Məhkəmə qərarları › İş №2(010)-6127/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6127/2021

18.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6127/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən-Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı Ərizəçi Maraqlı şəxs qarşı «atalığın müəyyən olunması və aparılmış ilkin qeydiyyatın ləğvi» tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi Maraqlı şəxs qarşı «atalığın müəyyən olunması və aparılmış ilkin qeydiyyatın ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs 13.11.2011-ci il tarixdə dünyaya gətirdiyi Sevinc Süleymanzadənin atasının Ərizəçi olmaması faktının müəyyən olunması və X1 doğum haqqında şəhadətnaməsində Ərizəçi onun atası olması ilə bağlı aparılmış ilkin qeydlərin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 149.1.-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bu qanunun 28.1.-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin qanunun 29.3.-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Beləliklə iş materiallarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə atalığın müəyyən olunması və aparılmış ilkin qeydiyyatın ləğvi ilə bağlıdır. Sadalanan qanunvericiliyin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı zəruridir. Tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunsa da, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə hesab edirəm ki, ərizənin forma və məzmununa riayət olunmamış, ərizəçi tərəfindən ilkin mediasiya sessiyasında iştirak etməsi ilə bağlı olaraq sənəd təqdim edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq mediasiya prosesində iştirakının zəruriliyi izah edilməlidir. Bundan başqa hesab edirəm ki, ərizə xüsusi icraat qaydasında verilə bilməz, belə ki, tərəflər arasında mübahisə mövcuddur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152, 263-264cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi Maraqlı şəxs qarşı «atalığın müəyyən olunması və aparılmış ilkin qeydiyyatın ləğvi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq mediasiya prosesində iştirakının zəruriliyi izah olunsun. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar