Məhkəmə qərarları › İş №2(010)-6392/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6392/2025

09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6392/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 iştirakları ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb edilməklə) məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (bundan sonra - ərizəçi) (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb edilməklə) məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, uzunmüddətli mühafizə orderinin verilməsi, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 uşaqları ilə görüş zamanı hər hansı maneçilik törətməmək barədə məhkəmə göstərişi verilməsi, Maraqlı şəxs1 ona qarşı söyüş, təhdid və qarşıdurma yaratmasının qarşısının alınması məqsədi ilə hüquqi tədbirlər görülməsi, ciddi şəkildə həyat təhlükəsi olduğu üçün Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 ona yaxınlaşmasının müəyyən məsafədə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-16(010)-148/2025 nömrəli qərarına əsasən, övladları ilə görüş hüququna malikdir. Lakin, cavabdeh görüş zamanı ona qarşı dəfələrlə qeyri-etik hərəkətlər etmiş, söyüş və təhdidlər səsləndirmiş, həmçinin övladlarını qəsdən ağladaraq görüşün keçirilməsinə maneçilik törətmişdir. Məhkəmənin qərarında görüşdə Maraqlı şəxs1 iştirak etməsi qeyd edilsə də, Maraqlı şəxs3 və Maraqlı şəxs2 hər görüşdə icra şöbəsinə yaxınlaşıb qeyri-etik hərəkətlər edərək görüş zamanı söyüş söyüb səs-küy salaraq məhkəmənin qərarına maneçilik törədirlər. Bu hallar barədə icra şöbəsində Maraqlı şəxs2 haqqında müvafiq aktlar tərtib edilmiş, Maraqlı şəxs3 haqqında 31-ci polis bölməsində 54- 212-Ə-5703 nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmiş, həmçinin o, dəfələrlə söyüş və təhdidlərə məruz qaldığı üçün 31-ci polis bölməsinə dəfələrlə müraciət etmişdir. Cavabdeh Maraqlı şəxs1 dəfələrlə övladları ilə görüşə maneçilik yaratdığı üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(103)-2229/2025 nömrəli qərarına əsasən, inzibati məsuliyyətə cəlb edilmişdir. Qarşı tərəfə dəfələrlə övladları ilə görüşə maneçilik yaratmaq üçün ona şərböhtan ataraq icra şöbəsində səs-küy salaraq iş rejimini ciddi şəkildə pozub, ona şərböhtan atmışdır ki, guya övladları ilə görüşə içkili vəziyyətdə gəlir. Əlavə etdiyi sənədlərə həmin günü içkilik testini əlavə edir. Qarşı tərəfin məhkəmə qərarının icrasına mane olması və təhlükəli davranışları səbəbindən Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş və ona 60 günlük mühafizə orderi verilmişdir. Lakin, order qüvvədə olduğu 60 gün ərzində cavabdehlər eyni hərəkətləri davam etdirmiş, söyüş, təhqir və təhdid etmiş, ünsiyyət hüququnun icrasına maneçilik göstərmişdir. Bu hallar audio-video materiallarda, mesajlarda və icra şöbəsinin qeydlərində öz əksini tapmışdır. Hazırda mühafizə orderinin müddəti bitmişdir, lakin təhlükə və zorakılıq riski davam edir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, qarşı tərəfdən çıxış edən şəxslərin heç biri ilə ünsiyyəti mövcud deyil və onlarla ünsiyyətdə olmaq belə istəmir. Keçmiş həyat yoldaşı boşanma barədə ərizə verdiyi gündən bu tərəfə onunla əlaqə saxlamır. Məhkəmənin qərarına əsasən, uşaqları ilə ünsiyyət hüququnu həyata keçirmək üçün icra şöbəsinə yaxınlaşır və bu zaman qarşı tərəflə əlaqə belə saxlamır. Uşaqla görüş zamanı keçmiş həyat yoldaşının atası onu söyür və təhqir edir. O da bu kimi halları video yazıya qeydə almış və yerli icra hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyəti tərəfindən ona qısamüddətli mühafizə orderi verilmişdir. Qısamüddətli mühafizə orderinin qüvvədə olduğu müddətdə o, uşaqları ilə icra şöbəsində görüşmək istədikdə uşağın anası Maraqlı şəxs2 qəsdən görüşə gələrək bu görüşün baş tutmasına maneə olur və uşaqları ona göstərmir. Halbuki, məhkəmənin qərarına əsasən, görüş yalnız ananın iştirakı ilə baş tutmalıdır. Həmçinin, uşaqlarını yalnız analarının iştirakı ilə təxminən 5-10 dəqiqə rahat şəkildə görür, onları öpür, qucaqlayır və yola salır. Keçmiş həyat yoldaşının atası və anası uşaqla ünsiyyətdə olduğu zaman ona yaxınlaşmamalı və ona yaxınlaşmalarına müəyyən məsafədə qadağa qoyulmalıdır. Hətta, iş materiallarına əlavə edilmiş video yazılardan da aşkar olunur ki, uşaqları ilə icra şöbəsində görüş zamanı Maraqlı şəxs2 səs-küy salır və görüşün baş tutmasına maneə olur. Buna görə də, həmin vaxt icra məmuru da Maraqlı şəxs2 tərəf olmadığı üçün görüşdə iştirakına yol verilmədiyi barədə irad bildirir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 ərizəni qəbul etməyərək bildirdi ki, ərizəçinin izahatında dedikləri tamamilə şər-böhtan və yalandır. Döyülən odur, lakin məhkəməyə ərizə ilə müraciət edən ərizəçidir. Ərizəçi icra şöbəsinə daxil olan zaman onları söyür və səs-küy salır. Qızını təkləyir. Uşaqlar körpədir və hər ikisinin çəkisi 20 kqdır. Qızı uşaqları təklikdə görüşə apara bilmədiyi üçün ona kömək edir. Ərizəçi onları təhqir edir və bu zaman baş verənləri çəkir. Odur ki, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 ərizəni qəbul etməyərək bildirdi ki, o, talassemiya xəstəsidir və ağır yük qaldıran zaman dalağı şişir. Buna görə də, uşaqları təkbaşına görüşə apar bilmir. Çünki, uşaqlar körpədir və yerimirlər. O, ərizəçidən şikayətçidir. Çünki, ərizəçi onları söyür və təhqir edir. Uşaqları da məcbur qalaraq valideynlərinin iştirakı ilə görüşə aparır. Odur ki, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 ərizəni qəbul etməyərək bildirdi ki, ərizəçi və onun qızı artıq qanuni olaraq ər-arvad hesab edilmir. İcra şöbəsində uşaqlarla ünsiyyət zamanı ərizəçi onun həyat yoldaşı Maraqlı şəxs2 döymüş, nəticədə Bakı Hərbi Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə ərizəçi 300 manat cərimə edilmişdir. Ərizəçinin uşaqları ilə görüşünə etiraz etmir, icra məmuru tərəfindən ona zəng olunan zaman uşaqları icra şöbəsinə aparmış və görüşə maneə olmamışdır. Hətta, ərizəçinin anası və atasına da bildirmişdir ki, nə zaman istəsələr, onun evində nəvələri ilə görüşə bilərlər. Ərizəçi mənəvi cəhətdən onlara əziyyət verir, onları məhkəmədə süründürür. Ərizəçinin qanunsuz hərəkətləri nəticəsində o, əsəb xəstəsi olmuşdur. İki aya yaxın müddətdir ki, o, işə çıxmır. Odur ki, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar xx.xx.2025-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-16(010)-148/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı görüş təmin olunan zaman iş üzrə borclu Maraqlı şəxs1 anası İradə adlı şəxs tələbkarı mübahisəyə cəlb etmiş, nəticədə mübahisə yaranmışdır. Qeyd edilən şəxs tələbkarın şəxsinə qeyri-etik ifadələr işlətmiş, icra məmuru tərəfindən qanuna tabe olması təklif edilsə də, sakitləşməmiş və mübahisəyə davam etmişdir. İradə adlı şəxs icra tədbiri iştirakçılarının razılığı olmadan video çəkiliş aparmış, ona bu halı dayandırmaq təklif edilsə də, hərəkətləri davam etdirmişdir (müvafiq akt Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin 2 icra məmuru və 2 hal şahidinin imzaları ilə təsdiq edilmişdir). Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş qısamüddətli mühafizə orderindən müəyyən olunur ki, Ərizəçi qarşı məişət zəminində fiziki zorakılıq – zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması, məişət zəminində psixi zorakılıq – qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər edilməsi Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qadağan edilmiş və qısamüddətli mühafizə orderinin 60 gün müddətinə verilməsi qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi tərəfindən ərizəçiyə xx.xx.2025-ci il tarixdə ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, Maraqlı şəxs3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmiş, toplanmış material saxlanılması üçün dəftərxanaya təhvil verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.11. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında; Maddə 355-2. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizədə məişət zəminində qəsdən törədilən fiziki, psixi və ya cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya mənəvi zərər vurulmasını təsdiq edən hallar şərh edilməli, ərizəçinin xahişi göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin məhkəmədən xahişi ona uzunmüddətli mühafizə orderinin verilməsi, maraqlı şəxslər tərəfindən ona qarşı qeyri-əxlaqi ifadələrin işlədilməsinin və maraqlı şəxslərin ona müəyyən məsafədə yaxınlaşmasının, bir sözlə ona narahatlıq gətirən hərəkətlərin icrasının qadağan edilməsindən ibarətdir. Məhkəmə ərizəçinin xahişinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-1.1-ci maddəsinə əsasən, məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, mülki mühakimə icraatı haqqında qanunvericilik məhkəmə qaydasında uzunmüddətli mühafizə orderinin verilməsi imkanını qanunla iki mümkün şərtin eyni anda mövcudluğu ilə əlaqələndirmişdir. Məhkəmə qaydasında uzunmüddətli mühafizə orderinin verilməsi üçün məişət zorakılığı törətmiş şəxs 1) verilmiş xəbərdarlığa və 2) qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməlidir. Analoji müddəa “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsində də təsbit edilmişdir. Belə ki, həmin maddəyə əsasən, məişət zorakılığı törətmiş şəxsin xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Ümumilikdə məişət zorakılığına qanunla verilən anlayışdan görünür ki, məişət zorakılığı dedikdə, qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür. Qanunla məişət zorakılığının 3 növü fərqləndirilir: 1) məişət zəminində fiziki zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması, 2) məişət zəminində psixi zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri və 3) məişət zəminində cinsi zorakılıq - bu Qanunun 4-cü maddəsində göstərilən şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi. Bundan əlavə, qanunla məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi də məişət zorakılığı sferasına aid edilmiş və qanunun mühafizəsi həmin məhdudiyyətlərin tətbiqi zamanı da mümkün hesab edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ərizəçiyə xx.xx.2025-ci il tarixdə qısamüddətli mühafizə orderi verilmiş və həmin orderlə Ərizəçi qarşı məişət zəminində fiziki zorakılıq – zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması, məişət zəminində psixi zorakılıq – qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər edilməsi Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qadağan edilmiş və qısamüddətli mühafizə orderinin 60 gün müddətinə verilməsi qeyd edilmişdir. Qısamüddətli mühafizə orderinin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixdə bitmiş, ərizəçi xx.xx.2025-ci il tarixdə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas qismində maraqlı şəxslər tərəfindən onun həyatı və sağlamlığı üçün təhlükə törədən hərəkətlərin yenidən törədilmə ehtimalının (riski) davam etməsinə istinad edilmiş, Maraqlı şəxs1 və onun atası Maraqlı şəxs3 inzibati məsuliyyətə cəlb edilməsi barədə qeyd olunmuşdur. Halbuki, iş materiallarına həmin şəxslər barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və müvafiq protokol əsasında qəbul edilən qərarlar əlavə edilməmiş (yalnız Maraqlı şəxs3 barədə inzibati xəta haqqında protokol tərtib edilmə barədə məlumat göstərilmiş, lakin həmin protokolun sonrakı taleyi – protokol əsasında qəbul edilmiş hər hansı qərar ərizəyə əlavə olunmamışdır), ərizəçinin bu barədə mövqeyi formal mülahizələrdən ibarət olmuşdur. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə müvafiq qərarlar əlavə olunmasa belə, ədalətli məhkəmə araşdırmasının aparılması məqsədi ilə “Elektron məhkəmə” informasiya sisteminin təqdim etdiyi imkanlardan istifadə edilməklə müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(010)- 2821/2025 nömrəli qərarı ilə Maraqlı şəxs1 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Göründüyü kimi, müvafiq məhkəmə qərarı məişət zorakılığından zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsindən təxminən 1 ay əvvəl qəbul edilmiş, yəni müvafiq qərarın qəbul edilməsinə əsas olan hərəkətlər həmin orderin qüvvədə olma müddətindən əvvəlki tarixdə baş vermişdir. Eyni zamanda, maraqlı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsini həll edən məhkəmə aktında sonuncu tərəfindən məişət zorakılığı ilə bağlı hər hansı hərəkətin törədilməsinə istinad edilməmiş, həmin qərarla yalnız icra məmurunun icra sənədinin icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsinə görə maraqlı şəxsə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilənlərin davamı olaraq, Maraqlı şəxs3 barədə məlumatlar “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilmiş və sonuncu şəxs barədə qeydə alınmış inzibati xəta haqqında iş üzrə icraat aparılmasını təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. Digər tərəfdən, ərizəçi Maraqlı şəxs2 uşaqla müvəqqəti ünsiyyət hüququ müəyyən edən məhkəmə aktının icrasına mane olduğunu və bu barədə icra məmuru tərəfindən akt tərtib edildiyini bildirmiş və aktı ərizəyə əlavə etmişdir. Aktın tədqiqindən aydın olur ki, Maraqlı şəxs2 həqiqətən də, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tanınan ərizəçinin uşaqları ilə müvəqqəti ünsiyyət hüququnu həyata keçirməyə mane olmuş, uşaqla ünsiyyət zamanı ərizəçiyə qarşı qeyri-etik ifadələr işlətmiş və icra hərəkəti iştirakçılarının razılığı olmadan onları video çəkilişə məruz qoymuşdur. Lakin, bu kimi hərəkətlər də qısamüddətli mühafizə orderinin verilməsindən əvvəl, yəni xx.xx.2025-ci il tarixdə baş vermişdir. Məhz bu kimi narahatlıq doğuran hərəkətlərin nəticəsində ərizəçi məişət zorakılığından zərər çəkmiş şəxs kimi ərazi üzrə yerli icra hakimiyyətinə müraciət etmiş və ona qısamüddətli mühafizə orderinin verilməsinə nail olmuşdur. Hazırda isə məişət zorakılığı törədən şəxslər tərəfindən onlara edilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə riayət edilməməsi ətrafında araşdırma aparılmış, lakin, ərizəçi tərəfindən bu kimi halların təsdiqinə dair mötəbər və kifayətedici sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmə təqdim edilmiş video yazılarda məhkəmə qərarı ilə müəyyən edilmiş ünsiyyət hüququnun həyata keçirilməsi zamanı hər iki tərəfin birbirlərinə qarşı qeyri-etik ifadələr işlətməsi, bir-birlərinin ünvanına xoşagəlməz sözlər söyləməsi və nəticədə görüşün keyfiyyətsiz formada baş tutması müəyyən edilmişdir. Bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən, Bakı Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3-1(093)-898/2025 nömrəli qərarı ilə müəyyən edilir ki, Ərizəçi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, məişət zorakılığından zərər çəkmiş şəxsin özü tərəfindən maraqlı şəxslərdən biri – Maraqlı şəxs2 qarşı inzibati xəta törədilmiş, son nəticədə məişət zorakılığının bir növü olan fiziki zorakılıq aktı icra edilmiş və şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək, ərizənin təmin edilməməli olması qənaətinə gəlir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb edilməklə) məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar