Məhkəmə qərarları › İş №2(010)-678/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-678/2021

21.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-678/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yetkinlik yaşına çatmamış övladı 11.08.2016-cı il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 1 saylı evin 9 saylı mənzilinə köçürülməsi və mənzildən yaşayış hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh2 ilə 08.06.2015-ci ildə ailə həyatı qurmuş, həmin tarixdə nikahları Bakı şəhəri 4 saylı "ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 1641 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan 11.08.2016-cı il təvəllüdlü X2 dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 1 saylı evin 9 saylı mənzilinə gəlin köçmüş və 2019-cu ilin may ayınadək həmin mənzildə yaşayaraq birgə təsərrüfat aparmışdır. Lakin sonradan məlum olmayan səbəblərdən münasibətləri pisləşmişdir. Həyat yoldaşı ilə dəfələrlə mübahisələri olmuş və hər dəfə “düzələr” düşüncəsi ilə yanaşaraq mübahisələrdən qaçmağa çalışmışdır. İlkinin ailəsinə etinasız, məsuliyyətsiz münasibətini qınamaq əvəzinə qayınanası daima həyat yoldaşının tərəfini saxlamış və həyat yoldaşı İlkin isə bundan cəsarətlənərək daha da üstünə gəlməyə başlamışdır. Onlardan fərqli olaraq qayınatası həmişə mübahisələri yatırmağa çalışmış, sözün əsl mənasında böyüklük göstərmişdir. Belə ki, qayınatası onun (iddiaçının) da xasiyyətinə bələddir və bilir ki, o, ailəni qorumaq üçün əlindən gələni etmişdir. Öz övladına və onun nəvəsinə həmişə qayğı göstərmiş və bu gün də göstərir. Ailədə münaqişələrin yaranma zamanı həmişə qayınatası ölkədə olmadığı zaman baş vermişdir. Lakin halhazırda onun da susqunluq nümayiş etdirməsi buna əsas verir ki, o da onun (iddiaçının) qeydiyyatda olduğu ünvana azyaşlı övladı ilə birlikdə köçməyinə razı deyildir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 1 saylı evin 9 saylı mənzilindən çıxarılmasını qanunsuz hesab edir və hal-hazırda ona məxsus olan bütün əşyalar da həmin evdədir. Buna görə də o, müvəqqəti olaraq atasının evində məskunlaşmağa məcbur olmuşdur. Bu səbəbdən də, cavabdehlərin bu cür qanunsuz hərəkətlərinə son qoymalı və o, yetkinlik yaşına çatmamış övladı 11.08.2016-cı il təvəllüdlü X2 ilə birlikdə 2019-cu ilin may ayında çıxarıldığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 1 saylı evin 9 saylı mənzilinə köçürülməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı ilə 08.06.2015ci rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan bir övladları doğulmuşdur. Toydan sonra iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 1 saylı evin 9 saylı mənzilinə köçmüş və son iki ilə qədər o evdə yaşamışdır. Lakin onlar arasında münasibətlər pisləşdiyindən iki ildir ki, İddiaçı öz valideynlərinin yanında yaşayır. Halhazırda o İddiaçı ilə barışaraq bir evdə yaşamaq istəsə də, o buna razılaşmamışdır. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun gəlinidir və onlar 08.06.2015-ci il tarixdə evləndikdən sonra ona məxsus olan mənzilə gəlin gəlmişdir. Onu həmin mənzildən heç kim qovmamışdır. Həmin mənzil 1993-cü ildən onun mülkiyyətindədir. İddiaçı ilə onun arasında notarial qaydada razılaşma mövcud deyildir. Bu səbəbdən də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Məmmədova (Həmidova) Arzu Zakir qızı və Cavabdeh2 08.06.2015-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Həmidov”, arvada “Həmidova” soyadı verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Asan 4 orqanı tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında 27.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X2 və Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 11.08.2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh2, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.04.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 1 saylı evin 9 saylı mənzili Bakı şəhəri SRİH başçısının 2568 nömrəli, 20.10.1993-cü il tarixli sərəncamına, Bakı şəhəri 10 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 02.11.1993-cü il tarixli, D-15-4018 reyestr nömrəli mənzilin əvəzsiz olaraq verilməsi haqqında müqaviləyə əsasən 12.11.1993-cü il tarixdə ilkin olaraq Cavabdeh1 Cəmal oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X1 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Ülkər Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin Plenumunun 25 dekabr 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, MMnin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası bu Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Hazırkı mübahisə ilə bağlı mülkiyyətçi ilə iddiaçı arasında mənzildən istifadəyə dair notarial qaydada təsdiqlənmiş razılaşma təqdim olunmamışdır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı Cavabdeh2 oğlu ilə 08.06.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan bir uşaqları doğulmuşdur. Mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 1 saylı evin 9 saylı mənzili 12.11.1993-cü il tarixdən Cavabdeh1 mülkiyyətindədir. İddiaçı nikaha daxil olduqdan sonra Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 1 saylı evin 9 saylı mənzilinə köçdüyünü bildirsə də, mülkiyyətçinin İddiaçı həmin mənzildə yaşamasına dair yazılı qaydada təsdiq olunmuş razılığını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S, 1 saylı evin 9 saylı mənzilinin mülkiyyətçisi olduğundan, iddiaçının həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqları barədə mülkiyyətçi ilə aralarında notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, iddia ərizəsində irəli sürülən tələblər mülkiyyətçinin qanunla qorunan hüquq və maraqlarına zidd olduğundan, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə və mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar