Məhkəmə qərarları › İş №2(010)-6329/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6329/2025

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6329/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (2 saylı Bakı «ASAN xidmət» Mərkəzinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (2 saylı Bakı «ASAN xidmət» Mərkəzinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Kafan rayonunda anadan olan həyat yoldaşı X8 doğum haqqında akt qeydinin bərpa edilməsi və onun doğum haqqında şəhadətnaməsinin yenidən verilməsi, həmçinin X8 X21 ilə eyni şəxs olmasının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X19 xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Kafan rayonunda anadan olmuşdur və elə Ermənistan Respublikasının Kafan rayonundan doğum haqqında şəhadətnamə almışdır. Beləki həyat yoldaşı X19 xx.xx.2025-ci ildə durğunluq ürək çatışmazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsini isə 29 aprel 2025-ci ildə əldə etmişlər. O, həyat yoldaşı X8 notarial qaydada vərəsəliyini açmaq üçün müraciət etmək istəyir, lakin ondan doğum haqqında şəhadətnaməsi tələb edilir. Həyat yoldaşı X8 doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasının Kafan rayonunda qalmışdır. Beləki yoldaşı Ermənistan Respublikasının Kafan rayonunda yerləşən kollecdə 3 il təhsil almışdır və təhsil alan zaman doğum haqqında şəhadətnaməsini həmin kollecə təhvil vermişdir. X19 həmin kollecdəki təhsilini bitirəndə onun doğum haqqında şəhadətnaməsinin itdiyini bildiriblər və geri qaytarmayıblar. Bu səbəblə də o, X8 doğum haqqında şəhadətnaməsini yenidən almaq üçün cavabdeh 2 saylı Bakı “ASAN xidmət” X7 müraciət etmişdir. 2 saylı Bakı “ASAN xidmət” X2 vermiş olduğu xx.xx.2025-ci il tarixli imtina məktubunda ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarının 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Həmçinin bildirmək istəyir ki, həyat yoldaşı X8 doğum haqqında akt qeydinin bərpası ilə yanaşı digər bir məsələ də həyat yoldaşının soyadı ilə bağlıdır. Beləki X1 onun atasının soyadı ilə üstüstə düşmür. Beləki qaynatasının - X8 atasının soyadı demək olarki hər yerdə Cəfərovdur - X22. Qaynatasının sadəcə bir yerdə - dövlət tərəfindən verilən medalda soyadı Cabbarovdur. Həyat yoldaşının soyadının Cabbarov, onun atasının soyadının isə bütün sənədlərdə Cəfər olaraq yazılması həyat yoldaşının vərəsəliyinin açılmasında maneə törədir. Həmçinin bildirmək istəyir ki, həyat yoldaşının bacı və qardaşlarının soyadları da fərqlidir. Beləki bəzilərində soyadı Cəfərov, bəzilərində isə Cabbarov yazılmışdır. Həyat yoldaşının 2 qardaşı - biri Zəngilan rayonunda, biri də Ağdam rayonunda şəhid olmuşdur. Onlarında soyadlarında Cəfərov yazılmışdır. Həyat yoldaşının bacılarında isə soyadları Cabbarov kimi qeyd edilmişdir. Həmçinin həyat yoldaşı X19 ilə birgə nikahdan doğulan hər iki övladlarının da doğum haqqında şəhadətnaməsində onların soyadı “Cabbarova” kimi yazılmışdır. Qeyd edir ki, həyat yoldaşı X8 şəxsiyyət vəsiqəsində və onların nikah haqqında şəhadətnaməsində onun ad soyad ata adı X6 yazılmışdır. Məhkəməyə müraciət etmək də məqsədi həyat yoldaşı X8 doğum haqqında akt qeydinin bərpa edilməsi və onun doğum haqqında şəhadətnaməsinin yenidən verilməsi, həmçinin X8 və X10 eyni şəxs olmasının təsdiq edilməsidir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, Ermənistan Respublikasından qaçqın düşdükləri vaxt oradan tez bir vaxtda ayrıldıqları üçün doğum haqqında şəhadətnaməsi də daxil olmaqla çox sayda sənədlər orada qalmışdır. Qayınatasının soyadı Cəfərovdur, ancaq həyat yoldaşının soyadı Cabbarovdur. Həyat yoldaşı 6 bacı qardaş olublar, onlardan yalnız həyat yoldaşında və bacılarından birində soyad Cabbarov qeyd edilib, qalanları isə Cəfərovdur. Vərəsəliklə bağlı bu vəziyyətin düzəldilməsi zəruridir, evin onun adına keçirilməsi üçün çalışır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X11 bildirdi ki, ərizəçi onlara müraciət edib, müraciəti araşdırılıb və doğum haqqında sənəd verilmədiyinə, həmçinin, soyadlar arasında ziddiyyət olduğundan imtina olunub. Belə ki, Nazirlər Kabinetinin 145 saylı qərarına əsasən uşağa soyad valideynlərindən birindən keçə bilər. Cabbarov Nadirin isə valideyni sənədlərdə Cabbarov soyadı ilə qeyd edilməyib. Bu da ona Cabbarov soyad verilməsində maneə yaradır. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X35 oğli ifadəsində bildirdi ki, ərizəçi onların gəlinidir. X31 rayonunda doğulub. Onlar ailədə 6 qardaş və 2 bacı olmuşlar. Onun atası Cəfərov soyadında olmuş, özü də “Cəfərov” soyadındadır. Bacılarından yalnız Xalidənin, qardaşlarından isə Nadirin soyadı “Cabbarov” kimidir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Nərimanov rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş İV-ЖQ seriyalı, 356217 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 və Ərizəçi arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 99 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cabbarov, arvada Vəliyeva soyadı verilmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 502454 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 xx.xx.2025-ci il tarixdə durğunluq, ürək çatışmazlığı səbəbindən ölmüşdür. İş materiallarına aid edilmiş “Açıq söz” adlı qəzetdə 1994-cü il may buraxılışında əks etdirilmiş məlumatdan görünür ki, X8 2 qardaşı – Bəxtiyar Cəfərov və Sabir Cəfərov döyüşlərdə şəhid olmuşdur. Məlumatdan görünür ki, onların da soyadları Cəfərov olmuşdur. Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş İİ- ЖQ seriyalı, 416796 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.1994-cü il tarixdə Ağdam bölgəsində döyüşlər zamanı bədənin və başın çoxlu qəlpə yarası alması səbəbindən ölmüşdür. Azərbaycan Respublikasının AZE seriyalı, 02635887 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X22 xx.xx.1931-ci il tarixdə Zəngilan rayonu, Ağkənd kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, qəbir üzərində X13 xx.xx.1931-xx.xx.2016-cı illərdə yaşadığı təsdiqlənir və soyadı qismində “Cəfərov” qeyd edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 14824 nömrəli vəsiqənin X14 məxsus olması müəyyən olunur. Azərbaycan Pespublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamının surətindən görünür ki, X22 “1941-1945-ci illərdə X17 Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. Ermənistan SSR Qafan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş İ- ЭЖ seriyalı, 171890 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1971-ci il tarixdə Qafan şəhərində doğulmuş, ata adı qrafasında X22, ana adı qrafasında X18 qeyd edilmişdir. Azərbaycan Respublikasının AZE seriyalı, 15955213 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuşdur. Azərbaycan Respublikasının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1974-cü il tarixdə Zəngilan rayonu, Ağkənd kəndində doğulmuşdur. Azərbaycan Respublikasının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 xx.xx.1969-cu il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuşdur. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq edilmiş "Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən xx.xx.2001-ci il tarixli 52 saylı qərarının 16-cı bəndinə əsasən “Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir“. Bu qaydanın 14-cü bəndə uyğun olaraq VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq, əlavə edilmiş sübutlara qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Ərizəçinin xahişi doğumun qeyd edilmə faktının müəyyən edilməsi və şəxsin eyni şəxs olmasının müəyyən edilməsindən ibarətdir. Doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair hissəyə münasibətdə müəyyən edildi ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət etməsini həyat yoldaşı mərhum X16 məxsus doğum haqqında şəhadətnamənin Ermənistandan gələrkən itməsini və həmin sənədi başqa qaydada əldə edə bilməməsi və bərpasının da mümkün olmaması ilə əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi həyat yoldaşı X19 xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuşdur. Onun doğumu həmin dövrdə dövlət qeydiyyatına alınmış olsa da, hazırda doğum haqqında akt qeydini əldə etmək mümkün deyil. Belə ki, qeyd edilən bu xüsusatlar məhkəmə iclasında dindirilmiş şahid ifadəsi, ərizəyə əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır. Bundan başqa, iş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd 1.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin şəxsin doğumu barədə akt qeydinin aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə şəxsin doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməkdən başqa yolu yoxdur. Odur ki, X8 xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Araşdırma zamanı müəyyən edildi ki, mərhumun şəxsiyyət vəsiqəsində onun soyadı “Cabbarov” kimi göstərilmişdir. Lakin təqdim edilmiş sənədlərdən, o cümlədən mərhumun bacı və qardaşlarına məxsus sənədlərdən müəyyən olunur ki, onun atasının soyadı “Cəfərov” olmuşdur. Soyad fərqinin ailə üzvlərinin müxtəlif dövrlərdə fərqli soyadlarla qeydiyyata alınması ilə əlaqədar yarandığı iş materialları ilə təsdiq olunur. Belə ki, mərhumun atasının soyadı yalnız Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 14824 nömrəli vəsiqədə “Cabbarov” kimi qeyd edilmiş, digər sənədlərdə isə “Cəfərov” kimi qeyd edilmişdir. Mərhumun soyadının “Cabbarov” kimi göstərilməsi onun X13 övladı olmasını istisna etmir. Müxtəlif dövrlərdə şəxslərin fərqli soyadlarda qeydiyyata alınması halları mövcud olduğundan, soyad fərqinin olması şəxsin mənşə etibarilə həmin şəxsin övladı olmasını inkar edən hal kimi qiymətləndirilə bilməz. Ərizənin digər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2-ci maddəsində məhkəmə tərəfindən müəyyən edilə bilən hüquqi əhəmiyyətli faktların dairəsi müəyyən edilmişdir. Ərizəçinin irəli sürdüyü X8 X21 ilə eyni şəxs olmasının müəyyən edilməsi barədə tələb isə qanunvericiliklə xüsusi icraat qaydasında müəyyən edilə bilən hüquqi əhəmiyyətli faktlar sırasına aid edilməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, ərizəçinin bu tələbi konkret hər hansısa sənədin müəyyən şəxsə məxsus olmasının müəyyən edilməsi ilə də bağlı deyildir. Ərizəçinin qeyd etdiyi məsələ əslində müxtəlif sənədlərdə şəxsin fərqli soyadla göstərilməsi ilə əlaqədar yaranmış uyğunsuzluğun aradan qaldırılması ilə bağlıdır ki, bu da xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi predmetinə aid edilə bilməz. Odur ki, ərizə bu hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin doğumun qeydə alınmasını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, X8 xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydində soyadı “Cabbarov”, adı “Nadir”, ata adı “Vəli”, doğum tarixi “xx.xx.1964-cü il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan Respublikası, Qafan rayonu”, ata qrafasında “X22, milliyyəti azərbaycanlı”, ana qrafasında “X18, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

Ərizə qismən təmin edilsin. X8 xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Cabbarov”, adı “Nadir”, ata adı “Vəli”, doğum tarixi “xx.xx.1964-cü il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan Respublikası, Qafan rayonu”, ata qrafasında “X22, milliyyəti azərbaycanlı”, ana qrafasında “X18, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar