Məhkəmə qərarları › İş №2(010)-637/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-637/2021

17.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-637/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı “X4 Kompani S.A.” şirkətinin nümayəndəsi Qasımov Fərman Cavanşir oğlunun Cavabdeh iştirakı ilə, İddiaçı “X4 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “X4 Kompani S.A.” şirkəti Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi ilə məhkəməyə müraciət edərək Suraxanı rayonu, Zığ qəsəbəsi 39 T 414236.36 m B 4470108.04 C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbində qeyd edilən özbaşına tikilinin xx.xx.2019-cu il tarixdə tikilmiş 40 kv.m ölçüdə olan tikili hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx xxxxxx 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə “Suraxanı blokunun” mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikasının adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005ci il tarixli Azərbaycan Respublikası Qanunu na əsasən qeyd olunana saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. İddiaçı şirkət Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilən etibarnamə əsasında fəaliyyət göstərir.Sazişin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan və qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X4 Kompani S.A“ Şirkətinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən “X4 Kompani S.A“ Şirkətinə Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2 saylı Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində olan sahə başa düşülür. Şirkətin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ iddiaçı Şirkətə məxsusdur. Son illər Şirkətin istifadəsində olan torpaq sahələri müxtəlif fiziki şəxslər tərəfindən ayrı-ayrı dövrlərdə zəbt edilmiş, özbaşına olaraq yaşayış evləri tikilmişdir. Həmin fiziki şəxslərə bu qanunsuz hərəkətlərin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi və şirkətin istifadəsində olan torpaq sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Belə ki, şirkətin qanuni istifadəsində olan əraziyə baxış keçirərkən, Suraxanı rayonu, Zığ qəsəbəsi, əməliyyat şirkətinin balansında olan 581 saylı neft quyusundan 119 metr aralıda 39 T 414236.36 m B4470108.04 m C koordinatları üzrə yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işləri aparılması aşkar edilmişdir. Araşdırma zamanı, cavabdeh nə torpaq sahəsinə, nə də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Mədən ərazilərində gedən hər hansı bir qeyri-qanuni özbaşına tikintilər neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir və eləcə də, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda geoloji-texniki tədbirlərin keçirilməsi mümkün olmur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək tələbin sonradan inşa edilən 40 kv.m tikiliyə aid olduğunu, cavabdehin evinin qalan hissəsinə isə tələblərinin aid olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək tələbin yönəldiyi 40 kv.m lik ərazinin evə artırma yox, evin bir hissəsi olduğunu, həmin hissənin yararsız hala düşdüyünə görə yenidən təmir edildiyini, bu halın da iddiaçı tərəfindən səhfən artırma yani, yeni tikili kimi qəbul edildiyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan: -Bakı şəhəri, Suraxanı rayon Zığ Bələdiyyəsinin xx xxxxxx 2001-ci il tarixli, 40 saylı sərəncamından görünür ki, vətəndaş Cavabdeh fərdi ev tikintisi üçün Zığ Bələdiyyəsinin şimal hissəsində 600 kv.m torpaq sahəsi ayrılması, bu sahədə tikinti aparılmasına icazə verilmişdir. - Bakı şəhəri, Suraxanı rayon Zığ Bələdiyyəsinin məhkəmə sorğusuna xx xxxx 2021-ci il tarixli, 26 saylı cavabından görünür ki, Cavabdeh istifadəsində olan Zığ qəsəbəsinin şimal hissəsində 600 kv.m torpaq sahəsi üzərində 100 kv.m tikilisi mövcuddur və vaxtlı-vaxtında bələdiyyənin vergilərini ödəyir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı təfəf cavabdehin dövlət tərəfindən onlara ayrılan torpaq sahəsində qanunsuz tikili inşa etməsi barədə tələbini onunla əsasladırır ki, yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh də məhz həmin sahədə özünün əvvəl mövcud olduğu evinə 40 kv.m artırma etmişdir. Bu artırma ərazi onların balansına veriləndən sonra edildiyinə görə qanunsuz hesab edilməli və sökülməlidir. Cavabdeh tərəfin iddiaya etirazı ondan ibarətdir ki, onun tikili inşa etdiyi sahə hüquqmüəyyənedici sənədlə ona verilmişdir, ümumiyətlə o müəyyən edildiyindən artıq tikili inşa etməmişdir, onun evi iddiaçının qeyd etdiyi 40.kv.m sahə ilə birlikdə 100 kv.m təşkil edir. İddiaçının tələbində qeyd etdiyi sahənin cavabdehə bələdiyyə sərəncamı ilə ayrılan torpaq sahəsi olması halı hər iki tərəfin izahatı ilə qəbul edilir, ona görə də, bu hal işin mübahisələndirilməyən halıdır. Mübahisənin mahiyyəti cavabdehin evə bitişik 40 kv.m sahədə tikinti aparması halıdır. İddiaçı məhz həmin tikilinin sökülməsini tələb edir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sadalanan normaların tələblərindən göründüyü kimi, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdeh istifadəsindəki torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu bələdiyyə sərəncamı ilə əldə etmişdir. Deməli, cavabdehin sahibliyi qanuni hesab edilməlidir. İddia tələbinin dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin 40 kv.m səhədə özbaşına tikili (evə artırma) inşa etməsi halı işə əlavə edilən sənədlə və işin halları ilə təsdiq edilmir. Belə ki, məhkəmə sorğusuna cavab məktubundan müəyyən edilir ki, cavabdehin hazırda həmin ərazidə 100 kv. mlik tikilisi mövcuddur, hansı ki, iddiaçı tərəf bu tikilinin əvvəllər də mövcud olduğunu, tələbin bu tikiliyə yönəlmədiyini öz izahatlarında bildirmişdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır və iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı "X4 Kompani S.A." Şirkətinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar