Məhkəmə qərarları › İş №2(010)-6272/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6272/2021

15.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6272/2021 15.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 57 saylı fərdi yaşayış evində faktiki yaşamadıqlarını, onların həmin evdə qeydiyyatda formal xarakter daşıdığını nəzərə alıb, onların qeyd olunan həmin ünvanda yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 avqust 2017-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 57 saylı fərdi yaşayış evinə olan hüququna xitam verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 13.102021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-7101/2021 nömrəli 18 avqust 2017-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdiur. Həmin evi anası X1 25.02.2011-ci il tarixli bağışlama müqaviləsi ilə ona bağışlamış və həmin yaşayış evi hal-hazırda onun mülkiyyətindədir. Bununla bağlı olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almış və həmin çıxarışa əsasən ünvan 2 ünvanındakı mənzili xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. O həmin evdə 1987-ci ildən yaşayır, lakin cavabdehlərin onun evinə qeydiyyata alınmasından məlumatı olmamışdır. Cavabdehlər isə ona məxsus evdə heç vaxt yaşamamışlar, onlarla heç bir qohumluq əlaqəsi yoxdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 57 saylı fərdi yaşayış evində 1977-ci il tarixə kimi yaşamışdır. Daha sonra onun on yaşı olanda onları həmin evdən çıxarmışlar. Qonşuları onlara yaşamaq üçün iki otaqlı ev vermiş və lakin həmin evə qeydiyyata düşməyə icazələri olmamışdır. Onun iddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Lakin həmin evdə 10 il müddətində yaşadıqlarından istifadə hüquqlarının itirilməsi barədə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 2 ünvanındakı mənzilin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Asan 4 orqanı tərəfindən İddiaçı verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 19.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 25.02.2011-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Calalova Elmira İbrahim qızı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 57 nömrəli fərdi yaşayış evini qızı İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki Pasporundan müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 07.04.2011-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 14.01.2016-cı il tarixli Asan 4 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1970-ci illərdə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin ücüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından cıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası qanununun 2-ci maddəsinin tələbinə görə şəxsi yaşayış yeri–tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin faktiki olaraq ünvan 2 ünvanında yerləşən mənzilində yaşamamaları və qeydiyyatının formal xarakter daşıması təqdim olunmuş sənədlərlə tam təsdiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi 57 saylı fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi 57 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar