Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-8/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiаçı “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbinə dаir (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması” (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 503 “A” yaşayış massivində 39 T 415985.00 m B 4477997.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X5 Kompani S.A” Şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 875 saylı sərəncamına əsasən ARDNŞ-ə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X5 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neftqaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin sərəncamına verir. Həmin sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlarperimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ mövcuddur. Son illər istifadədə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması iddiaçının qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X5 Kompani S.A” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 503 “A” yaşayış massivində 39 T 415985.00 m B 4477997.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun olaraq proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirlər. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, zəbt edilmiş ərazidə tikilmiş tikili yaşayış sahəsi deyil, obyekt kimi istifadə edilir. Onların cavabdehin evi ilə bağlı tələbi yoxdur. Tələbləri ancaq qeyri-yaşayış sahəsi ilə bağlıdır. Hansı ki, həmin sahənin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, qızı ilə birlikdə mübahisəli ərazidə yaşayır. Həmin ərazidə həm də obyektləri var və ondan istifadə edirlər. Belə ki, həmin obyektdə qapı-pəncərə satışı ilə məşğul olurlar. O, həmin obyektə xərc çəkmişdir. Obyektin 50 metr yaxınlığında başqa obyektlər də var. Hesab edir ki, həmin obyektlər sökülmədən yalnız onun obyektinin sökülməsi qanuni deyil. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Mikayıl İsmayılova ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti ilə Cavabdeh arasında bağlanmış 1474 nömrəli, xx.xx.2018-ci il tarixli və X2 arasında bağlanmış 1395 nömrəli, xx.xx.2017-ci il tarixli torpaq icarə müqavilələri xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2219/2021 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və “X5 Kompani S.A” Şirkətinə qarşı “əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması, müqavilənin ləğvi barədə məktubun etibarsız sayılması” tələbinə dair iddia mümkün sayılmamışdır.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/7137 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Elnur Quliyevin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 250 kv.metr təşkil edir. Sahə mövcud tikilinin divarları ilə sərhədlənib. Torpaq sahəsinin üzərində birmərtəbəli qeyri-yaşayış obyekti mövcuddur. Faktiki olaraq göstərilən 250 kv.metr torpaq sahəsinin koordinatları rəyə əlavə edilir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Suraxanı Oyl), sahə dövlət mülkiyyəti torpağıdır.
İşin faktiki halları.
9. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 503 “A” yaşayış massivində 39 T 415985.00 m B 4477997.00 m C koordinatlarında yerləşən torpaq sahəsi həmin sahədə neft-qaz əməliyyatlarının aparılması üçün iddiaçı “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin istifadəsinə verilmiş, bu barədə müvafiq dövlət orqanı ilə şirkət rəhbərliyi arasında saziş bağlanmışdır.
10. Mübahisəli sahə dövlət mülkiyyətində olan torpaq sahəsidir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ.
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
15. İddia tələbindən görünür ki, iddiaçı “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün istifadələrinə verilmiş torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikili inşa edildiyini iddia edərək, bu tikilinin sökülməsini tələb etmişdir.
16. Məhkəmə tərəfindən mübahisəli tikilinin yerləşdiyi koordinatlardakı ərazinin iddiaçı Şirkətin istifadəsində olan torpaq sahəsinə daxil olub-olmaması, bu tikili üzərində qeydə alınmış mülkiyyət hüququnun olub-olmaması, bir sözlə, tikilinin özbaşına tikili olubolmamasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyində müvafiq koordinatlardakı ərazinin iddiaçı Şirkətin istifadəsində olduğu, həmin koordinatlarda tikili (qeyri-yaşayış obyekti) olduğu və bu tikilinin heç bir qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh də həmin ərazidəki tikilidən qeyri-yaşayış obyekti kimi istifadə etdiyini qəbul etmişdir.
17. Bu vəziyyətdə yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə əsasən, torpaq sahəsinin qanuni istifadəçisi olan iddiaçı Şirkətin cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində tikilmiş özbaşına tikilinin sökülməsini tələb etmək hüququ var.
18. Məhkəmə qeyd edir ki, mübahisəli tikili dövlətin mülkiyyətində, iddiaçının isə qanuni istifadəsində olan torpaq sahəsində özbaşına tikilmiş olduğundan və daxili qanunvericiliyə görə, bu cür tikililər heç bir mülkiyyət hüququ formalaşdırmadığından bu gün cavabdehin həmin tikili üzərində mülkiyyət hüququ yoxdur və bu səbəbdən tikilinin sökülməsinin cavabdehin mülkiyyət hüququnu pozduğu deyilə bilməz. Məhkəmə onu da qeyd edir ki, tikintinin cavabdehin vəsaiti hesabına baş tutması, yaxud müəyyən bir müddət buna dövlət orqanları tərəfindən heç bir reaksiya verilməməsi kimi hallar bu nəticəni dəyişmir və cavabdehə həmin tikili üzərində mülkiyyət hüququ vermir. Ona görə ki, cavabdeh həmin tikilini inşa edərkən bilirdi (bilməli idi) ki, o, özünə məxsus olmayan əmlaka xərc çəkir.
19. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, müvafiq özbaşına tikili sökülməli və bu tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı Şirkətə qaytarılmalıdır.
Məhkəmə xərcləri.
20. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu vaxt qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmuşdur.
21. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, ekspertiza xərci isə cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 503 “A” yaşayış massivində 39 T 415985.00 m B 4477997.00 m C koordinatlar üzrə yerləşən tikili özbaşına tikili hesab edilərək sökülməli, həmin tikilinin yerləşdiyi torpaq sahəsi “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qaytarılmalı, Cavabdeh 10 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının, 100 manat məbləğində ekspertiza xərci isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
24. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 503 “A” yaşayış massivində 39 T 415985.00 m B 4477997.00 m C koordinatlar üzrə yerləşən tikili özbaşına tikili hesab edilərək sökülsün. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qaytarılsın. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hesabına (AZ02AİİB********************) ödənilsin. Cavabdeh 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva