanunvericiliyinə əsasən, mübahisəli evin yaşayış sahəsi hesab edilməsi üçün o, AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilməli və vətəndaşların daimi yaşaması üçün yararlı olan müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verməli idi. Lakin, həmin tikili sanitariya və texniki norma və qaydalarına, qanunvericiliyin digər tələblərinə cavab verib-verməməsi barədə müvafiq qurumların rəyi olmadıqdan və tikili dövlət reyestrində qeydiyyata alınmadıqdan, həmçinin daşınmaz əmlak hesab edilən yaşayış sahəsi statusu əldə etmədikdən, bu tikili üzrə istifadə qaydasının müəyyən edilməsi də əsassızdır. Tələbin 320 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulması hissəsində məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı “Kredo” vəkil bürosuna X8 ilə bağlı 320 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, vəkil bürosuna ödənilmiş 320 manat yuxarıda qeyd edilmiş mülki prosessual qanunvericilikdə nəzərdə tutulan işə baxılması ilə əlaqədar məsrəflər siyahısına ad edildiyindən, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tələbin 60 manat mediasiya xərcinin cavabdehdən tutulması hissəsində məhkəmə qeyd edir ki, cavabdeh X7 üzrsüz səbəbdən iştirak etmədiyi üçün, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən mediasiyaya dair ödənilmiş 60 manat məbləğində ilkin mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilmiş qanunvericiliyinin tələblərinə görə, iddiaçı onun tərəfindən ödənilmiş dövlət rüsumunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı oğlu xx.xx.2010-cu il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, hüquqi yardım göstərilməsinə görə ödənilmiş 320 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, dövlət rüsumunun müəyyən hissəsinin ödəməkdən azad edildiyi iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə - 100 manat dövlət rüsumu ödənilməli olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı oğlu xx.xx.2010-cu il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Hüquqi yardım göstərilməsi ilə bağlı ödənilmiş 320 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci olaraq ödənilmiş 50 manat və kargüzarlıq xərci kimi ödənilmiş 10 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilən 50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar