Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-62/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X22 qızının katibliyi, iddiaçı-cavabdeh İddiaçı, ilkin iddia üzrə Cavabdeh2 və cavabdeh-iddiaçı Cavabdeh1 nümayəndəsi X2 iştirakları ilə, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əmlakın çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və uşaqları Cavabdeh1 Anar oğlunun, X6 Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 2, 19 saylı ünvandakı evə köçürülmələri və həmin evdən istifadə hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı “əmlakın çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdehə məxsus yataq mebel dəsti, divan, stol, mətbəx mebeli, soyuducu, paltar yuyan, 2 ədəd xalça 2x3, 2 ədəd xalça 2x5, 12 dəst qab, 12 ədəd çay və xörək qaşığı, 5 ədəd qazan dəsti, 2 ədəd tava, 1 ədəd aşsüzən, 1 ədəd su çaydanı, 1 ədəd dəm çaydanı, 1 ədəd toz soran, 2 ədəd tək döşək, 1 ədəd taxt döşəyi, 3 ədəd yorğan, 3 ədəd yastıq, 2 ədəd yataq dəsti, 2 ədəd adyaldan ibarət olan əmlakların ona məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X9, X10 və X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək bildirdi ki, onun Cavabdeh2 ilə birgə nikahlarından 27.02.2005-ci il təvəllüdlü Cavabdeh1 Anar oğlu və 14.06.2008-ci il təvəllüdlü X14 adlı övladları anadan olmuşdur. 2011-ci ildə rəsmi nikahları pozulmuş və nikahları pozulduqdan sonra əvvəl atasının evinə gedib bir müddət orada yaşamış və 2014-cü ildən yenidən qaynatasının evinə qayıdıb, uşaqları ilə birlikdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 2, 19 saylı ünvandakı 4 otaqdan ibarət olan giriş və çıxışı ayrı evin bir otağında yaşamağa davam etmişdir. Lakin artıq bir neçə müddətdir ki, cavabdehlər onu 2004-cü ildən gəlin gəldiyi həmin evdən oğlu Nazim və qızı Nurayla birlikdə məcburi qovub çıxarmışlar və hal-hazırda onları həmin evdə yaşamağa qoymurlar. Halbuki, həmin ev keçmiş qaynatası Cavabdeh1 adınadır. Ona məxsus olan geyim və cehiz əşyaları da həmin evdədir. Cavabdehlərin qanunsuz hərəkətləri ucbatından o, öz cehiz əşyalarından istifadə etməkdən məhrum olmuşdur. Uşaqları ilə birlikdə kirayədə qalmaq məcburiyyətində qalmışlar. Belə bir yaşayış tərzi ona və uşaqlarına çətinliklər yaradır. Bütün çətinliklərə baxmayaraq cavabdehlər inadlarından dönmür və onların oraya köçüb yaşamaqlarına qəsdən mane olurlar. O bildirdi ki, onun gəlin köçdüyü tikili əvvəl tikilmiş olan və Cavabdeh1 atasının adına olan evə bitişik olmuşdur və 2005-ci ildə tikilmişdir. Buna görə də qeyd olunanların nəzərə alınmasını və ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 18.11.2019-cu il tarixli məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi onun ata babası X15 xüsusi mülkiyyətində olmuş, babası 04 oktyabr 2009-cu il tarixdə öldükdən sonra isə atası faktiki olaraq mirası qəbul etmiş və həmin evə dair mülkiyyət hüququ ona keçmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh2 və cavabdeh-iddiaçı Cavabdeh1 nümayəndəsi X11 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbini isə qəbul etməyərək bildirdi ki, Validə 2003-cü ildə onların evinə gəlin gəlmişdir. Validə gəlin köçdüyü tikili onların evinə bitişik olmuş və 2000-ci ildə tikilməsinə baxmayaraq, hər iki tikili qaynatasının adına olmuşdur. Validə gəldiyi ilk gündən onunla yola getmək mümkün olmamışdır. Belə ki, Validə uşaqları aparıb qonşuya qoyurdu və özü evdən çıxıb gedirdi. Beləliklə, mübahisələr yaranırdı və buna görə də 2011-ci ildə oğlu boşanma barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə onların aralarında olan nikah pozulmuşdur. İlkin iddia təmin olunacağı təqdirdə hər gün evdə mübahisə olacaq ki, belə vəziyyətdə də yaşamaq mümkün olmayacaq. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq, qarşılıqlı iddianın təmin, ilkin iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında ilkin iddia üzrə Cavabdeh2 və cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil ilkin iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisəli ev və ona bitişik olmuş tikili X15 adına olmuşdur. Hal-hazırda həmin evin ¼ hissəsi Cavabdeh1 adına 07.01.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Digər ¼ hissə X3 payıdır və Atababa İbrahim oğlunun adına olan ½ hissə isə vərəsəlik qaydasında qəbul edilmədiyi üçün hələ ki açıq olar qalır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq, qarşılıqlı iddianın təmin, ilkin iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2739/2011 nömrəli iş üzrə qəbul etdiyi 2011-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia təmin edilərək, Cavabdeh2 ilə İddiaçı arasında 21.02.2004-cü il tarixdə bağlanmış nikahın pozulması və 27.02.2005-ci il təvəllüdlü Cavabdeh1 Anar oğlu və 14.06.2008-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında qalması, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh1 Anar oğlundan 18 avqust 2011-ci il tarixdən başlayaraq hər ay 76 manat tutularaq 27.02.2005-ci il təvəllüdlü Cavabdeh1 Anar oğlunun və 76 manat tutularaq 14.06.2008-ci il təvəllüdlü X1 üçün İddiaçı verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 16.09.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 02.10.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 16.09.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 27.08.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, Atababa İbrahim oğlu 04.10.2009-cu ildə ölmüşdür. Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfat bürosu tərəfindən 05.09.1967-ci ildə verilmiş Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 2 ünvanında yerləşən 19 saylı ev 2 nömrəli reyestr kitabının 225-ci səhifəsində X15 adına qeydiyyata alınmışdır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 2 ünvanında yerləşən 19 saylı ev Atababa İbrahim oğlunun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16.12.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, döngə 2, 19 saylı fərdi yaşayış evi 05.09.1967-ci il tarixdə Atababa İbrahim oğlunun adına ilkin qeydiyyatdan keçmişdir və hazırda adındadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanına məxsus ¼ hissə Cavabdeh1 adına 07.01.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Digər ¼ hissə X5 və açıq qalan ½ hissə Atababa İbrahim oğluna məxsusdur. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, döngə 2 ünvanında yerləşən 19 saylı fərdi yaşayış evinə iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh1 nümayəndəsi X2, ilkin iddia üzrə Cavabdeh2 və cavabdeh-iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən olunmuşdur ki, həyətə giriş eyni qapıdandır. 2 otaq, bir mətbəxdən ibarət ev X2 bildirdiyinə görə 2000-ci ildə, İddiaçı deməsinə görə isə 2005-ci ildə əlavə olaraq tikilmişdir. İddiaçı həmin tikilinin qapısının həyət tərəfdən olduğunu əks etdirən şəkillər təqdim edərək, məhkəmə gedişatı zamanı bu yaxınlarda qapının çöldən hörülərək içəridən açıldığını bildirmişdir. Ümumi girişdən mənzilə daxil olan zaman sağdan birinci otaqda televizor və divanın, ikinci otaqda İddiaçı məxsus sökülü vəziyyətdə olan taxtın, dolabın və stol-stulun, mətbəxdən ibarət olan digər otaqda isə mətbəx şkafının, qab-qacağın və s. olduğu müəyyən olunmuşdur. Həmçinin, həyətə çıxışın mətbəxdən olduğu, sonradan isə həmin divarın hörüldüyü və girişin ümumi olaraq içəridən açıldığı müəyyən olunmuşdur. İddiaçı həmin 2 otaq və mətbəxin ona ayrıldığını və əşyalarının orada olduğunu, onu evdən çıxardıqdan sonra isə qaynanasının birinci otaqdan onun əşyalarını çıxardığı və özünə məxsus televizor və divanı yerləşdiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2021-ci il tarixli, 10/1111 №-li ekspert rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin texniki-inventarlaşdırıcısı Vüqar Əliyevin mütəxəssis rəyində qeyd olunur ki, vətəndaş İddiaçı reyestr qeydiyyatından keçmiş 56,5 kv. metr sahədə deyil, köhnədən inşa edilmiş və qeydiyyatdan keçməmiş sahələri göstərmişdir. Həmin sahələr bunlardır: 1.32mx3.85=5.08 kv.metr mətbəx, 5.85mx3.6m=21.1 kv.metr otaq, 3.2mx3.52m=11.3 kv.m otaq. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, iddiaçı-cavabdehin məskunlaşdığı sahə cavabdeh-iddiaçıların mülkiyyətində olan sahə deyil. Həmin sahə ümumiyyətlə tərəflərdən heç birinə mülkiyyət və s. hüquqla məxsus deyil və özbaşına tikilidir. Bununla yanaşı, hər iki tərəf mübahisəli tikilininin məhz onların özləri tərəfindən inşa edildiyini iddia etsələr də, həmin evin kim tərəfindən tikilməsi sübuta yetirilməyib. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-cü maddəsinə əsasən, 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd edilənlər və mübahisəli tikilinin kim tərəfindən tikilməsinin sübut edilməməsi halı onu deməyə əsas verir ki, cavabdeh-iddiaçıların İddiaçı qarşı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Cavabdeh-iddiaçıların mübahisəli tikiliyə hər hansı əsasla sahib olmaları faktı öz təsdiqini tapmadığı üçün, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqlarının olmaması qənaətinə gəlməyə əsas verir. İlkin iddiaya gəldikdə isə, qanunvericilik mənzil hüququ ilə evdən istifadə hüququnu fərqləndirir. Birincisi şəxsin öz həyati ehtiyacı kimi məskunlaşdığı və əsasən faktiki olaraq yaşadığı istənilən qapalı məkana faktiki sahib olmaq imkanını nəzərdə tutursa, ikincisi dövlət qeydiyyatına alınmış, təminat verilən xüsusi hüququ nəzərdə tutur və ikincinin qeydiyyatı üçün yaşayış yerinin özünün müəyyən edilmiş qaydada qeydiyyatdan keçməsini tələb edir. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli ev özbaşına tikili olduğu üçün, iddiaçı-cavabdehin həmin evdən istifadə hüququ tanına bilməz. Özbaşına tikintiyə köçürülmə və ondan istifadə ilə bağlı münasibətləri tənzimləyən hüquq norması olmadığı üçün, məhkəmə analoji olaraq hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin normalarının tətbiq edilməli olması qənaətinə gəlir. Həmin Məcəllənin 53-cü maddəsinin tələbinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın əri (arvadı), onların uşaqları hesab olunurlar. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İddiaçı mübahisəli mənzilə köçən zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. “Məhkəmələr tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2 saylı 16 oktyabr 1992-ci il tarixli qərarına əsasən, maraqlı şəxsin (barəsində iddia qaldırılmış şəxsin) başqa yaşayış yerinə köçməsi barədə sübutlar təqdim etməlidir. Bundan əlavə, maraqlı şəxs həmçinin sübut etməlidir ki, digər yaşayış sahəsi iddiaçıların daimi yaşayış yeridir və onlar qanunla nəzərdə tutulmuş qaydada həmin yaşayış sahəsindən istifadə etmək hüququ əldə etmişlər. Göründüyü kimi, iddiaçı-cavabdeh mübahisəli yaşayış evinə istinad edilmiş qanunvericiliyin qüvvədə olduğu zaman köçdüyünü, orada uzun müddət yaşadıqlarını və həmin mənzildən başqa yaşayış yerləri olmadığını sübut etdiyi üçün, məhkəmə iddianı əsaslı hesab edir. Eyni zamanda, iddiaçının uşaqlarının da onunla birgə yaşamaq hüququ yuxarıdakı qanunvericilik normaları ilə təsbit edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulmalı, qarşılıqlı iddia rədd edildiyi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdeh1 özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza üzrə xərc isə onlar arasında müştərək qaydada bölünməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (bir yüz) manat pul İddiaçı, X7 və X12 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** X26 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İddiaçı uşaqları Cavabdeh1 Anar oğlu və X14 ilə birlikdə ünvan 5 ünvandakı özbaşına tikiliyə köçürülsünlər. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. İlkin iddia üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia rədd edildiyi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul İddiaçı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4, Kod 210005 VÖEN ********** X26 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-62/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-62/2021
08.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver