Məhkəmə qərarları › İş №2(010)-644/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-644/2021

30.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-644/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı və nikah müddətində əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, “Changan Eado” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin İddiaçı ilə Cavabdeh1 arasında bölünməsi və sözügedən avtomobildə İddiaçı payının ¾ hissə, Cavabdeh1 payının isə ¼ hissə müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh1 ilə 07.10.2013-cü il taixdə nikaha daxil olaraq ailə qurmuş, sonradan xasiyyətləri müxtəlif olduğundan ailə münasibətləri Xətai rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti üzrə qəbul olunmuş Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Birgə nikah dövründə, yəni 04.11.2019-cu il tarixdə onlar “Changan Eado” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobili almışlar. Cavabdeh1 2020-ci ilin avqust ayında onun razılığını almadan avtomobili Cavabdeh2 satmışdır. Bu alqı-satqıdan sonra, avtomobilə ** FY *** dövlət qeydiyyat nişanı verilmiş və avtomobil 22.08.2020-ci il tarixli şəhadətnamə ilə Cavabdeh2 adına qeydə alınmışdır. Lakin iki həftə keçməmiş Cavabdeh2 avtomobilə dair Cavabdeh1 adına etibarnamə vermişdir. Belə ki, hazırkı dövlət qeydiyyat nişanı “Changan Eado” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1la onun ümumi birgə mülkiyyətidir. Lakin avtomobilin özgəninkiləşdirilməsi ümumi mülkiyyətçi olaraq onun razılığı olmadan həyata keçirildiyindən həmin alqı-satqı müqaviləsi etibarsızdır. Buna görə avtomobilə dair bağlanmış 22.08.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmalı, avtomobilə dair müqavilədən əvvəlki hüquqi vəziyyət bərpa olunmalı, avtomobil üzərində onun ¾ hissədə, Cavabdeh1 isə ¼ hissədə payları müəyyən olunmalıdır. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflər 07.10.2013-cü il tarixdə ailə qurmuşlar, müəyyən səbəblərə görə nikahları pozulmuşdur. Birgə nikah dövründə onlar “Changan Eado” markalı, ** FY ***(** UV ***) dövlət qeydiyyat nişanlı avtomobili alıb cavabdehin adına rəsmiləşdirmişlər. Lakin, iddiaçının xəbəri olmadan cavabdeh avtomobili Cavabdeh2 22.08.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satmışdır. Həmin əqd etibarsız hesab olunmalı, belə ki, əqd görünüş üçün bağlanmış, etibarnamə əsasında yenidən Cavabdeh1 verilmişdir. Hazırkı “Changan Eado” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil isə birgə nikah dövründə əldə olunmuş və nikahları pozulmasına baxmayaraq tərəflərin ümumi mülkiyyətində olmuşdur. Lakin cavabdeh avtomobili özgəninkiləşdirdikdə ümumi mülkiyyətçi olan iddiaçının razılığı alınmamışdır. Odur ki, həmin alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, avtomobili 9000 manata dostu Cavabdeh2 satmışdır. Avtomobili satmasının səbəbi isə onun atasının xəstə olması idi. Onun adına etibarnamə verilməsinə baxmayaraq avtomobili alqı-satqı yolu ilə Cavabdeh2 əldə etmiş və hal-hazırda Cavabdeh2nın mülkiyyətində və istifadəsindədir. İddiaçı ilə onun arasında olan problemin Cavabdeh2 heç bir aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, Cavabdeh1 uzun müddətdir ki, tanıyır. Cavabdeh1 atasının xəstə olduğunu və ona pul lazım olduğunu bildirmiş və o, da Cavabdeh1 5000 manat pul vermişdir. Daha sonra isə ona yenidən 4000 manat pul vermişdir. Cavabdeh1 pulu qaytara bilmədiyindən avtomobilin ona satılmasını təklif etmiş və o da razılaşaraq avtomobilə dair alqı-satqı müqaviləsi bağlamışdır. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsi tərəfindən verilmiş 22.08.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “Changan Eado” markalı, ** FY ***(** UV ***) dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 satmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7515/2020 saylı 15.10.2020-ci il tarixli, qətnaməsinə əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3891/2020 saylı 25.08.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsi tərəfindən verilmiş 24.09.2020-ci tarixli məktubundan görünür ki, Cavabdeh1 adında heç bir nəqliyyat vasitəsi qeydiyyatdan keçmir, 22.08.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında “Changan Eado” markalı, ** FY ***(** UV ***) dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 satmışdır. İş materiallarında olan satıcı “xxxx” MMC ilə alıcı Cavabdeh1 arasında 27.08.2016cı il tarixində bağlanmış, 1102 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 2014-cü il buraxılışlı ““Changan Eado” markalı, ** FY ***(** UV ***) dövlət qeydiyyat nişanlı avtomobili 18 ay müddətinə, ayda 430 manat ödəmək şərti ilə 15480 manata “xxxx” MMCdən almış və həmin tarixdən Cavabdeh2 zaminlik müqaviləsi bağlayaraq borclu ilə birlikdə satıcı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadin əldə etdikləri əmlak onlarin ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bu Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Qeyd edilən Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında Mənzil X1” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Mülki Məcəllənin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bu Maddənin 139.2.-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarının 1.2.-ci bəndinə əsasən reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. «Yol hərəkəti haqqında» AR Qanununun 27-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan və mühərrikinin işçi həcmi 50 kub sm və daha çox, konsrutktiv maksimal surəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modeli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilərək uçota alınırlar, qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Azərbaycan Respublikası Prezidentinin 11.04.2007-ci il tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiq «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları»na əsasən adıçəkilən nəqliyyat vasitələrinin dövlət reyestrini aparan orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Bu Məcəllənin 340.1.-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 07.10.2013-cü ildə rəsmi olaraq nikaha daxil olmuş və birgə nikah dövründə birgə təsərrüfat aparmış və 27.08.2016-cı il tarixdə alqı-satql müqaviləsi əsasında “Changan Eado” markalı, ** FY ***(** UV ***) dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər. Avtomobil Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Daha sonra sözügedən avtomobil 22.08.2020-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən 9800 manata Cavabdeh2 satılmışdır. Avtomobilin satılması zamanı iddiaçının razılığı alınmamış və onun razılığı olmadan avtomobil satılmışdır. Məhkəmə hesab edir ki, avtomobil birgə nikah dövründə və tərəflərin ümumi gəlirləri hesabına əldə olunduğundan, daşınar əmlak yalnız cavabdehin adına rəsmiləşdirildiyindən, ər-arvad birgə mülkiyyət üzərində sahiblik, istifadə və sərəncam verilməsini hüquq bərabərliyi əsasında həyata keçirməli olduqlarından və avtomobil satılan zaman iddiaçının bundan məlumatı olmadığından alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı və tərəflərin əmlak üzərində bərabər payları müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 ilə arasında bağlanmış 22.08.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, “Changan Eado” markalı, ** FY ***(** UV ***) dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə Cavabdeh1 və ½ hissədə İddiaçı bərabər payları müəyyən olunmalıdır. Bundan başqa 22.08.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 Cavabdeh2 9800 manat alması müəyyən olunduğundan tərəflərin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı normalar tətbiq olunmalıdır. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 22.08.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 9800 manat Cavabdeh1 tutularaq Cavabdeh2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 ilə arasında bağlanmış 22.08.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. “Changan Eado” markalı, ** FY *** (** UV ***) dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə Cavabdeh1 və ½ hissədə İddiaçı bərabər payları müəyyən olunsun. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 22.08.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 9800 (doqquz min səkkiz yüz) manat Cavabdeh1 tutularaq Cavabdeh2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar