Məhkəmə qərarları › İş №2(010)-6094/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6094/2025

28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6094/2025 28.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X9 ilə X2 birgə nikahından xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonu, İlməzli kəndində doğulması, milliyyətinin azərbaycanlı olması barədə akt qeydinin aparılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1971-ci ilin aprel ayının 10-da Ermənistan SSR, Kalinino rayonunda doğulmuşdur. 1988-ci ildə məcburi köçkün kimi Azərbaycan Respublikasının Bakı şəhərində məskunlaşmışdır. Ona Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Həmin şəxsiyyət vəsiqəsində onun xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonunda doğulması, milliyyətinin Azərbaycanlı olmağı, ünvan 1 ünvanında qeydiyyatda olmaq ilə yaşadığı qeyd edilmişdir. Naməlum şəraitdə doğum haqqında şəhadətnaməsi itmişdir. Buna görə də doğum haqqında akt qeydinin bərpası və təkrar ona verilməsi mümkün deyildir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət edilmiş, 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri üzrə “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”ndəki məlumatlar yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Onlar məcburi köçkün olan zaman arxiv fondu orada qaldığından mövcud deyil. Onun doğum faktı şəxsiyyəti vəsiqəsi ilə təsdiqlənmiş və həmin zaman doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin, hal-hazırda doğum haqqında şəhadətnaməsi yoxdur. Suraxanı RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini alarkən onun verilməsinə əsas olan doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin, ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Bərpası isə mümkün deyildir. Milli arxiv idarəsinə və Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət edərək, doğum haqqında qeydləri özündə əks etdirən arayışı tələb etsə də, ona bildirilmişdir ki, kök sənədlər aşkarlanmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət edir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.1967-ci il tarixli, İ-ZJ seriyalı, 185827 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 və X4 arasında xx.xx.1967-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 8 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. xx.xx.1992-ci il tarixli, Vİ-JQ seriyalı, 309371 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 və X5 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 669 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. xx.xx.2006-cı il tarixli, AZ-İ seriyalı, 167400 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 325244 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2023-cü il tarixdə “Durğunluq ürək çatışmazlığı” səbəbindən Bakı şəhərində ölmüşdür. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə xx.xx.2025-ci il tarixdə verilmiş 3-16-5/7-10-1145/25 nömrəli cavab məktubundan müəyyən olunur ki, ərizəçinin xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olması, ərizəçinin doğumunun Ermənistan Respublikasında qeydiyyata alındığı bildirilmiş və hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonunda doğulmuş, ərizəçinin doğumu həmin vaxt dövlət qeydiyyatına alınmışdır. Lakin, ərizəçinin doğum faktını təsdiq edən sənəd – doğum haqqında şəhadətnamə itmiş, doğumun qeyd edilmə faktının bərpa edilməsi barədə müraciətin müsbət həllindən qeydiyyat şöbəsi tərəfindən imtina edilmişdir. X9 ərizəçinin atası, X3 ərizəçinin anasıdır. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi

Ərizəçi hazırkı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməsini doğum haqqında şəhadətnamənin itməsi və həmin sənədi başqa qaydada əldə edə bilməməsi və bərpasının da mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonunda doğulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, ərizəçinin atası X9, milliyyəti azərbaycanlı, anası X3, milliyyəti azərbaycanlı olmuşdur. Məhkəmə hesab edir ki, iş materiallarında ərizəçinin həqiqətən göstərilən tarixdə və göstərilən yerdə doğulması barədə qeyd aparılmasına dair kifayət qədər sübut vardır. Belə ki, qeyd edilən bu xüsusatlar məhkəmə iclasında bilavasitə tədqiq edilmiş sənədlərlə də öz təsdiqini tapır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunmuş məlumatlarla ərizəçinin tələbində qeyd edilən müvafiq məlumatların uyğunluq təşkil etdiyini nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçi doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin sonralar həmin şəhadətnamə itirilmiş, hazırda isə həmin sənədi başqa qaydada əldə etmək mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonunda doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə vurğulayır ki, ərizəçinin bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərtilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusion hüquqların effektivliyinə də mənfi təsir göstərə bilər. Bundan başqa, iş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin mərhum atası və bibisinin doğum faktını təsdiq edən müvafiq qeydlər yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd 1.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin ərizəçinin mərhum atası və bibisinin doğumu barədə akt qeydələrini aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə ərizəçinin mərhum atası və bibisinin doğum akt qeydlərinin bərpası üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır.

Məhkəmə xərcləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, itirilmiş sənədlərin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, ərizəçiyə doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Məmmədova”, adı “Xədicə”, ata adı “Həmzə”, doğum tarixi “xx.xx.1971-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Kalinino rayonu”, ata qrafasında “X9”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X3”, milliyyəti “azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydlərində soyadı “Məmmədova”, adı “Xədicə”, ata adı “Həmzə”, doğum tarixi “xx.xx.1971-ci il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan SSR, Kalinino rayonu”, ata qrafasında “X9”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X3”, milliyyəti “azərbaycanlı” kimi qeydiyyat aparılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar