Məhkəmə qərarları › İş №2(010)-776/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-776/2022

09.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-776/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin qaytarılması və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilin qaytarılması və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh sahibliyindən alınaraq ona geri qaytarılması və qeydiyyatdan çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər iddia ərizəsinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə görə baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdi. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflər keçmiş ər-arvaddır və cavabdehin mübahisəli mənzildə yaşaması onların keçmişdə ailə münasibətlərində olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsi ilə bu Məcəllə ilə tənzimlənən ailə münasibətlərinin dairəsi müəyyən edilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. Göründüyü kimi, mübahisə tərəflər arasında olan ailə münasibətlərindən irəli gəlmişdir. Bu münasibətlərdən irəli gələn iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl isə tərəflər mediasiya prosesində iştirak etməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.2. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, yuxarıda qeyd edilən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak məcburidir. Tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesində iştirak etdikdən sonra, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, bu zaman mediasiya prosesində iştirak etməsini təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim etməlidir. Belə olan halda iş üzrə İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Odur ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “mənzilin qaytarılması və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar