Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6100/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi) “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi) “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 19.03.2010-cu il tarixində Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, onun X6 ilə nikahından 19.03.2010-cu il tarixdə Bakı şəhərində ev şəraitində oğlu dünyaya gəlmişdir. Lakin, ev şəraitində doğulduğundan və bəzi işlərlə əlaqədar bu günə qədər doğum haqqında şəhadətnamə almamışdır. Suraxanı rayon qeydiyyat şöbəsinə bu barədə müraciət etsə də, ərizəçiyə doğum faktını təsdiq edən tibbi sənədi təqdim edə bilməməsi əsas göstərilərək doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və bu barədə imtina məktubunda müvafiq məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verib ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Hüseyn onun nəvəsidir. Nəvəsi 2010-cu ilin mart ayında doğulub. Uşaq doğulanda anasına doğuşda o, kömək etmişdir və uşağın doğulmasında şəxsən iştirak etmişdir. Ermənistanda yaşayanda da çox vaxt o, uşaqlar doğularkan bu işdə analarına kömək etmişdir. Nəvəsi doğulanda uşağın atası burada deyildi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynıdır, 2007-ci ildə ora gəlin gəlmişdir. Ərizəçinin oğlu Hüseyn 2010-cu ildə evdə doğulmuşdur. Qaynanası mamalığı bacarır diyə Hüseynin anasına doğuş prosesində o kömək etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 qızı ifadəsində göstərdi ki, Ərizəçi ilə 1988-ci ildən qonşudur. Şahruzun oğlu Hüseyn 2010-cu ilin mart ayında doğulub. Həmin vaxt Şahruz burada yox idi. Uşağın doğuşuna köməyi Şahruzun anası etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilən: Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 07.10.2021-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”nə 07.10.2021-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən 19.03.2010-cu il tarixdə doğulmuş qızınızın doğumu barədə hər hansı məlumat aşkar olunmamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün müvafiq sənədlər təqdim etmədiyindən ərizənin Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən icra olunması mümkün deyildir. Hüquqi əhəmiyyətli olan faktı müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 8 №-li BUX-nın 23.09.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Əmrcan qəsəbəsi, Z.Əliyev d.3 ev 3 yaşayan X4 29.03.2010-cu il tarixdə ev şəraitində oğlan uşağı doğulmuşdur. Uşaq hal-hazırda sağlamdır və 8 №-li BUX-nın poliklinika şöbəsində qeydiyyatdadır. Suraxanı rayon VVADQ şöbəsinin 30.03.2007-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnaməsindən görünür ki, Ərizəçi ilə X12 arasında nikah 30.03.2007-ci il tarixdə bağlanmışdır. Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22.11.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, döngə 3 ev 3A ünvanında qeydiyyatdadır. X1 2010 il. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarda həmçinin izah olunmuşdur ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Hazırkı işdə tərəflərin izahatlarından və işin hallarından məlum olur ki, X7 barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ümumiyyətlə aparılmamışdır. Ona görə də, məhkəmə hazırkı iş üzrə hüquqi nəticəyə gələrkən Mülki-Prosessual Məcəllənin 307.2.3cü maddəsinə yox, 307.2.11-ci maddəsinə istinad edir. MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü maddələrinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nigah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydaların 2.6-cı maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə təmin edilməli, X2 19.03.2010-cu ildə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 19.03.2010-cu ildə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-6100/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6100/2021
26.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver