Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-66/2023 08.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı “X7 Kompani S.A.” şirkətinin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı «X7 Kompani S.A» Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X7 Kompani S.A” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 39 T 415745.00 m B 4475331.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB**********0012467111 №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "X7 Kompani S.A.” Şirkəti "Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X7 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neftqaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün "X7 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ "X7 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. "X7 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüquqları mövcuddur. Son illər istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa də, cavabdehlər onların tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirmişlər. "X7 Kompani S.A. ”şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov kiiçəsi, 39 T 415745.00 m B 4475331.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Tikilidən 4 metr aralıda şirkətin balansında olan 694 saylı ləğv edilmiş, təxminən 100 metr aralıda isə, 1427, 1224 və 76354 saylı fəaliyyətdə olan neft quyuları mövcuddur. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdı. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdi. Lakin qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh yaşadığı evin yerləşdiyi ərazi “X7 Kompani S.A.”şirkətinin istifadəsindədir. Cavabdeh tərəfindən yaşadığı ünvanda qanunsuz tikili inşa olunmuşdur, lakin cavabdeh tərəfindən həmin evə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Cavabdeh yaşadığı evdə əlavə tikinti işləri apardığından həmin tikinti sökülməlidir və torpaq sahəsi şirkətin istifadəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o uzun müddətdir ki, ailəsi ilə birlikdə həmin torpaq sahəsində inşa olunmuş evdə yaşamışdır. Sonradan onun qızı ailə həyatı qurmuş və onun dördəmləri anadan olmuşdur. Lakin onların yaşadıqları yaşayış evi qəzalı vəziyyətdə olduğundan, uşaqların həmin evdə yaşamaları qeyri-mümkün olduğundan onların evlə təmin olunmaları ilə bağlı olaraq Prezident Administrasiyasına müraciət etmişdir. Prezident Administrasiyası isə onu Suraxanı rayon İcra Hakimiyyətinə yönləndirmişdir. Bununla bağlı o Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş və onun yaşayış sahəsinə baxış keçirmişlər. Suraxanı rayon İcra Hakimiyyəti onu yeni evlə təmin etmələrinin mümkün olmamasını bildirərək ona həmin həyətdə başqa yaşayış evinin tikilməsinə icazə vermişlər və hətta evin tikilməsi üçün ona maddi yardım ayrılmışdır. Hazırda onların başqa yaşayış yerinin olmamasını nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında mövcud olan “X7 Kompani S.A” Şirkəti tərəfindən 22 noyabr 2017-ci il tarixdə verilmiş ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan şirkətin Direktorlar Şurasının qərarı ilə şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı Pervaiz Naveedə Şirkətin adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İ saylı neft-qaz çıxarma sexin ərazisində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi ünvanında Cavabdeh tərəfindən 70-80 m2 ölçüdə olan sahədə dəfələrlə edilən xəbərdarlığa baxmayaraq özbaşına olan tikilinin başa çatdırıldığı aşkar olunmuş, nə torpaq sahəsinə, nə tikiliyə dair sənəd təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.1983-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, mənzil şəraitinizin yaxşılaşdırılması məqsədi ilə torpaq sahəsi ayrılması haqqında elektron ərizəyə Suraxanı Rayon icra Hakimiyyətində baxılmışdır. Bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və Torpaq Məcəlləsinin 59-cu maddələrinə əsasən 01 yanvar 2001-ci il tarixdən fərdi və kooperativ mənzil, bağ evləri, qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün vətəndaşlara torpaq sahələrinin ayrılması yerli bələdiyyələr tərəfindən həyata keçirilir. Eyni zamanda, qardaşının öz həyatyanı sahəsindən ona ayırdığı 1 sot torpaq sahəsində mənzil şəraitini yaxşılaşdırılması məqsədi ilə fərdi yaşayış evinin tikintisinin aparılmasına RİH tərəfindən etiraz edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Ağentliyi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində “X7 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş dövlət mülkiyyətinə aid torpaq sahəsində vətəndaş Cavabdeh tərəfindən tikinti işinin aparılmasının qarşısının alınmasına köməklik göstərilməsi barədə 1187/AS nömrəli 17 noyabr 2020-ci il tarixli müraciətinizə X1 Təşkili üzrə Dövlət Agentliyinə baxılmışdır. Müraciətdə qeyd olunan məsələ Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılmış, vətəndaş tərəfindən sözügedən ərazidə yerləşən torpaq sahəsinə dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işinin aparılması faktı təsdiqini tapmışdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-1705/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3797 nömrəli məktubu ilə mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin (koordinatlar qeyd olunmaqla) Mərkəzə heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmadığına görə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı tərəf cavabdehin dövlət tərəfindən onlara ayrılan torpaq sahəsində qanunsuz tikili inşa etməsi barədə tələbini onunla əsaslandırır ki, yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh də məhz həmin sahədə tikinti işləri aparmışdır. Bu tikinti ərazi onların balansına veriləndən sonra edildiyinə görə qanunsuz hesab edilməli və sökülməlidir. Cavabdeh tərəfin iddiaya etirazı ondan ibarətdir ki, onların yaşadıqları fərdi yaşayış evi illər öncə inşa edildiyindən yaşayış üçün yararlı olmamış və qəzalı vəziyyətdə olmuşdur. Sonradan onun qızı ailə qurmuş və onun dördəmləri anadan olmuşdur. Lakin onların yaşadıqları yaşayış evi pis vəziyyətdə olduğundan, uşaqların həmin evdə yaşamaları qeyri-mümkün olduğundan onların evlə təmin olunmaları ilə bağlı olaraq Prezident Administrasiyasına müraciət etmişdir. Sonradan onu Suraxanı rayon İcra Hakimiyyətinə yönləndirmişlər və İcra Hakimiyyətinin nümayəndələri onun yaşayış sahəsinə baxış keçirmişlər. Suraxanı rayon İcra Hakimiyyəti isə onu yeni evlə təmin etmələrinin mümkün olmamasını bildirərək ona həmin həyətdə başqa yaşayış evinin tikilməsinə icazə vermişlər və hətta yeni evin tikilməsi üçün dövlət dəstəyi göstərərək maddi yardım ayrılmışdır. O yalnız orada mövcud olan köhnə və yararsız fərdi yaşayış evini yeniləmiş, orada başqa tikinti işləri aparmamışdır. Mübahisənin mahiyyəti cavabdehə məxsus fərdi yaşayış evinin bütünlüklə sökülməsindən ibarətdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sadalanan normaların tələblərindən göründüyü kimi, daşınmaz əmlaka məhdud əşya hüququ əldə etməyin üsullarından biri qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquqdur. Hazırkı işdə cavabdehin istifadəsindəki olan torpaq sahəsində tikinti işləri uzun müddət öncə aparılmış, lakin həmin evdə yaşamaq üçün şərait mövcud olmadığından və dördəmlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün müvafiq icra orqanı tərəfindən həmin torpaq sahəsində köhnə evin əvəzinə yeni evin tikintisinə icazə verilmiş və maddi yardım ayrılaraq hazırda uzun illər öncə inşa edilmiş fərdi yaşayış evinin qəzalı vəziyyəti aradan qaldırılmışdır. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yordanov və qeyrilərinin Bolqarıstana qarşı” iş üzrə 24 aprel 2012-ci il tarixli qərarında hesab etmişdir ki, Yordanovun və başqalarının Sofiya şəhərində yaşadıqları icazəsiz tikilmiş müvəqqəti tikilidən çıxarılmaları demokratik cəmiyyətdə zərurilik prinsipinə uyğun deyil və insanların şəxsi və ailə həyatına hüququnu müəyyən edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Həmin qərarda insanların illər ərzində yaşadıqları evlərdən çıxarılması onların həyat tərzinə, ev, şəxsi həyat və ailə həyatına hörmət hüquqlarına müdaxilə kimi qiymətləndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, dövlət orqanları qanunsuz olaraq zəbt edilmiş torpağı geri almaq hüququna malik olsa da, qanunsuz yerləşməyə on illərlə göz yummuş və bununla ərizəçilərə qonşuluqda güclü əlaqələr yaratmaq və sosial həyat qurmasına imkan vermişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qaraçı icmasına daxil olan insanların yaşadıqları evlərdən çıxarılmasını qanunsuz hesab edərkən onlara alternativ yaşayış sahəsinin təklif olunmamasını və onların evsiz qalmaq riskinin nəzərə alınmamasını da əsas kimi göstərmişdir. İnsanların uzun illər ərzində özlərinin yaşayış yeri kimi istifadə etdikləri qanunsuz tikiliyə təxminən eyni münasibət İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X4rşı” qərarında da öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əhmədova Azərbaycana Qarşı” iş üzrə xx.xx.2021-ci il tarixli qərarında hesab etmişdir ki, məhkəmə hazırkı işdə müşahidə edir ki, yerli məhkəmələr evin sökülməsini və ərizəçinin evi boşaltmasını qərara alarkən yalnız o fakta əsaslanmışdır ki, ev dövlət mülkiyyətində olan torpaqda özbaşına tikilmişdir. (müqayisə edin Bagdonavicius and Others, cited above, § 102). Ərizəçinin şikayətlərində sözügedən evin onun və qızının yeganə yaşayış yeri olmasını və əgər evdən çıxarılsalar evsiz qalacaqlarını, çünki onların başqa ev almaq üçün heç bir vəsaitləri olmamasını mübahisələndirməsinə baxmayaraq, yerli məhkəmələr bu arqumentə tamamilə əhəmiyyət verməmiş və bir-birinə zidd maraqları ölçə bilməmişdir. (ziddinə Kaminskas v. Lithuania, no. 44817/18, § 64, 4 August 2020). Əlavə olaraq, hazırkı iş kimi işlərdə mütənasiblik dövlət orqanlarının torpaq sahəsini nə kimi istifadə edəcəkləri ilə ayrılmaz bağlıdır. Hazırkı işdə nə Azneft məhkəmədə qaldırdığı iddiada, nə də Hökümət arqumentlərində torpaq sahəsinin neft əməliyyatları və başqa inkişaf məqsədləri üçün təcili lazım olduğunu iddia etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır və iddia təmin edilə bilməz. Belə ki, cavabdehin və onun ailə üzvlərinin yaşadıqları mübahisəli fərdi yaşayış evi uzun illər öncə tikilməsinə və istifadəyə qəbul edilməsinə baxmayaraq, iddiaçı tərəf həmin evin əvəzində tikilmiş evin qanunsuz tikinti kimi sökülməsini tələb edir. İş materiallarından müəyyən olunur ki, həmin torpaq sahəsi iddiaçı şirkətin istifadəsinə 2005-ci ildən verilmiş və həmin torpaq sahəsi istifadəyə verilən zaman orada yaşayış evləri mövcud olmuş və iddiaçı tərəfindən həmin torpaq sahəsi yüklü şəkildə qəbul edilmişdir. Belə ki, cavabdeh tərəf 1983-cü ildən həmin evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər. Bu illər ərzində cavabdehin və onun ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılıqlarını bildirmişlər. Bundan əlavə Cavabdeh və onun ailə üzvlərinin yaşaması üçün başqa yaşayış sahəsi mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilmədiyindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X7 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-66/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-66/2023
08.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver