Məhkəmə qərarları › İş №2(010)-775/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-775/2022

28.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-775/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə köçürülməyini və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə» tələbinə dair iddia həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hazırki ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yerləşən evdən çıxarılmalarını və onu ailə üzvləri 16.10.2000-ci il təvəllüdlü X3, 10.01.2002- ci il təvəllüdlü X2 və 13.12.2003-cü il təvəllüdlü X1 onunla birlikdə ünvan 3 ünvandakı evə köçürülməyini və dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 17.02.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 16.10.2000-ci ildə oğlu X9, 10.01.2002-ci ildə oğlu X7, 13.12.2003-cü ildə qızı X6 və 11.05.2008-ci ildə qızı X8 anadan olmuşdur. Nikahları Suraxanı rayon Məhkəməsinin 2(010)-4024/2019 saylı, 04.12.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. O, Laçın rayonundan məcburi köçkündür. Məcburi köçkün kimi ünvan 1 ünvanında müvəqqəti qeydiyyatdadır. 2009-cu il tarixdən həmin ünvanda yaşayır. Ailədə problemləri olduğuna görə 2018-ci ilin dekabrında Cavabdeh tərəfindən uşaqları ilə birlikdə zorla evdən çıxarılmışdır. Hal-hazırda onun başqa yaşayış yeri yoxdur. Məcburiyyət qarşısında qalıb uşaqiarı ilə birlikdə qardaşına məxsus ünvan 4 ünvanında qardaşının yanında yaşayırlar. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində uzun müddət yaşadığı evdən, habelə evdə qalmış əmlaklarından, əşyalarından istifadə etmək hüququndan qanunsuz olaraq məhrum olmuşdur. Ötən müddət ərzində o yaşadığı və qeydiyyatda olduğu evə qayıtmağa cəhdlər etsə də cavabdeh buna mane olmuş və onu evə buraxmır. Odur ki, iddia tələbinin və iddia həcminin artırılması barədə tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh hazırki ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yerləşən evdən çıxarılmalarını və onu ailə üzvləri 16.10.2000-ci il təvəllüdlü X3 ,10.01.2002- ci il təvəllüdlü X2 və 13.12.2003-cü il təvəllüdlü X1 onunla birlikdə ünvan 5 ünvandakı evə köçürülməyini və dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə iyirmi bir il evli olmuş, lakin sonuncunun ona xəyanət etməsi səbəbindən aralarında bağlanmış nikah pozulmuşdur. İddiaçı 2018-ci il tarixdən evi tərk edib evdən çıxmışdır. Eyni zamanda o başqa bir xanımla ailə həyatı qurmuşdur və onunla birlikdə evdə yaşayır. İddiaçının mübahisəli mənzilə heç bir hüququ mövcüd olmamış və o, aldatma yolu ilə həmin evdə yaşamasına dair arayışı məhkəməyə təqdim etmişdir. Beləliklə də, onların bir evdə yaşamaları qeyri-mümkün olduğuna görə, eləcə də iddiaçının həmin mənzilə heç bir hüququ olmadığına görə iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin İş № 2(010)-4024/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 17.02.2004-cü il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış 130 nömrəli nikah pozulmuş və tərəflərin ailə münasibətlərindən doğulmuş 16.10.2000-ci il təvəllüdlü X9, 10.01.2002-ci il təvəllüdlü X7, 13.12.2003-cü il təvəllüdlü X6 və 11.05.2008ci il təvəllüdlü X10 cavabdeh İddiaçı yanında saxlanılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-4024/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh 13.12.2003-cü il təvəllüdlü X6 və 11.05.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin materialları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahdan 16.10.2000-ci il təvəllüdlü X9, 10.01.2002-ci il təvəllüdlü X7, 13.12.2003-cü il təvəllüdlü X6 və 11.05.2008ci il təvəllüdlü X10 adında övladları vardır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Suraxanı rayonu sektoru tərəfindən verilən 03 noyabr 2021-ci il tarixli 1556 saylı arayışından görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür və Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 571 saylı evin 4 saylı mənzilində müvəqqəti qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehlə ailə münaqişəsi yaranana kimi mübahisəli evdə müvəqqəti qeydiyyatda olmaqla məcburi köçkün kimi həmin evdə yaşadığına görə onun (iddiaçının) bərabərlik prinsipinə uyğun olaraq bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının cavabdehlə arasında olan nikahın pozulmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Həmin normalara və işin materiallarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı onun himayəsində qalan azyaşlı 11.05.2008-ci il təvəllüdlü X10 ilə birlikdə həmin evə dair yaşamaq hüquqları vardır. Odur ki, məhkəmə hər ikisinin mübahisəli evə köçürülmələrinə dair iddia tələbini əsaslı hesab edir. Bununla belə məhkəmə, işin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdehin mübahisəli evdən çıxarılmalarına dair iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçı mübahisəli mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir və belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünkü hazırkı iş üzrə isə iddiaçının mübahisəli mənzilin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdehin hazırki ailə üzvləri ilə birlikdə mübahisəli evdən çıxarılmasına dair iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının ailə üzvləri 16.10.2000-ci il təvəllüdlü X9, 10.01.2002-ci il təvəllüdlü X7, 13.12.2003-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə iddia tələbi əsassızdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Normaların məzmunundan göründüyü kimi, mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edən Mülki Prosessual Məcəlləsinin məhkəmə icraatında yalnız yetkinlik yaşına çatmayan ailə üzvlərinin (uşaqlarının) “qanuni nümayəndəsi” kimi (“məcburi nümayəndəlik”) çıxış edir. məhkəmə qeyd etməyi zəruri hesab edir ki, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Hazırkı iş üzrə isə 16.10.2000-ci il təvəllüdlü X9, 10.01.2002-ci il təvəllüdlü X7 və 13.12.2003-cü il təvəllüdlü X6 artıq yetkinlik yaşına çatmışdır. Belə olan halda iddiaçının yetkinlik yaşına çatmış övladlarının mübahisəli evə köçürülməsi barədə tələbi ilə çıxış edə bilməz və sonuncular həmin iddia tələbi ilə bağlı öz adından iddia vermək hüququna malikdilər. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı onun himayəsində qalan azyaşlı 11.05.2008-ci il təvəllüdlü X10 ilə ünvan 6 ünvanda yerləşən evə köçürülməlidir. İddia qalan hissədə təmin edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı onun himayəsində qalan azyaşlı 11.05.2008-ci il təvəllüdlü X10 ilə ünvan 7 ünvanda yerləşən evə köçürülsün. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar