Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6323/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbinə (bundan sonra – cavabdeh) qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmrinin ləğv edilərək işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 0*.09.*997-ci il tarixdə Zaqatala İncəsənət məktəbinə fortepiano sinifi üzrə müəllim vəzifəsinə təyin edilmişdir. *5.09.20*3-cü il tarixdən yaşayış yerinin dəyişdirilməsi əsası ilə öz ərizəsi əsasında həmin məktəbdən işdən azad edilmişdir. *6.09.20*3-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu 36 saylı Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. Onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsinə əsas cavabdehin attestasiya komissiyasının **.03.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və **.03.2025-ci il tarixli, 2 nömrəli protokolu göstərilmişdir. Belə ki, cavabdeh “36 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” 25.*2.2024-cü il tarixli, 58 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqal, 36 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il 23 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2025-ci ilin fevral ayının 5-dən iyun ayının 5-dək attestasiyadan keçirilməsi müəyyən edilmişdir. İstər rəhbərlik səviyyəsində, istərsə də, Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi tərəfindən rəsmi qaydada televiziya verilişləri vasitəsilə ictimaiyyətə elan olunmuşdur ki, (videoqeyd müvafiq daşıyıcıda hazırlıq iclasında məhkəməyə təqdim ediləcəkdir) qeyd edilən attestasiyanın məqsədinin işçilərin işdən çıxarılması deyil, məhz peşəkarlığının yoxlanılması və nəticələrə uyğun olaraq əlavə təlimlərə cəlb ediləcəyi bildirilmişdir. Attestasiya prosesi başa çatdıqdan sonra ona məlum olmuşdur ki, artıq əmək müqaviləsinə müvafiq qaydada xitam verilmişdir. Mübahisələndirdiyi xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmr ona təqdim edildikdən sonra xx.xx.2025-ci il tarixində cavabdehin ünvanına mediasiya təklifi göndərilmiş, *3.05.2025-ci il tarixdə mediasiya sessiyası keçirilmiş, lakin rəsmi poçt vasitəsilə müraciət direktorun şəxsən özünə çatdırılmasına baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir və ona *3.05.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim edilmişdir. Onun 27 ildən artıq fortepiano müəllimi kimi əmək stajı vardır. Bu illər ərzində yüzlərlə şagirdə musiqi təhsili vermiş, məktəbin pedaqoji həyatında fəal iştirak etmişdir. Əmək fəaliyyəti dövründə heç bir intizam pozuntusuna, töhmətə və ya şikayətə məruz qalmamışdır. Əksinə, həmkarları və rəhbərlik tərəfindən məsuliyyətli, vicdanlı və peşəkar müəllim kimi tanınmışdır. Attestasiya vərəqəsində səsvermənin nəticələrinə görə onun tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Bu fikrə münasibətdə * komissiya üzvü lehinə (yəni, vəzifəyə uyğun olmadığı fikri ilə razıdır), 4 üzvü isə əleyhinə (yəni vəzifəyə uyğun olmadığı fikri ilə razı deyildir) səs vermişdir. Buna baxmayaraq, tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar qəbul edilməsi ədalətsiz, məntiqsiz və qanunsuzdur. Bununla yanaşı, atettestasiya komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə) xanası boş saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il 23 may tarixli, 97 nömrəli qərarına əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Tutduğu vəzifəyə uyğundur və ya tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericiliklə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir. Eyni zamanda qərardad qeyd edilir ki, müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. Əlavə olaraq, qərarda qeyd olunur ki, attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Belə olan halda, sual yaranır ki, müəssisənin direktoru attestasiya vərəqəsində attestasiya komissiyasının tövsiyəsi olmadığı halda, kimin və hansı tövsiyəni yerinə yetirərək, onunla olan əmək müqaviləsinə xitam vermişdir? Bundan başqa, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə və 67-ci maddəsinin *-ci hissəsinə əsasən, attestasiya komissiyası tərəfindən işçi barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılması işəgötürənə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi səlahiyyətini verməsinə baxmayaraq, imperativ norma kimi müəyyən edilməmişdir. Yəni, tutduğu vəzifəyə uyğun olmadığı hələ onun işdən azad olunması üçün birmənalı əsas deyildir. Belə ki, attestasiya vərəqəsindən də göründüyü kimi, ona *3 sual verilmiş və həmin sualların əksər hissəsi, yəni *0 sual nəzəri suallar olmuşdur. Yəni, attestasiya imtahanı nəticəsində onun sırf nəzəriyyə müəllimi kimi deyil, fortepiano müəllimi olması, tutduğu vəzifəyə uyğunluğunun qiymətləndirilməsi zamanı praktiki bilik və bacarıqları, yerinə yetirdiyi əmək funksiyası nəzərə alınmamış, yalnız nəzəri bilikləri əsas götürülmüşdür. Halbuki, onun fortepiano müəllimi olaraq əsəri ifa etmə qabiliyyəti ixtisasının əsas göstəricisidir. Bu hal, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 200*-ci il tarixli, 97 nömrəli qərarının 2.4-cü bəndinin tələblərinə ziddir. Eyni zamanda, attestasiya vərəqəsinin “Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar” nəzərdə tutulan 7-ci bəndində ona verilən suallar əks olunub. Lakin, onun cavab verdiyi suallara “cavab vermədi”, təhlil etdiyi əsəri “təhlil etmədi” və yaxşı ifa etdiyi əsəri “zəif ifa etdi” kimi qeyd edilmişdir. Hətta, “Səyahət illəri kimindir” sualına cavab verdiyi zaman həmin əsərin Ferens Listin olduğunu bildirmişdir. Ferens List barədə əlavə məlumat verərək bildirmişdir ki, onun müəllimi Karl Çerni olmuşdur. Lakin, attestasiya komissiyasının sədri K.Hüseynova ondan istehza ilə soruşmuşdur ki, “Bunu sizə kim deyib? Bu yanlışdır” və digər 4 komissiya üzvü də bunun səhv olduğunu təsdiqləmişlər. Bu hal öz-özlüyündə komissiya üzvlərinin peşəkarlıq səviyyəsini şübhə altına alır. Əlavə olaraq qeyd edir ki, ümumiyyətlə ona verilən sualların əksəriyyəti onun tədris proqramına uyğun suallar deyildir. Attestasiya nəticələri barədə ona növbəti gün, yəni *2.03.2025-ci il tarixdə 36 saylı Uşaq Musiqi Məktəbinin direktoru Türkan İsmayılova tərəfindən məlumat verilmiş və attestasiya vərəqəsini imzalamaq üçün ona təqdim etmişdir. O da yuxarıda qeyd olunan pozuntuları görərək attestasiya nəticələri ilə razılaşmamasına görə həmin vərəqi imzalamaqdan imtina etmişdir. Eyni zamanda, cavabdeh məktəbdə işlədiyi ** il 4 ay ərzində bir dəfə də olsun məktəbin müəllimləri hər hansı ixtisasartırma təlimlərinə cəlb edilməmiş və məktəb rəhbərliyi bunun üçün hər hansı təşəbbüs göstərməmişdir. Halbuki, “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsi”nə əsasən, müəllimlərin öz ixtisasını artırmaq hüququ vardır. Bu hüququn həyata keçirilməsi üçün məktəb rəhbərliyi qanunvericilik çərçivəsində şərait yaratmalı, müəllimlərin peşəkarlığının inkişafına nəzarət etməlidir. Cavabdehin “36 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” 25.*2.2024-cü il tarixli, 58 nömrəli əmrinin 7-ci bəndinə əsasən, “attestasiyadan keçən müəllimlərin attestasiyanın keçirilməsinə ən azı * (bir) ay qalmış attestasiyanın tarixi, vaxtı və attestasiyanın keçirilməsi qaydaları barədə məlumatlandırılmasını və əmrin icrasına nəzarəti” direktor vəzifəsini müvəqqəti icra edən İsmayılova Türkan öz üzərində saxlayır. Lakin, ona attestasiyanın keçirilməsi tarixi və vaxtı barədə * (bir) ay deyil, * (bir) gün əvvəl, yəni *0.03.2025-ci il tarixdə saat *5:35-də, istifadəsində olan ********** nömrəsinə sms vasitəsilə məlumat göndərilmişdir. Həmin smsdə attestasiyanın **.03.2025-ci il tarixində, saat *6:45-də Bakı Xoreoqrafiya Akademiyasının binasında keçiriləcəyi qeyd edilsə də, o, attestasiya otağına saat *9:00dan sonra daxil olmuşdur. Bu hal onun hazırlıq üçün vaxtının məhdudlaşdırılmaqla, gərginliyinin artmasına səbəb olmuşdur. Attestasiya keçirilməsinin tarixi və vaxtı barədə ona * (bir) gün qabaq məlumat verilməsi, attestasiyanın *6:45-də deyil, saat *9:00-dan sonra başlaması attestasiya keçirilməsi qaydalarının kobud şəkildə pozulduğunu və attestasiyanın obyektivliyinin təmin edilmədiyini təsdiq edir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, **.03.2025-ci il tarixli attestasiya vərəqəsinin, onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmrin ləğv edilərək, iddiaçının işə bərpa edilməsi və xx.xx.2025-ci il tarixdən işə bərpa olunacağı günədək olan dövr üçün əmək haqqının hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, attestasiya komissiyasının nəticələrinə əsasən, 4 nəfər komissiya üzvü onun tutduğu vəzifəyə uyğun olmaması, * nəfər üzvü isə tutduğu vəzifəyə uyğun olması barədə rəy vermişdir. Musiqi məktəbinin digər müəllimləri də attestasiyadan keçirilmiş, attestasiya nəticəsində tutduğu vəzifəyə uyğun olmaması barədə verilən rəylərin sayı 3 olan müəllimlərə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən rəsmi şəkildə məlumat verilmiş, həmin müəllimlərin təlimlərə cəlb edilməsi və təlimin sonunda keçiriləcək imtahanlarda iştirak sözü verilmiş, imtahandan uğur qazan müəllimlərin yenidən pedaqoji fəaliyyətə qaytarılmaları barədə öhdəlik götürülmüşdür. Onun kimi tutduğu vəzifəyə uyğun olmaması barədə əleyhinə verilmiş səslərin sayı 4 olan müəllimlərə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən bildirilmişdir ki, onlarda təlimlərdə iştirak edə bilərlər və təlimin sonunda keçiriləcək imtahanda uğur qazandıqları təqdirdə işə bərpa ediləcəklər. O, hətta bununla bağlı X5 imtahanda iştirak üçün xidmət haqqı da ödəmişdir. Lakin, sonradan məlum olmuşdur ki, xidmət haqqı geri qaytarılıb. O, həmin imtahanlara hazırlaşmaq üçün də kifayət qədər xərc çəkmiş, fərdi müəllimlərlə imtahan proqramı üzrə məşğul olmuşdur. Hətta, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən təlimlərin də səviyyəsi kifayət qədər aşağı olmuş, təlimlərdə iştirak edən müəllimlərin əksəriyyəti təlimçilərdən qat-qat keyfiyyətli bilik və bacarıqlara malik olmuşlar. Hər bir halda, o, nazirlik tərəfindən ona və onun kimi vəziyyətdə olan müəllimlərə verilən vədlərə inanmış və müddəti ötürmüşdür. Buna görə də hesab edir ki, buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməlidir. Bundan əlavə, qeyd etməyi zəruri hesab edir ki, təlimlərin gedişində onda müəyyən qədər şübhə yaransa da, ona görə məhkəməyə müraciət etməmişdir ki, bu müraciətin müsbət nəticə əldə verəcəyinə inanmamışdır. Yaxın ətrafı ona bildirmişdir ki, nazirlik tərəfindən məhkəmə prosesinə müdaxilə mümkündür və müsbət nəticə istisna olunur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, attestasiya komissiyasının verdiyi rəylərə əsasən attestasiyadan keçirilmiş və tutduğu vəzifəyə uyğun hesab edilməsi barədə ümumilikdə 3 komissiya üzvü tərəfindən lehinə səs verilmiş müəllimlərə həqiqətən də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təlimlərə cəlb edilmə, bu təlimlərin nəticəsi olaraq keçiriləcək imtahanlarda müvəffəqiyyət qazanacaqları təqdirdə pedaqoji fəaliyyətə cəlb ediləcəkləri barədə öhdəlik götürülmüşdür. Lakin, attestasiyadan keçirilən zaman əleyhinə verilən səslərin sayı 4 olan müəllimlərə belə bir vəd verilməmiş, həmin müəllimlər qarşısında hər hansı öhdəlik götürülməmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin rəhbəri tərəfindən verilmiş rəsmi cavab məktubundan da müəyyən olunur ki, sözügedən kateqoriyadan olan, yəni tutduğu vəzifəyə uyğun hesab edilməsi barədə verilən rəylərin sayı * olan müəllimlər, eləcə də hazırkı iş üzrə iddiaçı qarşısında yenidən əmək fəaliyyətinə qaytarılmağa şərait yaradılacağı barədə vəd verilməmiş, bu məzmunda heç bir öhdəlik götürülməmişdir. Sadəcə olaraq, həmin kateqoriyadan olan müəllimlərin müraciəti nəzərə alınmaqla, həmin müəllimlər şəxsi inkişaf məqsədilə təlimlərə cəlb edilmişdir. Təlimlərdə iştirak da məhz könüllülük əsasında təşkil edilmişdir. İmtahanda iştirak üçün iddiaçı tərəfindən xidmət haqqı ödənilməsi ilə bağlı hissədə nəzərə çatdırır ki, imtahanda iştirak üçün qanunla müəyyən edilmiş xüsusiyyətlərə cavab verən istənilən şəxs, eləcə də iddiaçı həmin imtahanda iştirak üçün qeydiyyatdan keçə bilər. Lakin, imtahanın nəticəsində onun işə bərpası barədə heç bir öhdəlik götürülmədiyi üçün iddia əsassızdır. Bununla yanaşı cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 bu barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməklə iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilən sənədlər onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən 25.*2.2024-cü il tarixdə qəbul edilmiş 58 nömrəli əmrdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən, 36 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyin ödənilmə dərəcələrinin verilməsi, artırılması və aşağı salınması, attestasiyadan keçmiş işçinin fəaliyyətinin yaxılaşdırılması məqsədi ilə 36 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi, 36 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərin attestasiyasını həyata keçirmək məqsədilə hər biri 5 (beş) nəfərdən ibarət 2 (iki) attestasiya komissiyasının yaradılması və tərkiblərinin təsdiq edilməsi əmr edilmişdir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən İddiaçı ünvanlanmış 3* nömrəli müəllimlərin attestasiyası haqqında xəbərdarlıq bildirişindən müəyyən olunur ki, 36 nömrəli Uşaq Musiqi Məktəbinin 25.*2.2024-cü il tarixli, 58 nömrəli əmrinə görə müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədilə attestasiya komissiyasının yaradıldığı, attestasiya olunacaq işçilər siyahısına aid edildiyi, həmçinin attestasiya komissiyasının yaradılması haqqında sənədlə 36 nömrəli Uşaq Musiqi Məktəbində tanış ola biləcəyi, attestasiyada iştirak etməyəcəyi təqdirdə attestasiyadan keçirilməmiş hesab olunacağı, tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasının nəticələri nəzərə alındığı üçün bununla bağlı sənədlərini (sertifikat, diplom və s.) attestasiya komissiyasına təqdim etməsinin zəruri olduğu bildirilmiş və attestasiya zamanı veriləcək sualların aid olduğu məsələlərə dair məlumat bildirişə əlavə edilmişdir (müvafiq xəbərdarlıq bildirişi İddiaçı tərəfindən 28.*2.2024-cü il tarixdə əl imzası ilə təsdiq edilməklə təhvil alınmışdır). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən İsmayılova Türkan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmrdən müəyyən olunur ki, Bakı şəhər 36 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq son haqq-hesabın ödənilməsinin təmin edilməsi və əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. **.03.2025-ci il tarixdə keçirilmiş attestasiyasının nəticələrinə dair tərtib edilmiş attestasiya vərəqəsindən müəyyən olunur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbinin Fortepiano şöbəsinin müəllimi İddiaçı ilə keçirilmiş attestasiya nəticəsində onun tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş və onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. **.03.2025-ci il tarixli işçinin attestasiya vərəqəsini imzalamaqdan imtina etməsi haqqında aktdan müəyyən olunur ki, İddiaçı **.03.2025-ci il tarixdə keçirilmiş attestasiya komissiyasının iclasında iştirak etmiş, lakin sonda attestasiya vərəqəsini imzalamaqdan imtina etmişdir. Mediasiya Şurasının Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən *3.05.2025-ci il tarixdə verilmiş MŞB/2/2024-03*9 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı *3.05.2025-ci il tarixdə keçirilmiş işə bərpa tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbinə) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), həmin tərəfin səlahiyyətli nümayəndəsinin mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (*0 manat) iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil 03.**.2025-ci il tarixdə ünvanlanmış 3-24-2-02/2- *59/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə çalışan təhsilverənlərin 2025-ci ilin fevral-mart aylarında keçirilmiş attestasiyasının nəticələrinə əsasən, kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyərək əmək müqavilələrinə xitam verilmiş şəxslər üçün təlimlərə cəlb olunmaq və xüsusi olaraq təşkil ediləcək müsabiqə əsasında yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılmışdır. Bununla əlaqədar, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən cari ilin 0*-07 may tarixlərində təlimlər təşkil edilmişdir. Attestasiya komissiyasının 3-dən çox üzvü tərəfindən əleyhinə səs verilməklə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin müraciəti nəzərə alınaraq, onların da sözügedən təlimlərdə iştirakına razılıq verilmiş və İddiaçı xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərində təlimlərdə iştirak etmişdir. Təlimlərdə iştirak könüllü xarakter daşıyır və mərkəz tərəfindən iştirakçıların qiymətləndirilməsi aparılmır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə *9.0*.2026-cı il tarixdə ünvanlanmış 3-24-2/3-4-XMRC-2/2026 nömrəli xidməti məruzədən müəyyən olunur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə çalışan təhsilverənlərin 2025-ci ilin fevral-mart aylarında keçirilmiş attestasiyasının nəticələrinə əsasən, kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyərək əmək müqavilələrinə xitam verilmiş şəxslər üçün təlimlərə cəlb olunmaq və xüsusi olaraq təşkil ediləcək müsabiqə əsasında yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılmışdır. Bununla əlaqədar, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən cari ilin 0*-07 may tarixlərində təlimlər təşkil edilmişdir. Attestasiya komissiyasının 3-dən çox üzvü tərəfindən əleyhinə səs verilməklə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər də sözügedən təlimlərdə iştiraka razılıq verilməsi ilə bağlı aidiyyəti regional mədəniyyət idarəsinə ərizə ilə müraciət etmiş və idarələr tərəfindən mərkəzə təqdim edilmiş məlumatlara əsasən, onlar təlimlərə cəlb olunmuşlar. O cümlədən, Bakı şəhər 36 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllimi vəzifəsində çalışmış İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsinə ünvanladığı müraciəti əsasında təlim müddətində təşkil edilmiş *7 dərsdən **-də iştirak etmişdir. Təlimlərdə iştirak könüllülük prinsipi əsasında həyata keçirilmiş, mərkəz tərəfindən iştirakçıların qiymətləndirilməsi aparılmamış və həmin şəxslərin sonradan işə bərpası və ya xüsusi müsabiqə yolu ilə pedaqoji fəaliyyətə qaytarılması ilə bağlı hər hansı öhdəlik yaratmamışdır. Bu barədə təlim iştirakçılarına mərkəzin rəhbərliyi, əməkdaşları və təlimçiləri tərəfindən dəfələrlə bildirilmiş, habelə Mədəniyyət Nazirliyinin mediada açıqlamalarında məlumat verilmişdir. İşin faktiki halları İddiaçı 20*3-cü il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində (peşəsində) çalışmış, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmrə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verməklə, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372. İddia müddəti anlayışı. 372.*. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375. İddia müddətinin tətbiqi. 375.*. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar. *. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri. *. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının “yaxın qohumu” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
İşin faktiki hallarından görünür ki, iddiaçı 20*3-cü il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində (peşəsində) çalışmış, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixli, 25 nömrəli əmrə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verməklə, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin *-ci bəndinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin məcəllənin 296-cı maddəsinin *-ci bəndinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi, əmək qanunvericiliyi fərdi əmək mübahisələrinin həllində iqtisadi baxımdan daha zəif tərəf olan işçinin iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu onun bilavasitə hüququnun pozulduğunu aşkar etdiyi gün ilə əlaqələndirmiş və məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür. İddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin qəbul edilməsi tarixi ilə həmin əmrin iddiaçı tərəfindən rəsmi qaydada əldə edilmə tarixinin üst-üstə düşməsi, yəni eyni vaxtda baş verməsi işin mübahisəsiz halıdır. İşin qeyd edilən halı həm iddia ərizəsində, həm də tərəflərin məhkəmə prosesi gedişində verdikləri izahatlarla tam təsdiq olunur. Belə olan halda, iddiaçının öz əmək hüquqlarının pozulduğunu aşkar etdiyi gün məhz əmək müqaviləsinin ləğvi barədə əmrin verildiyi gün, yəni xx.xx.2025-ci il qəbul edilməlidir. İşçinin, yəni hazırkı iş üzrə iddiaçının hüquqlarının pozulmasını aşkar etdiyi günün xx.xx.2025-ci il olaraq qəbul edildiyi təqdirdə, məhkəməyə müraciət hüququnu məhdudlaşdıran xüsusi iddia müddətinin (* ay) ötürüldüyü də mübahisəsizdir. Hərçənd, iddiaçı işə bərpa və məcburi işburaxma dövrü üçün ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə yanaşı, buraxılmış müddətin bərpası barədə ərizəni də məhkəməyə təqdim etmişdir. İşin qeyd edilən halı, yəni qanunla müəyyən edilmiş müddətin ötürülməsi iddiaçının özü tərəfindən artıq etiraf edildiyindən, işin halları ilə müddətin ötürüldüyü tam təsdiq olunduğundan, həmin müddət ötürülmüş hesab edilməlidir. İddiaçının cavabdehə qarşı qaldırdığı müvafiq iddia tələbləri üzrə əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddəti ötürülsə də, qanunverici bir sıra hallarda bu müddətin ötürülməsinin üzrlü hesab edildiyi halların dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, əmək qanunvericiliyi fərdi əmək mübahisəsinə baxan orqan qismində məhkəmənin iddia müddətinin tətbiqi barədə ərizə verildikdə sözügedən kateqoriyadan olan mübahisələrə mahiyyəti üzrə baxılma imkanını yalnız bir şərtdən, yəni buraxılmış müddətin üzrlü hesab edilərək bərpasından asılı etmişdir. Həmçinin, qanununun qeyd edilən norması imperativ xarakter daşımaqla, bu və ya digər qaydanın tətbiqi imkanını istisna edir. İşin hallarından görünür ki, iddiaçı qanunla məhkəməyə müraciət etmək üçün imperativ olaraq müəyyən edilmiş müddətin ötürülməsinin məhz üzrlü səbəblərdən baş vermə əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində sadalanan klassik şərtlərdən hər hansı birinə istinad etməmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və onun səlahiyyətli qurumlarının əməkdaşları tərəfindən verilmiş yenidən işə bərpa edilmənin mümkünlüyü kimi vədlərə inandığını, buna görə də məhkəməyə müraciət hüququnu vaxtında reallaşdırmadığını iddia etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil 03.**.2025-ci il tarixdə ünvanlanmış 3-24-2-02/2-*59/2025 nömrəli cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə çalışan təhsilverənlərin 2025-ci ilin fevral-mart aylarında keçirilmiş attestasiyasının nəticələrinə əsasən, kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyərək əmək müqavilələrinə xitam verilmiş şəxslər üçün təlimlərə cəlb olunmaq və xüsusi olaraq təşkil ediləcək müsabiqə əsasında yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılmışdır. Bununla əlaqədar, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən cari ilin 0*-07 may tarixlərində təlimlər təşkil edilmişdir. Attestasiya komissiyasının 3-dən çox üzvü tərəfindən əleyhinə səs verilməklə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin müraciəti nəzərə alınaraq, onların da sözügedən təlimlərdə iştirakına razılıq verilmiş və İddiaçı xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərində təlimlərdə iştirak etmişdir. Təlimlərdə iştirak könüllü xarakter daşıyır və mərkəz tərəfindən iştirakçıların qiymətləndirilməsi aparılmır. Göründüyü kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən aidiyyəti üzrə Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə çalışan təhsilverənlərlə 2025-ci ilin fevral-mart aylarında keçirilmiş attestasiyanın nəticələrinə əsasən, kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyərək əmək müqavilələrinə xitam verilmiş şəxslər üçün təlimlərə cəlb olunmaq və xüsusi olaraq təşkil ediləcək müsabiqə əsasında yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradıldığı bildirilmiş, attestasiyanın nəticələrinə uyğun olaraq cavab məktubunda göstərilən qaydadan kənara çıxan və həmin kateqoriyaya aid edilməyən təhsilverənlərə (məsələn, komissiya üzvlərindən tutduğu vəzifəyə uyğun olmaması barədə 4 nəfərin və ya 5 nəfərin səsverməsi), eləcə də iddiaçıya yenidən xüsusi olaraq təşkil ediləcək müsabiqə əsasında pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılacağı barədə hər hansı göstəriş və ya vəd verilməmiş, bununla bağlı hər hansı öhdəlik götürülməmişdir. Bununla da görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əsas məqsədi işçinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq olan attestasiya nəticəsində kiçik səs çoxluğu ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən işçilərin (təhsilverənlərin) yenidən əmək fəaliyyətinə qayıtması və pedaqoji fəaliyyətlə məşğul olması imkanı nəzərdə tutulmuş, lakin bu imkan iki şərtdən – mütəmadi təşkil olunan təlimlərdə və təlimin sonunda keçirilən imtahanda iştirakdan asılı edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi- Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə *9.0*.2026-cı il tarixdə ünvanlanmış 3-24-2/3-4-XMRC-2/2026 nömrəli xidməti məruzədən müəyyən olunur ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən cari ilin 0*-07 may tarixlərində təlimlər təşkil edilmişdir. Attestasiya komissiyasının 3-dən çox üzvü tərəfindən əleyhinə səs verilməklə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər də sözügedən təlimlərdə iştiraka razılıq verilməsi ilə bağlı aidiyyəti regional mədəniyyət idarəsinə ərizə ilə müraciət etmiş və idarələr tərəfindən mərkəzə təqdim edilmiş məlumatlara əsasən, onlar təlimlərə cəlb olunmuşlar. O cümlədən, Bakı şəhər 36 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllimi vəzifəsində çalışmış İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsinə ünvanladığı müraciəti əsasında təlim müddətində təşkil edilmiş *7 dərsdən **-də iştirak etmişdir. Təlimlərdə iştirak könüllülük prinsipi əsasında həyata keçirilmiş, mərkəz tərəfindən iştirakçıların qiymətləndirilməsi aparılmamış və həmin şəxslərin sonradan işə bərpası və ya xüsusi müsabiqə yolu ilə pedaqoji fəaliyyətə qaytarılması ilə bağlı hər hansı öhdəlik yaratmamışdır. Bu barədə təlim iştirakçılarına mərkəzin rəhbərliyi, əməkdaşları və təlimçiləri tərəfindən dəfələrlə bildirilmiş, habelə Mədəniyyət Nazirliyinin mediada açıqlamalarında məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş attestasiya vərəqəsindən görünür ki, İddiaçı ilə keçirilmiş attestasiya nəticəsində işçinin tutduğu vəzifəyə uyğun olmaması barədə 4 nəfər komissiya üzvü səs vermə hüququndan istifadə etmiş, yalnız * nəfər komissiya üzvü işçinin tutduğu vəzifəyə uyğun olması qənaətinə gəlmiş və işçinin lehinə səs vermişdir. Bununla da, iddiaçının pedaqoji fəaliyyətə qayıtmaq üçün yenidən şərait yaradılan təhsilverənlər kateqoriyasına aid olmaması aşkar müəyyən olunur. Qeyd edilənlərdən əlavə, məhkəmə baxış iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında məhkəməyə müraciət etmək hüququnu vaxtında həyata keçirməmə səbəblərindən biri kimi məhkəmə hakimiyyətinə ehtimal olunan qeyri-qanuni müdaxilələrdən çəkinməsini və prosesin onun xeyrinə yekunlaşma ehtimalının istisna olunmasını göstərmiş, lakin qeyd edilənləri “dəstəkləyən” hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının qorunması (təmin və ya bərpa edilməsi) ilə şərtlənən məhkəməyə müraciət hüququnu obyektiv deyil, məhz subyektiv səbəblərdən vaxtında reallaşdıra bilməmişdir. Müddətin ötürülməsinin üzrlü olması barədə sübutların təqdim edilməməsini nəzərə alan məhkəmə isə hesab edir ki, buraxılmış müddət bərpa edilməməlidir. Məhkəmə son olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, buraxılmış müddət bərpa edilmədiyi üçün mübahisəyə mahiyyəti üzrə baxılmasına, yəni iddia tələbinin əsaslılığına və təqdim edilmiş sübutlara tətbiq edilməli olan hüquq normalarına əlavə olaraq hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 36 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.