Məhkəmə qərarları › İş №2(010)-773/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-773/2023

28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-773/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə dünyaya gətirdiyi oğlu Yusifin atasının X2 olmasını nəzərə alıb, Yusifin soyadının və doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi oğlu Yusifi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik xəstəxanasında doğum şəraitində dünyaya gətirmişdir. iddiaçı Ərizəçi X2 ilə qeyri-rəsmi nikahda olmuş və Yusif dünyaya gələn zaman Ziya həbsdə olduğu üçün uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir.

3. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı Qeydiyyat şöbəsi və üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumtlandırılsa da, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

İş materialları.

5. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq X4 X5 tərəfindən göndərilmiş məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 2002-ci il təvəllüdlü Ərizəçi xx.xx.2021-ci il tarixində saat 21:50 radələrində “H1 DoAo 36-37 həftəlik hamiləlik (USM-ə görə) gəlişi, doğuşun İ dövrü diaqnozu ilə doğum şöbəsinə təcili yardım vasitəsilə daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 02:30 radələrində cinsi kişi, çəkisi 3000 qram, boyu 50 sm olan diri uşaq dünyaya gətirmişdir. Doğuş təbii yolla başa çatdırılmışdır. Ana və körpəsi xx.xx.2021-ci il tarixində qadın məsləhətxanasının və yeni doğulmuşun sahə həkiminin nəzarəti altında kafi vəziyyətdə evə yazılmışdır.

6. Bakı şəhəri 3 nömrəli şəhər klinik xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 103 №-li arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 02:30-da kişi cinsli uşaq doğulmuşdur. Uşağın soyadı qrafasında “Bağıyev”, ana qrafasında “Ərizəçi”, ata qrafasında “XXXX” göstərilmişdir.

İşin faktiki halları.

7. Ərizəçi 19 noyabr 2021-ci il tarixdə kişi cinsli oğlan uşağının doğulması faktı işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi.

Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası.

2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Doğum haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar. Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə doğumun qeydə alınması barədə elektron qaydada müraciət daxil olduqda qeydiyyat üçün zəruri olan sənədlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar həmin informasiya sistemində aşkar edilmədikdə onları əks etdirən sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. Bu Qaydanın 2.8.4-cü və 2.8.5-ci yarımbəndlərində nəzərdə tutulan hallar üzrə doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. 2.2-1. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin ölümü haqqında şəhadətnamə və sair) əsasında qeydiyyat şöbəsinin vəzifəli şəxsi müəyyən edir. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrsüz hesab edilməsi inzibati tənbehin tətbiq edilməsinə əsas verir. Qeydiyyatın aparılması üçün müəyyən olunmuş müddət keçdikdən sonra vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan icra hakimiyyətinin nümayəndəliyinə müraciət olunduqda, qeydiyyatın aparılması üçün gecikmənin səbəbi göstərilməklə, ərizə və səbəbin üzrlü hesab edilməsini müəyyən etmək üçün sənəd təqdim olunmalıdır. Müvafiq qeydiyyat aparıldıqdan sonra ərizə və gecikmənin səbəbini təsdiq edən sənəd (olduğu halda) dərhal qeydiyyat şöbəsinə təqdim edilir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. 2.6. Buy Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.6-1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən doğumun ilkin uçotu aparılır.

11. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

Məhkəmənin mövqeyi.

12. İş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır.

13. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi 19 noyabr 2021-ci ildə Bakı şəhərində xəstəxana şəraitində Yusif adını verdiyi oğlan uşağı doğulmuş, doğuşdan sonra ana və körpəsi xx.xx.2021-ci il tarixində kafi vəziyyətdə evə yazılmışdır.

14. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və uşağın doğum faktı müəyyən olunmalıdır.

15. Uşağın atasının X2 olması ilə bağlı ərizəçinin tələbinə münasibət bildirən məhkəmə hesab edir ki, ərizə həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş üzrə zəruri əhəmiyyət kəsb etdiyindən X2 üçüncü şəxs kimi icraata cəlb edilmiş, lakin o, məhkəmə iclaslarına gəlməmiş və uşağın atası olmasını etiraf edəcək hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir.

Məhkəmə xərcləri.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi doğulmuş “Bağıyev Yusif XXXX”in 19 noyabr 2021-ci ildə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməli, ərizə qalan hissədə rədd edilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə qismən təmin edilsin. Ərizəçi doğulmuş “Bağıyev Yusif XXXX”in 19 noyabr 2021-ci ildə Bakı şəhərində doğulması faktı müəyyən edilsin, doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ərizə qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar