Məhkəmə qərarları › İş №2(010)-778/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-778/2021

15.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-778/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 11 saylı evin 21 saylı mənzilinə istifadə hüququ olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 11 saylı evin 21 saylı mənzili Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Hal-hazıra qədər o ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. İş üzrə cavabdeh onun keçmiş gəlini Cavabdeh həmin evdə qeydiyyatda olmağına baxmayaraq, həmin evdə yaşamır, lakin onun mənzildə rəsmi qeydiyyatı qalmışdır. Cavabdeh mənzildə yaşamadığı halda onun əvəzinə kommunal xərclər ödəyir və o mənzildən qeydiyyatdan çıxmaqdan hələ də yayınır. Hesab edir ki, cavabdeh onun mülkiyyət və sahiblik hüquqlarını pozmuşdur. Onunla cavabdeh arasında həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqları barədə notarial qaydada təsdiqlənmiş razılaşma mövcud olmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 11 saylı evin 21 saylı mənzili xx.xx.2007-ci ildən xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon MKTB 103 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 11 saylı evin 21 saylı mənzilində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır; 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020ci il tarixli qərarının 2-ci bəndindən müəyyən olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi, iddiaçının tələbi inzibati orqanın hərəkəti ilə bağlı olduğundan, iddiaçı həmin orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1.-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.5.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair mülki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İddiaçı cavabdehin mənzildən qeydiyyatına xitam verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyi və həmin orqan tərəfindən müraciəti təmin olunmadığı halda onun müvafiq qurumun hərəkət və hərəkətsizliyini Bakı İnzibati Məhkəməsində mübahisələndirə bilər. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar