Məhkəmə qərarları › İş №2(010)-657/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-657/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-657/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlə birgə nikah dövründə inşa etdikləri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu 1 ünvanında yerləşən yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, mediasiyaya görə iddia ərizəsinin baxılmamış saxlanılmasına zərurət yoxdur. Belə ki, iş üzrə icraat dayandırıla və iddiaçı yenidən mediasiyaya müraciət edə bilər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, iş üzrə heç bir mediasiya prosesi keçirilməmişdir və iddia ərizəsinə əlavə edilmiş mediasiya arayışının hazırkı işə heç bir aidiyyəti yoxdur. Mediasiya prosesi keçirilmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflər keçmiş ər-arvaddır və cavabdehin mübahisəli evə köçürülmək istəməsi onların keçmişdə ailə münasibətlərində olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsi ilə bu Məcəllə ilə tənzimlənən ailə münasibətlərinin dairəsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Göründüyü kimi, mübahisə tərəflər arasında olan ailə münasibətlərindən irəli gəlmişdir. Bu münasibətlərdən irəli gələn iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl isə tərəflər mediasiya prosesində iştirak etməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu. 3.1. mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr. 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, yuxarıda qeyd edilən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak məcburidir. Tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesində iştirak etdikdən sonra, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, bu zaman mediasiya prosesində iştirak etməsini təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim etməlidir. Hazırkı işdə isə iddia ərizəsinə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış əlavə edilsə də, bu arayışda mübahisənin nikahın pozulması tələbi ilə bağlı olduğu qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin arayışın hazırkı işə aidiyyəti yoxdur. Odur ki, bu iş üzrə tərəflər mediasiya prosesindən keçməmişdir. Bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanarkən eyni zamanda ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılması təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar