Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-75/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil, Üçüncü şəxs Qaraçuxur bələdiyyəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi və Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi) “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh ilə İddiaçı ilə bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqavilənin 3.1.3-cü bəndinə əsasən icra predmetini icarəyə verən, icarəçinin şəxsi vəsaiti hesabına 15000 manat məbləğində təmir üçün çəkilmiş xərcin, yəni 15000 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin may ayında işsizliklə əlaqədar olaraq və əvvəllər bu sahədə işlədiyi üçün icarəyə bir kafe götürərək işlətmək qərarına gəlmişdir. Ona görə də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 16, mənzil 54 ünvanında yaşayan Cavabdeh məxsus olan, yaşadığı evin arxasında yerləşən və iaşə obyekti kimi fəaliyyət göstərmiş məkana baxmışdır. Obyektin sahibi Cavabdeh ilə şifahi söhbət əsnasında cavabdeh obyektin təmirsiz olduğunu və obyekti təmir etdirdikdən sonra icarəyə verə biləcəyini bildirmişdir. O da cavabdehlə razılaşmışdır. xx.xx.2019-cu il tarixdə o, cavabdeh və fərdi vəkillə aralarında “Qeyriyaşayış sahəsinin icarəsi haqqında” müqavilə bağlanmışdır. İcarə müqaviləsinin predmet hissəsinin 1.2-ci bəndində göstərilmişdir ki, 300 m2 olan qapalı sahəsi və həmin sahənin içərisində isə təmirsiz tikinti olmuşdur. Həmin müqavilənin 2.1-ci bəndində icarə götürən hər ay icarə verənə 300 manat pulun ödənilməsi göstərilmişdir. Həmin müqavilənin 3.1.3cü bəndində icarə predmetini icarəyə verən, icarəçinin şəxsi vəsaiti hesabına 15000 manat xərclə təmir etdikdən sonra icarəyə verir. İcarə müqaviləsinin 5.3-cü bəndində isə göstərilmişdir ki, müqavilənin xitam olunması üçün bir tərəf digərinə bir ay qabaqcadan xəbər verməlidir. 2019-cu ilin iyun ayından sonra o, obyekti təmir etdirməyə başlamış və gələn gəlirlə çəkilən işıq üçün texniki şərt almış və 400 manat, su sayğacının qoyulması üçün 560 manat, kafenin dam örtüyünün çəkilməsi üçün 450 manat, bir ağacın kəsilməsi üçün 150 manat pul onun tərəfindən xərclənilmiş, cavabdehə də pul verilmişdir. X1 və X4 tərəfindən obyektdə olan təmirsiz otaqlar təmir olunmuş, həyətdə 2 yeni kotej (otaq) və bir yeni mətbəx tikilmişdir (cəmi 40-45 m2). Həmin obyektin təmiri və tikintisinə ustaların əməkhaqqları ilə birlikdə cəmi 15000 – 16000 manat xərclənmişdir ki, həmin briqada ustaları da bunu təsdiq edə bilərlər. Obyektə 2 soyuducu, 40 ədəd stol, 1 ədəd bahalı manqal, 1 ədəd qaz peçi, qab-qacaq və qazan alınmışdır. 1 ədəd təzə 8 m2 plastik pəncərə də alınmışdır ki, pulları da əlavə olaraq ona ödənilməlidir. Sonradan COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, obyekt iş fəaliyyətini dayandırmışdır. 2021-ci ilin martaprel aylarında Cavabdeh obyekti başqa bir şəxsə 600 manat verəcəyini və həmin icarə pulundan 200 manatını hər ay ona verəcəyini bildirmişdir. Cavabdeh 6 ay, hər ay 200 manat olmaqla, 1200 manat ona versə də, sonradan obyekti ona verməyərək özü işlətməyə başlamışdır. Cavabdeh yerdə qalan pulu ona verəcəyini bildirsə də, bu günə qədər verməmiş, onu aldatmağa başlamış, telefonlarına cavab verməmişdir.
İddia tələbinə etiraz.
3. Cavabdeh iddia tələbinə etiraza dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı ona qarşı “pul” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə, İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində xüsusi qərardad çıxarılaraq müvafiq prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir.
İddia tələbinə etirazın əsaslandırıldığı hallar.
4. Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixli “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqaviləyə istinad edərək, guya onun həmin müqaviləni imzaladığını və müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmədiyini qeyd edir. Halbuki o, belə bir yazılı müqaviləyə imza etməmişdir və bu müqavilənin mövcudluğu barədə xəbəri yoxdur. İddiaçının istinad etdiyi həmin müqavilə saxtadır və iddiaçının özü tərəfindən tərtib edilməklə, onun adından kiməsə imza etdirmişdir. Hazırda iddiaçı həmin saxta müqaviləyə istinad etməklə ona qarşı iddia qaldırmışdır. Hesab edir ki, iddiaçının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin tərkib əlamətləri vardır. Bundan başqa, iddiaçı həmin saxta müqavilənin 3.1.3-cü maddəsinə istinad edərək qeyd edir ki, guya icarəyə götürən, icarə predmetini 15.000 manat xərclə təmir etdikdən sonra icarəyə verəndən icarəyə götürür. Müqavilədəki bu bəndin özü bir daha təsdiq edir ki, müqavilə saxtadır. Çünki əgər icarə predmeti olan obyekt iddiaçı tərəfindən təmir ediləcəkdirsə, qabaqcadan təmirə 15000 manat xərc çıxacağını necə bilə bilərdi? Əgər o, şahid qismində məhkəməyə çağırılacaq ustaların izahatına istinad etməklə, təmirə 15000 manat pul çıxdığına məhkəməni inandırmağa çalışmaq istəyirsə, səhvə yol verir. Belə ki, həmin ustalarla iddiaçı arasında təmirlə bağlı təsdiq edilmiş hər hansı bir müqavilə və ya qaimə-faktura sənədləri iddia ərizəsinə əlavə edilməmiş və eləcə də məhkəməyə təqdim edilməmişdir. Həm də o, iddiaçıya kafedə hər hansı bir təmir işləri aparmasına icazə verməmişdir. İddiaçı ilə o, 2019-cu ilin təxminən iyun ayında tanış olmuşdur. İddiaçı ona məxsus Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 16 saylı binanın arxasında yerləşən kafeni icarəyə götürmək istədiyini bildirmişdir. Həmin vaxt o, kafeni icarəyə götürmək niyyəti ilə ona 50 manat beh vermiş və aralarında olan şifahi razılaşmaya əsasən, hər ay 300 manat ödəyəcəyi şərti ilə icarəyə götürərək işlətmişdir. Lakin o, şərtə əməl etməmiş, bir qəpik də olsun icarə haqqı ödəməmiş, hər dəfə bir bəhanə ilə aylıq ödənişi başqa vaxta keçirmişdir. Həmin müddətdə iddiaçı onun razılığı olmadan kafedə xırda təmir işləri aparmışdır. Bu barədə o, gec də olsa xəbər tutduqdan sonra iddiaçıya öz narazılığını bildirdikdə iddiaçı çəkdiyi təmir xərcinin onluq olduğunu, ona heç bir aidiyyəti olmayacağını bildirmişdir. Artıq 1 il tamam olduqdan sonra iddiaçı bir qəpik də olsun icarə haqqı ödəməyərək bunu pandemiya ilə bağlı gəlirinin olmaması ilə əlaqələndirmiş və kafenin açarlarını ona təhvil verərək çıxıb getmişdir. O da iddiaçının kafedə ondan icazəsiz apardığı təmir işlərini nəzərə alaraq, borclu qaldığı icarə haqqını məhkəmə qaydasında tələb etməmişdir. Daha sonra isə kafeni başqa şəxsə icarəyə vermişdir. İddiaçı onun razılığı olmadan kafedə apardığı təmir işlərinin xərcini ondan tələb edə bilməz.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, 2019-cu ildə müflis olmuş və gəlir əldə etmək üçün obyekt axtarışında olmuşdur. Dayısı oğlu ona mübahisəli obyekti işlətməyi tövsiyə etmişdir. İlk dəfə obyektə baş çəkərkən obyekt tam yararsız vəziyyətdə olmuşdur. Ətrafı metal hasarla və ağacla əhatələnmiş, sahəsi 2 m2 olan mətbəx, köhnə zal və bir kotecdən (kabinetdən) ibarət olmuşdur. Cavabdeh ilə ilk vaxtlar şifahi olaraq ayda 300 manat icarə haqqı ödəmək şərti ilə razılaşmışlar. Həmçinin razılaşmışlar ki, çəkiləcək olan 15000 manat xərci obyekti işlədərək çıxarana kimi icarə haqqı ödəməyəcək. Obyektin təmirinə başladıqdan təxminən 20 gün sonra cavabdehlə gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq məqsədi ilə icarə müqaviləsi bağlamışlar. İcarə müqaviləsini təxminən 2019-cu ilin may-iyun ayında imzalamışlar. İlqara müqavilə bağlamağı təklif etdikdə İlqar onu yola verərək müqavilə bağlamağa ehtiyac olmadığını demişdir. Lakin o, İlqarın qonşusundan onun problemli adam olduğunu eşitdiyi üçün müqavilə bağlamaqda təkid etmişdir. Müqavilə tərtib edilmiş, ilk imzanı o atmışdır, cavabdeh isə müqavilənin şərtlərini oxuyub tanış olmaq məqsədi ilə müqaviləni özü ilə evə aparmışdır. Həmin zaman evdə cavabdehin oğlu və arvadı olmuşdur. Çox güman ki, müqaviləni ya oğlu Natiq, ya da arvadı imzalamışdır. Obyektin cavabdehə məxsus olması ilə bağlı rəsmi sənəd (çıxarış) olmadığı üçün icarə müqaviləsini notariat ofisində bağlamaq mümkün olmamışdır. Obyektin təmiri üçün üç usta ilə razılaşmışdır. Obyekti icarəyə götürdükdən sonra ilk olaraq bütün obyekt ərazisinə beton tökdürmüş və kənarlarına barı daşı düzdürmüşdür. Orada yerləşən köhnə mətbəxi sökdürmüş, yerinə ümumi sahəsi 24 m2 olan yeni mətbəx tikdirmişdir. Mətbəx söküldükdən sonra oranın təmizlənməsi üçün xeyli pul xərcləmişdir. Daha sonra yararsız vəziyyətdə olan zalın içini və çölünü təmir etdirmiş, zalda yerləşən köhnə stol-stulları bərpa etdirmişdir. Cavabdeh ona obyektin qazla təchiz edildiyini bildirsə də, obyektdən qaz xəttinin keçmədiyi müəyyən edilmişdir. Daha sonra qaz xətti çəkdirmək istədiyi zaman qaz idarəsinin əməkdaşı texniki şərt olmadığı halda qaz çəkilməsinə icazə verilməyəcəyini bildirmişdir. Cavabdehə qaz xəttinin çəkilməli olduğunu bildirmiş, cavabdeh isə buna əməl etməmişdir. Bundan sonra aralarında problemlər yaranmağa başlamışdır. O, texniki şərtin alınması və qaz xəttinin çəkilməsi üçün 1700 manat pul ödəmişdir. Eyni zamanda obyekti istilik və işıqla təchiz etmişdir. Daha sonra könhə koteci (kabineti) təmir etdirmiş və daha iki yeni kotec tikdirmişdir. Əl haqqı üçün ustalara 6000 manat ödəmiş və onlara hazırda 900 manat borcu qalmışdır. Tikinti materiallarını Dərnəgül və 8-ci km bazarından əldə etmişdir. Obyekti götürən zaman onun əlində 12000 manat pul olmuş, 5000 manat Vəliyev Elsəvərin adına kredit götürmüş, daha sonra çəkdiyi xərclər çox olduğundan tikinti materialları almaqda çətinlik çəkmişdir. Bibisinin kürəkəni Teymur ona Hövsanda yerləşən tikinti materialları mağazasını məsləhət görmüş və oranın sahibi Sahib adlı şəxs onun 4300 manat məbləğində nisyə mal götürməsinə kömək etmişdir. O da hissə-hissə Sahibə olan borcunu ödəmişdir. Texniki şərt üçün 400 manat, su sayğacı üçün 560 manat, zalın damı üçün materiallara 450 manat xərci çıxmışdır. Kafenin həyətində quru ağac olmuş, cavabdeh həmin ağacı kəsəcəyinə söz vermişdir. Lakin kəsməmiş və nəticədə ağacın budağı Vüqar adlı şəxsin avtomobilinin üzərinə düşmüşdür. Bu hadisədən sonra ağacı özü kəsmiş və bu səbəbdən xərci çıxmışdır. Ümumilikdə mübahisəli obyektin təmiri üçün 22000 manatdan artıq xərc çəkmişdir. 2019-cu ilin iyul ayından noyabr ayına kimi kafe işləmiş, noyabr ayında obyekt qazla təchiz edilmədiyi üçün kafenin fəaliyyətini dayandırmalı olmuşdur. Daha sonra obyektin problemləri ilə başa çıxa bilməyəcəyini başa düşüb cavabdehə birlikdə kafeni icarəyə verməyi təklif etmiş və cavabdeh onunla razılaşmışdır. İlk icarəçi Mahir adlı şəxsi özü tapmışdır. 201 manat ət, 167 manat işıq, 210 manat kömürə və işçilərə borcu olduğu üçün ilk icarəçi Mahirlə aralarında razılaşaraq əvvəlcədən ondan 1200 manat pul almışdır. İki aydan sonra pandemiya olduğu üçün obyekt bağlanmışdır. Avqust ayında Mahirə icazə sənədi verildiyi üçün ona zəng etmiş və obyekti yenidən işlətmək istədiyini bildirmişdir. Su idarəsinin əməkdaşları Mahirə İlqarın ərazidə qanunsuz su xətti çəkdiyini bildirmişlər. 20 gün sonra da Mahir İlqarın etdiklərinə görə obyekti işlətmək istəmədiyini və əvvəlcədən ona ödədiyi 1200 manatın halallığını verərək qaytarmamasını bildirmişdir. Daha sonra cavabdeh obyekt üçün Ramil adlı icarəçi tapmışdır. O, cavabdehə razılıq verərək onun tez-tez obyektə baş çəkməsinə ehtiyacı olmadığını bildirmiş və icarə haqqının ona düşən hissəsinin ödənilməsini cavabdehdən xahiş etmişdir. Obyekti 5 ay icarəyə verdikdən sonra son icarə haqqını almaq üçün cavabdehin oğlu Natiqlə görüşdükdə Natiq icarəçini çıxarıb obyekti özləri işlətmək istədiklərini bildirmişdir. O da problem olmadığını sadəcə onun pulunun vaxtında verilməsini xahiş etmişdir. Daha sonra isə cavabdeh və oğlu ona pulunu ödəməməyə başlamışlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, onun icarə müqaviləsindən xəbəri yoxdur və müqavilədəki imza ona məxsus deyildir. İddiaçı ona 50 manat məbləğində beh vermişdir. İddiaçı obyektə baxmağa qohumu ilə gəlmiş və baxıb bəyəndikdən sonra aralarında 300 manat icarə haqqı ödəməklə razılaşmışlar. İddiaçı 22000 manat xərc çəkdiyini bildirsə də, çəkilmiş xərc heç o qədər etməmişdir. Aralarında razılaşdıqdan sonrakı bir ay ərzində obyektdə təmir işləri getmiş, daha sonra kafe kimi fəaliyyətə başlamışdır. İddiaçı obyekti iki ilə yaxın işlətmiş, lakin heç bir icarə haqqı ödəməmişdir. Bundan sonra iddiaçı obyektin açarını ona təhvil vermiş, kafeni işlədə bilmədiyini, dövlət işi tapdığını və orada işləyəcəyini demişdir. Bu zaman o, iddiaçıdan ödəmədiyi icarə haqlarını nə vaxt ödəyəcəyini soruşmuş, iddiaçı da ondan möhlət istəmişdir. Sonralar iddiaçıdan bu pulu tələb etsə də, iddiaçı hər dəfə ağlayıb-sızıldayaraq ondan möhlət istəmişdir. İddiaçı obyekti təhvil verdikdən sonra iddiaçı ilə birlikdə obyektə Mahir adlı yeni icarəçi tapmışlar. Onunla razılaşmışlar ki, Mahir aylıq 700 manat icarə haqqının 300 manatını ona, 400 manatını isə iddiaçıya ödəsin. İddiaçı ona iki illik icarə haqqı borclu olsa da, o, insanlıq edib iddiaçının ayda 400 manat icarə haqqı götürməsinə şərait yaratmışdır. Lakin artıq obyekti özü icarəyə vermişdir və ayda 700 manat icarə haqqı alır. İddiaçı obyekti işlətdiyi bütün vaxt ərzində ona heç bir icarə haqqı ödəməmişdir. O, obyekti iddiaçıya təhvil verərkən hansısa təmir işlərinin görülməsi ilə bağlı şərtləşməmişlər, sadəcə o, iddiaçıya demişdir ki, “Nə abadlıq işi görürsən, öz işindir”. Bundan sonra iddiaçı tərəfindən həyətdə iki kotec tikilmiş, bir kotec (zal), təmir edilmişdir. Obyektdə başqa heç bir iş aparılmamışdır. İddiaçının ona ödəmədiyi icarə haqqı nəzərə alınsa, o iddiaçıya yox, iddiaçı ona borcludur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə iclasında üçüncü şəxs qismində işə cəlb edilmiş Qaraçuxur bələdiyyəsinin nümayəndəsi X13 bildirdi ki, mübahisəli əmlak bələdiyyənin mülkiyyətində deyil. Onlar bu əmlaka görə yalnız vergi alırlar. Hər bir halda mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
İş materialları.
9. Cavabdeh (İcarəyə verən) və İddiaçı (İcarəçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilədən görünür ki, bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə İcarəyə verən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 16 saylı evin arxasında yerləşən iaşə obyekti kimi faəliyyət göstərən, 80 m2 sahəsi olan qeyri-yaşayış sahəsini (“Zəhmət” kafesi) İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür (maddə 1.1); İcarə predmetinin dəqiq təsviri: sahəsi 300 m2 olan qapalı sahə, təmirsizdir (maddə 1.2); Bu müqavilə üzrə İcarəyə verənə ödənilməli olan aylıq icarə haqqının məbləği 300 manat təşkil edir (maddə 2.1); İcarə predmetini İcarəyə verən İcarəçinin şəxsi vəsaiti hesabına on beş min manat xərclə təmir etdikdən sonra İcarəçiyə verir. İcarə predmeti daxilində olan və məişət təyinatlı avadanlıqları işlək vəziyyətdə, texniki təhlükəsizlik, sanitar-gigiyenik qaydalarına cavab verən, təmizlənmiş və sazlanmış şəkildə İcarəçinin istifadəsinə verir (maddə 3.1.3).
10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-6357/2015 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-490/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması”na dair iddiasının təmin edilməməsi qət edilmişdir.
11. Bakı şəhəri Qaraçuxur Bələdiyyəsi (İcarəyə verən) və Cavabdeh (İcarəçi) arasında bağlanmış xx.xx.2010-cu il tarixli icarə müqaviləsindən görünür ki, bu müqaviləyə görə “İcarəyə verən” Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinin 10 fevral 2010-cu il tarixli iclasının qərarına əsasən “V” yaşayış sahəsi, 16 saylı binanın arxası ünvanında yerləşən qeyri-yaşayış sahəsini iaşə fəaliyyəti məqsədilə “İcarəçi”yə icarəyə verir. İcarə müqaviləsinin müddəti xx.xx.2010-cu il tarixdən xx.xx.2040-cı il tarixədək müəyyən edilir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/1-10/6886 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 16 ünvanının arxasında yerləşən iaşə obyektinin tikililəri üzrə aparılmış yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 14.228 manat məbləğində olduğu müəyyən olunur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4/508 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 12-15-ci vərəqlərində Cavabdeh və İddiaçı arasında olan xx.xx.2019-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilədə “İcarə verən” qrafasında Cavabdeh adından olan yazılar və imza – X11 tərəfindən icra olunmuşdur.
Şahid ifadələri.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, icarə müqaviləsini imzalamadığını xatırlamır. Belə ki, həmin vaxtın üzərindən 4-5 il keçmişdir və hamının problemləri olduğu bir dövrdə bunu yadından çıxartması adi haldır.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, mübahisəli kafedə 2018-2019-cu illərdə təmir işləri görmüşdür. Şəhzadə ona Günəşli ərazisində kafedəki kabinetlərin sökülməli olmasını bildirmişdir. Bundan sonra iki kabinet sökülmüş, kabinetlərdən biri “remont” olunmuş, digərləri isə yenidən tikilmişdir. O özü həmin işlərdə ustanın köməkçisi (fəhlə) kimi işləmişdir. Gördüyü işlərin pulunu ona ustalar vermişdir. Ümumilikdə nə qədər pul aldığı yadında deyil, lakin gündəlik 15 manata 2 aya yaxın işləmişdir. Kafenin yerləşdiyi yeri tam olaraq xatırlamır. Belə ki, oraya ustayla getmişdir və tam olaraq yerini dəqiq bilmir. Lakin kafenin Günəşli ərazisində olduğunu bilir. Kafenin 2 kabineti, 1 zalı olmuşdur. Zal çox pis gündə olmuş, onlar da təmir etmişlər. Mətbəxin ölçüsünü isə artırıb böyütmüşlər.
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, İddiaçı onun dayısı oğludur. O özü “malyar-santexnik” işləyir. Dayısı oğlu pandemiyadan qabaq Günəşli ərazisində icarəyə kafe götürmüşdür. Həmin vaxt Şəhzadə ona demişdir ki, kafe pis gündədir, təmir işləri etmək lazımdır. Mətbəx köhnə olmuş, söküb yenisini tikmişlər. İki kabinet olmuş, söküb yenidən tikmişlər. Bundan əlavə, zal da köhnə, tökülmüş vəziyyətdə olmuş, onun da içərisini təmir edib, şiferini dəyişmişlər. Həyətdə işıq sistemi quraşdırılmış, yerə beton tökülmüş, divarlara “bardiyor” vurulmuş, kabinet, zal və mətbəx üçün yeraltı kombi xətləri çəkilmişdir. Giriş qapısı dəmir qapı olmuş, onun üstünə “çubuq” ilə düzəldib təmir etmişlər. Bu işlər üçün 5000 manat öz adına kredit götürmüş, komisyon çıxdıqdan sonra 4800 manat qalmışdır. Bu puldan 900 manat və 300 manat qalmış, digər məbləğlər xərclənmişdir. Krediti Şəhzadə ödəmiş və borcu bağlamışdır. Ümumilikdə iki kabinet “remont” olunmuş, digərini yenidən tikmişlər. Həyətdəki “besetka”nı təmir edib iki kabinetə çevirmişlər. Belə ki, üstü bağlı olmuş, yanlarını və arakəsməni etmişlər. Kafenin ümumi sahəsini xatırlamır. Usta pulu və material xərci ilə birlikdə 11-12000 manat xərc çıxmış olardı. Materialların təxmini qiymətini bildiyinə görə hesab edir ki, həmin vaxt üçün 7-8000 manat materiallara xərc çəkilmişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, X3 neçə ildir tanıyır. Onlar pandemiyadan qabaq, təxminən 2018-2019-cu illərdə qeyd olunan kafedə işləmişlər. Belə ki, Elsevər ona Şəhzadənin götürdüyü kafedə təmir işləri getdiyini bildirmiş, bundan sonra gedib orada işləmişlər. Onlar kafenin “malyar”, “santexnik”, daxili təmir işlərini görmüşlər. Zalı təmir etmiş, “besetka” yığmış, həyətdəki mətbəxin divarı və tavanını yığmışlar. Həyətdəki “besetka”nı təmir etmiş, çöl hissədən dəmirlə bağlamış, plastik pəncərə qoymuş, elektrik çəkmiş, içərisini taxtayla işləmişlər. Bütün otaqlara yeraltı kombi sistemi çəkmişlər.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, təxminən pandemiyadan əvvəl Günəşlidə “makler”ə yaxınlaşmış, “makler” ona həmin kafeni məsləhət bilmişdir. Bunun üçün “makler” ona Şəhzadə və ağdaşlı bir nəfərin adını vermişdir. O, kafeyə yaxınlaşmış, orada Rəfael adlı biri olmuşdur. O, həmin şəxsə kafeni icarəyə götürmək istədiyini demiş, sonradan Şəhzadə gəlmişdir. Orada kafeni icarəyə götürmək istəyən ondan başqa üç nəfər də olmuş, lakin onlar qiymətlə razılaşmadığından onlara icarəyə verməmişlər. O, Rəfael ilə razılaşmış və kafeni 700 manata icarəyə götürmüşdür. O, əvvəldən Rəfael və yanındakı adama 1250 manat ödəniş etmişdir. O, həmin kafedə 2 ay işləmişdir. Daha sonra 300 manat kafenin sahibinə, 400 manat isə Şəhzadəyə ödəniş etmişdir. İddiaçı ona demişdir ki, kafeyə 17000 manat xərc çəkmişdir. Pandemiya vaxtı axşam bütün kafelər bağlı olmalı idi, həmin vaxt axşam kafeni açdıqlarına görə 1000 manat cərimə edilmişlər. Bundan əlavə, kafedə qanunsuz su xətti olmuşdur. Belə ki, Su İdarəsindən gəlib qanunsuz xətt olduğunu bildirmişlər. Kafeni yeni götürdüyü vaxt Şəhzadə ona İlqarın kafesinə pul xərclədiyini bildirmişdir. Lakin oranın kafenin sahibinin icazəsi ilə təmir edilib-edilməməsindən xəbərdar deyil. Əslində kafeni işlədən özü olmamışdır. O, qapı qonşusunun xahişi ilə onun vəsaiti hesabına bu işə daxil olmuşdur. Onun özünün Kürdəmirdə böyük restoranı var. Belə ki, Rusiyadan gələn qonşusu burada bizneslə məşğul olmaq istəmiş, o da bu işləri təşkil etmişdir.
İşin faktiki halları.
19. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi (İcarəyə verən) və Cavabdeh (İcarəçi) arasında bağlanmış xx.xx.2010-cu il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 16 nömrəli binanın arxasında yerləşən, 80 m2 sahəsi olan qeyri-yaşayış sahəsi (“Zəhmət” kafesi) iaşə fəaliyyəti məqsədilə İcarəçiyə icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2040-cı ilədək müəyyən edilmişdir.
20. Cavabdeh (İcarəyə verən) və İddiaçı (İcarəçi) arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 16 nömrəli evin arxasında yerləşən, iaşə obyekti kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi İcarəçiyə icarəyə verilmişdir. Müqavilədə icarə predmetinin İcarəçinin şəxsi vəsaiti hesabına 15000 manat xərclə təmir olunduqdan sonra İcarəçiyə verilməsi müəyyən edilmişdir.
Tətbiq edilən hüquq.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 135. Əşya hüququnun obyektləri. 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 683. Kirayəyə götürülmüş əşyanın üçüncü şəxslərə verilməsi. 683.1. Kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. Maddə 700. İcarə müqaviləsi. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı.
Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
24. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 16 nömrəli binanın arxasında yerləşən, 80 m2 sahəsi olan qeyri-yaşayış sahəsi (“Zəhmət” kafesi) iaşə fəaliyyəti məqsədilə İcarəyə verən Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən xx.xx.2010-cu il tarixli icarə müqaviləsi əsasında Cavabdeh icarəyə verilmişdir. Sonuncu isə həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında İddiaçı icarəyə vermişdir. Lakin tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuşdur ki, icarə predmeti olan qeyriyaşayış sahəsi icarəçi İddiaçı vəsaiti hesabına 15000 manata təmir edildikdən sonra icarəçiyə verilməlidir. Hazırkı iş üzrə tərəflər arasındakı mübahisə də elə müqavilənin həmin bəndi ilə əlaqəlidir. Belə ki, İddiaçı iddia edir ki, o, cavabdehlə aralarında bağlanmış müqaviləyə uyğun olaraq, qeyri-yaşayış sahəsinin təmirinə 15000 manat məbləğində xərc çəkmiş, lakin Cavabdeh onunla icarə münasibətlərini pozmuş, sonradan obyekti onun etdiyi təmir-tikinti işləri hesabına daha baha qiymətə icarəyə vermişdir. Cavabdeh isə iddiaçının istinad etdiyi icarə müqaviləsini imzalamadığını, dolayısıyla obyektin 15000 manata təmir edilməsi və sonra icarəyə verilməsi ilə bağlı aralarında heç bir razılıq əldə edilmədiyini, iddiaçının bütün bu işləri öz təşəbbüsü ilə gördüyünü, kafeni işlətdiyi iki ilə yaxın müddət ərzində aralarında əldə edilmiş razılığa uyğun olaraq ayda 300 manat icarə haqqı ödəməli olduğu halda, heç bir ödəniş etmədiyini bildirmişdir.
25. İddiaçı tərəfindən məhkəməyə Cavabdehla onun arasında bağlanmış xx.xx.2019cu il tarixli icarə müqaviləsi təqdim edilmişdir. Bu müqavilədən görünür ki, müqavilə həm iddiaçı (icarəçi), həm də cavabdeh (icarəyə verən) adından imzalanmışdır. Lakin məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia etmişdir ki, o, belə bir müqaviləyə imza çəkməmişdir və müqavilədə onun adından çəkilmiş imza saxtadır. Öz növbəsində İddiaçı isə bildirmişdir ki, Cavabdeh həmin müqaviləni oxumaq üçün evə aparmış, sonradan imzalanmış müqaviləni gətirmişdir. Bu səbəbdən iddiaçı hesab etmişdir ki, sözügedən müqaviləni evdə cavabdehin arvadı və ya oğlu imzalamış ola bilər.
26. Sözügedən müqavilədə Cavabdeh adından çəkilmiş imzanın kim tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında müqavilədəki imzanın Cavabdeh, onun arvadı Firuzə Qasımova və ya oğlu Natiq Qasımov tərəfindən icra edilib-edilməməsi ilə bağlı sual qoyulmuş, hər üç subyektə məxsus imza və yazı nümunələri ekspertizaya təqdim edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası nəticəsində müvafiq rəy verilmiş, rəydə qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsində “İcarəyə verən” qrafasında Cavabdeh adından olan yazılar və imza X11 tərəfindən icra edilmişdir. Bundan sonra, iş üzrə cavabdehin oğlu Natiq Qasımovun şahid kimi ifadəsi dinlənilmiş, o, müqaviləni imzalaması barədə heç nə xatırlamadığını bildirmişdir. Şahid bunu onunla əsaslandırmışdır ki, həmin hadisənin üzərindən uzun vaxt keçmişdir və bu barədə xatirində heç nə qalmamışdır.
27. Məhkəmə isə şahidin bu ifadəsini aşağıda qeyd edilən səbəblərdən qeyri-səmimi hesab edir. Belə ki, mübahisəli müqavilə 5 il bundan əvvəl imzalanmışdır. Məhkəmə ümumən razılaşır ki, istənilən insanın illər əvvəl iştirakçısı olduğu əhəmiyyətli hadisələrin müəyyən epizodlarını unutması təbiidir. Bununla belə, hazırkı işdə şahid Natiq Qasımovun iddia etdiyi odur ki, o, bu müqavilə, müqavilənin imzalanması ilə bağlı heç nə, bir epizod belə xatırlamır. Məhkəmə hesab edir ki, şahid Natiq Qasımovun yaşı (42) nəzərə alındıqda, onun 5 il bundan əvvəl baş vermiş əhəmiyyətli bir hadisəni bütün detalları ilə unutması barədə ifadəsi inandırıcı qəbul edilə bilməz.
28. Digər tərəfdən, nəzərə alınmalıdır ki, İddiaçı hələ bu rəydən əvvəl, Cavabdeh müqavilənin özü tərəfindən imzalanmadığını təkidlə bildirdikdən sonra, cavabdehin müqaviləni oxumaq üçün evə apardığını, sonradan imzalanmış müqaviləni qaytardığını, bu səbəbdən müqavilənin cavabdehin ailə üzvləri - arvadı və ya oğlu tərəfindən imzalanmasının mümkün olduğunu bildirmişdir. Məhz iddiaçının bu izahatı əsasında məhkəmə tərəfindən xətşünas ekspert qarşısında mübahisəli imzanın cavabdehdən əlavə, onun oğlu və ya arvadı tərəfindən imzalanmasının mümkünlüyü ilə bağlı sual qoyulmuş, ekspert rəyi ilə imzanın cavabdehin oğlu tərəfindən çəkildiyi müəyyən edilmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, ekspert rəyi iddiaçının əlaqəli hissədə verdiyi izahatla üst-üstə düşdüyündən, əksinə şahid ifadəsi yuxarıda qeyd edilmiş səbəbdən qeyri-səmimi hesab edildiyindən ekspert rəyi ilə müəyyən edilmiş hal – müqavilənin cavabdeh adından onun oğlu Natiq Qasımov tərəfindən imzalanması – sübut edilmiş edilməlidir. Belə olan halda əqdin etibarlı olması üçün tələb edilən dörd şərtdən biri olan subyekt tərkibi ilə bağlı şərt pozulmuşdur.
29. Həmçinin, nəzərə alınmalıdır ki, iş materiallarından görünür ki, icarə predmeti olan qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətində olmamış, Qaraçuxur bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli icarə müqaviləsi əsasında cavabdehə icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin 5.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, İcarəyə verənin (Bələdiyyə) razılığı olmadan sahənin ikinci şəxsə icarəyə verilməsi, bu və ya digər formada başqa şəxsin istifadəsinə verilməsi qəti qadağandır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 683.1-ci maddəsinə əsasən, kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur.
30. Göründüyü kimi, icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsi həm yuxarıda istinad edilmiş müqavilənin şərtlərinə, həm də qanunun tələbinə əsasən icarəyə verən bələdiyyənin razılığı olmadan İddiaçı icarəyə verilə bilməzdi. Bu baxımdan hazırkı iş üzrə mübahisəli xx.xx.2019-cu il tarixli müqavilə Cavabdeh tərəfindən imzalanmış olsa idi belə, cavabdehin belə bir müqavilə bağlamaq hüququ olmadığından əqdin subyekt tərkibi ilə bağlı şərt istənilən halda pozulmuş olacaqdı.
31. Bundan əlavə, müəyyən edilmişdir ki, mübahisəli müqavilənin predmeti qeyriyaşayış sahəsi olsa da, müqavilə sadə yazılı formada bağlanmış, notariat qaydada təsdiqlənməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin isə ümumiyyətlə, notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli icarə müqaviləsi bağlanarkən həm də əqdin formasına aid edilən şərtlər pozulmuşdur.
32. Nəzərə alınmalıdır ki, hüquq ədəbiyyatında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunvericilikdə nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Əqdin etibarsızlığı dedikdə isə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnmir.
33. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsi etibarsız (əhəmiyyətsiz) əqddir və Mülki Məcəlləyə əsasən, bu cür əqdlər onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 22) istinad edilmiş qərarında ortaya qoyulmuş hüquqi mövqeyə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əldə edilmiş əvəzedilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu müəyyən edilir. Yəni hazırkı tələbin hüquqi əsasını əhəmiyyətsiz əqd üzrə əldə edilmiş pul hesabına əsassız varlanmış cavabdehdən onu əsassız varlandıran pulun tələb edilməsi təşkil edir.
34. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli müqavilə hər nə qədər Cavabdeh tərəfindən imzalanmasa da, tərəflərin müqavilə bağlandıqdan sonrakı hərəkətləri əsasında belə nəticəyə gəlmək olur ki, cavabdehin müqavilənin məzmunu və nəticələrindən xəbəri olmuş, bütün bunlar onun razılığı daxilində baş vermişdir. İlk növbədə, ona görə ki, İddiaçı Cavabdeh razılığı olmadan, tamamilə özbaşına şəkildə özünə məxsus olmayan obyektə böyük məbləğdə xərc çəkməsi ağlabatan mühakimə əsasında qəbul edilə bilməz. Digər tərəfdən, Cavabdeh qəbul etmişdir ki, o, İddiaçılə yazılı müqavilə bağlamasa da, şifahi şəkildə obyekti ona ayda 300 manat icarə haqqı qarşılığında icarəyə vermiş, bu zaman İddiaçı “Nə abadlıq işi görürsən, öz işindir” demişdir. Bundan əlavə, Cavabdeh qəbul etmişdir ki, o, İddiaçı tərəfindən qeyri-yaşayış sahəsində müəyyən təmir-tikinti işləri aparılması barədə xəbərdar olmuş, bu işləri gedib yerində görmüşdür. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı da qəbul etmişdir ki, İddiaçı həmin sahədə iki kotec (kabinet) tikmiş (divarların inşa edilməsi, tavana taxta vurulması, döşəməyə beton vurulması, dam örtüyünün quraşdırılması, plastik materialdan qapı-pəncərə quraşdırılması); bir koteci (zalı) təmir etmiş (plastik qapıpəncərə qoyulmasından, dam örtüyünün qoyulması, elektrik işlərinin quraşdırılmasından başqa digər işlər); bir mətbəxi təmir etmişdir (dam örtüyünün quraşdırılmasından və elektrik işlərinin quraşdırılmasından başqa digər işlər).
35. Cavabdeh, iddiaçının bütün bu işləri gördüyünü qəbul etsə də, iddia etmişdir ki, iddiaçı iki ilə yaxın həmin qeyri-yaşayış sahəsini (kafeni) işlətmiş və heç bir icarə haqqı ödəməmişdir. Bu səbəbdən cavabdeh hesab edir ki, onun iddiaçıya yox, iddiaçının ona borcu var. İddiaçı isə bildirmişdir ki, o, 2019-cu ilin iyul ayından noyabr ayına qədər kafeni işlətmiş, sonra obyektin qaz təchizatında problem olduğundan və daha sonra pandemiya ilə əlaqədar iaşə obyektləri fəaliyyətini dayandırdığından obyekti işlədə bilməmiş, sonradan Mahir adlı şəxsə icarəyə vermiş, aralarında razılıq əldə edilmişdir ki, Mahirin ödəyəcəyi 700 manat icarə haqqının 400 manatını İddiaçı, 300 manatını isə Cavabdeh götürsün. Məhkəmə iclasında ifadəsi dinlənilmiş X12 işin bu halını təsdiq etmiş, 700 manat məbləğində icarə haqqının 300 manatını kafenin sahibinə (Cavabdeh), qalanını isə İddiaçı verdiyini, pulun bu cür bölünmə səbəbinin İddiaçı həmin obyektə qoyduğu 17000 manat məbləğində xərclə əlaqədar olduğunu eşitdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh da obyekti sonradan icarəyə götürən Mahir Salayevin ödədiyi 700 manat icarə haqqının 300 manatının ona, 400 manatının isə İddiaçı çatdığını qəbul etmişdir. Bundan əlavə, həm tərəflərin izahatları, həm də şahid ifadəsi ilə təsdiqlənmişdir ki, obyekti sonradan icarəyə götürən Mahir Salayev icarə ilə bağlı danışıqları həm iddiaçı, həm də cavabdehlə aparmışdır. Lakin maraqlısı budur ki, Cavabdeh İddiaçı ona iki illik icarə haqqı borclu olduğunu da iddia etmişdir. Cavabdehin izahatından belə başa düşülür ki, İddiaçı ona iki illik icarə haqqı borclu olduğu və borcunu qaytarmağa heç bir təşəbbüs göstərmədiyi halda, Cavabdeh İddiaçı onun obyektini başqasına icarəyə verməsinə razılıq vermiş, bununla da qalmamış, obyektin icarəyə verəni kimi özünə çatası icarə haqqının yarısından çoxunu İddiaçı güzəşt etmiş, onun həmin obyektdən ayda 400 manat icarə haqqı götürməsinə şərait yaratmışdır. Ağlabatan mühakimə əsasında qəbulu mümkün olmayan bu vəziyyətin səbəbi cavabdehdən soruşulduqda cavabdeh bunu “insanlıq etmək”lə əlaqələndirmiş, iddiaçının “ağlayıb-sızıldadığını”, bu səbəbdən ona yazığı gəldiyini və iki illik icarə haqqı borcu olduğu halda iddiaçının obyektdən icarə haqqı almasına şərait yaratdığını bildirmişdir. Cavabdeh iki illik ödənilməmiş icarə haqqını hazırkı vaxtadək məhkəmə qaydasında iddiaçıdan tələb etməməsini də “insanlıq”la əlaqələndirmişdir.
36. İşin yuxarıda qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh etibarsız icarə müqaviləsi əsasında İddiaçı hesabına icarə obyektinin təmirinə nail olmuş, beləliklə, İddiaçı həmin obyektin təmir və tikintisinə qoyduğu vəsait məbləğində əsassız varlanmışdır. İddiaçı ödənilməmiş icarə haqqı borcu olması (hərçənd cavabdehin indiyə qədər bu borcun ödənilməsi ilə bağlı heç bir iddiası olmamışdır) işin bu halını dəyişmir. Belə ki, hazırkı iş üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı tərəfindən təmir edilməzdən əvvəl 300 manata icarəyə verdiyi obyekti hal-hazırda təmirdən sonra 700 manata icarəyə vermişdir və hazırda da həmin icarə haqqını özü alır. Məhkəmə, bu nəticəyə gələrkən nəzərə almışdır ki, Cavabdeh həm məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı, həm də məhkəmə iclaslarında (xüsusən sonuncu iclaslarda) iddiaçının obyektdə gördüyünü iddia etdiyi təmir-tikinti işlərinin əksəriyyətini qəbul etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli obyektdə gördüyü və cavabdeh tərəfindən etiraf edilən işlərə görə çəkdiyi xərc cavabdehi əsassız varlandıran vəsait kimi ondan tutulmalıdır.
37. İş materiallarında olan ekspert rəyindən görünür ki, mətbəx üzrə 3475 manat, zal üzrə 3683 manat, koteclər üzrə 4445 manat, həyətyanı sahə üzrə 2625 manat dəyəri olan iş görülmüşdür. Müvafiq rəydə hər bir sahə üzrə konkret olaraq hansı işlərin görüldüyü və bu işlər üçün tələb olunan xərclərin məbləğləri ayrı-ayrılıqda göstərilmişdir. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh bu işlərin əhəmiyyətli hissəsini qəbul etsə də, bəzilərini qəbul etməmiş, cavabdehin qəbul etmədiyi işlərin görülməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə əlavə sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisəli obyektdə görülmüş tikinti-təmir işlərinə görə cavabdehin etiraf etdiyi işlərin dəyəri olan – mətbəx üzrə (dam örtüyünün quraşdırılması, elektrik işlərinin quraşdırılmasından başqa digər işlər) – 2920 manat; zal üzrə (plastik qapıpəncərə qoyulmasından, dam örtüyünün qoyulması, elektrik işlərinin quraşdırılmasından başqa digər işlər) – 2728 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Koteclərə (kabinetlərə) münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyində hər nə qədər baxış zamanı bir zal və üç kotec aşkar edildiyi qeyd edilsə də, həm məhkəmə tərəfindən ərazidə yerində müayinə keçirilərkən müşahidə edilmiş, həm də hər iki tərəf, eləcə də iş üzrə şahidlər izahat və ifadələrində bildirmişdir ki, ərazidə cəmi bir ümumi zal və iki ayrıca kotec (kabinet) olmaqla, cəmi üç kotec (kabinet) yerləşir. Yəni ekspert rəyində qeyd ediləndən fərqli olaraq, ərazidə zaldan əlavə üç yox, iki kabinet var. Görünür, ekspert tərəfindən rəy verilərkən məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suala istinadən (həmin vaxt ərazidə yerində müayinə keçirilməmişdi) belə bir rəy tərtib edilmişdir. Hazırda isə işin mübahisəsiz halıdır ki, sözügedən ərazidə cəmi üç kotec (biri zal, ikisi ayrıca kabinet) var. Odur ki, ekspert rəyində üç kotec üçün hesablanmış 4445 manat məbləğində pulun iki kotec üçün olan hissəsi (2/3 hissəsi) olan 2963.3 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bu hissədə məhkəmə qeyd edir ki, Cavabdeh ayrıca iki kotecin iddiaçı tərəfindən tikildiyini qəbul etsə də, həmin obyektlərə münasibətdə iddiaçı tərəfindən heç bir elektrik işi görülmədiyini bildirmişdir. Məhkəmə, cavabdehin bu izahatını sonradan təmir edilmiş zal və mətbəxə münasibətdə əsaslı saysa da, iddiaçı tərəfindən başdan tikilmiş iki kotecə münasibətdə razılaşmır. Ona görə ki, əvvəllər mövcud olmayan, yalnız iddiaçı tərəfindən sonradan tikilmiş iki kotecə əvvəldən elektrik quraşdırılması mümkün ola bilməz. Bu baxımdan məhkəmə, məhz iki kotecə münasibətdə çəkilmiş elektrik işi xərcinin iddiaçı tərəfindən obyektə çəkilmiş xərc kimi cavabdehdən tutulmalı olduğu nəticəsinə gəlir. Bundan əlavə, məhkəmə hesab edir ki, ekspert rəyində göstərilmiş ümumi işlər üzrə əlavə və nəqliyyat xərci olan 500 manat məbləğində pul da iddiaçı tərəfindən görüldüyü sübuta yetirilən işlərə görə müvafiq xərc kimi cavabdehdən tutulmalıdır.
38. Həyətyanı sahə üçün çəkilmiş xərcə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia bu hissədə qəbul edilmədiyindən və iddiaçı tərəfindən tələbini bu hissədə təsdiq edəcək mötəbər dəlillər məhkəməyə təqdim edilmədiyindən həyətyanı sahə üçün çəkilmiş xərcə münasibətdə iddia təmin edilə bilməz.
39. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, bütün bu görülmüş işlərə görə cavabdehdən cəmi 9111.3 manat (2920+2728+2963.3+500) məbləğində pul tutulmalıdır.
Məhkəmə xərcləri.
40. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş iddia qiymətinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cəmi 106.1 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
41. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməməli, 9111.3 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 106.1 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 9111.3 manat (doqquz min yüz on bir manat otuz qəpik) məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 106.1 manat (yüz altı manat on qəpik) məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva