Məhkəmə qərarları › İş №2(010)-602/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-602/2025

08.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-602/2025 08.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "sahibliyin müdafiəsi, qadağan edilmiş özbaşınalığa son qoyulması və evə köçürülmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Resyestrində xx.xx.2024-cü il tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsində yerləşən 85.70 kv.m yaşayış sahəsindən, 0.0113 ha torpaq sahəsindən ibarət 25 saylı fərdi həyət evinə köçürülməyi, bu evdən və torpaq sahəsindən istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər-hansı bir maneçiliklərin yaradılmasının qadağan olunması və özbaşınalıqlara son qoyulması. İddia tələbinin dəlliləri Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Resyestrində qeydiyyatdan keçmiş Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əlisöhbət Sumbatzadə küçəsində yerlən 85.70 kv.m yaşayış sahəsindən, 0.0113 ha torpaq sahəsindən ibarət 25 saylı fərdi həyət evinin 1/3 hissəsi xx.xx.2024-cü il tarixli ÇİXARİŞA əsasən şəxsi mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi həyət evi Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən xx.xx.1967-ci il tarixli Çıxarışa əsasən X1nun mülkiyyətində olmuşdur. X1 xx.xx.1995-ci il tarixdə, anası X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Valideynlərinin vəfatından sonra atasından qalmış miras əmlaka 3 vərəsə iddiaçı, Cavabdeh1 və Cavabdeh2 qalmışdır. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2016-cı il tarixli, 1(101 )-655/2016 saylı hökmü ilə AR CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 7(008)-280/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 04 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2016-cı il tarixli, (101)-655/2016 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin qərara alınmışdır. Cəzadan azad edildikdən sonra cavabdehlər iddiaçını evə buraxmamışlar və o, məcbur olub tanışlarının evlərində qalmağa başlamışdır. Eyni zamanda bu müddət ərzində işlə təmin olunmaq üçün fərdi məşğulluq Proqramına uyğun olaraq 3 saylı Bakı DOST Mərkəzinə, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir. Notariat Ofisində atasının adına vərəsəlik işi açılmış və atasından qalmış əmlaka paylı mülkiyyət hüququ ilə bağlı çıxarışı əldə etmişdir. Tərəflərin izahatları İddiaçı iddia tələbinin dəlillərini müdafiə edərək məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, ona yer verilənə qədər kirayələrdə yaşamışdır. Qızı 1988-ci ildə doğulub. 2016-2024-cü illər ərzində həbsdə olmuşdur. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia ərizəsinə əlavə edilən hüquqların dövlət qeyiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən çıxarışdan (reyestr № **********83-10301) görünür ki, 196 fərdi evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir, torpaq sahəsi üzərində hüquq növü isə istifadə hüququdur. Cavabdeh2 atasından miras qalmış mübahisəli fərdi evin 45 kv.m sahəsində özündən başqa həyat yoldaşı, oğlu və gəlini, 4 nəfər olmaqla yaşayır. Cavabdeh2 İ Qarabağ müharibəsi veteranıdır, onun ağır xəstəliyi var, ikinci dərəcə əlildir. Tibbi-sosial ekspert komissiyasında diaqnozu “ağ ciyərin dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, ağır gedişli, kəskinləşmə mərhələsi. Oynaqların kontrakturası, Hər iki bud-çanaq oynağının rigid kontrakturası" kimi qeydə alınmışdır. Cavabdeh2 hazırda ağır yataq xəstəsidir, ayaqları işləmir, yerimək qabiliyyətinə malik deyildir. Hal-hazırda həyat yoldaşı və gəlini ona qulluq edir. Bütün əsaslar da nəzərə alınmaqla, eyni zamanda bu şəraitdə iddiaçının həmin mənzilə köçməsi və naturada bölgü zamanı əldə edilən vəsaitə əlilliyi, ağır xəstəliyi nəzərə alınmaqla şəraiti olan normal yaşayış sahəsi əldə etməsi qeyri-mümkün sayılmalıdır. İddia ərizəsinə əlavə edilən şəxsiyyət vəsiqəsindən və Əmircan qəsəbə ərazi dairə üzrə nümayəndəliyin arayışından görünür ki, iddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır. Qeyd etmək vacibdir ki, iddiaçı 1984cü ildən ünvan 4 ünvandan çıxıb, yalnız qeydiyyatda qalmışdı, həmin evdən bir dəfə qeydiyyatı ləğv edilmiş, sonradan yenidən pasport qeydiyyatına alınmışdır. İddiaçının həmin ünvana ikinci dəfə hansı əsasla qeydiyyata düşməsi müəyyən deyil, bunun əsasları ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İddiaçı həmin evdə 1984-cü ildən daimi yaşamamışdır. Fərdi evin bütün kommunal xərclərini Cavabdeh2 və digər Cavabdeh1 ödəmişlər, ataları vəfat etdikdən sonra təsərrüfatı tam olaraq onlar idarə etmişlər. İddiaçının mübahisəli fərdi evdə yaşamayaraq uzun illər qeydiyyatda qalmağı onlara kommunal xərclərin ödənməsi ilə bağlı maddi cəhətdən ziyan vurmuşdur. Həmçinin 2000-ci illərin əvvəllərində mübahisəli fərdi evdə yaşayan vərəsələrin və yetkinlik yaşına çatanların razılıq ərizələri ilə iddiaçıya dövlət tərəfindən Əmircan qəsəbəsində tənha ana kimi 8 sot torpaq sahəsi verilmişdir. İddiaçının tələbində köçürülməsini tələb etdiyi 87.5 kv.m. sahə Bakı şəhəri, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Əlisohbət Sumbatzadə küçəsində yerləşən fərdi evin ümumi sahəsinə aid olmaqla, naturada mülkiyyətçilərdən hansının payına aid olduğu məlum deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, həyət ölçülüb, ondan sonra sənədlə İddiaçı torpaq payı verilib. 3 sot torpaqda iki qardaş yaşayır, lakin 6 sot torpağı İddiaçı alıb. Əslində o, 6 sot torpaq dövlətə məxsusdur. Yoldaşı ağır xəstədir. Bu məsələ onu çox narahat edir. Qaynatası 1995-ci ildə rəhmətə gedib. İddiaçı 2008-ci ildə yalvarıb ağlayaraq demişdi ki, bu sənədə imza çəkin, bir də sizdən torpaq payı istəməyəcəm. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etdi ki, iddaçı 1984-cü ildən evdən çıxıb getmişdir. Ev atasının olub. Evdə iddiaçının yaşamağına yer yoxdur. İş materialları xx.xx.2024-cü il tarixli Əmircan qəsənə İƏD üzrə nümayəndəyinin verdiyi arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdasinin məktubundan görünür ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. xx.xx.1967-ci il tarixli 68 saylı Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışdan görünür ki, Poçt küçəsi 25 ünvanındakı fərdi yaşayış evi X3 mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş-X3 vərəsəsi: ünvan 5 ünvanında qeydiyyatda olan qızı-, İddiaçıdır) və o miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2024 tarixdə X4 verilmiş **********83- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 85.7 kv/m olan fərdi yaşayış evidən ibarətdir. xx.xx.2025-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş-X3 vərəsəsi: ünvan 5 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh2 və o miras əmlakdan 1/3 hissədə irs almalıdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil paylı mülkiyyət huququ ilə İddiaçı Ağa qızı 1/3 hissə ( qeydiyyat nömrəsi **********), Cavabdeh1 1/3 hissə (qeydiyyat nömrəsi **********) və Cavabdeh2 1/3 hissə (qeydiyyat nömrəsi **********) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bölgü Sxemindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 243 mənzil 10-un bölgü sxemi (İddiaçı Ağa qızı – 2 otaq, ümumi sahə - 69.9 kvm, X6 2 otaq, ümumi sahə - 92.4 kvm) müəyyən olunmuşdur. İşin faktiki halları ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 85.7 kv/m olan fərdi yaşayış evi İsmayılova X8 adına 1/3 hissədə, Cavabdeh1 adına 1/3 hissədə və Cavabdeh2 adına 1/3 hissədə xüsusi mülkiyyətdədir. İddiaçı hazırda cavabdehlərin yaşadığı paylı mülkiyyətində olan mübahisəli mənzilə köçürülməyini istəyir, cavabdehlər isə iddia tələbini qəbul etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İV.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Maddə 29 Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 43. Mənzil hüququ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60 Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi, iddiaçının köçürülməsini tələb etdiyi ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 85.7 kv/m olan fərdi yaşayış evi üzərində 1/3 hissədə iddiaçının, 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə Cavabdeh2 payı müəyyən edilmişdir. Yəni iddiaçı həmin mənzilin 1/3 hissəsi üzərində mülkiyyət hüququna malikdir. Tərəflərin mənzil üzərində payları müəyyən edilsə də, bu paylar ayrılmamışdır. Belə olan halda iddiaçının ümumi paylı mülkiyyətdə olan həmin mənzil üzərində sahiblik və istifadə hüququ ümumi qaydada – cavabdehlərlə bərabər həcmdə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Bu baxımdan mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehlərin mənzildən istifadə və sahiblik etməsi iddiaçının bu hüquqlarını məhdudlaşdırmamalıdır. Odur ki, iddiaçı paylı mülkiyyətçisi olduğu fərdi yaşayış evinə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 7 ünvanında 0,0113 ha dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı həmin fərdi yaşayış evindən istifadəsinə maneçilik yaradılması qadağan olunmalı və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 8 ünvanında 0,0113 ha dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinə köçürülsün, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı həmin fərdi yaşayış evindən istifadəsinə maneçilik yaradılması qadağan olunsun. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar