Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-711/2022 25.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X2, Digər cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7 iştirakları ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “pozulmuş mənzil hüququ müdafiə edilərək hüquq pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi və mənzil hüququnu pozan hərəkətlərin qarşısının alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı övladlarının cavabdehlər tərəfindən pozulmuş mənzil hüququnun məhkəmə qaydasında müdafiə edilərək onlara məxsus olan ünvan 1 ünvanında yerləşən və yeganə yaşayış yerini təşkil edən evə köçürülmələrinin təmin edilərək hüquqları pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi və onun mənzil hüquqlarını pozan hərəkətlərin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o mərhum həyat yoldaşı X24 ilə 23 aprel 2004-cü ildə rəsmi nikaha daxil olaraq ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan 29.01.2010-cu il təvəllüdlü X5 və 21.08.2005-ci il təvəllüdlü X10 adında iki övladı anadan olmuşdur. Onun həyat yoldaşının atası X25 tərəfindən ünvan 3 ünvanda üç ayrı ev inşa edilmişdir. Bu evlər hasarla biri-birindən ayrılmış və həmin evlərdən birini böyük oğlu Cavabdeh1, digər evi ikinci oğlu Cavabdeh2 və özü yaşadığı evi isə həyat yoldaşı olan üçüncü oğluna vermiş və o 2002-ci ildə vəfat etmişdir. O həyat yoldaşına məxsus olan evə gəlin köçdükdən sonra ev işlərindən əlavə əmək fəaliyyəti ilə məşğul olmuş və onlara məxsus olan evdə əlavə tikinti işləri apararaq evin sahəsini genişləndirmişlər. Onun həyat yoldaşı ağır xəstəliyə tutulduqdan sonra iş üzrə cavabdehlər ona və uşaqlarına qarşı mütəmadi olaraq fiziki və psixi zorakılıq hərəkətləri həyata keçirmişlər. Onun həyat yoldaşı 10.11.2021-ci il tarixdə vəfat etmiş, lakin cavabdehlər onu və uşaqlarını həyat yoldaşının dəfnində iştirak etməyə buraxmamışlar. O məcbur olaraq 102 xidmətinə müraciət etmiş və polisin iştirakı ilə dəfndə iştirak etmişdir. Bununla da onun və uşaqlarının mənzil hüquqları cavabdehlər tərəfindən pozulmuşdur. Hal-hazırda onun başqa yaşayış yeri yoxdur və o kirayədə yaşamaq məcburiyyətindədir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçı mübahisəli mənzilə 2004-cü il tarixdə gəlin köçmüş və həmin vaxtdan mübahisəli mənzildə fasiləsiz olaraq yaşamışdır. Həmin zaman mübahisəli mənsil DƏDRX-də dövlət qeydiyyatdan keçməmiş və həmin mənzilin yalnız texniki pasportu mövcud olmuşdur. Hal-hazırda həmin mənzilə dair cıxarış alınmış və həmin çıxarış mərhum qaynatası X11 adınadır. İddiaçı həmin mənzildə həyat yoldaşı, qaynanası və iki övladı ilə birlikdə yaşamışdır. O 10.11.2021-ci il tarixdə evdən çıxaraq valideynlərinin evinə getmiş, lakin qayıtdıqda onu həmin mənzilə buraxmamışlar. Buna görə də iddiaçı 102 xidmətinə müraciət edərək həmin evə getmiş, lakin problem yaranmasın deyə sonra valideynlərinin evinə qayıtmışdır. Hal-hazırda iddiaçı kirayədə yaşayır və onun başqa yaşayış yeri yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 izahat verərək bildirmişdir ki, 15.07.2021-ci il tarixində X1 uzun sürən problemin müalicəsi ilə bağlı o, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına aparılmış və müalicə məqsədilə resept yazılmışdır. O qardaşının müalicəsi üçün lazım olan bütün dərmanları almış və müalicəyə başlanmışdır. Lakin İddiaçı hər dəfə buna mane olmuş və o həyat yoldaşının sağalmasını istəməmişdir. O hər dəfə xəstə X16 əsəbləşdirmiş və onun gündəlik yeməyini belə verməmişdir. Onlar Elşadın yanına gələndə onları evdən qovmuş və təhqir etmişdir. Nəticə etibarilə Elşadın müalicəsinə Hacıyevə Aytəkin tərəfindən imkan verilməmiş və onun səhhəti pisləşmişdir. Bununla əlaqədar olaraq 11.08 2021-ci ildə onu 1 saylı Kliniki Tibbi xəstəxanasına aparmışlar və o orada müalicəyə başlamışdır. Lakin iddiaçı yenə də Elşadın səmərəli müalicəsinə mane olmuş və gecə radələrində gələrək onu əsəbləşdirmişdir. Covid-19 xəstəliyi ilə bağlı xəstəxanalarda çarpayı sayı azaldığından məcbur olaraq Elşad evdə müalicə almağa başlamışdır. Onun ciyərini müalicə etmək üçün xeyli pul lazım olduğundan hətta bankdan kredit şəklində borc da götürülmüşdür. Həkim israrla Elşada əsəbləşmək və stress keçirməyin səhhətinə pis təsir edəcəyini desə də, iddiaçı qəsdən Elşadı mütəmadi əsəbləşdirmişdir. Elşad 17.09.2021-ci il tarixdə xəstəxanadan çıxıb müalicənin davam etdirilməsi üçün qardaşının evinə gəlmişdir. Lakin Elşad xəstəxanada olan zaman iddiaçı 2021-ci ilin avqust ayında özünə məxsus olan əşyaları evdən çıxararaq başqa yerə köçmüşdür. Evdən çıxıb gedən zaman özünə məxsus olan 3 ədəd divanı, televizoru, çilçırağı, ön stolu mənzildən çıxararaq aparmışdır. Sonra isə paltaryuyanı, soyuducunu, su aparatını, şəxsi geyimlərinin böyük hissəsini aparmışdır. Hətta Elşad ondan əşyaların hara aparıldığını soruşmuş, lakin o əvəzində Elşadı təhqir etmişdir. İddiaçı həyat yoldaşını köməksiz vəziyyətdə qoyub evdən çıxıb getmiş və həmin müddətdən sonra onunla bir daha maraqlanmamışdır. O vəfat edən zaman qohumlarından onun öldüyünü eşitmiş və polis vasitəsilə həmin evə daxil olmuşdur. İddiaçı özünə məxsus əşyaları da evdən çıxararaq çıxıb getmişdir və həmin vaxtdan başqa ünvanda yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X13 eyni məzmunlu izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh1 eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçı qardaşı xəstə olduğu müddət ərzində baxmamış, onun yeməyini verməmiş və ona qulluq göstərməmişdir. İddiaçını həmin mənzildən heç kim qovmamış, o Elşad xəstəxanada olan dövr ərzində özunə məxsus olan bütün əşyaları evdən çıxararaq aparmışdır. Hazırda onlar arasında münasibətlər gərgindir və bu səbəbdən də onun həmin evə köçürülməsinə etiraz edir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı 2004-cü ildə Elşad Hacıyevlə ailə quraraq mübahisəli mənzilə gəlin köçmüşdür. Lakin onlar arasında tez-tez münaqişələr baş verirdi, hətta Elşad bir neçə dəfə boşanmaq istədiyini bildirmişdir. İddiaçı həyat yoldaşına baxmırdı, hətta yemək belə hazırlamırdı. Buna görə də o bir neçə dəfə yemək hazırlayaraq Elşada aparmışdır. İddiaçı Elşadı tez-tez polisə verəcəyi ilə hədələyirdi və bu səbəbdən o içinə qapanmışdı və aralarında münasibətlər pozulmuşdur. Hazırda iddiaçının həmin evdə yaşamasına etiraz edir. Cavabdeh7 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı 2004-cü ildən həmin evə gəlin köçmüş və 2021-ci ilə kimi həmin evdə yaşamışdır. 2021-ci ildə iddiaçı özünə məxsus olan əmlakları evdən çıxararaq aparmış və hüzr günü isə evə polislə daxil olmuşdur. Hazırda onlar arasında olan münasibətlər çox pis olduğundan onun həmin evə köçürülməsinə etiraz edir. Belə ki, iddiaçı Elşadın müayinə və müalicə olunmasında iştirak etməmiş, ona yemək hazırlamamış və özü evdən çıxıb getmişdir. Cavabdeh6 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Elşadı o aparıb müalicə etdirmişdir. İddiaçı isə Elşadın ona lazım olmadığını bildirmiş və ona hər hansı köməklik və yardım etməmişdir. Buna görə də iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə tərəfləri, onların nümayəndələrinin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş üzrə Şahid2 ifadə verərək bildirmişdir ki, Aytəkin onun qızıdır. Elşad vəfat edən gün qızı Aytəkin onlarda olmuş və onun vəfat etdiyini eşidən zaman qızı ilə birlikdə həmin evə getmişlər. Lakin onları cavabdehlər evə buraxmamışlar. Buna görə də onlar 102 xidmətinə zəng vurmuşlar və polis vasitəsilə evə girmişlər. Onun qızı Aytəkin 2004-cü ildən 10.11.2021-ci ilə kimi həmin evdə yaşamışdır. Elşada onun qızı Aytəkin qulluq etmişdir. İş üzrə şahid X6 ifadə verərək bildirmişdir ki, Aytəkin onun ögey qızıdır. Aytəkin 2004-cü ildən həmin mübahisəli evə köçmüş və həyat yoldaşı ölən günə kimi həmin mənzildə yaşamışdır. Lakin Elşad xəstəliyə tutulduğundan bir müddət bacısı gildə qalmışdır. Aytəkin 10.11.2021-ci il tarixdə onlara gəlmiş və bu zaman ona qohumlar tərəfindən zəng vurularaq Elşadın ölməsini xəbər vermişlər. Buna görə də onlar həmin evə getmişlər. Lakin Elşadın bacı və qardaşları onları həmin evə buraxmamışlar. Buna görə də polisə müraciət etmişlər və polis vasitəsi ilə həmin evə getmişlər. İş üzrə Şahid1 ifadə verərək bildirmişdir ki, Aytəkin onun bacısıdır, o həmin evə 2004-cü ildə gəlin köçmüş və 2021-ci ilə kimi həmin evdə yaşamışdır. Onun sonradan məlumatı olmuşdur ki, Aytəkin 10.11.2021-ci il tarixdə valideynlərinə məxsus evə getmiş, lakin Elşadın öldüyünü eşidərək öz yaşadığı evə qayıtmış, lakin cavabdehlər onu evə buraxmayıblar. İş üzrə şahid X14 ifadə verərək bildirmişdir ki, cavabdehlərdən olan Razimlə qonşudurlar. O Elşadın yaşadığı evinin önündə bir qazel markalı avtomobilin dayandığını və həmin avtomobilə əmlakların daşındığını görmüşdür. İş üzrə şahid X17 ifadə verərək bildirmişdir ki, o Elsevərin həyat yoldaşı Fəxriyyə xanımı tanıyır. Belə ki, o kosmetik vasitələrin satışı ilə məşğuldur. O 10.10.2021-ci il tarixdə Fəxriyyə xanıma kosmetik vasitə gətirmiş və bu zaman Aytəkinin əmlakları evdən apardığını görmüşdür. Belə ki, Aytəkin həmin evdə yaşamırdı. İş üzrə şahid X3 ifadə verərək bildirmişdir ki, Elşad onun iş yoldaşı olmuşdur. Onun müalicə olunması üçün 2000 manat borc pulu o tapıb Elşadın qohumlarına vermişdir. 10.10.2021-ci il tarixdə Elşadın yaşadığı evin önündən keçərkən Aytəkinin bir sıra əmlakları apardığını görmüş və bu barədə Elşada məlumat vermişdir. Son vaxtlar Elşadla Aytəkinin ailə münasibətləri yaxşı olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X8 daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 12.01.2022 il tarixli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqi sahibi X18r. İş materiallarına əlavə edilmiş 13.07.2021-ci il tarixli DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsi 834 nömrəli Ekspert rəyindən müəyyən olunur ki, İddiaçı aşkar edilmiş xəsarət-sol said və mil-bilək oynağı nahiyyəsinin oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunmuş qançır-şişkinlik halında əziyi bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddətləri zərərçəkmişin xəstəxanaya tibbi yardım üçün müraciət etdiyi vaxtdan əvvəl olmaqla qərarda göstərilən 30.07.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 32-ci PB-nin 11.09.2021-ci il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından müəyyən olunur ki, hazırkı mübahisənin mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05.03.2022-ci il tarixli, 1/13 saylı məktubundan müəyyən olunur ki, ünvan 4 ünvanında üç fərdi yaşayış evi yerləşir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ–İİ seriyalı 433039 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 29.01.2010-cu il tarixdə anadan olmuşdur. X4, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ–İ seriyalı 664074 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 21.08.2005-ci il tarixdə anadan olmuşdur. X4, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş 21.11.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 14.07.2002-ci ildə vəfat etmiş X11 vərəsələri- ünvan 4 ünvanında qeydiyyatda olan övladları-Cavabdeh2, Cavabdeh1 və X19r. Onlar, bu miras əmlakdan bərabər payda irs almalıdırlar. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 10.11.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Səadət Sarayı Bakı şəhəri nikah evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 ilə Məmmədova (Hacıyeva) Aytəkin Əvəz qızı 23.04.2004-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. Beləliklə, təqdim olunmuş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı X24 ilə 23.04.2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi C. Qurbanov küçəsi ev 11 B ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə köçmüş və 2021-ci ilə kimi həmin evdə yaşamışdır. Onların birgə nikahdan iki övladları doğulmuşdur. X24 10.11.2021-ci il tarixdə vəfat etmişdir. ünvan 6 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evi ƏMDK yanında DƏDRX-də 12.01.2022-ci il tarixdə mərhum X11 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddənin İV bəndinə əsasən heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qüvvədən düşmüş 1982-ci il Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yəni mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Təqdim olunmuş sübutlarla və tərəflərin verdiyi izahatlarla təsdiq olunur ki, İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsi ev 11 B ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə 2004-cü ildən köçmüş, həm də həmin mənzilə qeydiyyata alınmaqla, 2021-ci ilə qədər orada yaşamışdır. Bu hal cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlərlə birgə yaşamaqla, həmin zaman qüvvədə olan mülki qanunvericiliyinin tələblərinə müvafiq olaraq ailə üzvü kimi ünvan 6 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evindən onlarla bərabər istifadə etmək hüququnu əldə etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı azyaşlı övladları 29.01.2010-cu il təvəllüdlü X5 və 21.08.2005-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi C. Qurbanov küçəsi ev 11 B ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə köçürülməli və cavabdehlər tərəfindən iddiaçının həmin mənzildə yaşamasına yönələn maneçilik aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. İddiaçı azyaşlı övladları 29.01.2010-cu il təvəllüdlü X5 və 21.08.2005-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 6 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinə köçürülsün. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X20, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 tərəfindən İddiaçı həmin mənzildə yaşamasına yönələn maneçilik aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-711/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-711/2022
25.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver