Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-607/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayonu, Hövsan qəsəbəsində (indiki X24 “Yelkən" Baqçılıq Cəmiyyətinin cənub hissəsində) yerləşən 30 sot torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq onun istifadəsinə verilməsi, sözügedən torpaq sahəsindən onun istifadə etməyinə cavabdeh tərəfindən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində (indiki X24 “Yelkən” Baqçılıq Cəmiyyətinin cənub hissəsində) yerləşən 30 sot torpaq sahəsi onun babası Qulamhüseyn Cəlal oğluna məxsus olmuşdur. Həmin torpaq sahəsindən babası Qulamhüseyn İsrayıl oğlu vaxtı ilə istifadə etmiş və orada əkinçiliklə məşğul olmuşdur. Bu barədə ona Hövsan kəndində yaşayan yaşlı insanlar, o cümlədən Hövsan qəsəbəsində yaşayan yaşlı qohumları və kənd sakinləri məlumat verərək həmin torpaq sahəsinin dəqiq yerini göstərmişlər. Bir müddət əvvəl o, həmin torpaq sahəsində abadlıq işləri aparmaq və oradan istifadə etmək qərarına gəlmiş, lakin, həmin torpaq sahəsinə getdikdə məlum olmuşdur ki, onun ata-baba torpağı olan qeyd etdiyi 30 sot torpaq sahəsi Cavabdeh1 istifadəsindədir. Belə ki, Cavabdeh1 həmin torpaq sahəsini zəbt edərək orada dəmir köşk və su çəni qoymuş, eyni zamanda həmin torpaq sahəsinə mişar daşı və beton bloklar tökmüşdür. O, cavabdehə həmin torpaq sahəsinin onun babasına məxsus olduğunu bildirərək, həmin torpaq sahəsindən çıxarılmasını tələb etsə də, Hilal həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirərək torpaq sahəsini boşaltmaqdan imtina etmiş və onu həmin torpaq sahəsindən istifadə etməyinə imkan verməmişdir. Odur ki, aralarında mübahisə yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Hövsan qəsəbəsi indiki X18 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin cənub hissəsində yerləşən ümumi sahəsi 12,000 kv.m olan torpaq sahəsi onun mərhum atası X2 babası Kamil Əbdülrzaq oğlunun və onun qardaşlarının istifadəsində olmuşdur. İki əsrə yaxın müddətdir ki növbə ilə atasının babası və sonra atasının atası Əbdülrzaq Kamil oğlunun istifadəsində olmuşdur. Babasının vəfatından sonra atası Muxtar Əbdülrzaq oğlunun istifadəsinə, Muxtar Əbdülrzaq oğlunun vəfatından sonra isə onun istifadəsinə keçməklə uzun illərdir istifadəsində və sahibliyindədir. Bununla əlaqədar olaraq X19 22.01.2008-ci il tarixli arayış verilmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, 1886-cı ilə dair Hövsan kəndinin kameral siyahısında göstərilən şəxslərin adları qeyd olunmuşdur. X29-30 yaş, onun qardaşı X30 -26 yaş, onun Hövsan kəndində 192 kv. Sajına (1 kv.sajına=4,550 kv.m) bərabər olan torpaq sahəsi olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Cavabdeh2 izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, X1 atası mərhum X4 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən X18 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin cənub hissəsi ərazisində 1200 kv.m torpaq sahəsi onun istifadəsində olmuşdur. Həmin ərazidəki torpaq sahəsi kolxoz tərəfindən mərhum X5 verilmişdir. Həmin sahədə mərhum X7 1937-ci illərdə bağçılıq-bostançılıqla məşğul olurdu. Sonralar həmin torpaq sahələri kənd sakinlərinin əlindən alınmışdır. Mərhumun oğlu X6 böyük vətən müharibəsində iştirak etmiş 1944-cü il tarixdə bir ayağını itirdikdən sonra 1-ci qrup əlil kimi vətənə dönmüş həmin ildən torpaq sahələrində abadlıq işləri apardıqdan sonra öz ailə üzvləri ilə birlikdə bağşılıq və bostançılıqla məşğul olmuşdur. X6 hal-hazırda sağdır. Səhhəti ilə əlaqədar olaraq həmin torpaq sahəsindən özü deyil, onun oğlu Cavabdeh1 istifadə edir. Odur ki, qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 3487 saylı 26.10.2020-ci il tarixli arayışdan görünür ki, Məmmədov X14 rayonu, Hövsan qəsəbəsi, Üzümçülük küçəsi, 19 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 3546 saylı 29.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Suraxanı rayonu, Hövsan qəsəbəsi, (Koperativ) Gəray Əsədov küçəsi, 8 saylı evdə yaşayır. İş materiallarına əlavə edilmiş X9 tərəfindən Cavabdeh1 ünvanlamış 19.03.2021-ci il tarixli 59 saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsi iki hissədən ibarət olmaqla, həmin torpaq sahəsinin naturada ölçülərinin ayrı-ayrılıqda 0.22 ha və 0.86 ha olduğu müəyyən edilir. Təqdim olunmuş torpaq sahəsinin 0.22 ha və 0.86 ha hissəsinin döngə nöqtələrinin ayrı-ayrılıqda koordinatları rəyin tədqiqat hissəsindəki cədvəllərdə qeyd edilmişdir. İş materiallarında olan 09.07.2014-cü il tarixdə Bakı şəhəri 35 saylı notariat kontorunda qeyd olunmuş ərizə-aktdan görünür ki, qonşular X8, X13 və X10 qeyd etmişlər ki, həmin torpaq sahəsinin mərhum X3 oğlu hazırkı Cavabdeh1 bu günə kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ərazisində yerləşən X18 məxsus “Yelkən” bağçılıq cəmiyyətinin cənub hissəsi ərazisində 12000 kv.m torpaq sahəsi onun istifadəsindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən Cavabdeh1 ünvanlamış məktubdan görünür ki, 1886-cı ilə dair Hövsan kəndinin kameral siyahısında göstərilən şəxslərin adları qeyd olunmuşdur. X29-30 yaş, onun qardaşı X30 - 26 yaş, onun Hövsan kəndində 192 kv. Sajına (1 kv.sajına=4,550 kv.m) bərabər olan torpaq sahəsi olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin materiallarından və iddiaçının izahatından mübahisəsiz qaydada görünür ki, mübahisəli torpaq sahəsi xüsusi mülkiyyətdə deyil, torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə, torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəlik qaydasında keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlər əsasında yaranır. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya hər hansısa lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün iddaçının mübahisəli torpaq sahəsinə dövlət tərəfindən tanınan hüquqlara malik olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı torpaq sahəsindən cavabdehin çıxarılmasını və boşaldılmasını tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfin torpaq sahəsinə dair hər hansı hüququ mövcud olmadığından İddiaçı Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-607/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-607/2021
23.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver