Məhkəmə qərarları › İş №2(010)-6883/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6883/2021

17.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6883/2021 17.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «Q» yaşayış sahəsi, 8 saylı evin ona məxsus 8 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb qeyd olunmalıdır. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu Məcəllənin 153.3.-ci maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5.-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə müəyyən etmişdir ki, Suraxanı rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, iddiaçı tərəfindən soyadı təhrif edilmiş formada göstərilməklə yenidən məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 761/2021 saylı qətnaməsi mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətmanəsi mövcud olduğundan İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar