Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-59/2024 05.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MTK-ya və X3 qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK və X1 30 dekabr 2006-cı il tarixli mənzil alqı-satqısına dair 43,5 m2 yaşayış sahəsini dəyəri olan 13398 manat, 30000 manat miqdarında əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 172 saylı mənzilə görə ödənməmiş kvadratın (43.5) pulunun və dəymiş ziyan məbləğinin ona qaytarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. "xxxx" Mənzil Tikinti Kooperativi ilə ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasından mənzil almaq barədə razılığa gəlməklə 30 dekabr 2006-cı il tarixində iki müqavilə bağlamışdır. Həmin müqavilələrə əsasən, qeyd olunan binanın üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzillərin hər birinin dəyəri 44.500 manat olmaqla, ümumilikdə 89.000 manatı MTK-ya ödəmişdir. Həmin mənzillərin dəyərinin tam ödənilməsi və müvafiq məbləğlərin MTK-nın hesabına mədaxil olunması xx.xx.2006-cı il tarixli kassa mədaxil orderi ilə təsdiq edilir. Buna baxmayaraq, cavabdeh MTK-ya 2007-ci ildə sədr seçilmiş Ədalət Qənbərov qeyd olunan alqı-satqı müqaviləsinin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi qanunsuz və əsassız olaraq birtərəfli qaydada yerinə yetirməkdən imtina edərək həmin mənzilləri ona təhvil verməmişdir. Buna görə də "xxxx" Mənzil Tikinti Kooperativi və X3 qarşı tərəfindən “müqavilə üzrə öhdəliyin icra edilməsi və vurulmuş maddi zərərin ödənilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, ünvan 1 ünvanında inşa edilən binanın üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzillərin alınaraq iddiaçıya təhvil verilməsi və həmçinin vurulmuş maddi ziyana görə 108.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsi ilə onun iddia tələbi müqavilə öhdəliyinin icra edilməsi hissəsində təmin edilərək, ünvan 1 ünvanında inşa etdiyi binanın üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 144,5 m2 olan 172 saylı və dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 144,5 m2 olan 177 saylı mənzillərin ona verilməsi hissədə təmin edilmiş, vurulmuş maddi zərərin ödənilməsinə dair hissədə isə təmin olunmamışdır. Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsinin icrası zamanı məlum olmuşdur ki, cavabdeh MTK-nın inşa etdiyi binadakı 172 və 177 saylı mənzillərin sahələri MTK tərəfindən qat-qat azaldılaraq bir neçə mənzil kimi ayrı-ayrı şəxslərə satılmışdır və artıq həmin mənzillərin hər biri 144.5 m2 deyil, faktiki olaraq 177 saylı mənzil 71,3 m2, 172 saylı mənzil isə 101,5 m2-dir. Buna görə də tərəfindən Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsinə izah verilməsi barədə məhkəməyə müraciət edilmiş, Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli qərardadı ilə məhkəmə izah etmişdir ki, hər birinin sahəsi 144.5 m2 təşkil edən 2 ayrı-ayrı mənzillər cavabdeh MTK-dan alınaraq ona təhvil verilməlidir. Cavabdeh "xxxx" MTK-nın rəhbərliyi ona verilməli olan mənzilləri artıq başqa şəxslərə verdiklərini bildirərək, həmin mənzillərin əvəzinə, eyni binadan müvafiq olaraq ölçüləri 94.9 m2 olan 143 saylı, 58.0 m2 olan 144 saylı, 67.8 m2 olan 163 saylı və 71.3.0 m2 olan 195 saylı mənzilləri təklif etmiş və bu razılaşma cavabdeh MTK-nın rəhbərliyi, hal şahidləri və icra məmurunun iştirakı ilə 22 avqust 2016-cı il tarixdə aktlaşdırılaraq iddiaçıya təhvil verilmiş, bundan sonra icra məmurunun təqdimatı Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2016cı il tarixli qərardadı ilə təmin edilərək, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasına xitam verilmişdir. 22 avqust 2016-cı il tarixdə aktlaşdırılmış həmin razılaşmaya əsasən, ona təqdim edilən mənzillər tərəfindən qəbul edilib, icra işi üzrə icraata xitam verildikdən sonra borclu MTK və ayrı-ayrı payçılar tərəfindən məhkəməyə müraciətlər olunmuş və Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2016-cı il tarixli qərardadı ilə 14 oktyabr 2016-cı il tarixli qərardad ləğv edilərək, razılaşma əsasında cavabdeh tərəfindən ona verilmiş 143, 144, 163 və 195 saylı mənzillər geri alınaraq, cavabdehə və həmin payçılara qaytarılmışdır. Bundan sonra, o, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə ona təhvil verilməli olan mənzillərin icra qaydasında alınıb ona verilməsinin təmin edilməsini tələb etmiş və Suraxanı rayon İcra Şöbəsinin əməkdaşının, həmçinin borclu MTK-nin rəhbərliyinin iştirakları ilə tərtib edilmiş 02 noyabr 2017-ci il tarixli aktla icra sənədinə əsasən ona təhvil verilməli olan 172 və 177 saylı mənzillər təhvil verilmişdir. Cavabdehlə aralarında olan 30 dekabr 2006-cı il tarixli alğı-satqı müqavilələrinə əsasən o, cavabdehə ümumi sahəsi 289 m2 olan iki ayrı-ayrı 172 və 177 saylı mənzillərə görə 89.000 manat pulu nağd şəkildə birdəfəyə ödədiyi halda, hazırda iddiaçıya cavabdeh tərəfindən ümumi sahəsi 172,8 m2 olan 172 və 177 saylı mənzillər təhvil verilmiş, çatışmayan 116,2 m2 yaşayış sahəsini ona təhvil verməməklə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, həmçinin cavabdehə müqavilə üzrə ödədiyi həmin çatışmayan 116,2 m2 yaşayış sahəsinin dəyəri olan 35.790 AZN (89.000 manat : 289 m2=308 manat, beləliklə, hər m2 yaşayış sahəsinin dəyəri 308 manat təşkil edir) ona geri qaytarılmamışdır. Ona görə də hesab edir ki, 30 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsi üzrə 289 m2 yaşayış sahəsinə görə cavabdehə ödədiyi pulun faktiki olaraq ona təhvil verilməyən 116.2 m2 hissəsini dəyəri olan 35.790 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Ona görə də hesab edir ki, 30 dekabr 2006-cı il tarixli alğı-satqı müqaviləsi üzrə 144.5 m2 yaşayış sahəsinə görə cavabdehə ödədiyi pulun faktiki olaraq ona təhvil verilməyən 43.5 m2 hissəsini dəyəri olan 43.5 m 2x308 manat=13.398 manat) 13.398 manat cavabdehdən tutularaq ona ödənilməlidir.
Tərəflərin izahatları
4. Cavabdehlər "xxxx" MTK-ya və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
İş materialları
6. Cavabdeh MTK-nın sədri X9 ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh MTK ilə alıcı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binanın tikintisi başa çatdıqdan sonra həmin binada 3-cü mərtəbədə yerləşən üç otaqlı, ümumi sahəsi 144.5 kv.m olan 172 nömrəli mənzilin satıcı tərəfindən alıcıya təhvil verilməsi və alıcının həmin mənzilin dəyərini satıcıya ödəməsi barədə razılığa gəlmişdirlər.
7. İş materiallarında olan “Qiymətin razılaşdırılması” Protokolundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binada 3-cü mərtəbədə yerləşən üç otaqlı, ümumi sahəsi 144.5 kv.m olan 172 nömrəli mənzilin qiyməti 44500 (qırx dörd min beş yüz) manat müəyyən edilmişdir.
8. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində həmin binada 3-cü mərtəbədə yerləşən üç otaqlı, ümumi sahəsi 144.5 kv.m olan 172 nömrəli mənzilin dəyəri olan 44500 (qırx dörd min beş yüz) manat pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir.
9. İş materiallarında olan şəhadətnamə - arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində həmin binada 3-cü mərtəbədə yerləşən üç otaqlı, ümumi sahəsi 144.5 kv.m olan 172 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və onun şirkətə (Badu-Kübə MTK-ya) borcu yoxdur.
10. xx.xx.2012-ci il tarixli Cavabdeh MTK-da yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, İcraçıya (Badu-Kübə MTK-nın sədri X4) ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində, MTK-nın üzvləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında məlum səbəblərə, Nəsib Əliyevin ərizəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilir. X6 imzası ilə xx.xx.2007-ci il tarixli Cavabdeh MTK saxta müqaviləsi əsasında X5 verilmiş 187 saylı mənzil, boşaldılmış digər başqa bir mənzillə, Ceyran Muxtarovanın həyat yoldaşı X7 adına dəyəri ödənilmədən əvəzləşdirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-69/2014 saylı cinayət işi üzrə hökmə əsasən mənzilin dəyəri Ceyran Muxtarovanın qohumu X11 tərəfindən Nəsib Əliyevə ödənilmişdir. İcraçı yuxarıda qeyd olunan binanın 3-cü giriş, 4-cü mərtəbə, ümumi sahəsi 101.5 kv.m olan və ümumi dəyəri 41412 manat olan 2 otaqlı 172 saylı mənzilini Payçıya (X12) təhvil verməsi öz öhdəsinə götürür.
11. xx.xx.2012-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış massivində 13M saylı binanın 3-cü giriş, 4-cü mərtəbə, ümumi sahəsi 101.5 kv.m olan və ümumi dəyəri 41412 manat olan 2 otaqlı 172 saylı mənzil X8 verilməklə zərərçəkmiş kimi təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 41412 AZN Sübhan Əmişov tərəfindən Nəsib Əliyevə ödənilmişdir.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-475/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh Badu-Kübə MTK-nın iddianı qismən etiraf etməsi təsdiq edilmiş, iddia qismən təmin edilmiş, ünvan 1, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və ünvan 1, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzilin cavabdeh Badu-Kübə MTK-dan alınaraq İddiaçı təhvil verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-475/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 475/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə izah verilməsi barədə İddiaçı ərizəsi təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-475/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qət edilmiş ünvan 1, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və ünvan 1, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzilin cavabdeh Badu-Kübə MTK-dan alınaraq İddiaçı təhvil verilməsi hissəsinin – hər birinin ümumi sahəsi 144.5 kv.m təşkil edən 2 ayrı ayrı mənzilləri özündə ehtiva etməsi və həmin ölçüdə mənzillərin cavabdeh Badu-Kübə MTK-dan alınaraq İddiaçı təhvil verilməsi müəyyən edilmişdir.
14. xx.xx.2016-cı il tarixli Aktdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-475/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi və Suraxanı Rayon Məhkəməsinin 2(010)-475/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən tələbkar İddiaçı Yeni Günəşli qəsəbəsi, Günəşli küçəsi 13 M ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən binadan ümumilikdə 290 kv.m – giriş 3, mərtəbə 3-də yerləşən 163 saylı mənzil (67.8 kv.m), giriş 3, mərtəbə 8-də yerləşən 195 saylı mənzil (71.3 kv.m), giriş 2, mərtəbə 14-də yerləşən 143 saylı mənzil (95.5 kv.m) giriş 2, mərtəbə 14-də yerləşən 144 saylı mənzil (73.5 kv.m) mənzillər təhvil verilmişdir.
15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-475/2016 saylı, xx.xx.2016cı il tarixli icra sənədinin icrası ilə əlaqədar tərəflər arasında razılıq əldə olunduğundan, yəni tələbkar İddiaçı ünvan 1 ünvanında yerləşən və ona təhvil verilməli olan 172 və 177 saylı mənzillərin əvəzinə 143, 144, 163 və 195 saylı mənzillər verildiyindən, təqdimat təmin edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-475/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatına xitam verilmişdir.
16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-2657/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, X13 və Badu-Kübə MTK-nın təsisçisi və payçısı olan X2 şikayəti təmin edilmiş və Suraxanı Rayon Məhkəməsinin 8(010)-2657/2016 saylı, 08 iyul 2016-cı il tarixli qərardadının ləğv edilməsi və Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru İ.Muxtarovun 2(010)-475/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasına xitam verilməsi barədə təqdimatının təmin edilməməsi qərara alınmışdır. 17.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6913/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 137/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Badu-Kübə MTK-dan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 13M saylı binanın 177 saylı mənzilinin çatışmayan 80.7 kv.m sahəsinə görə 24855.60 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının yuxarıda qeyd olunan qətnaməsi ilə cavabdeh Badu-Kübə MTK-nın apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-137/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. xx.xx.2023-cü il Aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən 172 saylı mənzil tələbkar İddiaçı təhvil verilmişdir.
19. Suraxanı Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-475/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasına xitam verilmişdir.
20. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3362 nömrəli ekspert rəyindən görünür ki, AR Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti onyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, ünvan 2 ünvanında yerləşən 172 saylı mənzilin ümumi sahəsinin 88.45 kv.m təşkil etdiyi müəyyən olunur.
21. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9727 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 172 saylı mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 93.73 kv.m təşkil etdiyi müəyyən edilmişdir ( tədqiqatın 1-ci sualı üzrə). ünvan 2 ünvanında yerləşən 172 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxil olmaqla ümumi sahəsi 106.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. (Tədqıqatın 2-ci sualı üzrə) Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür.
İşin faktiki halları
22. İddiaçı ilə Cavabdeh MTK arasında ünvan 1, İV mərtəbədə yerləşən 3 otaqlı, 177 saylı mənzil və ünvan 1, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzillərə dair alqısatqı barədə müqavilə imzalanması işin mübahisəsiz halıdır. Hazırki iddia tələbində mübahisə obyektini ünvan 1, İİİ mərtəbədə yerləşən 3 otaqlı, 172 saylı mənzil təşkil edir. Belə ki, tərəflər arasında qeyd olunan mənzillə bağlı daha əvvəl də məhkəmə mübahisəsi olmuş və yekunda məhkəmə aktı ilə qeyd olunan mənzilin cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olması müəyyən edilmişdir. Hazırki iddia tələbində iddiaçı ona əsaslanır ki, ona təhvil verilən 172 saylı mənzilin ümumi sahəsi onunla cavabdeh arasında bağlanan 30 dekabr 2006-cı il tarixli alqı-satqı müqaviləsində 144.5 kv.m nəzərdə tutulmasına baxmayaraq, lakin mənzilin hazırda ümumi sahəsindən 43.5 kv.m çatışmır. İddia tələbinin faktiki əsaslanması ondan ibarətdir ki, əvvəl 177 saylı mənzilə bağlı da analoji tələblə məhkəməyə müraciət edilmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 177 saylı mənzilin çatışmayan 80.7 kv.m sahəsinə görə Cavabdeh MTK-dən 24.855 manat pul məbləğinin tutularaq ona ödənilməsi qət edilmiş, lakin 172 saylı mənzil bağlı olduğundan tələb həmin hissədə baxılmamış saxlanılmışdır. İddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin zərər anlayışını müəyyən edən 21-ci, öhdəlik münasibətlərini tənzimləyən 385, 443, 449-cu maddələri təşkil edir. İddiaçı hesab edir ki, cavabdehdən 172 saylı mənzilə görə çatışmayan hissənin dəyəri olan 13398 manat pul vəsaitinin ( tərəflər arasında bağlanmış alqı-satqı barədə müqaviləyə əsasən 1kv.m =308 AZN) ödənilməsini tələb edir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etmədiyindən iddia tələbinə mübasibətinin öyrənilməsi mümkün olmamışdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 29. Mülkiyyət hüququ İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin, prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 110-3. Kooperativin və onun üzvlərinin əmlak məsuliyyəti 110-3.1. Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762. Podratın nəticələrini qüsursuz icra etmək vəzifəsi 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
25. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
Maddə 59. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları 59.1 Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2 Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3 Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
26. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları
Həmin Qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 9.1.ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə9.3. hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi
28. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi Cavabdeh MTK-ya münasibətdə qismən təmin edilməli, digər cavabdeh X3 münasibətdə isə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin alqı-satqı müqaviləsi İddiaçı ilə "xxxx" MTK arasında bağlanmışdır. Mülki Məcəllənin 110-3.1-ci maddəsinə əsasən Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Belə olan halda "xxxx" MTKnin iddiaçı qarşısında hazırki iddia tələbi ilə bağlı daşıdığı öhdəliklərə görə "xxxx" MTK-nin müxtəlif vaxtlarda sədri olmuş X4 cavabdehlik daşımır. Odur ki, iddia tələbi müxtəlif vaxtlarda MTK-nın sədri olmuş X1 deyil, "xxxx" Mənzil Tikinti Kooperativinə aid hissədə qismən təmin edilməlidir. Belə ki, hazırkı mübahisəyə hüquqi qiymət verərkən, qeyd edilməlidir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur. Bu müqavilə şərtlərinə görə satıcı Cavabdeh MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində tikilən binanın tikintisi başa çatdıqdan sonra həmin binada ümumi sahəsi 144.5 kv.m olan 172 nömrəli mənzili alıcı - İddiaçı təhvil verməyi və alıcı isə həmin mənzilin razılaşdırılmış dəyərini – 44500 manat pul vəsaitini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə növünə görə podrat müqaviləsidir. Tərəflər arasında mübahisəli hüquq münasinbətinin yaranmasına səbəb olan xx.xx.2006-cı il tarixli müqaviləni təfsir edərkən qeyd edilməlidir ki, müqavilədə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Tərəflər mənzilin sahəsinin 144.5 kv.m ölçüdə olacağı ilə bağlı razılaşmışlar, mənzilə görə ödəniş də həmin sahəyə uyğun edilmişdir. Beləliklə, tərəflər sərbəst iradə ifadəsi bildirərək müqavilə bağlamış və müqavilənin şərtlərini müəyyən etmişlər. İş materiallarına əlavə edilmiş qəbzdən göründüyü kimi iddiaçı qeyd olunan mənzilin dəyərini ödəməklə öz öhdəliyini icra etsə də, lakin Cavabdeh MTK müqavilədə nəzərdə tutulmuş sahədə mənzilin alıcıya təhvil verilməsi ilə bağlı öz öhdəliyini icra etməmişdi. Bu hal iş materiallarına əlavə edilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Belə ki, həmin rəydən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 172 saylı mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 93.73 kv.m təşkil etdiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən 172 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxil olmaqla ümumi sahəsi 106.6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu hal cavabdeh MTK-nın müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi qüsurlu şəkildə icra etməsinin göstəricisidir. Ona görə ki, cavabdeh MTK hündür mərtəbəli yaşayış evi inşa edərək mənzil satışı ilə bağlı peşəkar fəaliyyətlə məşğul olur. Analoji müqavilələri mütəmadi olaraq tərtib etmiş və müştərilərə təklif etmişdir. Mənzilin sahəsinin hansı qaydada hesablanması ilə bağlı dəqiq məlumatları MTK müqavilə tərəfinə təklif edir. Əyər tərəflər mənzilin sahəsinin Tikinti və Şərhərsalma qanunvericiliyindən fərqli qaydada hesablamağa qərar vermişdirsə bu barədə müqaviləyə müvafiq qeydlər etməlidirlər, əks təqdirdə sahələrin hesablanması həmin qaydaların təsiri altına düşür. Bundan başqa, yaşayış sahəsinin alınması ilə bağlı oturuşmuş praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahənin Tikinti və Şərhərsalma qanunvericiliyinə uyğun deyil, başqa qaydada hesablanması və.s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Qeyd edilənlərə əasasən, məhkəmə hesab edir ki, iddiaçıya satılan mənzilin müqavilədə nəzərdə tutulan həcmindən (sahəsindən) çatışmayan hissəsinə uyğun olan pul vəsaiti Cavabdeh MTK-dan tutularaq, İddiaçı ödənilməlidir.
29. Tutulacaq məbləğə gəldikdə isə, iddiaçı öz tələbində 43.5 kv.m olan çatışmayan hissəyə görə ümumilikdə 13398 manat pul vəsaitinin ona ödənilməsini tələb edir ( 1kv.m 308 AZN olmaqla). İş materiallarına nəzər saldıqda müəyyən edilir ki, iddiaçı 144.5 kv.m sahəsi olan olan 172 saylı mənzilin alınmasına görə 44.500 manat pul ödəmişdir. İddiaçı mənzilin çatışmayan sahəsinin 43.5 kv.m olduğunu iddia edir və həmin sahəyə görə 13.398 manat pul tələb edir. Məhkəmə qeyd edir ki, mötəbər sübut kimi qəbul edilmiş ekspert rəyində qeyd olunan mənzilin çatışmayan hissəsi iddiaçının öz tələbində qeyd etdiyi 43.5 kv.m hissəni tam şəkildə əhatə etdiyindən (172 saylı mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 93.73 kv.m təşkil edir. 144.5-93.73=50.77) iddia tələbi qeyd olunan hissədə təmin edilməli, yəni ünvan 2 ünvanında yerləşən 172 saylı mənzilin 43.5 kv.m olan çatışmayan hissəsinin dəyəri olan 13398 manat (43.5x308=13.398) pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, analoji mövqe Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 137/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsində də mövcud olmuş, Belə ki, həmin qətnamədə cavabdeh Badu-Kübə MTK-dan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 13M saylı binanın 177 saylı mənzilinin çatışmayan 80.7 kv.m sahəsinə görə 24855.60 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
30. Məhkəmə qeyd edir ki, iddia tələbi tələb olunan 30000 manat miqdarında əldən çıxmış faydaya münasibətdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, AR MM-nin 443.4-cü maddəsinin tələbindən göründüyü kimi, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış faydaya görə 30000 manat məbləğində pul tələb etsə də, lakin tələbin qeyd olunan hissəsi ilə bağlı müvafiq sübutları, yəni gəlir əldə etmək məqsədilə gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş və iddia tələbini qeyd olunan hissədə formal şəkildə əsaslandırmışdır. Halbuki, qeyd olunan tələblə bağlı sübutetmə vəzifəsi iddiaçının öz üzərinə düşür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
Məhkəmə xərcləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
32. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 221 manat dövlət rüsumunun 130.19 manat hissəsi cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı Əsədullazadə Rəhı̇ lə Novruz qızına ödənilməli və iş üzrə keçirilmiş 01 sentyabr 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat və 24 yanvar 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ümumilikdə 150 manat pul vəsaiti cavabdeh "xxxx" MTK-dan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticə
34. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MTK-dan 13398 (on üç min üç yüz doxsan səkkiz) manat pul vəsaiti tutularaq iddiaçı Əsədullazadə Rəhı̇ lə Novruz qızına ödənilməli, iddia qalan hissədə təmin edilməməli və iş üzrə ödənilmiş 221 manat dövlət rüsumunun 130.19 manat hissəsi cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı Əsədullazadə Rəhı̇ lə Novruz qızına ödənilməli və iş üzrə keçirilmiş 01 sentyabr 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat və 24 yanvar 2024-cü il tarixli məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 50 manat ümumilikdə 150 manat pul vəsaiti cavabdeh "xxxx" MTK-dan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan 13398 (on üç min üç yüz doxsan səkkiz) manat pul vəsaiti tutularaq iddiaçı Əsədullazadə Rəhı̇ lə Novruz qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 221 manat dövlət rüsumunun 130.19 manat hissəsi cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı Əsədullazadə Rəhı̇ lə Novruz qızına ödənilsin. İş üzrə keçirilmiş 01 sentyabr 2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat və 24 yanvar 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ümumilikdə 150 manat pul vəsaiti cavabdeh "xxxx" MTK-dan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov