Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-691/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 48 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəlik və öhdəliyin icrasının təminatı olaraq xx.xx.2016-cı il tarixdə reyestrdə 3M-49 nömrəsi ilə qeydiyyatdan keçmiş ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı xx.xx.2016-cı il tarixində 47600 manat məbləğində pul vermişdir. Borc müqaviləsinə paralel olaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 172.16 m2 olan evi ipoteka müqaviləsi ilə girov götürülmüşdür. Hal-hazırda İddiaçı xx.xx.2016-cı il tarixli borc müqaviləsi üzrə nəzərdə tutulan 47600 manat pul vəsaitini tam şəkildə Cavabdeh ödəmişdir. Borc müqaviləsi üzrə öhdəliyə xitam verilməsi borcun təminatı olaraq xx.xx.2016-cı ildə reyestrdə 3M-49 nömrəsi ilə qeydiyyatdan keçmiş ipoteka müqaviləsinə xitam verilməsinə əsas verir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, müqavilə üzrə borcun tam ödənilməsinə baxmayaraq, ipoteka predmetinə tutma yönəldilmiş və hərracda satılmışdır. Cavabdeh həm ödənilmiş borc pulu, həm də evin pulunu götürmüşdür. Halbuki, kredit müqaviləsi üzrə öhdəliklər tam icra edildiyindən bu öhdəliklərə xitam verilməli idi. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İpoteka saxlayan Cavabdeh və İpoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İpoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 48 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilir. İpoteka predmeti: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 172.16 m2 olan fərdi yaşayış evi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0258 ha olan torpaq sahəsi. Əsas öhdəlik: illik 0 faizlə verilmiş 47600 manat, xx.xx.2017-ci il tarixinədək ödəmək şərtilə. xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2019-cu il tarixli qəbzlərin notariat qaydasında təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı və X2 tərəfindən Cavabdeh hesabına müvafiq olaraq 8000 manat, 4000 manat, 4600 manat, 2006 manat, 19000 manat və 10000 manat olmaqla, cəmi 47606 manat məbləğində pul köçürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-238/2018 saylı qətnaməsi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 54000 (əlli dörd min) manat müəyyən edilmiş, qətnamə iddianın cavabdeh İddiaçı qarşı təmin olunmuş digər hissələrində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanılmış kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı 47600 manat məbləğində borc pul vermiş, borcalan bu pulu xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq tərəflər arasında ipoteka müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən İddiaçı məxsus fərdi yaşayış evi və torpaq sahəsi Cavabdeh xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcalan müqavilə öhdəliklərini lazımınca icra etmədiyindən borcverən Cavabdeh ödənilməmiş borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə baxan məhkəmə tərəfindən iddia qismən təmin edilərək müqavilə üzrə ödənilməmiş pulun cavabdehdən tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsindən başqa iddianın cavabdeh İddiaçı qarşı təmin olunmuş digər hissələrində dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, qətnamə icraya yönəldilmiş və ipoteka predmeti olan əmlak açıq hərracda satılmışdır. İddiaçı isə kredit müqaviləsi üzrə əsas öhdəliyin – 47600 manat borcun tam ödənilməsinə dair məhkəməyə qəbzlər təqdim edərək həm kredit, həm də ipoteka müqavilələri üzrə öhdəliklərinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hər nə qədər cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etdiyinə və bu səbəbdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliklərinə xitam verilməli olduğuna istinad etsə də bununla bağlı iddiaçının mövqeyi əsassızdır. Belə ki, həmin maddədə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilməsi göstərilmişdir. Yəni, öhdəliyin icra edilməsi o halda öhdəliyin xitamına səbəb olur ki, öhdəlik lazımınca icra edilmiş olsun. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, öhdəliyin vaxtında icra edilməməsi öhdəliyin lazımınca icra edilməməsi deməkdir. Hazırkı işdə də bu hal baş vermiş, borclu müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, məhz bu səbəbdən kreditor Cavabdeh borcun ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən ödənilməmiş borcun borcludan tutulması qət edilmişdir. Bu vəziyyətdə İddiaçı müqavilə üzrə öhdəliklərini lazımınca icra etməsindən söhbət gedə bilməz. Təqdim edilmiş ödəniş qəbzlərindən də görünür ki, İddiaçı tərəfindən hələ xx.xx.2016-cı il tarixdə xx.xx.2017-ci il tarixədək borcun ödənilməsi şərtilə bağlanmış kredit müqaviləsi üzrə sonuncu ödəniş müqavilə bağlandıqdan beş ilə yaxın müddət keçdikdən sonra – xx.xx.2021-ci il tarixdə edilmişdir. Belə bir vəziyyətdə İddiaçı müqavilə öhdəliklərini lazımınca icra etdiyinə istinad edərək öhdəliklərinə xitam verilməsini tələb edə bilməz. Xüsusi nəzərə alınmalıdır ki, kredit müqaviləsi bağlayarkən borclu üzərinə yalnız müqavilə üzrə götürdüyü borcu vaxtında və lazımınca qaytarmaq öhdəliyini götürmür. Eyni zamanda, öhdəliyin lazımınca icra edilməməsi halında kreditora vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı da öhdəlik götürür. Hazırkı vəziyyətdə məhkəmə tərəfindən müqavilə üzrə öhdəliyə xitam verilməsi kreditoru icranın gecikməsi nəticəsində ona dəymiş zərərin borcludan tələb edilməsi hüququndan məhrum etmək deməkdir. Bu isə yolverilməzdir. İpoteka müqaviləsi üzrə öhdəliklərin xitamına gəldikdə isə məhkəmə qeyd edir ki, iddia bu hissədə də əsassızdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Lakin hazırkı işdən görünür ki, artıq yuxarıda qeyd edilmiş səbəblərdən əsas öhdəliyə xitam verilməsi mümkün deyil. Əksinə, öhdəlik lazımınca icra edilmədiyinə görə borclu kreditor qarşısında məsuliyyət daşıyır. Belə bir vəziyyətdə ipotekaya xitam verilməsi də mümkün deyil. Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qəbul edilmiş, qətnamə qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi isə izahatında hərracın keçirildiyini və ipoteka predmetinin artıq satıldığını bildirmişdir. Belə bir vəziyyətdə ipotekaya xitam verilməsi qeyri-mümkündür. “İpoteka haqqında” Qanunun 46-cı maddəsində ipoteka predmetinin satışına xitam verilməsi imkanı nəzərdə tutulsa da əmlak artıq hərraca çıxaralaraq satıldığından bu hüquq da istisna edilir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 46.1-ci maddəsinə əsasən, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.1-ci maddəsinə əsasən, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər.Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Son olaraq,məhkəmə iddiaçının diqqətinə çatdırır ki,qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən ödəməli olduğu pulu cavabdehə tam olaraq ödəmişdirsə, buna baxmayaraq ipoteka predmetinə tutma yönəldildikdən sonra əldə edilmiş vəsait yenə də bütövlükdə cavabdehə ödənilmişdirsə o, ödənilmiş pul vəsaitini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh qarşı olan öhdəliyini lazımınca icra etmədiyindən onlar arasında olan öhdəliyə xitam verilə bilməz. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-691/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-691/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver