Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-725/2021 30.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Hövsan qəsəbəsi, 4 saylı Bağ evində yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Şemşek (İslamova) Vüsalə İlham qızının Bakı şəhəri, Hövsan qəsəbəsi, 4 saylı Bağ evində yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1 və Şemşek (İslamova) Vüsalə İlham qızının iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı Bakı şəhəri, Hövsan qəsəbəsi, 4 saylı Bağ evinin mülkiyyətçisidir. Cavabdehlər onun övladlarıdır. Lakin uzun illərdir ki, təxminən 90-cı illərdən Türkiyə Respublikasında yaşayırlar. Hər ikisi Türkiyə vətəndaşı ilə ailə qurublar. Özləri də hazırda həm də Türkiyə vətəndaşıdırlar, onlar orda dövlət qurumlarında çalışırlar. Bu bağ evində cavabdehlər demək olar ki, yaşamayıblar. Onlar Azərbaycana da çox nadir hallarda gəlirlər, gələndə də 2-3 gün qalaraq müəyyən işlərini həll edərək dərhal geri dönürlər. Cavabdehlər onun mülkiyyətindəki bağ evində formal olaraq qeydiyyatda qaldıqlarına görə mülkiyyəti üzərində sərbəst şəkildə sərəncam verə bilmir. Hazırkı evi ona digər oğlu İslamov Elnur bağışlayıb. Həyat yoldaşı bu yaxınlarda vəfat edib. Həyat yoldaşı rəhmətə gedəndən sonra demək olar ki, tək yaşayır. Digər oğlu İslamov Elnurun həyat yoldaşı xəstə olduğuna görə daimi olaraq onunla yaşaya bilmir. Cavabdehlərin formal olaraq onun mülkiyyətində qeydiyyatda qalmaları həm mülkiyyət hüququnu həyata keçirtməyə, həm də evdə sosial məişət xidmətinin göstərilməsi hüququndan istifadə etməyinə mane olur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4 saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 01.05.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində bağışlama əsasında ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 04.11.2020-ci il tarixli “evdə (səyyar) sosial məişət xidmətlərinin göstərilməsi haqqında” aktdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinin Monitorinq şöbəsinin məsləhətçiləri Kazımlı Aygün, Mustafazadə Aytac və Məmmədzadə Məhəmmədəli müraciət əsasında ünvana baxış keçirmişlər. Vətəndaş həqiqətən də qeyd olunan ünvanda tək yaşayır. Vətəndaşın 3 övladı var. İkisi Türkiyədə, biri isə Masazırda yaşayır. Evlərin təmizliyi və yemək bişirilməsi üçün sosial xidmətçiyə ehtiyacı olduğunu bildirir. Vətəndaş əmək pensiyaçısıdır. Yoldaşı rəhmətə gedib. Masazırda yaşayan övladının gələ bilmədiyini, onun h/y-nın astma bronxit xəstəliyi olduğunu qeyd etdi. Bakı şəhəri Suraxanı RPİ tərəfindən 01.04.2020-ci il tarixdə verilmiş 096-8307-1221 №-li məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh1 03.06.2016-cu il tarixdən, 21.06.1975-ci il təvəllüdlü X1 isə 30.11.2019-cu il tarixdən bügünədək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4 saylı bağ evində pasport qeydiyyatdadırlar. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən göndərilmiş X2 ilə İddiaçı arasında bağlanmış 22.04.2.018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X2 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4 saylı bağ evini İddiaçı bağışlamışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 23.04.2021-ci il tarixli, 33/1341 №-li məktubundan görünür ki, Cavabdeh1 sonuncu dəfə dövlət sərhədindən hərəkəti 11.08.2006-ci il tarixdə və Cavabdeh2 sonuncu dəfə dövlət sərhədindən hərəkəti isə 23.03.2004-cü il tarixdə olmuşdur. Hər iki çıxış Türkiyə Respublikasına olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə işinin araşdırılmış hallarından məlum oldu ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə daimi yaşayış yeri üzrə qeydiyyata alınıb və onlar iddiaçının övladlarıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Hər iki normanın məzmunundan da göründüyü kimi, istifadə hüququnun yaranması üçün, mülkiyyətçinin ailə üzvlərinin mülkiyyətçiyə məxsus mənzilə köçməsi və həmin mənzildə yaşaması tələb olunur. Qanunvericilik bunu mülkiyyətçi ilə onun mənzilə köçürdüyü ailə üzvləri arasında sıx birgə təsərrüfat əlaqələrinin yaranması, habelə mülkiyyətçinin onlar qarşısında ailə münasibətlərindən irəli gələn maddi dəstək-himayə etmə vəzifəsinin olması ilə əlaqələndirir. Məhz buna görədir ki, digər mülkiyyətçinin ailə üzvü olmayan şəxslərin mülkiyyətçiyə məxsus mənzildən istifadə hüququnun yaranması üçün nisbətən mürəkkəb prosedur nəzərdə tutur və yuxarıda qeyd edilən yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ailə münasibətlərinə xitam verilməsi halında, mənzildən istifadə hüququnun da itməsini müəyyən edir. Hazırkı işdə iddiaçı övladlarının ümumiyyətlə həmin mənzildə yaşamadığını, Azərbaycana çox nadir hallarda gəldiklərini və gələndə də 2-3 gün qalaraq müəyyən işlərini həll edərək dərhal geri döndüklərini bildirir. Cavabdehlərin mübahisəli mənzildə öz ailə üzvləri ilə yaşaması və bununla da, həmin mənzildən istifadə hüququnun yarandığı ehtimal edilir. Buna baxmayaraq, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlərin mülkiyyətində başqa yaşayış evi var və onlar Türkiyə Respublikasında yaşayırlar. Həmçinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 23.04.2021-ci il tarixli, 33/1341 №-li məktubundan görünür ki, Cavabdeh1 sonuncu dəfə dövlət sərhədini 11.08.2006-ci il tarixdə və Cavabdeh2 isə 23.03.2004-cü il tarixdə tərk edərək Türkiyə Respublikasına getmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarı ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Qeyd edildiyi kimi, cavabdehlərin başqa yaşayış yerini əldə etməklə, həmin evdə yaşamaları onların mübahisəli evdən istifadə ehtiyacının aradan qalxmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Belə ki, Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətində başqa əmlak olduğu halda, şəxsin istifadə hüququnun saxlanılması imkanından sui-istifadə etməsi mülkiyyəçinin hüququnun lüzumsuz məhdudlaşdırılması hesab oluna bilər ki, bu da həm milli qanunvericilik, həm də Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq normalarla qorunan mülkiyyət hüququna müdaxilə sayıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Şemşek (İslamova) Vüsalə İlham qızının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4 saylı bağ evindən yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-725/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-725/2021
30.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver