Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-789/2021 24.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 mənzil 84 ünvanındakı mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriya № ******* saylı Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında idiaçıya məxsus olan ünvan 1 mənzil 84 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Lakin cavabdehlər həmin ünvanda qeydiyyatda olsa da, yaşamayıb və hal-hazırda da yaşamır. Cavabdeh1 onun oğludur və hazırda cəzaçəkmə müəssəsində cəza çəkir. Digər Cavabdeh2 isə mənzilin əvvəlki sahibinin qohumudur. Cavabdehlərin iddiaçıya məxsus ünvanda qeydiyyatda olması əlavə kamunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində maneələr yaradır. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Ona görə də mənzilindən maneəsiz istifadə etməsi üçün cavabdehlərin istifadə hüququna xitam verilməsini məqsədə uyğun hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmunua uyğun izahat verib tələbi müdafiə etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bağırov Rəfail Vahid oğluna cəzaçəkdiyi müəssisə üzrə məlumat verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Seriya RX № ******* saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışa əsasən ünvan 1 mənzil 84 İddiaçı məxsusdur. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Bağırov Rəfail Vahid oğlu ünvan 1 mənzil 84 ünvanında qeydiyyatdadır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, mübahisə predmetini təşkil edən ev mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının oğludur. İddiaçı hesab edir ki, cavabdeh cəzaçəkmə müəssisəsində olduğuna görə cavabdehin onun mülkiyyətində olan evə istifadə hüququna xitam verilməlidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh2 münasibətdə işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcələsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, «Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçinin və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Belə ki, qanunvericiliyin tələbinə görə yaşayış sahəsinə istifadə hüququ olan şəxsə qarşı mülkiyyətçi tərəfindən istifadə hüququna xitam verilməsi tələbi irəli sürülərkən istifadə hüququna son qoyulmasının əvəzi kimi yaşayış sahəsinin yerləşdiyi ərazi və digər parametrlər nəzərə alınaraq kompensasiya müəyyən edilməlidir. Qanunverici məhdud əşya hüququ olan istifadə hüququna münasibətdə mütləq əşya hüququ olan mülkiyyət hüququnu üstün tutsa da, hüquq itirən şəxsin layiqli həyat şəraitinə uyğun şəkildə yaşayış yeri ilə təmin olunması hüququnu da tanıyır və buna görə də itirilmiş hüququn əvəzinə kompensasiya verilməsini nəzərdə tutur. Hazırkı işdə isə iddiaçı cavabdehin mənzildən istifadə hüququnun əvəzinə kompensasiya təklif etməmişdir və cavabdehin azadlıqdan məhrum edilməsi onun mübahisəli mənzilə hüququnun itirilməsi anlamına gəlməməlidir. Qeyd edilənlərdən göründüyü kimi, qanunvericilik istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçi tərəfindən kompensasiya verilməsini zəruri hesab etmişdir. Bu qaydadan istisna, yəni kompensasiya vermədən istifadə hüququna xitam verilməsi yalnız məhdud əşya hüququ sahibinin malik olduğu istifadə hüququnun formal saxlanılması halında ola bilər. Belə tələbin əsaslı olması üçün iddiaçının mübahisəli mənzilə etibarlı mülkiyyət hüquqları, cavabdehin isə istifadə hüquqları mövcud olmalıdır. Həmin istifadə hüququnun itirilməsi üçün isə hüququn mövcudluğuna səbəb olan hallar aradan qalxmalıdır. Məsələn, hüquq sahibinin həmin yaşayış sahəsini birdəfəlik tərk edib getməsi və ya digər şəkildə həmin hüququndan faktiki imtina etməsi halı (Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenum qərarında formalaşdırdığı hüquqi mövqe). Lakin, hazırkı işdə bu hallar da mövcud deyildir. Belə ki, işin halları ilə cavabdehin digər daimi yaşayış yerinin olması sübuta yetirilmir və gələcəkdə, yəni cəzasını çəkib qurtardıqdan sonra onun mübahisəli yaşayış sahəsindən istifadə etmək zərurəti aradan qalxmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu əsaslarla da təmin edilə bilməz. Məhkəmə toplanmış sübutlara yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, hazırkı işdə cavabdehin istifadə hüquqlarına qeyd edilən səbəblər üzrə xitam verilməsi üçün əsaslar mövcud deyildir, ona görə də iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-789/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-789/2021
24.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver