Məhkəmə qərarları › İş №2(010)-81/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-81/2022

30.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-81/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1 Əlağa oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əlağa oğluna, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Abşeron İcra Hakimiyyətinə qarşı “özbaşına tikilmiş (zəbt edilmiş) torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pozulmuş hüquqların bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Əlağa oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə hüququ əsasında ona (iddiaçıya) məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, (Abşeron) Donuzkökəltmə sovxozu ərazisində, Logistika mərkəzində (köhnə sədərək ticarət mərkəzinin arxası) (cənub hissə) yerləşən cavabdehlər tərəfindən özbaşına olaraq tutulmuş (zəbt edilmiş) torpaq sahəsindən cavabdehlərin çıxarılması, cavabdehlər tərəfindən özbaşına inşa edilmiş hasarın və digər tikilinin sökülməsi və onun (iddiaçının) tərəfindən inşa edilmiş torpaq sahəsinin şimal-qərb hissəsində qonşu sərhəddini müəyyən edən daş hasarın cavabdehlər tərəfindən sökülməsi səbəbi ilə cavabdehlər tərəfindən əvvəlki qaydada inşa edilərək, hasarın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı xx.xx.2015-ci il tarixli torpaq sahəsinin icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində Logistika mərkəzinin arxasında (köhnə sədərək ticarət mərkəzinin arxası (cənub hissə)) yerləşən 2.5657 ha torpaq sahəsinin icarə hüquqlarını almışdır. Sözügedən torpaq sahəsi xx.xx.2017-ci il tarixdə daşınmaz əmlak dövlət reyestrində 930 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmış və RX seriyalı, ******* nömrəli hüquqlarının X1 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin torpaq sahəsi müqavilə üzrə xx.xx.2006-cı ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə icarə hüququ əsasında iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı bir ay əvvəl sözügedən torpaq sahəsinin şimalqərb hissəsində hasarın sökülməsinin və təxminən 25 ha (sot) ərazinin zəbt olunaraq hasara alındığını görmüş, araşdırma zamanı ona məlum olmuşdur ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmuşdur. Cavabdehlər öz əməllərini etiraf edərək torpaq sahəsində özlərinə ev tikəcəklərini bildirmişlər. İddaçı haqlı olaraq tikinti işlərinin dayandırılması və ərazini tərk etmələrini tələb etdikdə cavabdehlər Cavabdeh1 Əlağa oğlu və Cavabdeh2 fiziki güc tətbiq edərək, iddiaçını hədələməklə qanuni surətdə istifadəsində olan ərazidən kənarlaşdırmışlar. İddiaçı bu barədə Suraxanı rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Suraxanı rayon Pİ-si tərəfindən onun yazılı şikayətinə heç bir rəsmi cavab verilməmiş və yalnız mülki mübahisə olması səbəbindən aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İddiaçı Suraxanı RPİ-si tərəfindən cavabdehlərin qanunsuz hərəkətlərinə qarşı heç bir müdaxilə olunmadığını görüb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsində cavabdehlər tərəfindən hal-hazırda özbaşına tikinti işləri aparılmaqdadır və cavabdehlər könüllü olaraq oradan çıxmaq istəmirlər. Cavabdehlər torpaq sahəsinə girmiş və oranı dağıtmışlar. İddiaçı tərəfindən inşa edilmiş daş hasarın cavabdehlər tərəfindən yararsız hala salınması və orada özbaşına tikinti işlərinin aparılması hüquqlarını açıq-aşkar pozmuşdur ki, bunun da nəticəsində iddiaçıya xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdehlər torpaq sahəsini özbaşına tutmaqla Azərbaycan Respublikası Torpaq Məcəlləsi və Mülki Məcəllə ilə müəyyən olunmuş torpaq sahəsindən istifadə və sahiblik hüququnu pozmuşdur. Hüquqlarının təmin edilməsi üçün cavabdehlərin iddiaçıya məxsus sahədən çıxarılması, onlar tərəfindən tikilmiş hasarın sökülməsi, aparılmış özbaşına tikinti işlərinin dayandırılması və iddiaçıya məxsus torpaq sahəsinin sərhədlərini müəyyən edən cavabdehlər tərəfindən sökülmüş həmin daş hasarın eyni qaydada cavabdeh tərəfindən inşa edilməsinin təmin edilməsi zəruridir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Şimal şərq hissə ünvanda yerləşən torpaq sahəsində olan tikililər özbaşına tikili sayılaraq sökülməli və cavabdehlər ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsindən çıxarılmalıdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh1 Əlağa oğlu iddia tələbini qəbul edərək izahatında göstərdi ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsində onlar tərəfindən aparılmış tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılması barədə iddiasına əsasən aralarında razılıq olmuşdur. Buna görə də iddia tələbini qəbul edərək təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada digər cavabdehlərə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndənin iştirakını təmin etməmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 teleqram ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iddia tələbinin tam şəkildə qəbil etdiklərini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 Əlağa oğlunun izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC icarəsində olan Abşeron rayonu, Abşeron Donuzkökəltmə sovxozu ərazisində yerləşən 30.0 ha torpaq sahəsinin xx.xx.2006-cı ildən başlayaraq 99 (doxsan doqquz) il icarə hüquqlarından 2.5657 ha torpaq sahəsinin icarə hüquqlarını İddiaçı 26000 (iyirmi altı min) manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2.4265 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2006-cı ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə istifadə etməsi üçün İddiaçı adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlak dövlət reyestrində 930 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5811 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinin yerquruluşunun təşkili şöbəsinin texniki A.Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdehlər tərəfindən daş hasara alınaraq, faktiki istifadələrində olan 0.1620 ha torpaq sahəsi İddiaçı adına (reyestr nömrəsi **********64) qeydiyyata alınmış 2.4265 ha torpaq sahəsinin planı və ölçüsünə aid sənəddə göstərilmiş koordinatlar (torpaq sahəsinin kadastr göstəricilərinə uyğun) daxilində yerləşir. Sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli 108 saylı əmri ilə vətəndaşlara 0,08 ha. torpaq sahəsi ayrılmışdır. Həmin siyahıda Cavabdeh3 adına torpaq sahəsinin ayrılması ilə bağlı heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan və mütəxxəssis rəyindən görünür ki, cavabdehlər tərəfindən daş hasara alınaraq, faktiki istifadələrində olan 0,1620 ha torpaq sahəsi İddiaçı adına (reyestr nömrəsi **********64) qeydiyyata alınmış 2.4265 ha torpaq sahəsinin plan və ölçüsünə aid sənəddə göstərilmiş koortinatlar (torpaq sahəsinin kadastr göstəricilərinə uyğun) daxilində yerləşir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1.-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Bu Məcəllənin 706.2.-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər:“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Bu Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2.4265 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2006-cı ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə icarə hüquqları İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə təyin olunmuş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinin yerquruluşunun təşkili şöbəsinin texniki A.Əhmədovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdehlər tərəfindən daş hasara alınaraq, faktiki istifadələrində olan 0.1620 ha torpaq sahəsi İddiaçı adına (reyestr nömrəsi **********64) qeydiyyata alınmış 2.4265 ha torpaq sahəsinin planı və ölçüsünə aid sənəddə göstərilmiş koordinatlar (torpaq sahəsinin kadastr göstəricilərinə uyğun) daxilində yerləşir. Cavabdehlərin həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İş üzrə araşdırma zamanı mübahisəli torpaq sahəsində lazımı layihə-smeta sənədləri tərtib edilmədən qanunsuz tikililər inşa edilmişdir. Belə ki, məhz cavabdehlər tərəfindən iddiaçıya 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2.4265 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsündə göstərilmiş torpaq sahəsində qanunsuz özbaşına tikinti işlərinin aparılması faktı məhkəmədə əldə edilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir. Məhkəmə həmin ekspert rəylərini mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, cavabdehlər tərəfindən həmin torpaq sahəsində özbaşına tikinti işlərinin aparılması iddiaçının bir başa maraqlarına toxunur. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bu Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə olan halda məhkəmə məhz özbaşına qanunsuz tikililəri aparan şəxslər cavabdehlər Cavabdeh1 Əlağa oğlu, Cavabdeh2 və Cavabdeh3 olduğundan və cavabdehlər iddia tələbini qəbul etdiklərindən hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 99 il müddətinə icarəyə verilmiş və Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2.4265 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilən tikili - özbaşına tikili sayılaraq sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətə qaytarılmalı və cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Əlağa oğluna, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Abşeron İcra Hakimiyyətinə qarşı “özbaşına tikilmiş (zəbt edilmiş) torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pozulmuş hüquqların bərpası” tələbinə dair iddiası əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 217.2-cü maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, iddia tələbi təmin edildiyindən aparılmış ekspertiza xərci 200 (iki yüz) manat pul cavabdehlər Cavabdeh1 Əlağa oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2.4265 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsünə aid sənəddə göstərilmiş koordinatlar daxilində inşa edilmiş hasar və digər tikililər cavabdehlər Cavabdeh1 Əlağa oğlunun, Cavabdeh2 və Cavabdeh3 vəsaiti hesabına sökülsün və cavabdehlər zəbt olunmuş torpaq sahəsindən çıxarılsın. Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2.4265 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-qərb hissəsindəki daş hasar cavabdehlər Cavabdeh1 Əlağa oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən əvvəlki qaydada inşa edilərək əvvəlki vəziyyətə qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri-ümumilikdə 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1 Əlağa oğlundan, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar