Məhkəmə qərarları › İş №2(010)-6138/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6138/2021

09.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6138/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Suraxanı rayonu, Ramana Südçülük sovxozu, ev 25/1, mənzil 10 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Suraxanı rayon məhkəməsinin 14.09.2020-ci il tarixli 2(010)-3478/2020 saylı qətnaməsi ilə ləğv edilmişdir. İddiaçının mərhum X2 21.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundə gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər Azərbaycan Respublikasının qanunu ilə nizama salınır. Şəhid ailələrinin mənzillə təmin edilməsi məqsədi ilə 29.01.2021-ci il tarixdə Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin Sosial Xidmətlər Agentliyi tərəfindən ünvan 2 ünvanında yerləşən mənzillə təmin edilmişdir. Mənzillə təmin edilərkən şəhid atası olaraq ailə üzvü kimi onu həmin mənzilə qeydiyyata almamışlar və nəticədə mənzildən istifadə hüququ pozulmuşdur. Şəhid atası kimi verilmiş mənzildən onunda da faydalanmaq, yararlanmaq və istifadə hüquqları vardır. Belə ki, birgə nikah dövründə əldə edilmiş əmlaklar bütünlüklə cavabdehdədir və o bu vəziyyətdən sui-istifadə edərək onu mənzilə buraxmır. Verilən mənzil isə boşdur. Hazırda kirayədə yaşayır. Məhkəmə iclasında İddiaçı, eləcə də sonuncunun nümayəndəsi qismində izahat vermiş onun vəkili Vəkil iddia tələbini təmin edilməsini və İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Ramana Südçülük sovxozu, ev 25/1, mənzil 10 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı ilə aralarında bağlanmış nikah 27.08.1998-ci ildə Suraxanı rayon məhkəməsinin 14.09.2020ci il tarixli 2(010)-3478/2020 saylı qətnaməsi ilə ləğv edilmişdir. X2 21.10.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundə gedən döyüşlərdə şəhid olduğuna görə şəhid ailələrinin mənzillə təmin edilməsi məqsədi ilə 29.01.2021-ci il tarixdə keçmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin Sosial Xidmətlər Agentliyi tərəfindən ünvan 2 ünvanında yerləşən mənzil ona təqdim edilmişdir. İddiaçı artıq onun ailə üzvü hesab edilmir, onunla birgə təsərüfat aparmır. Belə olan halda şəxsən ona verilmiş həmin mənzilə iddiaçının heç bir hüquqları çatmır. Odur ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, iş № 2(010)-3478/2021 saylı qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra 20.07.2003-cü il təvəllüdlü X8, 12.05.2010-cu il təvəllüdlü X6 və 12.05.2020-ci il təvəllüdlü X7 Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 23.10.2020-ci il tarixdə döyüş meydanında ölmüşdür. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azırbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 29.01.2021-ci il tarixdən növbəyə dayanmış Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzil verilmişdir. Təsvir olunanlarla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunvericiliklə şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi xüsusi qanunun norması ilə nəzərdə tutulsa da, mənzilə hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 8.0.-0 cı maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Bu mənada qeyd olunmalıdır ki, məhkəmə iclasında müəyyən olunan işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, iş № 2(010)-3478/2021 saylı qətnaməsi ilə xitam verilmiş, bundan sonra onların övladları X5 23.10.2020-ci il tarixdə döyüş meydanında şəhid olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azırbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 29.01.2021-ci il tarixdən növbəyə dayanmış Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzil verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sadalanan xüsusatları və qanunvericilik aktı normalarını əsas tutaraq məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinin kirayəçisinin ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə iddiaçının cavabdehlə nikahı məhkəmə qaydasında pozulduğundan cavabdehə mübahisəli yaşayış sahəsi verildiyi zaman iddiaçı onunla ailə üzvü hesab edilmirdi. Bu hal bir daha onunla təsdiq olunur ki, mübahisəli mənzil cavabdehə ayrılan zaman müvafiq sənədlərdə cavabdehin 4 nəfər ailə üzvü (özü və himayəsində qalmış 3 azyaşlı övladı) olması qeyd olunmuşdur. Qeyd olunanlara əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar