Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-72/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 və digər cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onların mülkiyyətində olan, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvləri tərəfindən zəbt edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1589 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 hektar torpaq sahəsində tikilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1589 saylı sərəncamı ilə İddiaçı1 (X17) və ailə üzvlərinin fərdi yaşayış evinin tikintisi üçün 0.06 hektar torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-4860D KOD 00600066, 564420 nömrəli şəhadətnamə verilmişdir. Qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********63 nömrəli məktubundan da göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X17, X18, X11, X7 və İddiaçı5 Ramiz oğlunun adlarına JN-4860D Kod 00600066 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmçinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-685/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı və Nərimanov Rayon Məhkəməsinin 2(005)-3320/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı əsasında həbs qoyulmuşdur. İddiaçı1 tərəfindən "xxxx" MMC-yə müraciət edilərək, birgə mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və həmin torpaq sahəsinin zəbt edilərək orada tikinti işlərinin aparılıb-aparılmaması barədə müvafiq mütəxəssis rəyinin verilməsini xahiş etmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01-114/22 nömrəli rəydən də göründüyü kimi, mülkiyyətlərində olan torpaq sahəsində fərdi yaşayış evləri inşa edilmişdir. Buna görə də İddiaçı1 birgə mülkiyyətlərində olan torpaq sahəsinin zəbt edilməsi ilə bağlı şikayət ərizəsi ilə polisə müraciət etmiş və Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan da göründüyü kimi iddiaçılara məxsus torpaq sahəsi Cavabdeh1 və onun oğlu Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilməklə özbaşına tikililər tikmişlər. Həmçinin qeyd edilən qərarda mübahisənin mülki xarakterli olduğu üçün aiddiyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
Tərəflərin izahatları.
3. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş İddiaçı1 iddianı müdafiə edərək bildirmişdir ki, o, 1993-cü ildən 2007-ci ilədək Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Qaraçuxur qəsəbə icra nümayəndəliyində baş məsləhətçi işləmişdir. 2000-ci ildə torpaqlar yeni ayrılmağa başlayanda özünün və ailə üzvlərinin adına bir neçə yerdən torpaq sahəsi ayrılmışdır. Mübahisəli torpaq sahəsi də həmin sahələrdən biri olmuş, lakin heç vaxt oradan istifadə etməmişdir. Cavabdehlərin həmin sahəni zəbt eməsi barədə məlumatı çox sonradan, başqa bir məhkəmə mübahisəsi olduqdan sonra bilmişdir. Bundan sonra pandemiya vaxtı gedib görmüşdür ki, sahə hasara alınmış, ev tikilmişdir. Lakin hasardan içərini görə bilmədiyindən həmin ərazidə neçə tikili olduğunu bilmir. Ərazinin zəbt edildiyini bildikdən sonra məsələni aydınlaşdırmağa başlamış, polisə müraciət etmişdir. Yalnız polisə müraciət etdikdən sonra cavabdehlər ortaya çıxmış, onu axtarmağa başlamışlar. Həmin vaxta qədər nə o cavabdehləri, nə də cavabdehlər onu tanımamışdır. Onlarla yalnız təzəlikcə xoşluqla razılaşmaq üçün görüşmüş, lakin razılaşa bilməmişlər. İşin içində olan etibarnaməni isə sonradan ləğv etmişdir. Hazırda həmin torpaq onun bizneslə bağlı 20000 manat borcu ilə əlaqədar hərraca çıxarılmışdır. Artıq əmlakın qiymətləndirilməsi də həyata keçirilmiş, 108000 manat qiymətləndirilmişdir. Əslində həmin ərazidə torpağın sotunun qiyməti 25000 manatdır. Lakin qiymətləndirici sotu 18000 manatdan qiymətləndirmişdir. O, keçən il birinci dəfə cavabdehlərlə görüşəndə onlara təklif etmişdir ki, tikdikləri evlərlə işi yoxdur, ancaq torpağın pulunu versinlər. Lakin onlar buna yaxın durmamışlar. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra əlavə etmişdir ki, o vaxtilə bir neçə yerdə torpaq sahəsi aldığından və mübahisəli torpaq sahəsindən heç vaxt istifadə etmədiyindən sahəni unutmuşdur. Yalnız 2022-ci ildə başqa bir məhkəmə işi üzrə verilmiş icra sənədi icra olunarkən ona məxsus torpaq sahəsinə həbs qoyulmasından xəbər tutduqdan sonra sahəni xatırlamış, bundan sonra sahə ilə maraqlandıqda məlum olmuşdur ki, cavabdehlər həmin sahəni zəbt etmiş, orada özlərinə yaşayış evləri tikmişlər. O, torpaq sahəsini cavabdehlərə satmamışdır. İşdə olan etibarnamədən isə xəbəri yoxdur. O, belə bir etibarnamə verdiyini xatırlamır. Etibarnamədəki imza ona məxsusdur. Bununla belə etibarnamədən xəbəri yoxdur. Cavabdehlər onun torpaq sahəsini zəbt etmiş, orada qanunsuz tikililər tikmişdir.
4. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı1 Suraxanıda bir neçə yerdə belə torpaq sahələri olmuş və həm bu səbəbdən, həm də mübahisəli sahədən heç vaxt istifadə etmədiyindən mübahisəli sahəni unutmuşdur. Yalnız başqa bir iş üzrə qətnamənin icrası zamanı torpaq sahəsini xatırlamış, sahə ilə maraqlandıqda cavabdehlər tərəfindən zəbt edildiyini öyrənmişdir. Cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində özbaşına tikililər tikmişlər və hazırda da orada yaşamağa, bununla da iddiaçının mülkiyyət hüququnu pozmağa davam edirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər iddiaçılar məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir.
6. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı1 özünə məxsus torpaq sahəsini 6000 ABŞ dollarına onun valideynlərinə - mərhum atası Tofiq Allahverdiyev və anası olan iş üzrə digər Cavabdeh1 – satmışdır. Aralarında rəsmi alqısatqı baş tutmasa da 2007-ci ildə iddiaçı tərəfindən onun ata-anasının adına həmin torpaq sahəsi ilə bağlı etibarnamə verilmişdir. Onlar artıq 20 ildir ki, həmin torpaq sahəsində tikdikləri evlərdə yaşayırlar. Ünvan üzrə kommunal xidmətlər onların adınadır. İddiaçıların heç biri bu müddət ərzində torpağa qarşı iddia irəli sürməmişdir. Lakin hazırda İddiaçı1 icra sənədi üzrə borcu olduğuna görə torpaq sahəsi hesabına borcunu bağlamaq istəyir. İddiaçının tələbi qanunsuzdur. Belə ki, o özü bu torpağı onlara satmış, pulunu da almışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı1 hazırda cavabdehlər tərəfindən zəbt edildiyini iddia etdiyi torpaq sahəsini özü 20 il əvvəl cavabdehlərə satmışdır. Elə bu səbəbdən o, uzun illər bu torpaqla maraqlanmamış, yalnız icra sənədi üzrə borcuna görə torpağın üzərinə həbs qoyulduqdan sonra cavabdehlərin sahəni zəbt etdiyini iddia etməyə başlamışdır. İddiaçıların niyyəti icra sənədi üzrə borcun ödənilməsinə nail olmaqdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
8. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, 01-114/22 saylı mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayon İHB-nin 27 oktyabr 2000-ci il tarixli sərəncamı ilə ayrılmış və Dövlət Torpaq Komitəsindən JN-4860D (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı1 (X8) mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edildi, rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Bakı şəhəri, Suraxanı rayon İHB-nin 27 oktyabr 2000-ci il tarixli sərəncamı ilə ayrılmış və Dövlət Torpaq Komitəsindən JN-4860D (kod ********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı1 (X8) mülkiyyətində olan 0.06 ha torpaq sahəsində fərdi yaşayış evləri inşa edilmişdir.
9. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN - 4860D (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə Bakı şəhəri sakini X12 (ailə üzvləri X18, X11, X7, İddiaçı5 Ramiz oğlu) verilmişdir, ona görə ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1569 saylı sərəncamı ilə 0.06 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün mülkiyyətinə verilmişdir.
10. Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, AZ-İ seriyalı, 012278 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci ildə doğulmuş X13 adını Tərlandan İranəyə dəyişdirmiş, bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 06 nömrə ilə qeyd edilmişdir.
11. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 1569 nömrəli sərəncamından görünür ki, Qaraçuxur qəsəbəsinin şimalında, cizgidə göstərilən sahədə fərdi ev tikintisi üçün Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsi, pr 1,4 №li evdə yaşayan vətəndaş X12 – 600 (altı yüz) m2 torpaq sahəsi ayrılmasına; Tikinti sahiblərinə ayrılmış sahədə 185-000-111S №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə; Kürsülük 2 m müəyyən edilməsinə dair sərəncam verilmişdir.
12. 5 saylı Bakı “ASAN xidmət” X9 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, 05/09İS/043422-22 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: xx.xx.1967-ci il təvəllüdlü İddiaçı1; Əri – İddiaçı2 (xx.xx.1966); Qızı – İddiaçı4 (xx.xx.1986); Qızı – İddiaçı3 (xx.xx.1987); Oğlu – İddiaçı5 (xx.xx.1999).
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosuna xx.xx.2022-ci il tarixdə ünvanlanmış, **********63 nömrəli qeyd olunan ünvana dair müvafiq məlumatların və sənədlərin surətlərinin verilməsi barədə məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi X17, X18, X11, X7 və İddiaçı5 Ramiz oğlunun adlarına JN-4860D Kod 00600066 nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Yuxarıda qeyd olunan şəxslərin adlarına xx.xx.2002-ci il tarixdə Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-685/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı və Nərimanov Rayon Məhkəməsinin 2(005)-3330/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsnin icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı əsasında həbs qoyulmuşdur.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Eldar Rəhimov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vətəndaş Leyla Hümbətovnanın müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərar barədə maraqlı tərəfə məlumat verilmiş və məhkəmə qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir.
15. xx.xx.2007-ci il tarixli, ƏN-İ 087646 nömrəli etibarnamənin surətindən görünür ki, Hümbətova/Orucova Leyla X1 və X2 AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2002-ci il tarixdə JN-4860D, KOD 00600066 saylı reyestrlə verilmiş “Torpağın mükiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ona məxsus olan Bakı şəhəri, Qaraçuxur qəsəbəsi şimalında yerləşən 0.06 ha torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə 30 il müddətinə verilmişdir və xx.xx.2037-ci ilədək qüvvədədir.
16. İddiaçı1 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisində X4 və X2 verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnamıni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsi sənəd üzrə 0.06 ha olsa da, faktiki olaraq hasar daxili 0.08 ha təşkil edir. Torpaq sahəsinin üzərində 2 ədəd birmərtəbəli, 1 ədəd ikimərtəbəli yaşayış evləri və köməkçi tikililər mövcuddur. Ümumi hasar daxilində olan 0.08 ha torpaq sahəsinin üzərində yerləşən 3 ədəd yaşayış evlərindən 2 ədəd birmərtəbəli olan evlər sənəd üzrə 0.06 ha torpaq sahəsində yerləşir (1 ədəd ikimərtəbəli yaşayış evi isə əlavə istifadə olunan sahədə yerləşir). Vahid elektron kadastr məlumat bazasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-4860D, kod 00600066 nömrəli şəhadətnamənin baza məlumatı mövcuddur. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin baza məlumatı ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş, 3-16-16/2-10/9107 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.06 ha olsa da, faktiki olaraq hasar daxili 0.08 ha təşkil edir. Torpaq sahəsinin üzərində 2 ədəd birmərtəbəli, 1 ədəd ikimərtəbəli yaşayış evləri və köməkçi tikililər mövcuddur. Ümumi hasar daxilində olan 0.08 ha torpaq sahəsinin üzərində yerləşən 3 ədəd yaşayış evlərindən 2 ədəd birmərtəbəli olan evlər sənəd üzrə 0.06 ha torpaq sahəsində yerləşir (1 ədəd ikimərtəbəli yaşayış evi isə əlavə istifadə olunan sahədə yerləşir). Vahid elektron kadastr məlumat bazasında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-4860D, kod 00600066 nömrəli şəhadətnamənin baza məlumatı mövcuddur. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin baza məlumatı ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur.
19. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 195775 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 478 nömrə ilə qeyd edilmişdir.
20. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 201 nömrəli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X4 2002-ci ilin dekabr ayından ölən günə kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən fərdi evdə qeydiyyatsız yaşamışdır. Ailə üzvləri - həyat yoldaşı Cavabdeh1, oğlu X5, qızı X6 və Cavabdeh2 onunla birlikdə yaşamışdır.
21. Qaraçuxur bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 96 nömrəli arayışdan görünür ki, Cavabdeh1 2002-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 10-un yanında yerləşən fərdi yaşayış evində yaşayır və yaşadığı ünvanın 2022-ci il üçün əmlak və torpaq vergisi borcu yoxdur.
22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)- 685/2020 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3330/2019 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə tələbin borclunun daşınmaz əmlaklarına yönəldilməsi üçün borclu İddiaçı1 adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ümumi sahəsi 0.06 ha olan fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsi üzərinə həbs qoyulması qərara alınmışdır.
İşin faktiki halları.
23. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə Orucova (hazırda Hümbətova) Leyla Məmməd qızına fərdi yaşayış evi tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 600 m2 torpaq sahəsi ayrılmışdır.
24. Bu sərəncam əsasında 2002-ci ildə iddiaçı Leyla Orucova (Hümbətova) və iş üzrə digər iddiaçılar olan ailə üzvləri adına həmin torpaq sahəsi ilə bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir.
25. Leyla Orucova (Hümbətova) xx.xx.2007-ci il tarixli etibarnamə ilə həmin 0.06 ha torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka (girov) qoymaq və digər hüquqlarını iş üzrə cavabdehlər X4 və Cavabdeh1 etibar etmişdir. Etibarnamə 30 il müddətinə verilmişdir. xx.xx.2022-ci ildə İddiaçı1 bu etibarnamənin ləğvi ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmişdir.
26. Mübahisə predmeti olan torpaq sahəsində iki fərdi yaşayış evi tikilmişdir. Həmin tikililərdə hazırda cavabdehlər yaşayırlar və torpaq sahəsi də onların istifadəsindədir.
27. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı1 icra sənədi üzrə borcunun icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri kimi mübahisəli torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur.
Tətbiq edilən hüquq.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 357. Bəyənmə (sonradan verilən razılıq). Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
30. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 2000-ci il tarixli sərəncamı ilə İddiaçı1 fərdi yaşayış evi tikintisi üçün ayrılmış, 2002-ci ildə İddiaçı1 və ailə üzvləri (digər iddiaçılar) adına “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi hazırda iş üzrə cavabdehlərin istifadəsindədir. Belə ki, cavabdehlər bu sahədə tikdikləri özbaşına tikililər olan fərdi yaşayış evlərində yaşayırlar. Hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, cavabdehlərin artıq uzun illərdir yaşadıqları fərdi yaşayış evləri məhz İddiaçı1 və ailə üzvlərinə ayrılmış 0.06 ha torpaq sahəsində yerləşir. Həmçinin iş materiallarında olan ekspert rəyi ilə də bu hal təsdiqini tapmışdır.
31. İşin yuxarıda qeyd edilən halları tərəflər arasında mübahisəli deyil. Tərəflər arasındakı əsas mübahisəli məsələ ondan ibarətdir ki, iddiaçılar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus torpaq sahəsini uzun illərdir zəbt etdiklərini, bununla da onların torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozduğunu iddia etmişlər. Cavabdehlər isə İddiaçı1 həmin torpaq sahəsi üzrə bütün hüquqlarını müvafiq etibarnamə əsasında onlara satdığını, qarşılığında pul aldığını, həmin vaxtdan bu sahədə ev tikib yaşadıqlarını, iddiaçıların torpaq sahəsi ilə heç bir əlaqələrinin qalmadığını, yalnız 2022-ci ildə İddiaçı1 icra sənədi üzrə borcu ilə əlaqədar sahə ilə maraqlanmağa başladığını, məqsədinin borcun onların hesabına ödənilməsinə nail olmaq olduğunu iddia etmişlər. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti üzrə həll edilə bilməsi üçün cavabdehlərin iddiaçılara məxsus torpaq sahəsində yerləşməsinə əsas olmuş hallar araşdırılmalıdır.
32. İş materiallarında olan xx.xx.2007-ci il tarixli etibarnamədən görünür ki, iş üzrə İddiaçı1 (həmin vaxt Orucova) mübahisəli torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka (girov) qoymaq və digər hüquqlarını iş üzrə Cavabdeh1 və onun mərhum əri (digər cavabdehin mərhum atası) Tofiq Allahverdiyevə etibar etmiş, etibarnamə 30 il müddətinə verilmişdir. Lakin xx.xx.2022-ci ildə İddiaçı1 bu etibarnamənin ləğvi ilə bağlı ərizə ilə notariat ofisinə müraciət etmişdir.
33. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı1 cavabdehlərin torpaq sahəsini zəbt etmələrindən xəbər tutduğu 2022-ci ilə qədər onları heç vaxt tanımadığını, onlarla aralarında rəsmi və ya qeyri-rəsmi heç bir alqı-satqı baş tutmadığını iddia etdiyindən iş materiallarında olan və onun adından imzalanmış 2007-ci il tarixli etibarnamədəki imzanın iddiaçıya məxsusluğu məsələsinin həlli üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyini məsələsi məhkəmə iclasında müzakirə edilmiş, lakin İddiaçı1 etibarnamədəki imzanın özünə məxsus olduğunu qəbul etdiyindən məhkəmə tərəfindən ekspertiza ilə bağlı qərardad qəbul edilməmişdir. Lakin İddiaçı1 hər nə qədər etibarnamədəki imzanın öz imzası olduğunu qəbul etsə də, nə cavabdehləri, nə də onlara belə bir etibarnamə verməsini xatırlamadığını bildirmişdir.
34. İddiaçı1 “xatırlamadığı” iş üçün əhəmiyyətli başqa hallar da olmuşdur. Belə ki, o, mülkiyyətində olan torpaq sahəsi ilə 20 ilə qədər uzun bir müddətdə maraqlanmamasını həmin sahənin varlığını unutması ilə əlaqələndirmişdir. İddiaçı mövqeyini belə əsaslandırmışdır ki, həmin torpaq sahəsini əldə etdiyi dövrdə bir neçə yerdə başqa sahələr də aldığından bu sahəni unutmuş, yalnız 2022-ci ildə borclu olduğu icra sənədi üzrə məcburi icra tədbiri kimi ona məxsus həmin torpaq sahəsinə həbs qoyulmasından xəbər tutduqdan sonra həmin sahəni xatırlamışdır.
35. Məhkəmə hesab edir ki, İddiaçı1 tələbini əsaslandırarkən istinad etdiyi halları ağlabatan mühakimə əsasında inandırıcı hesab etmək mümkün deyil. Belə ki, iddiaçı müvafiq etibarnamədəki imzanın özünə məxsusluğunu mübahisələndirmədiyindən, imzasının cavabdehlər və (və ya) notarius tərəfindən saxtalaşdırıldığını iddia etmədiyindən məhkəmə bu etibarnamənin məhz iddiaçı tərəfindən imzalandığını qəbul edir və yalnız iddiaçının aradan keçən 17 il ərzində bu etibarnaməni tamamilə unutmasının ağlabatan olub-olmaması məsələsinə qiymət verir. Məhkəmə razılaşır ki, 17 il kifayət qədər uzun bir müddətdir və bu qədər uzun müddət ərzində yaş amili də nəzərə alınaraq, istənilən insanın illər əvvəl iştirakçısı olduğu əhəmiyyətli hadisələrin müəyyən epizodlarını unutması təbiidir. Lakin hazırkı iş üzrə iddiaçının iddia etdiyi odur ki, o, cavabdehlər, onlarla keçmiş tanışlığı, onlarla birlikdə notariat ofisinə getməsi, onlara etibarnamə verməsi ilə bağlı ümumiyyətlə heç nə xatırlamır və 2022-ci ildə torpaq sahəsi ilə maraqlanmağa başladıqdan sonra dəfələrlə üzləşmələrinə baxmayaraq, yenə də onlarla keçmiş münasibətləri barədə heç nə xatırlamamışdır. Məhkəmə hesab edir ki, bu qədər epizodları olan belə bir hadisənin bütün detalları ilə tam unudulması inandırıcılıqdan olduqca uzaqdır.
36. Bənzər şəkildə iddiaçının torpaq sahəsinin varlığını 2022-ci ilə qədər unutmuş olması ilə bağlı qeyd etdikləri də inandırıcı görünmür. İlk növbədə ona görə ki, iddiaçının iddia etdiyi kimi eyni dövrdə bir neçə yerdə fərqli torpaq sahələri əldə etmiş olsa belə (hərçənd bu sübut olunmur), bu, onun yaşadığı şəhərdə yerləşən özünə məxsus torpaq sahəsini tamamilə unutmasını, illər ərzində bir dəfə olsun xatırlamamasını başadüşülən edə bilməz. Üstəlik, nəzərə alınsa ki, həmin torpaq sahəsi tək İddiaçı1 yox, onun ailə üzvləri olan digər iddiaçıların da adına verilmişdir, belə başa düşülür ki, bənzər unutqanlıq bütün ailə üzvləri üçün keçərli olmuş, bu qədər illər ərzində onlardan biri belə bu sahə barədə heç nə xatırlamamış, digərinə xatırlatmamışdır. Bu vəziyyətdə məhkəmə hesab edir ki, əgər iddiaçı iddiasını əsaslandırarkən yuxarıda qeyd edilən səbəblərdən ağlabatan mühakimə əsasında qəbulu mümkün olmayan bu hallara istinad edirdisə, mövqeyini inandırıcı edəcək dəlilləri – həmin dövrdə sayını-hesabını itiricək qədər çox əmlak əldə etməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməli idi. Onun iddia etdiyi, lakin sübut etmədiyi bir neçə yerdə bir neçə əmlak əldə etməsi ilə bağlı qeyd edilənlər isə 20 ilə qədər müddət ərzində mübahisəli torpaq sahəsi ilə bir dəfə belə olsun maraqlanmamasını inandırıcı edə bilməz.
37. Bununla belə məhkəmə hesab edir ki, iddiaçıların bir halda bu sahəni həqiqətən unutması ağlabatan olardı. Belə ki, torpaq sahəsinə əmlak marağının itirilməsi halında (əmlakın məhv olması, satılması və s.) onun sonrakı taleyi ilə maraqlanmamaq başadüşüləndir. İşin hallarından və yuxarıda qeyd edilənlərdən belə görünür ki, hazırkı işdə də bu hal baş vermiş, İddiaçı1 həmin torpaq sahəsini qeyri-rəsmi qaydada etibarnamə əsasında cavabdehlərə “satdığından” sonradan sahə ilə nə o, nə də ailə üzvləri maraqlanmamışdır. Yalnız torpaq sahəsinin üzərinə onun borclu olduğu icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri kimi həbs qoyulmasından xəbərdar olduqdan sonra iddiaçı həmin sahəni “xatırlamış”, cavabdehlərlə aralarında rəsmi alqı-satqının baş tutmaması səbəbindən torpaq sahəsinin formal olaraq mülkiyyətlərində qalmasından istifadə edərək, əvvəlcə müvafiq etibarnaməni ləğv etmiş, daha sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 özü də məhkəmə iclasında torpaq sahəsini illər sonra xatırlamasının həmin həbs qərarı ilə bağlı olduğunu bildirmişdir
38. Beləliklə, məhkəmə, yuxarıda qeyd edilənlər əsasında belə nəticəyə gəlir ki, İddiaçı1 mübahisəli torpaq sahəsini cavabdehlərə satmışdır. Lakin aralarında rəsmi alqısatqı olmamış, “satış” etibarnamə əsasında baş tutmuşdur. Bu səbəbdən torpaq sahəsi formal olaraq iddiaçıların mülkiyyəti kimi qalmaqda davam etmiş, İddiaçı1 da icra sənədi üzrə borcunun ödənilməsinə nail olmaq üçün bu “mülkiyyət hüququ”ndan sui-istifadə edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların mahiyyətcə hüquqdan sui-istifadə xarakteri daşıyan hazırkı iddiası təmin edilə bilməz. Məhkəmə, digər iddiaçıların bu illər ərzində torpaq sahəsinə mülkiyyət hüquqları ilə bağlı heç bir iddia irəli sürməməsini onların İddiaçı1 bağladığı “alqısatqı” əqdini sonradan bəyənməsi kimi qiymətləndirərək, onlara münasibətdə də iddianın təmin edilməməli olduğu nəticəsinə gəlir. Odur ki, iddia rədd edilməlidir.
Məhkəmə xərcləri.
39. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən İddiaçı1 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
40. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
41. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dаir iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu rüsumu ödəmiş iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva