Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-67/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 və Cavabdehlər Cavabdeh2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi və Abşeron rayon İcra Hakimiyyəti) “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Abşeron Quşçuluq ərazisində yerləşən 0.048 ha sahədən ibarət olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş tikilidən çıxarılması, həmin torpaq sahəsi üzərində tikilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Quşçuluq ərazisində yerləşən 0.048 ha sahədən ibarət olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Onun həmin torpaq sahəsinə olan mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona bu barədə çıxarış da verilmişdir. Qeyd edilən torpaq sahəsinin bölgüsü haqqında xx.xx.2018-ci ildə müqavilə bağlayaraq almışdır. Halhazırda Hövsan qəsəbəsində torpaqların alqı-satqısı ilə məşğul olan Cavabdeh1 həmin torpaq sahəsi üzərində satmaq üçün qanunsuz olaraq iki ev tikdiyinə görə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə daxil ola bilmir, mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. İddiaçı dəfələrlə cavabdehə torpaq sahəsini boşaldaraq ona təhvil verməsini bildirsə də, cavabdeh onun tələbinə əhəmiyyət verməmiş, qanunsuz olaraq iddiaçının mülkiyyətindən istifadə etməyə davam etmişdir. Hal-hazırda cavabdehin iddiaçıya məxsus torpaq sahəsi üzərində tikilmiş evlər onun həmin torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun pozulmasına, öz mülkiyyəti üzərində istədiyi kimi sərəncam vermək, mülkiyyətindən istədiyi kimi istifadə etmək hüququndan məhrum edilməsinə səbəb olmuşdur. İddiaçı cavabdehin ona məxsus torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən çıxarılması, ona məxsus torpaq sahəsində tikilmiş tikilinin sökülməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Başqa cavabdehlərin işə cəlb edilməsi.
3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 zəbt etdiyi torpaq sahəsindən Cavabdeh2 və Cavabdeh3 da istifadə etdiyini bildirmiş, məhkəmədən həmin şəxslərin iş üzrə cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edildiyindən həmin şəxslər cavabdeh kimi işə cəlb edilmişdir.
İddiaya etiraz.
5. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, o, həmin ərazidə yalnız sifariş əsasında evlərin tikintisi ilə məşğul olur. Satmaq üçün heç bir ev tikməmiş, özünün həmin ərazidə tikilmiş evi olmamışdır. İddiaçı ona məxsus torpaq sahəsinin kimsə tərəfindən zəbt edildiyini düşünürsə, bu zaman həmin şəxsi müəyyən etməli, ona qarşı iddia qaldırmalıdır. Onun isə iddiaçıya məxsus torpaq sahəsi üzərində və ya ümumiyyətlə həmin ərazidə heç bir evi yoxdur. İddiaçı öz tələbini düzgün formalaşdırmamış, iddianı iddiaya cavab verməli olmayan şəxsə qarşı vermişdir. Hətta əgər iddiaçı öz iddiasını qəti şəkildə müdafiə edirsə belə, o, ona məxsus olmasını iddia etdiyi torpaq sahəsinin üzərində inşa edilmiş evlərin həqiqətən ona məxsus olduğunu sübut etməlidir. Belə ki, hətta iddiaçının mübahisələndirdiyi evlər iddiaçıya məxsus torpaq sahəsi üzərində inşa edilmişsə belə, həmin evlər ona aid olmadığına görə ona qarşı verilən bu iddia ilə həmin evlərin sökülməsi barədə qərar qəbul edilə bilməz. Baxmayaraq ki, həmin evlərin sökülməsi onun maraqlarına toxunmur, onun tərəfindən torpaq sahəsinin zəbt edilməsinə və onun tərəfindən evin tikilməsinə istinad edilərək evlərin sökülməsi onun üçün gələcəkdə əlavə öhdəliklər yarada, bununla da hansısa bir şəxsin düzgün verilməyən iddiasına görə onun hüquqları pozula bilər. Çünki iddia iddiaya cavab verməli olan şəxsə qarşı verilməli, yəni evləri inşa edən və onların sahibi olan şəxs müəyyən edilməli və sonra həmin şəxsə qarşı iddia qaldırılmalıdır. Hazırkı halda isə iddiaçının istinad etdiyi evlərin ona məxsus olması və onun tərəfindən inşa edilməsi barədə məhkəmənin qarşısında heç bir sübut olmadığına görə iddia rədd edilməlidir. Tərəflərin izahatları.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, o, Cavabdeh1 pul ödəyərək həmin evi tikdirmişdir. Bu qədər xərc çəkdiyi evin sökülməsinə razı deyil. O, iddiaçıya müəyyən məbləğdə pul verərək, onunla razılığa gəlmək istəsə də iddiaçı ondan artıq pul tələb etdiyindən barışmaqları mümkün olmamışdır.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh3 məhkəmə iclaslarında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs qismində işə cəlb edilmiş orqanların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir.
İş materialları.
10. "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişdən görünür ki, Abşeron rayonu, 2 saylı notariat kontorunda 3M-1234 reyestrdə qeyd olunmaqla rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 1.66 ha torpaq sahəsinin aşağıdakı qaydada bölünməsi barədə razılığa gəlmişlər. Həmin torpaq sahəsinin bölgü eskizində göstərilən qaydada İddiaçı 0.048 ha torpaq sahəsinin icarə hüquqları bölünmüşdür.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsi üzərində xx.xx.2010-cu il tarixdən başlayaraq 99 il müddətinə İddiaçı icarə hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Əsas öhdəliyin mahiyyəti və icra müddəti: xx.xx.2010-cu il tarixli, 2178 nömrəli icarə müqaviləsi və xx.xx.2018-ci il tarixli, 3M-1234 saylı icarə hüququnun alqı-satqı müqaviləsi. Hüququn əvvəlki yüklülüyü: "xxxx" MMC.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2826 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrini koordinatlarının yerində (naturada) digər şəxslərin faktiki istifadə etdikləri torpaq sahələrinin daxilində yerləşdiyi və iddia olunan torpaq sahəsinin 0.0359 ha hissəsinin İddiaçı adına xx.xx.2018ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrini koordinatları ilə üst-üstə düşdüyü müəyyən edildi. "xxxx" MMC-nin Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, digər şəxslər tərəfindən inşa edilmiş tikililərin (yaşayış evləri) 103 m2 hissəsinin İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 990 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrini koordinatları daxilində yerləşdiyi müəyyən edildi.
13. Cavabdeh1 (Podratçı) və Cavabdeh2 (Sifarişçi) arasında bağlanmış xx.xx.2019cu il tarixli podrat müqaviləsindən görünür ki, Podratçı Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.35 ha torpaq sahəsində ümumi sahəsi müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin təmirli tikintisini öhdəsinə götürür.
14. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olan 26195 manat məbləğində pulun 25195 manatı xx.xx.2021-ci il tarixinə qədər ödənilmiş, Sifarişçi qalan 1000 manat məbləğində pulu xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Tikintidə görülən işlər aktda sadalanmış, Sifarişçinin həmin işləri tam təhvil aldığı, görülən işlərin tikinti normativlərinə, verilən layihəyəyə uyğun olduğu və keyfiyyətindən razı olunduğu tərəflərin imzaları ilə təsdiq edilmişdir.
15. "xxxx" MMC (Satıcı) və Cavabdeh2 (Alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli torpaq sahəsinin icarə hüquqlarının alqı-satqısı müqaviləsindən görünür ki, Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli, **********74 reyestr nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 18.125 ha torpaq sahəsindən 0.035 ha torpaq sahəsinin icarə hüquqlarını Alıcıya 5600 manata satmışdır.
16. Bakı şəhəri Suraxanı RPİ-nin 30-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Rəhman İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin bağlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Nümayəndə ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
İşin faktiki halları.
17. İddiaçı Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən və dövlət mülkiyyətində olan 0.048 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində xx.xx.2010cu il tarixdən başlayaraq 99 illik icarə hüququ xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı bu sahə üzərində icarə hüququnu torpaq sahəsinin əvvəlki icarəçisi "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2018-cu il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişə (icarə hüququnun alqı-satqısı haqqında müqavilə) əsasən əldə etmişdir.
18. Cavabdeh1 (Podratçı) və Cavabdeh2 (Sifarişçi) arasında bağlanmış xx.xx.2019cu il tarixli podrat müqaviləsinə əsasən, Podratçı Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.035 ha torpaq sahəsində Sifarişçiyə fərdi yaşayış evinin təmirli tikintisini öhdəsinə götürmüşdür. Sözügedən tikili xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən Sifarişçiyə təhvil verilmişdir.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi.
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
22. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən və dövlət mülkiyyətində olan 0.048 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəçisidir. Onun bu torpaq sahəsi üzərində icarə hüququ xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçı hazırda iddia edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin torpaq sahəsində yaşayış evləri tikərək torpaq sahəsini zəbt etmişlər.
23. Məhkəmə araşdırması gedişində iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, müəyyən edilmişdir ki, İddiaçı icarəsində olan 0.048 ha torpaq sahəsinin 0.0359 ha hissəsi digər şəxslərin faktiki istifadəsindədir və həmin hissədə ümumi sahəsi 103 m2 (0.0103 ha) olan iki tikili (fərdi yaşayış evi) tikilmişdir.
24. İş materialları və tərəflərin məhkəmə iclasında verdikləri izahatlar əsasında müəyyən edilmişdir ki, həmin iki fərdi yaşayış evi iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məxsusdur. Belə ki, iş materiallarında olan, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, podratçı Cavabdeh1 sifarişçi Cavabdeh2 sifarişi əsasında Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.035 ha (müqavilədə 0.3.5 ha şəklində göstərilsə də, iş materiallarından sahənin 0.035 ha olduğu görünür) torpaq sahəsində fərdi yaşayış evinin təmirli tikintisini öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, podratçı Cavabdeh1 həmin evi tikərək sifariçi Cavabdeh2 təhvil vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 özü də qəbul etmişdir ki, həmin ev Cavabdeh1la onun arasında bağlanmış podrat müqaviləsinə əsasən tikilmişdir və hazırda öz istifadəsindədir. Digər Cavabdeh3 isə məhkəmə iclaslarında iştirak etməsə də, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh3 iddia ərizəsi ilə eyniməzmunlu şikayət əsasında aparılan təhqiqat araşdırması gedişində izahat vermiş, izahatında 2019-cu ildə Suraxanı rayonu, Quşçuluq yaşayış massivində Cavabdeh1 adlı şəxsə 8000 manat ilkin ödəniş etməklə 4 sot boş torpaq sahəsi aldığını, Cavabdeh1 həmin sahədə ev tikib ona təhvil verməsi, qalan pulu isə aylıq ödəniş cədvəli üzrə hər ay 600 manat ödəməsinə dair müqavilə bağladıqlarını, həmin yerdə kürsülü, üç otaqlı ev tikdirdiyini, hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşadığını, evin bütün sənədlərini qaydasına saldığını, Cavabdeh1 rəhbəri olduğu “Günəşli” təmir-tikinti şirkətinə borcunu bağladığını, həmin evdə artıq üç ildir ki, yaşadıqlarını, pulu Cavabdeh1 ofisində onun özünə verdiyini, torpaq sahəsi və evin tikilməsi üçün Cavabdeh1 22400 manat pul verdiyini bildirmişdir.
25. Göründüyü kimi, yuxarıda qeyd edilənlər əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı icarəyə verilmiş torpaq sahəsinin bir hissəsini zəbt etdikləri, bu sahədə iki özbaşına tikili tikdikləri, həmin tikililərdən istifadə etdikləri, digər Cavabdeh1 isə podratçı kimi bu tikililəri tikib sifarişçilərə təhvil verdiyi müəyyən olunur. Belə olan halda İddiaçı icarəçisi olduğu torpaq sahəsində özbaşına tikilmiş hər iki tikilinin sökülməsini və bu tikililərdə yaşamaqla torpaq sahəsindən istifadə edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, İddiaçı bu torpaq sahəsinin icarəçisidir və onun həmin sahədə tikilmiş özbaşına tikililərin sökülməsini icarəçi kimi tələb etməyə subyektiv hüququ var.
26. Lakin digər Cavabdeh1 münasibətdə məhkəmə iddianı əsaslı saymır. Ona görə ki, həmin cavabdeh digər cavabdehlərin sifarişi əsasında mübahisəli tikililəri tikib təhvil verdikdən sonra onun nə bu tikililərlə, nə də tikililərin yerləşdiyi torpaq sahəsi ilə heç bir əlaqəsi qalmamışdır. İddiaçı mübahisəli tikililərin sökülməsi və torpaq sahəsindən çıxarılma ilə bağlı tələbini həm də Cavabdeh1 qarşı yönəltsə də, məhkəmə araşdırması nəticəsində Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyi, həmin sahədə özbaşına tikilmiş tikililərin sahibi, yaxud istifadəçisi olmadığı, dolayısı ilə bu iddiaya cavab verməli şəxs olmadığı müəyyən edildiyindən iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Məhkəmə xərcləri.
27. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxt qüvvədə olan variantına uyğun olmuşdur.
28. Yenə iş materiallarından görünür ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən aidiyyəti orqanın hesabına 311 manat məbləğində pul köçürülmüşdür.
29. Həmçinin iş materiallarında olan ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş eksertiza tədqiqatının dəyəri 50 manat məbləğində olmuşdur.
30. Məhkəmə iddianın təmin edilmiş hissəsini nəzərə alaraq hesab edir ki, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 311 manat məbləğində mütəxəssis xidməti haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı, 50 manat məbləğində ekspertiza xərci isə həmin cavabdehlərdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı icarəsində olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin 0.0103 ha (103 m2) hissəsində özbaşına tikilmiş tikililər (fərdi yaşayış evləri) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən sökülməli, həmin cavabdehlər torpaq sahəsindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 311 manat məbləğində mütəxəssis xidməti haqqı cavabdehlərdən tutularaq iddiaçıya, 50 manat məbləğində ekspertiza xərci isə cavabdehlərdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
32. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı icarəsində olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.048 ha torpaq sahəsinin 0.0103 ha (103 m2) hissəsində özbaşına tikilmiş tikililər (fərdi yaşayış evləri) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən sökülsün və cavabdehlər həmin torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10 (on) manat məbləğində dövlət rüsumu və 311 (üç yüz on bir) manat məbləğində mütəxəssis xidməti haqqı tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva